Rövşən Bayramov: "Dünya musiqisinin incisi olan muğama daha çox qulaq asıram”.
"Olimpiya dünyası” qəzetinin və "olimpnews.az" saytının maraqlı, oxucular tərəfindən sevilən "Sənətçi idman, idmançı sənət haqqında” rubrikasının budəfəki qonaqları xalq artisti, Prezident təqaüdşüsü Tariel Qasımov və yunan-Roma güləşi üzrə Pekin-2008, London-2012 Olimpiadasının gümüş mükafatçısı, dünya və 2 qat Avropa çempionu Rövşən Bayramovdur.
-Rövşən, necə oldu ki, güləşə gəldin?
-Biz 8-ci mikrorayonda yaşayırdıq. Yayda, tətil günlərində Suraxanıya, bibimgilə qonaq gedirdim. Bütün günü bibim uğaqları ilə ora-bura qaçır, dəcəllik edirdik. Ən çox şuluq edən təbii ki, mən idim. Bir gün bibim əlimdən tutub məni "Neftçi” idman klubuna apardı. Düzü, getmək istəmirdim. Yunan-Roma güləşi üzrə məşqçi Güləhməd Hüseynovun yanında olduq. Deyəsən, məşqçinin xoşuna gəlmişdim. Beləliklə, 12 yaşından güləşlə məşğul olmağa başladım. Güləhməd müəllim çox həssas və istedadlı məşçqi idi. Yetirmələrinə xüsusi qayğı ilə yanaşırdı. 1999-cu ildən idmandayam.
-2008-ci il həyatında ən uğurlu illərdəndir?
- İdmançının karyerası elə onun həyatıdır. Karyeramda ən uca zirvələri 2008 və 2012-ci illərdə fəth etmişəm. 2008-ci ildə Heydər Əliyevin xatirəsinə Qızıl Qran-pri yarışlarının qalibi oldum. Həmin il eyni zamanda Avropa çempionu adına və Pekin-2008 Olimpiadasının gümüş medalına layiq görüldüm. 2009-cu ildə də FİLA tərəfindən "İlin ən yaxşı güləşçisi” adını aldım.
- Bir müddət idmandan uzaqlaşdın...
- Olimpiadadan sonra keçirilən dünya çempionatında 3-cü yeri tutdum. Bu, mənə çox pis təsir etdi və ruh düşkünlüyü yaşadım. 2009-2010-cu illərdə yarışlarda iştirak etmədim, Macrıstanda təşkil edilən beynəlxalq yarışdan başqa. Orda da 2-ci yeri tutdum. Nə gizlədim, yarış əhval-ruhiyyəsində deyildim.
"Gümüş” oğlan
- London Olimpiadasını necə
xatırlayırsan?
- 2011-ci ildə Türkiyədə
dünya çempionu tituluna layiq görüldükdən sonra
Böyük Britaniyanın
London şəhərində keçiriləcək XXX Yay
Olimpiya Oyunlarına vəsiqə qazandım. Bu olimpiadada da,
Pekində olduğu kimi gümüş medal qazandım.
- Beləliklə, "gümüş”
oğlan adını aldın...
- (gülür). Bu da bir taledir.
Londonda qızıl medal qazanmağı
çox istəyirdim,
amma alınmadı.
Əslində, həm Pekin-2008, həm
də London-2012 Olimpiadasında
qızıl medal almaq
imkanım var idi, lakin bu
şansdan istifadə bilmədim. Pekində hakim ədalətsizliyinə, Londonda isə öz səhvimə görə.
-Səncə, idmanda şansın rolu nə qədər böyükdür?
- Şanslı insanlara
qibtə edirəm. Amma həyatda
olduğu kimi, idmanda da hər
şeyi şansa buraxmaq düzgün deyil. Uğur qazanmaq üçün
zəhmət çəkmək,
çox çalışmaq
və rejimə riayət etmək mütləqdir. Vaxtlı-vaxtında yemək, yatmaq, düzgün qidalanmaq, psixoloji cəhətdən
hazırlıq idmançı
üçün mühüm
şərtlərdir.
- "Gümüş” oğlanı küsdürən
nədir?
- Ədalətsizlik.
- Özünü iki kəlmə ilə necə ifadə edərdin?
- Səbirsiz insan.
- Nədənsə bezəndə,
yorulanda səni yenidən həyata bağlayan nədir?
- Uca tanrıya olan sevgim və
oğlum Əli.
"İstərdim ki, arzumu yerinə yetirsin”
- Olimpiya çempionu olmadığın üçün
çox təəssüflənirsən?
- Əlbəttə, təəssüflənirəm. Amma illərlə
məşq edib Olimpiya Oyunlarına düşə bilməyən
idmançılar da
var. Üç dəfə
mötəbər idman
tədbirində iştirak
etmişəm və ikisində gümüş
medal qazanmışam. Dövlətimiz idmançıların həyat şəraitini yaxşılaşdırmaq üçün
nə lazımdırsa,
edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər dəfə Olimpiya Oyunlarından əvvəl
və sonra idmançılarla görüşür,
söhbət edir, yarış haqqında, nəticələrlə bağlı
öz fikirlərini bildirir, tövsiyələrini
verir. Biz, idmançılar da çalışırıq ki,
nə qədər gücümüz, yarış
qabiliyyıətimiz var,
bu vətənə, bu ölkəyə şərəflə xidmət
edək.
-Rövşən, məşqçilik
etmək çətindirmi?
- Yığmada yunan-Roma güləşi üzrə
böyüklər arasında
ikinci məşqçi
kimi fəaliyyət göstərirəm. Məşqçi işləmək üçün
təcrübə və
istedad lazımdır.
İdmançı yalnız özü
üçün cavabdehdirsə,
məşqçi bütün
idmançılar üçün
məsuliyyət daşıyır.
Məşqçi müəllim kimi
idmançıya düz
yol göstərir, harda, necə və nə vaxt hərəkət etməyi başa salır.
- Karyeranda unutmadığın
an, hadisə?
- İdmandan neçə
dəfə getmək istəsəm də, yenə qayıtmışam. 2009-cu ildəki dünya çempionatında bürünc
medal qazandıqdan sonra
içimdə bir ümidsizlik yarandı.
Düşündüm ki, mən daha əvvəlki kimi güləşə bilməyəcəyəm. Lakin qayıtdıqdan sonra
London-2012 Olimpiadasının və dünya çempionatının ikincisi
oldum. Sanki bununla karyeramda yeni səhifə yazmış oldum.
- Ən böyük
arzun nədir?
- Özüm Olimpiya çempionu ola
bilmədim. Məşqçi kimi istərdim
ki, yetirməm arzumu yerinə yetirsin.
-Dost sənin üçün nə deməkdir?
- Dost o kəsdir ki, özün kimi inanırsan, etibar edirsən, dərdini, sevincini bölüşürsən.
Əsl dostum azdır.
- İnsan özünü
nə vaxt xoşbəxt hiss edir?
- İstədiyi arzuya,
qarşısına qoyduğu
məqsədə çatanda
insan xoşbəxt olur.
- Bəzən nəsə əldə etmək üçün nələri
isə qurban verməli oluruq...
- Həyatda uğur əldə etmək üçün nələri
isə qurban verməyə məcbursan.
Peşəkar idmanda nailiyyət
əldə etmək üçün biz uşaqlığımızı
və gəncliyimizi qurban verməli oluruq.
"Özümə təskinlik
verirəm”
-Özün də etiraf edirsən ki, səbirsizliyin sənə çox mane olub?
- (Gülür) Sizinlə
razıyam. Amma fikirləşəndə ki, səbirsizliyimlə bu cür nailiyyətləri
əldə etmişəm,
özümə təskinlik
verirəm.
- Hansı janrda musiqiyə qulaq asırsan?
- Dünya musiqisinin incisi olan muğama
daha çox qulaq asıram.
-Tamaşalara baxırsanmı?
- Komediya janrında tamaşaları xoşlayıram.
- İstedadlı aktyor
Tariel Qasımovu tanıyırsanmı?
- Tariel Qasımov
səhnəmizin və
kinomuzun dəyərli,
sayılıb-seçilən aktyorlarındandır. Eşitdiyimə görə, gənclik
illərində yunan-Roma
güləşi ilə
məşğul olub.
- Onun rol aldığı hansı filmlərin adlarını çəkə bilərsən?
- "Liftçi qız”, "Axırıncı aşırım”, "Babək”, "Nəsimi”, "Qatır Məmməd”, "Vulkana doğru” və s. Bildiyimə görə, çəkildiyi filmlərin sayı-hesabı yoxdur və hazırda doğma ata yurdunda-Ağstafada yaşayır.
Səadət Hakıyeva
Olimpiya dünyası.- 2018.- 18-24
dekabr.- S.6.