Tariel Qasımov: "Təslim olmağı sevmirəm”
"Olimpiya dünyası” qəzetinin və "olimpnews.az" saytının maraqlı, oxucular tərəfindən sevilən "Sənətçi idman, idmançı sənət haqqında” rubrikasının budəfəki qonaqları xalq artisti, Prezident təqaüdşüsü Tariel Qasımov və yunan-Roma güləşi üzrə Pekin-2008, London-2012 Olimpiadasının gümüş mükafatçısı, dünya və 2 qat Avropa çempionu Rövşən Bayramovdur.
-Tariyel müəllim, həyat səhnədir, ya səhnə elə həyatın özüdür?
- Biz səhnədə obraza giririk, rollar oynayırıq. Oynadığımız personajlar, qəhrəmanlar
yaşadığımız həyatdan götürülür.
Yəni həyat səhnə, səhnə isə həyatın özüdür.
-İndiyədək 45 filmdə rol almısınız. Arzulayıb oynaya bilmədiyiniz
rol varmı?
-Rejissorlar özləri mənə rolları təklif ediblər. Amma həmişə arzum olub ki, komediyada
oynayım. Bir dəfə
elə oldu ki, Ə.Haqverdiyevin "Məşuqələr” pyesini
səhnələşdirməyi mənə həvalə etdilər. Bu, mənim üçün çox gözlənilməz
oldu. İlk rejissor işim
olduğu üçün
Mərahim Fərzəlibəyovdan
məsləhət aldım.
Beləliklə, öz arzumu
özüm həyata keçirməli oldum (gülür). Xalr artisti
Səyavuş Aslan tamaşadakı rolumu çox bəyənmiş
və başqalarına
nümunə göstərmişdi.
Əsil aktyor həm komediya, həm də dramda oynamağı bacarmalıdır.
Məsələn, rəhmətlik Yaşar
Nuriyev kimi. Aktyor güldürmək üçün
təlxəklik etməməlidir,
obraz yaratmalıdır.
Hansı
ki, bunu rəhmətlik Ələsgər
Məmmədoğlu bacarırdı.
Onun üzündə baxanda adamı gülmək tuturdu. Elə "Bəyin oğurlanması”
filmindəki rolunu xatırlasaq, kifayət edər.
-Tariel müəllim, necə düşünürsünüz,
niyə indi istedadlı aktyorlar az yetişir?
- Bu sualı ictimaiyyət arasında mənə çox verirlər. Bilirsiniz, bizim nəsil Adil İsgəndərov, Yusif Vəliyev, Süleyman Ələsgərov, Hüseynağa
Sadıqov, Osman Hacıbəyov, Ələsgər
Ələkbərov, Ağadadaş
Qurbanov kimi sənətkarlardan bəhrələnib.
İndikilər birbaşa auditoriyadan
səhnəyə çıxır
və tez bir zamanda məhşurlaşmaq
istəyirlər. Bu dünya gör-götür
dünyasıdır. Yaşlı aktyorları
səhnədən uzaqlaşdırmaq
olmaz. Biz baxıb öyrənmişik,
bizə də baxıb öyrənəcəklər.
-Təslim olmağı sevmirsiniz?
-Təslim olmağı sevmirəm, mübarizlik mənim ruhumdadır. Mən həm də güləşçi olmuşam.
Tələbə ikən respublika
birinciliyi uğrunda güləş yarışlarında
döşəkdə 2 dəfə
məni yıxdılar
deyə, idmanı həyatımdan birdəfəlik
sildim. 3-cu kursdan institutdan çıxıb incəsənətə
getdim.
"Ağacan Abiyevlə bir yerdə oxumuşuq”
-Yeri gəlmişkən, aktyor olmaq istədiyiniz
halda, idman institutuna niyə qəbul oldunuz?
- Mənim uşaqlıqdan arzum aktyor olmaq
idi. Kolxoz sədri işləyən
atam çox zəhmli və qaraqabaq insan idi və mənim
aktyor olmağımı
istəmirdi. 10-cu sinfi qurtarandan sonra mərkəzi komitədə məsul vəzifədə işləyən
dayımın xahişi
ilə idman institutuna (indiki AzDBTİA-red.) qəbul olundum. O vaxt bu instituta Mirzə
Babayevin qardaşı
Ənvər Babayev rəhbərlik edirdi. Burdakı bığıburma, qolu zorlu idmançıları
görəndə canıma
vəlvələ düşdü
(gülümsəyir). Millət vəkili Ağacan Abiyevlə bir yerdə oxumuşuq.
O həmin vaxt boks üzrə
Azərbaycan çempionu
idi. Mənsə, arıq, cılız,
çəlimsiz bir oğlan idim və güləşə
yazılsam da, qandığım bir şey yox idi.
Gimnastikadan bizdə Miri müəllim var idi, mən
turnikdən sallana bilməyəndə əsəbləşir
və deyirdi: "Bura uşaq bağçasıdır, bəyəm,
bunu bura kim götürüb?!. O qədər məni bezdirdi ki, axırda Ənvər müəllimin
yanına getdim. Ona dərdimi dedim: "Ənvər müəllim, çox xahiş edirəm, mənim incəsənət
institutuna keçməyimə
köməklik göstərin”.
Beləliklə, cəmi bir
imtahan verərək teart institutunun dram və kino aktyorluğu
fakültəsinə qəbul
olundum. Məndə imtahanı Müxlis
Canızadə götürmüşdü.
-Belə çıxır ki, həmin Miri müəllim sizin aktyor olmağınızda
mühüm rol oynayıb?
- Həyətimizdə Tofiq Abbasov adlı
bir nəfər yaşayırdı. Basketbolla məşğul olurdu, tanınmış idmançılardan idi.
Bir dəfə Miri müəllim onun yanına gəlmişdi.
Tofiq müəllim məni xalq artisti kimi
ona təqdim etsə də, hiss etdim ki, məni
tanımadı. Ona
xatırladanda ki,
1956-57-ci illərdə idmanda
oxumuşam və məni bağça usagı kimi tənbeh etməsəydi, indi tanınmış idmançı olacaqdım,
gülməkdən üzünü
güclə saxladı
və qayıtdı ki: "Pis eləmişəm
məgər? Belə eləməsəydim
indi xalq artisti olmazdın”.
"Məni paxıllardan qoru, sən, Allah”
-Sirr deyilsə, sizi gümrah saxlayan nədir?
- Məni gümrah saxlayan insanlara olan sevgimdir. İçimdə paxıllıq yoxdur,
qibtə hissindən uzaq insanam. Paxıl insanlar başqalarına həsəd apararaq için-için özlərini
yeyirlər. Bu haqda
şeirlərimin birində
də yazmışam:
Məni
paxıllardan qoru sən, Allah,
Səhnədə yaradım mən şah rolumu.
Aylar məni yorub keçəcək sabah
Ürəkdə çırpınan arzu yolumu.
-Əlimdən ancaq
yaxşılıq gəlir,
təmənnasız o qədər
insan kömək edib əl tutmuşam
ki.
-Bir müddət Qazax Dram Teatrında çalışmısınız?
-1997-ci ildə mədəniyyət
nazirinin müavini Ədalət Vəliyev mənə dedi ki, Əliqismət Lalayevlə Qazaxa getməlisən. O bizə
tapşırdı ki,
4 ildir ki, fəaliyyətsiz qalan teatrın bağlanması
barədə akt tərtib edib gətirək. Rayon icra başçısı
Əsəd Orucovun yanında olduq. O nə məqsədlə gəldiyimiz biləndə
dedi: "Gələcək
nəsil deyəcək
ki, Qazaxdan yeganə bir aktyorumuz var idi, o da gəlib
teatrı bağladı”.
Bu söz məni
tutdu. Orda qalıb bir il işləyəndən
və teatrda işlər qaydasına düşəndən sonra
Bakıya qayıtdım.
1999-cü ildə isə ulu öndər
Heydər Əliyevin şəxsi tapşırığı
ilə Dağıstanın
Dərbənd şəhərinə
yollandım. Dərbənd
teatrının direktoru
və bədii rəhbəri kimi 1 il fəaliyyət
göstərdim və
az müddət ərzində kollektivi formalaşdı, maraqlı
tamaşalar səhnəyə
qoyuldu.
-Sizi dogma Ağstafada yaşamağa vadar edən səbəb?
- İnsan yaşa
dolduqca böyüyüb
boy atdığı yurda
qayıtmaq istəyir. Necə deyərlər,
torpaq adamı çəkir. Rayon mərkəzində
ev tikdirmişəm.
Kəndimizə anam öləndən
demək olar ki, getmirəm. Anam mənim üçün çox əziz idi.
-Bir sıra xarici
filmlərdə rol almısınız…
-1969-cu ildə özbəkfilmdən
dəvət aldım. Məni
3 seriyalı "Rüstəm
və Söhrab” filminə çəkmək
istəyirdilər. 2 il orada işlədim. Sonra türkmənfilm və mosfilmdən dəvət etdilər.
1983-cü ildə isə Almaniyaya getdim. Stefan Bernhartın
ssenarisi əsasında
2 seriyalı filmdə
oynadım.
-Sevgi hekayələriniz çox olub?
- (Gülür). Yaxşı yadımdadır,
GTT-da Cəlal obrazını oynayanda Azdramadan bayıra çıxa bilmirdim.
Həyət yuxarı sinif
şagirdləri və
institut qızları ilə dolu olurdu.
Özümü elə göstərirdim
ki, guya onıarı görmürəm.
Arxivimdəki 500 məktubdan 300-ü sevgi məktubudur. Çoxları elə bilirdi
ki, tərəf müqabilim Xuraman Hacıyeva ilə evliyəm. Amma mənim ilk həyat
yoldaşım həkimdir
və əvvəlki evlilikdən 2 övladım
var- oğlan və qız. İkinci həyat yoldaşım ədliyyə işçisidir.
"Məni qoruyan sevgim olur”
-Dostlardan, yaxın insanlardan xəyanət görəndə reaksiyanız
necə olur?
- Çox pis oluram, ürəyimə salıram. Amma məni qoruyan
yenə sevgim olur.
-Nə arzulayırsınız?
- İstəyirəm ki,
insanlar insaflarını,
vicdanlarını itirməsinlər,
mərhəmətli olsunlar. Bir-birinə paxıllıq
etməsinlər.
-Hobbiniz varmı?
-Hobbim film çəkmək
və kitab oxumaq. Böyük Vətən Müharibəsinin
45 illi yubileyi ilə bağlı çəkdiyim film ("Qrişa
dayı mənim qonşumdur”) SSRİ-də
800 işin içində
1-ci yer tutmuşdu.
Əvvəllər kitab oxumağı
çox sevirdim, indi yazmağı (gülümsəyir). İndiyədək 4 kitabım işıq üzü görüb.
"Ömrün sənət yollarında” kitabı ömür yolumdan bəhs edir. "İnam”
poemasını ulu öndərin xatirəsinə
həsr eləmişəm.
-Yunan-Roma güləşçilərindən
kimləri tanıyırsınız?
-İdmançılarımız
böyük iş görürlər. Xaricdə ölkəmizi
tanıdırlar. Yunan-romaçılardan Rövşən
Bayramovu yaxşı tanıyıram. Sadə, təvazökar insandır,
olimpiadanın ikiqat gümüş
mükafatçısıdır.
-GTT-nin 90 illik yubileyi ərəfəsində mükafata layiq görüldünüz. Bununla bağlı nə deyə bilərsiniz?
- Teatrımız yubiley tədbirinə yüksək səviyyədə hazırlaşır. Ölkə rəhbərinin Sərəncamı ilə dekabrın 10-da bir qrup teatr işçisi təltif edildi. Onlardan biri də mənəm. Prezidentimiz teatr sənətinin inkişafında xidmətlərimə görə məni 3-cü dərəcəli "Əmək” ordeni ilə mükafatlandırdı. Ölkə rəhbərinə teatr, sənət işçilərinə verdiyi dəyər və qiymətə görə təşəkkürümü bildirirəm.
Səadət
Hakıyeva
Olimpiya dünyası.- 2018.- 18-24
dekabr.- S.5.