Arzum Olimpiya
çempionu titulunu qazanmaqdır
Gənclərin fiziki və mənəvi inkişafının təmin edilməsində, etibarlı və sağlam gəncliyin formalaşdırılmasında idman xüsusi rola malikdir. Ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, gənclərimiz beynəlxalq yarışlarda, festivallarda və olimpiadalarda Azərbaycanı layiqincə təmsil edirlər. Belə gənclərdən biri də taekvondo üzrə dəfələrlə ölkə və ikiqat Avropa çempionu Hüseyn Mehrəliyevdir. 68 kq çəki dərəcəsində yarışan 20 yaşlı Hüseyn gənc olmasına baxmayaraq idmanda yüksək uğurlar əldə edib. Geniş dünyagörüşünə malik istedadlı taekvondoçu bizimlə söhbətində idmana gəlişi, bu sahədə əldə etdiyi uğurlardan və gələcək arzularından söhbət açdı.
"Taekvondo maraqlı döyüş növüdür”
Hüseyn Mehrəliyev 1995-ci il noyabr ayının 2-də Bakı şəhərində anadan olub. Orta təhsilini Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 saylı lisey-məktəbdə alıb. 2013-cü ildə Azərbaycan Bədən Tərbiyə və İdman Akademiyasına (ADBTİA) daxil olub. Altı yaşından taekvondo idman növü ilə məşğul olduğunu deyən gənc idmançı bu sahəni seçməkdə yanılmadığını vurğuladı: "Taekvondo maraqlı döyüş növüdür. Burada həm cəldlik, həm özünümüdafiə elementləri mövcuddur. Mən əvəllər 190 saylı orta məktəbin nəzdində fəaliyyət göstərən "Azəri” taekvondo idman klubunda məşğul olmuşam. Bu növü seçməkdə yanılmamışam”.
H.Mehrəliyevin ilk məşqçisi Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət yığma komandasının baş məşqçisi Məmməd Abdullayev olub. Hazırda isə əməkdar məşqçi Gündüz Abdullayevin rəhbərliyi altında məşqlərini davam etdirir. Təcrübəli və peşəkar məşqçidən dərs alan gənc taekvondoçu böyükərdən ibarət ölkə yığmasının heyətində yer alıb. İdmanda əldə etdiyi uğurlara görə məşqçilərinə və eləcə də valideynlərinə minnətdarlığını bildirən Hüseyn Mehrəliyev idmanı həyat tərzi hesab edir:”Bu günə qədər əldə etdiyim hər bir şeyə görə məhz idmana borcluyam. Avropa və dünya çempionatlarında uğur qazanmaq mənim üçün böyük şərəfdir. Amma ən böyük arzum Olimpiya çempionu olmaqdır. Buna nail olmaq üçün yüksək texnika, gərgin və fasiləsiz məşqlər, inam, iradə, məsuliyyət tələb olunur. Ümumiyyətlə, istənilən idman yarışlarında qələbə qazanmaq üçün, ilk növbədə, psixoloji və fiziki cəhətdən hazırlıqlı olmaq əsas şərtdir”.
"İkinci dəfə Avropa çempionu titulunu qazandığım üçün şərəf duyurdum”
H.Mehrəliyev ilk dəfə yarışa 2005-ci ildə 11 yaşımda ikən çıxıb. İştirak etdiyi ilk beynəlxalq turnir isə 2007-ci ildə Macarıstanda keçirilən Avropa çempionatı olub. Qitə çempionatında bütün görüşlərini qələbə ilə başa vuran idmançımız vətənə qızıl medalla qayıdıb.
2013-cü ildə Moldovada 21 yaşlılar arasında keçirilən taekvondo üzrə dünya çempionatını karyerasında ən çətin turnir adlandıran idmançı o anları belə xatırlayır: "Birinci və ikinci döyüşü qələbə ilə başa vurdum. Sonra moldovalı taekvondoçu ilə üzləşdim. Həmin idmançı ilə döyüş karyeramın ən çətin döyüşlərindən biri kimi yadımda qalıb. Üçüncü raunda kimi mənim bəxtim gətirmədi. Qarşılaşmanın sonunda özümdə güc toplayıb rəqibimə 7:6 hesabı ilə qalib gəlməyi bacardım. Finalda qarşılaşacağım rəqibim çox güclü idi və hamı məhz onun çempion olacağını düşünürdü. Döyüş bərabər hesabla (9:9) başa çatdığı üçün əlavə raundda mübarizə aparmalı olduq. Bu mərhələdə rəqibə ilk zərbəni endirən idmançı "qızıl xal”la qalib elan olunurdu. Birinci zərbəni mən vurduğum üçün çempion adını da mən qazandım. İkinci dəfə Avropa çempionu titulunu qazandığım üçün şərəf duyurdum”
İkiqat Avropa çempionu bizimlə söhbətində psixoloji və fiziki hazırlığın idmançı üçün vacib amil olduğunu dedi. Psixoloji hazırlığı daha vacib hesab edən Hüseyn Mehrəliyev fiziki cəhətdən güclü idmançının bəzən yarışda psixoloji cəhətdən zəiflik nümayiş etdirdiyini də vurğuladı. Yarışlara çıxanda məşqçilərindən və valideynlərindən mənəvi dəstək aldığını deyən, taekvondoçu yüksək texnikanın, peşəkarlığın, inam və iradənin qələbəyə aparan yolda əsas şərtlərdən olduğunu dedi.
"Bir idmançı kimi, doğma azarkeşlər önündə ölkəmi təmsil etmək mənim üçün qürurvericidir”
Cəmi 20 yaşı olsa da, mötəbər turnirlərdə yüksək nəticələr qazanan Hüseyn Mehrəliyev Azərbaycan gənclərinin hər cür qayğı ilə əhatə olunduqlarına qəlbən sevindiyini bildirdi.
"Dövlətimiz gənc nəslə xüsusi qayğı göstərir. Gənclərimiz müasir tələblərə cavab verən idman qurğularında öz sağlamlıqlarını qoruyurlar. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətlərdən biri də məhz gənc nəslin sağlam həyat tərzinin təmin olunmasıdır. Ölkəmiz tarixdə ilk dəfə Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu Oyunlara ciddi hazırlıq işləri görülür. Paytaxtımızda Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin və digər yarışların keçiriləcəyi və 68 min tamaşaçı tutumuna malik Olimpiya stadionunun inşa edilməsi hər bir azərbaycanlı gənci kimi, məni də sevindirir. İdmanla məşğul olmaq, sağlam həyat tərzi keçirmək üçün ölkəmizdə hər bir şərait var.
İkinci tərəfdən, bir idmançı kimi, azarkeşlər önündə ölkəmi təmsil etmək mənim üçün qürurvericidir. Arzu edirəm ki, ölkəmizdə keçirilən Avropa Oyunlarında medal qazanım və valideynlərimi, mənə etimad göstərənləri sevindirim”, - deyə H.Mehrəliyev bildirdi.
Gənc taekvondoçu idmana gələn gündən tanınmış idmançı Rəşad Əhmədova azarkeşlik edir və onun iştirak etdiyi yarışları böyük həvəslə izləyir. Xarici ölkə idmançılarından isə ikiqat Olimpiya çempionu, dəfələrlə dünya çempionu ABŞ təmsilçisi Stiven Lopesin fanatıdır.
Hüseyn Mehrəliyev hələ idmanda öz sözünü deməyib və onun arzuları çoxdur. İnanırıq ki, gənc taekvondoçumuz qarşıdan gələn Avropa Oyunlarında, qitə və dünya çempionatlarında ölkəmizi layiqincə təmsil edəcək, taekvondo üzrə yığmamıza yeni medallar qazandıracaq
Olimpiya dünyası.-
2015.- 27 fevral-2 mart.- S7.