“Qılıncoynadan olmağımızı ən çox atamız istəyirdi, bu, onun arzusu idi”

 

Bakı-2015 ilk Avropa Oyunları tarixə qızıl hərflərlə yazıldı. On yeddi gün davam edən bu idman bayramı yalnız Avropanın deyil, bütün dünyanın xatirəsində hələ uzun müddət qalacaq. Bu bayramı bizim üçün daha da yaddaqalan edən, şübhəsiz ki, idmançılarımız oldu. Mötəbər yarışda xalqımızı sevindirmək üçün atletlərimiz əllərindən gələni etdilər.

Ölkəmizə medal qazandıran idman növlərindən biri də qılıncoynatma oldu. Avropa Oyunlarının yeganə əkiz bacıları Sevil və Sevinc Bünyatovalar, müvafiq olaraq, gümüş və bürünc medal əldə etdilər. Əkiz bacılarla görüşmək, onların karyeraları və Bakı-2015-dəki çıxışları ilə bağlı söhbət etmək qərarına gəldik. Günlərinin bir hissəsini məşq zalında keçirən bacılarla elə həmin məkanda görüşdük. Gərgin məşq etsələr də, Bünyatova bacıları "Olimpiya dünyası” qəzetinə məmnuniyyətlə müsahibə verəcəklərini dedilər. Bakı-2015-in əkiz bacıları ilə müsahibəni oxuculara təqdim edirik.

 

 

- Avropa Oyunlarında ölkəmizə medal qazandırmaqla xalqımızı sevindirən əkiz bacıları yaxından tanımaq istərdik...

Sevil:

- 1989-cu ildə kasıb ailədə dünyaya gəlmişik. Ailədə iki bacı və bir qardaşıq. Bizdən bir yaş böyük qardaşımız da idmanla məşğul olurdu. O, təxminən 20 yaşınadək güləşlə məşğul olub. Sonra başqa peşəni seçmək qərarına gəldi. Səkkiz yaşımız olanda atam məni və Sevinci idmanın qılıncoynatma bölməsinə yazdırdı. Düzünü desəm, həmin vaxt qılıncoynatmanın nə olduğunu dərk etmirdim. Lakin zaman keçdikcə bu növə marağım və həvəsim artdı. Nailiyyətlər qazandıqca daha da həvəslənirdim. Buna görə də günü-gündən bu növə daha çox bağlandım.

Sevinc:

- İlk dəfə məşq zalına gələndə kiçik olduğum üçün heç nə anlamırdım. Təzə-təzə məşqlərə başlayanda bizə qılıncdan istifadə etməyə icazə verilmirdi. Xeyli tanışlıqdan sonra qılıncı əlimizə almağa imkan verdilər. Qılıncoynatmanın sirlərini bizə ilk məşqçimiz Fikrət Vəliyev öyrədib. Qazandığımız uğurlarda Fikrət müəllimin əvəzsiz payı var. Yeri gəlmişkən deyim ki, kiçik vaxtlarımızdan bugünədək "Neftçi İdman Klubu” İctimai Birliyində məşq edirik. Bizim üçün hər çür şərait yaradılıb. Buna görə də, "Neftçi”nin rəhbəri Sadıq Sadıqova minnətdarlığımı bildirmək istərdim.

 

- Bəs nəyə görə atanız məhz qılıncoynatmanı seçib?

Sevinc:

- Həmin vaxtlar atam stadionda çalışırdı. Qılıncoynatma ölkəmizdə yeni növlərdən idi. Ümumiyyətlə, o dövrdə qılıncoynatma Azərbaycan üçün çox qeyri-adi bir idman növü sayılırdı. Görünür, onun məhz bu cəhəti atamı cəlb etmişdi və bizi bu növə yazdırdı.

 

- Kiçik qızlar üçün qılıncoynatma ilə məşğul olmaq çətin deyildi ki?

Sevil:

- Həmin vaxt bütün yaxınlarımız bizə dəstək olurdular. Lakin yaxşı idmançı olmağımızı ən çox atamız istəyirdi. Bir gün məşqə getməyəndə bizə acıqlanıb, danlayırdı. Avropa Oyunları kimi nüfuzlu yarışda mən gümüş, Sevinc isə bürünc medal qazandı. Atamın ən böyük arzusu bizim mötəbər yarışlarda uğur əldə etməyimiz idi. Düşünürəm ki, biz atamızın arzusunu yerinə yetirdik. Əgər o sağ olsaydı, bizimlə fəxr edərdi.

Sevinc:

- Düzdür, qılıncoynadan olmağımızı ən çox atamız istəyirdi. Bu, onun arzusu idi. Çox istəyirdi ki, Azərbaycanın bayrağını dalğalandıraq, himnini səsləndirək. Sevinirəm ki, atamın ümidlərini Avropa Oyunlarında doğrultduq. Düzdür, biz Oyunlarda yalnız bayrağımızı qaldıra bildik.Bununla belə, əminəm ki, ölkəmizin himnini səsləndirməyə də nail olacağıq.

 

- Bəs başqa idman növü ilə məşğul olmaq ürəyinizdən keçibmi?

Sevil:

- Gimnastika və voleybol hər zaman marağımı çəkib. Bu növlərə həvəsim olsa da, qılıncoynatma ilə paralel bu növlərlə məşğul olmaq fikrim heç vaxt olmayıb. Qılıncoynatma məsuliyyət və məşqlərə çox vaxt tələb edən idman növlərindəndir. Özümü yalnız qılıncoynatmaya həsr etmişəm və buna peşman deyiləm.

 

Sevinc:

- Mən də gimnastikaya həvəs göstərmişəm. Bu növlə məşğul olan qızlar hündürboy, qamətli olurlar. Qılıncoynatmanı sevdiyim qədər gimnastikanı da sevirəm. Lakin bu, demək deyil ki, qılıncoynatma ilə məşğul olduğum üçün peşmanam. Bu növü çox sevirəm və qılıncoynadan olduğum üçün özümü xoşbəxt hiss edirəm.

 

- Əkiz olmağınız həm həyatda, həm də idman karyeranızda sizə necə təsir göstərir. Bu amil sizə mane olmur ki?

Sevil:

- Xeyr, əkizlik bizə heç vaxt mane olmayıb. Düzdür, ilk baxışdan insanlar bizi biri-birimizdən ayıra bilmirlər. Lakin bizim döyüş, hüçum və müdafiə tərzimiz fərqlidir. Buna görə də yarışlarda biri-birimizin əvəzinə çıxış edə bilmirik (gülür). Bəziləri əkizliyin çətin olduğunu düşünürlər. Amma əkiz bacımın olması mənim üçün sevindirici haldır. Eynən sənin kimi birinin həyatda olması səni digərlərindən fərqləndirir. Hər zaman diqqət mərkəzində olursan. Əkizlikdə maraqlı məqamlar da baş verir. Məsələn, elə anlar olub ki, bir idmançı mənə qısa müddət ərzində iki dəfə salam verib. Düşünüb ki, əvvəlcə mənimlə, sonra isə Sevinclə salamlaşıb (gülür).

Sevinc:

- Hələ ki çətinliklə rastlaşmamışam (gülür). Deyərdim ki, əkizliyin daha çox üstün cəhətləri var. Məsələn, hansısa işimiz olanda Sevillə biri-birimizi əvəz edə bilirik. Məktəb vaxtı da bundan çox istifadə etmişik. Elə vaxtlar olub ki, Sevilin əvəzinə imtahan belə vermişəm (gülür). Kiçik yaşlarımızda geyimlərimiz də eyni idi. Bu da bizim bir-birimizə daha çox oxşamağımıza səbəb olurdu. Lakin mənə elə gəlir ki, indi biz xeyli fərqlənirik.

 

- Maraqlıdır, bir-birinizi qısqandığınız vaxtlar olubmu?

Sevil:

- Ailədə, adi həyatda qısqanclıq o qədər də olmur. Amma idmanda bu, qaçılmazdır (gülür). Sevinc mənə qalib gələndə əsəbiləşirəm. Çalışıram ki, növbəti dəfə onu məğlub edim. Düzünü desəm, belə hallar bizə daha da yaxşı məşq etməyə, yarışlara yüksək səviyyədə hazırlaşmağa stimul verir.

Sevinc:

- Sevil subay olanda evdə çox dalaşırdıq. Adi şeylərin üstündə bir-birimizə əsəbiləşirdik (gülür). İndi bu yalnız məşqlərdə olur. Kimin daha güclü olduğunu sübut etmək üçün əlimizdən gələni edirik.

 

- Sevinc, əvvəlki müsahibələrinizdə qeyd etmisiniz ki, əkiz olmağınıza baxmayaraq, bacınız sizdən hər cəhətdən bir pillə üstündür...

- Bəli, bu, doğrudan da, belədir. Həm qələbələr qazanmaq baxımından, həm də məişət məsələlərində Sevil məndən üstündür. Amma mən çalışıram ki, ən azı, idmanda bacımdan üstün olum (gülür).

 

- Sevil, bir qızınız olduğunu dediniz. Məşqlərdən imkan tapıb onunla vaxt keçirə bilirsinizmi?

- Məşqimiz adətən səhər saatlarında olur. Həmin vaxt qızım Ləman anamla qalır. Əvvəllər uzaq səfərlərə gedəndə qızımı özümlə aparırdım. Amma sonra anam dedi ki, Ləman hələ çox kiçikdir, buna görə tez-tez səfərlərə aparmaq onun sağlamlığı üçün ziyandır. İndi qızım bir yaş iki aylıqdır. Fikirləşirəm ki, xarici ölkələrə gedəndə onu da özümlə aparım. Qızımdan ayrı qala bilmirəm. Hətta Atletlər Kəndində qaldığımız ərəfədə də məşqlərdən sonra anam Ləmanı bir necə saatlıq yanıma gətirirdi.

 

- Bəs övladınızın gələcəkdə hansı peşə sahibi olmasını istərdiniz?Anası kimi qılıncoynadan, yoxsa...?

- Düzünü desəm, qızımın ali təhsil almasını çox istəyirəm. Onun gələcəkdə həkim, tərcüməçi və ya vəkil olmasını arzulayıram. Amma qızımın idmana marağı olduğunu görsəm, ona bu yolda dəstək olacağam. Həyatını istədiyi kimi yaşaması üçün ona əlimdən gələn köməyi edəcəyəm.

 

- Bugünədək qazandığınız nailiyyətlər barədə heç danışmadıq...

Sevinc:

- Nailiyyətlərimiz kifayət qədərdir. Onlardan ən əsası 2012-cü ildə İtaliyada keçirilən Avropa birinciliyində qazandığımız nailiyyətdir. Orada 23 yaşlılar arasında keçirilən çempionatda komanda hesabında bürünc medal əldə etdik. Bundan başqa, respublika birinciliklərində, müxtəlif turnirlərdə qələbələr qazanmışıq. Fərdi yarışlarda isə ilk dəfə Avropa Oyunlarında medal əldə etdik.

 

- Buyaxınlarda Koreyanın Kvancu şəhərində tələbələr arasında universiada keçirildi. Amma orada mükafatçılar sırasına daxil ola bilmədiniz. Bunun səbəbi nə idi?

Sevil:

- Təəssüflər olsun ki, universiadada medal qazana bilmədik. Düşünürəm ki, uğursuz çıxışımızın səbəbi Avropa Oyunlarından sonraki yorğunluq idi. Qeyd edim ki, qılıncoynatmada final mərhələsinə yüksəlmək üçün on qarşılaşma keçirilir. Bundan əlavə, hər bir rəqibinə qarşı fərqli döyüş nümayiş etdirməlisən. Bu da çox çətindir. Avropa Oyunlarının yorğunluğu çıxmamış universiadada iştirak etdik. Buna görə də gücümüzü göstərə bilmədik.

Sevinc:

- Bacım düz deyir. Buna səbəb yorğunluq oldu. Avropa Oyunlarından sonra bizə istirahət etməyə çox az müddət verilmişdi. Oyunların yorğunluğu, həyəcanı tma keçməmiş növbəti yarışa getmək bizim üçün çətin oldu. Təsəvvür edin ki, Avropa Oyunlarının bağlanışından cəmi iki gün sonra biz universiadada işirak etmək üçün Koreyaya yola düşdük.

 

- Qələbə qazanmaq istəyən idmançı özünü yarışa necə hazırlamalıdır?

Sevil:

- Qələbə qazanmaq üçün idmançıya birinci növbədə gərgin şəkildə məşq etmək lazımdır. Yaxınları, ailəsi, məşqçisi onu qələbə qazanacağına ruhlandırmalıdırlar. Ən əsası isə, yarış günü idmançı qələbə qazanmağa hazır olmalıdır. Əgər yarış qabağı idmançı yuxusuz qalıbsa, qidalanmasına nəzarət etməyibsə, hansısa bir problemlə üzləşibsə, həmin idmançı bütün bacarığını nümayiş etdirsə belə, qələbə qazana bilməyəcək. Buna görə də mötəbər turnirlərdən əvvəl problemləri kənara atıb, yalnız yarış və qələbə qazanmaq barədə düşünməlisən.

 

- Avropa Oyunlarının ən gözlənilməz mükafatçıları Bunyatova bacıları oldu...

Sevil:

- Düzünü desəm, bu nəticə mənim üçün də gözlənilməz oldu (gülür). Bakıya gələn rəqiblərimizin bizdən daha təcrübəli olması bizim medal şansımızı bir qədər azaltmışdı. Doğrudan da, Oyunlara Avropanın ən güclü idmançıları qatılmışdılar. Əkiz bacıların Avropa Oyunlarında medal qazanması gözlənilməz oldu. Lakin biz bütün gücümüzü toplayıb, doğma azarkeşlər qarşısında medal qazanmağa nail olduq.

 

- Bəs Oyunlara hazırlıq necə keçirdi?

Sevil:

- Oyunlara ciddi hazırlaşırdıq. Günümüzün, demək olar ki, əksər hissəsini məşq zalında keçirirdik. Hətta Sevinclə hazırlıq ərəfəsində razılığa gəlmişdik ki, hamıdan cox məşq edək və mükafatçılar sırasına daxil olaq (gülür). Onu da deyim ki, Avropa Oyunlarında bacım medal qazansa, mən isə mükafatsız qalsa idim, sevinərdim. Bacım ölkəmizi yüksək səviyyədə təmsil etdiyi üçün onunla fəxr edərdim.

 

Sevinc:

- Oyunlara hazırlıq yüksək səviyyədə gedirdi. Çalışırdıq, əlimizdən gələni edək ki, xalqımızı sevindirək. Təlim-məşq toplanışlarında iştirak edirdik. Bir müddət Rusiyanın paytaxtı Moskva şəhərində də təlim-məşq toplanışlarında iştirak etdik. Sevinirəm ki, çəkdiyimiz zəhmətin, əziyyətin bəhrəsini gördük. Hazırlıq ərəfəsində mənə ən böyük dəstək məşqçim və ailəm oldu. Yarışlarda bizi izləməyə anam da gəlmişdi. O, böyük həyəcanla tribunadan bacımla məni izləyirdi. Çox şadam ki, doğma Bakımızda keçirilən ilk Avropa Oyunlarında xalqımızı sevindirdik.

 

- Avropa Oyunlarında güclü idmançılarla qarşılaşdınız...

Sevil:

- Oyunlarda iştirak edən bütün idmançılar güclü idilər. Onlardan biri də ukraynalı qılıncoynadan Olqa Xarlan idi. Onun Avropa Oyunlarında iştirak edəcəyini biləndə çox həyəcanlandıq. Düşündük ki, dünya və Avropa çempionu Bakıda da qızıl medal qazanacaq. Lakin Xarlan paytaxtımızda özünü göstərə bilmədi. Bacım Sevinc onu 5:3 hesabı ilə məğlub etdi. Hər kəs Xarlanın qrupdan çıxa bilməməsinə çox təəccübləndi. Hətta məğlub olduqdan sonra Olqa Xarlanın məşqçisi ondan nə baş verdiyini, niyə belə zəif çıxış etdiyini soruşanda Xarlan, sadəcə, qələbə qazanmaq istəmədiyini dedi. Mübarizə apardığım qrup, doğurdan da çətin idi. Təxminən 8 döyüşdə qalib gələndən sonra mən finala vəsiqə qazandım. Qılıncoynatmada əsas məsələ mübarizə apardığın qrupdan qalib ayrılmaqdır. Əgər idmançı qrupdan çıxa bilmirsə, o zaman mübarizəni yarıda dayandırmaq məcburiyyətində qalır.

 

 

- Sevinc, siz finalda iki rəqibinizə qalib gəldiniz. Daha bir qələbə qazanmağa sizə nə mane oldu?

- Düzünü desəm, finalda mən artıq çox yorulmuşdum. Bundan əlavə, saçım mənim fikrimi yayındırırdı. Hakim mənə bir necə dəfə bunu irad tutdu. Bir də azarkeşlərin bizi böyük coşqunluqla dəstəkləmələri mənim fikrimi yayındırırdı. Yəni tam zərbə endirməyə hazırlaşdığım anda azarkeşlər alqışlayır, qışqırırdılar. Bu da mənə mane olurdu. Şübhəsiz, bizi dəstəkləyən bütün insanlara minnətdaram. Çalışacağam ki, mənə inanan azarkeşlərimi növbəti yarışlarda məyus etməyim.

 

- Bakı-2015-də mübarizə apardığınız rəqiblərinizlə əvvəllər qarşılaşmışdınızmı?

Sevinc:

- Finalda qalib gəldiyim İtaliya və Ukrayna idmançıları ilə bir necə dəfə qarşılaşmışdım. Lakin məğlub olduğum Polşa idmançısı ilə ilk dəfə idi ki, üz-üzə gəlirdim. Avropa Oyunlarında revanş etdiyim idmançılar da oldu (gülür). Məsələn, Ukrayna təmsilçisi Olqa Xarlanla bir necə dəfə qarşılaşmışdım və məğlub olmuşdum. Amma Avropa Oyunlarında ona qalib gəldim.

 

- Ən yadda qalan döyüşünüz hansı oldu?

Sevil:

- Ən çətin qarşılaşmam dörddəbir final mərhəlsinə vəsiqə qazanmaq uğrunda Yunanıstan təmsilçisi ilə mübarizəm oldu. Həmin idmançı dünya reytinqində 10-cu pillədə yer alıb. Bu idmançıya məğlub olsa idim, finala çıxa bilməyəcəkdim. Lakin şükürlər olsun ki, mən 15:11 hesabı ilə qələbə qazandım və final mərhələsinə çıxdım. Buna görə də bu qarşılaşma mənim üçün çox məsuliyyətli və yaddaqalan oldu. Final qarşılaşması isə mənim üçün daha da həyəcanlı keçdi. Belə ki, mən cəmi bir xal rəqibimdən geri qaldım və gümüş medal qazandım. Təəssüflənirəm ki, cəmi bir xala görə çempion ola bilmədim. Lakin ilk dəfə keçirilən Avropa Oyunlarında gümüş medal qazandığım üçün özümü çox xoşbəxt hiss edirəm.

 

- Avropa Oyunlarında hansı növ üzrə komandalarımıza azarkeşlik edirdiniz?

Sevil:

- Oyunlarda yarışan bütün idmançılarımıza azarkeşlik edirdim. İstəyirdim ki, hamısı medal qazansın. Lakin ən çox cüdoçularımızın mükafatçılar sırasında yer almasını istəyirdim. Əsasən də, yaxın münasibətlərimiz olan Kifayət Qasımova və Validə Mirzəzadəyə azarkeşlik edirdim. Təəssüflər olsun ki, onlar bu mübarizədən medalsız ayrıldılar. İnanıram ki, həm Kifayət, həm də Validə növbəti beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklər.

 

- Bakı-2015 sizin xatirənizdə necə qaldı?

Sevil:

- Ölkəmizdə keçirilən ilk Avropa Oyunları mənim xatirəmdə silinməz bir iz buraxdı. Açılış və bağlanış mərasimi, Atletlər Kəndində idmançıların yerləşdirilməsi, onların qidalanması, istirahət etməsi üçün yaradılan şərait yüksək səviyyədə idi. Açılış mərasimi xüsusilə yaddaqalan oldu. Xalqımızın adət-ənənəsi, mədəniyyəti, keçmişi həmin mərasimdə çox incəliklə göstərildi. Düşünürəm ki, Oyunlarda iştirak edən bütün xarici idmançılar Bakıdan xoş təəssüratla qayıtdılar.

Sevinc:

- Bakı-2015 xatirəmdə uzun müddət qalacaq. Doğrudan da, Oyunlar yüksək səviyyədə təşkil olunmuşdu. Buyaxınlarda Koreyada iştirak etdiyimiz universiada yarışında bir çox idmançılar mənə yaxınlaşıb Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə bağlı xoş sözlər deyirdilər. Hiss etdim ki, idmançılar paytaxtımızda onlar üçün yaradılan şəraitdən, xalqımızın qonapərvərliyindən razı qalıblar.

Türkay Niftəliyeva

 

Olimpiya dünyası.- 2015.-1-3 sentyabr.- S.4.