Orxan Məmmədov: “Yeniyetmə
güləşçilərimiz ümidləri doğrultdular”
Ölkədə idman və Olimpiya Hərəkatının təbliğinə xidmət edən "Olimpiya dünyası” qəzeti öz işini idman federasiyaları, cəmiyyətləri və klubları ilə sıx və əlaqəli şəkildə qurur. Qəzetimiz idman qurumları ilə əməkdaşlığı daha da genişləndirmək məqsədilə "Hesabat kürsüsü” adlı yeni layihəyə start verir. Layihə əsasında federasiyaların fəaliyyəti, görülən işlər, idmançılarımızın qazandıqları uğurlar barədə hesabat xarakterli yazılar dərc olunacaq.
Layihə çərçivəsində budəfəki qonağımız Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Orxan Məmmədovdur. O, qəzetimizə federasiyanın il ərzində gördüyü işlər, idmançılarımızın nailiyyətləri, müəyyən çatışmazlıqlar və gələcək planlar barədə danışdı.
-Orxan müəllim, AGF öz işini günün tələbləri əsasında quran və aktiv fəaliyyət göstərən federasiyalardan biridir. Bu ənənəni davam etdirə bilirsinizmi?
- Azərbaycan Güləş Federasiyası ölkə idmanında öz sözünü deyə bilən qurumlardan biridir. Pəhləvanlarımız hər zaman iştirak etdikləri yüksək səviyyəli beynəlxalq yarışlarda uğurla çıxış edir, vətənə medallarla qayıdırlar. Düzdür, müəyyən problemlər, çətinliklər olsa da, bunların öhdəsindən gəlirik. Azərbaycanda qədim ənənələrə malik olan güləş idman növünü inkişaf etdirmək və kütləviliyini təmin etmək üçün var gücümüzlə çalışırıq. Yüksək fəallıq göstərmək və aparıcı federasiyalardan biri olmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edirik.
- AGF 2018-ci ili hansı nailiyyət və nöqsanlarla yola salır?
- Əsas uğurumuz Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qeydə alındı. Yeniyetmə idmançılarımız Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki lisenziya qazandılar. Əvvəlkindən fərqli olaraq, yalnız çempionlara lisenziya verilirdi. Bu da müəyyəçətinlik yaradırdı. Buna baxmayaraq, sərbəst və qadın güləşində 1 lisenziya qazandıq. Olimpiadada yunan-Roma güləşində də təmsil oluna bilərdik. Ancaq müəyyən qədər hakim haqsızlığı ilə üzləşdik. Nəticədə güləşin bu növündə lisenziyadan məhrum olduq.
- Turan Bayramovun və Şahanə Nəzərovanın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarındakı uğuru barədə nə deyə bilərsiniz?
- Lisenziya sayı az olsa da, güləşçilərimiz ümidləri doğrultdular. Turan Bayramov bütün rəqibləri üzərində parlaq qələbə qazanaraq Olimpiya çempionu adını qazandı.
Şahanə Nəzərovaya gəlincə, o, ötən il başqa çəkidə həm dünya, həm də Avropa çempionu olmuşdu. Ancaq həmin çəki Olimpiya kateqoriyası deyildi. Bu səbəbdən məcburiyyətdən çəki dərəcəsini dəyişdirdik. Bu il Olimpiya çəkisində yarışan xanım idmançımız həm Avropa, həm də dünya çempionatının finalçısı oldu. Əvvəldən Şahanə üçün Olimpiya Oyunlarında çətin olacağını bilirdik. Buna baxmayaraq, o, yarışı bürünc medalla başa vurmağı bacardı.
"Yunan-Roma güləşində dünya çempionlarımızın sayı o qədər də çox deyil”
- Axırıncı dünya çempionatında güləşçilərimiz imkanlarından zəif çıxış etdilər. Buna səbəb nə idi?
- Yığmaların təlim-məşq toplanışları qaydasında keçmişdi. İdmançılarımız ilboyu planlaşdırılan yarışlarda iştirak etmişdilər. Turnirləri də normal nəticələrlə başa vurmuşdular. Dünya çempionatında sərbəst güləşçilərin belə çıxışı həm federasiya rəhbərliyi, həm də məşqçilər korpusu üçün gözlənilməz oldu. Halbuki son Avropa çempionatında iki sərbəst güləşçimiz yarışı çempion kimi başa vurmuşdu. Heyətdə təcrübəli güləşçilərlə yanaşı, gənclər də var idi. Onların gələcəyi qarşıdadır. Yəqin ki, bir müddət keçdikdən sonra həmin güləşçilər ümidləri doğruldacaqlar. 3 qat dünya çempionumuz Hacı Əliyev mundialdan 1 ay əvvəl Belarusda keçirilən turnirin yarımfinalında türkiyəli güləşçiylə görüşdə dizindən zədələnmişdi. Hacı Əliyev dünya çempionatına 10 gün qalmış komandanın məşqlərinə qoşulsa da, tam bərpa oluna bilmədi. Bu da öz sözünü dedi. Qadın güləşində Mariya Stadnik (50 kq) finala çıxdı və gümüş medalçı oldu. Lakin nəzərə alaq ki, Mariya finala qədər güclü Asiya təmsilçilərinə qalib gəldi.
Dünya çempionatı ərəfəsində Stadnik xəstələnmişdi. Bunun da müəyyən qədər təsiri oldu. İstənilən halda, dünya çempionatının finalçısı olmaq asan məsələ deyil. İrina Netrebanın (65 kq) bürünc medal qazanması xoş sürpriz oldu. Xanım idmançımız məşqlərə məsuliyyətlə yanaşan və öz üzərində işləyən idmançıdır. Dünya çempionatında çəkisində lider sayılan güləşçilərə qalib gəlməyi bacardı. Yunan-Roma güləşi üzrə yığmamızın çıxışını isə qənaətbəxş hesab etmək olar. Komanda qızıl medal veribsə, bunu yaxşı nəticə saymalıyıq. Tarixə nəzər salsaq, yunan-Roma güləşində dünya çempionlarımızın sayı o qədər də çox deyil. Əvvəllər bu növdə Məhyəddin Allahverdiyev, Fərid Mansurov, Rövşən Bayramov, Həsən Əliyev və Rəsul Çunayev dünya çempionu olublar. Eldəniz Əzizli (55 kq) də onların sırasına qoşuldu. Bir faktı da deyim ki, Budapeştdə yunan-Roma güləşində cəmi 5 ölkə qızıl medal qazandı ki, onlardan da biri də Azərbaycan oldu.
- Necə düşünürsünüz, yığmaya cəlb olunan legionerlərin heç də hamısı özünü doğrultmur. Belə idmançılara qarşı hansı tədbirlər görülür?
- Həqiqətən, bəzi çəkilərdə qızıl medal gözlədiyimiz legionerlər ümidləri doğrultmadı. Ancaq bəzilərinin uğursuz çıxışı səbəbsiz deyil. Gənclərdən indi nəticə gözləmək tezdir. Təcrübəlilərə gəlincə, Georgi Edişeraşvilinin (57 kq) Avropa çempionatının finalında qalib gəldiyi Rusiya idmançısı dünya çempionu oldu. Ancaq Edişeraşvili medalsız qaldı. Bunun da əsas səbəbi yarışdan əvvəl çiynində zədəsinin olması idi. Elə ilk görüşdə - koreyalı idmançıyla mübarizədə zədəsi daha da ağırlaşdı. İdmançımız növbəti iki görüşü də bu vəziyyətdə keçirdi. Nəticədə 1/4 finalda amerikalı pəhləvanla yaxşı güləşə bilmədi və mübarizəni dayandırdı. Halbuki Georgi daha öncə iki dəfə həmin rəqibinə qalib gəlmişdi. Uğursuzluqla üzləşən digər legionerlərə rəhbərlik və məşqçilər korpusu tərəfindən iradlar çatdırılıb, səhvləri deyilib. İnanırıq ki, bu iradlardan nəticə çıxarıb, gələn il keçiriləcək beynəlxalq yarışlarda yenidən öz sözlərini deyə biləcəklər.
- Regionlarda güləşin təbliği və inkişafı istiqamətində aparılan işlərin səviyyəsi sizi qane edirmi?
- Sərbəst güləş üzrə yığmamız əsasən bölgələrdən olan güləşçilərin hesabına formalaşır. Bu mənada Şamaxı, Gəncə, Qazax, Sumqayıt, Astara və Cəlilabad güləş məktəblərini fərqləndirə bilərəm. Son illərdə cəmiyyətlərdə işlər bir qədər ləng gedir. İdman məktəblərində güləş bölmələrinin işində axsamalar var. Güləş ənənələri olan şəhərlərdən Şirvan və Mingəçevirdə geriləmə daha çox müşahidə olunur. Yunan-Roma güləşində, əsasən, Bakı və Sumqayıt şəhərlərindəki cəmiyyətlərdən yetişən güləşçilər millidə yer alır. Ancaq burada da görülən işlər bizi tam mənada qane etmir. Bu səbəblərdəndir ki, yeniyetmələrin olimpiadasına bu növdə vəsiqə qazana bilmədik. Təəssüf ki, yeniyetmələrin Avropa və dünya çempionatında da yunan-Roma güləşçilərimizdən qızıl medal qazanan olmadı.
"Uşaqlar bizim gələcəyimizdir”
- Uşaqlar arasından istedadlı güləşçilərin seçilib aşkar edilməsinə necə diqqət yetirilir?
- Bizdə kiçikyaşlı yeniyetmələr üzrə yığmalar fəaliyyət göstərir. Həmin milli komandaların məşqçiləri bölgələrdə seleksiya işləri aparır. Müxtəlif yarışlardan istedadlı uşaqları seçib Bakıya dəvət edirlər. Paytaxtda fəaliyyət göstərən Respublika Olimpiya İdman Liseyinə (ROİL) bölgələrdən 12 yaşadək güləşçilər cəlb olunurlar. Onlar burada güləşlə məşğul olmaqla yanaşı, təhsillərini də davam etdirirlər. Maliyyə məsələsində geriləmə olsa da, bu istiqamətdə işlərimiz axsamayıb. Əksinə, azyaşlılara diqqət daha da artırılıb. Çünki uşaqlar bizim gələcəyimizdir. İstedadlı güləşçilərin qayğıyla əhatə olunması, göz önündə və güclü nəzarət altında olması vacibdir.
- AGF-nın qarşısında duran həllivacib məsələlər barədə fikirlərinizi bilmək istərdik.
- Bildiyiniz kimi, əvvəllər Azərbaycan Güləş Federasiyası tərəfindən Heydər Əliyev adına "Qran-pri” yarışları təşkil edilirdi. Bu yarış "Qızıl Qran-pri” də adlanırdı. İstərdik ki, bu yarışı yenidən bərpa edək. Gənclər arasında "AGF kuboku” turniri təşkil edirdik. Həmçinin, Naxçıvan kuboku keçirilirdi. Bu yarışları da yenidən keçirtmək istərdik. Güləşçilərin yarış təcrübəsi qazanmasında bu turnirlərin əvəzsiz rolu var. Onlar ustalıqlarını məhz belə yarışlarda artırırlar. Bu həm də dünya və Avropa çempionatlarına hazırlıq funksiyasını da yerinə yetirir. Rövşən Bayramov, Cəbrayıl Həsənov, Toğrul Əsgərov, Hacı Əliyev və başqa tanınmış güləşçilərimiz məhz belə turnirlərdə üzə çıxıb, pillə-pillə yüksəliblər.
Səadət
Hakıyeva
Olimpiya dünyası.- 2018.- 20-26
noyabr.- S.4.