Şöhrətin zirvəsinə idmanla
yüksələn Azərbaycan xanımları
İdmanı qadınlarsız təsəvvür etmək olmaz. Əks cinsin nümayəndələri uşaq və gənclərin fiziki, mənəvi tərbiyəsində aparıcı mövqeyə malikdir. İdmanın demək olar ki, hər bir növündə qadın idmançılara rast gəlmək mümkündür. Bu isə idman yarışlarına olan marağı birə-beş artırır.
Bu gün atletlərimiz müxtəlif yarışlarda yüksək nailiyyətlərə yiyələnirlər. Həmin idmançılar arasında qadın atletlərimiz də fəallıq nümayiş etdirirlər. Bu hal cəmiyyətimizdə xoş ovqatla qarşılanır. Artıq hər bir valideyn cinsindən aslı olmayaraq öz övladının fiziki və mənəvi cəhətdən sağlam olması üçün idmana müraciət edir. Nəticədə ölkədə gələcəyimiz olan sağlam gənc nəsil formalaşır. "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” layihəsi çərçivəsində bu dəfə azərbaycanlı qadınların idmandakı uğurları və qadın idmanın keçdiyi yola nəzər salmışıq. Böyük və şərəfli yol keçən idmançılarımızın əldə etdikləri nailiyyətləri oxucularımıza təqdim edirik.
Azərbaycanlı qadın idmançılar idmanın müxtəlif növlərində uğurlu addımlar atıblar. Tarixə nəzər salsaq görərik ki, 1923-cü ilin axırları və 1924-cü ilin əvvəllərində əyalətlərdə belə idman bölmələri açılmağa başlayıb. Lənkəranda, Qubada, Zaqatalada, Gəncədə meydana gələn atletika bölmələri buna misal ola bilər. Bu onu göstərir ki, həmin dövrlərdə uşaq və yeniyetmələrin idmanla məşğul olmaları üçün mövcud imkanlar formalaşıb. Atletika bölmələrində bu idman növlərinin sirlərinə yiyələnən yeniyetmələr 1925-ci ildə respublikanın paytaxtında keçirilən birinci Bakı Olimpiadasında öz qüvvələrini sınayıblar. Həmin yeniyetmələr arasında qızlar da fəallıq nümayiş etdiriblər. Bu yarışlarda A. Hüseynova, L.Urbanoviç, N.Samordikor, N.Nikolayeva və digər perspektivli atetlər parlamağa başlayıb.
Tezliklə bu cür yarışların sayı artıb. 1925-ci il noyabrın 6-7-də AHİŞ stadionunda həmkarlar ittifaqları bədən tərbiyəçilərinin atletika turniri təşkil olunub. Turnirdə 14 dərnək və müsabiqədənkənar hərbi dənizçilər dərnəyi iştirak edib. 1925-ci ildə ÜHİMŞ-nin qərarı ilə Moskvada həmkarların birinci bədən tərbiyəsi bayramı keçirilib. Həmin bayramda 6 ən böyük həmkarlar ittifaqlarının təmsilçilərindən (dəmiryolçular, toxucular, metalçılar, mədənçilər və sovet ziyalıları) ibarət 600 idmançı qüvvəsini sınayıb. Elə həmin il Fioletov adına Bakı klubunun atletləri Moskvada keçirilən ÜHİMŞ-nin birinci bədən tərbiyəsi bayramında ölkəmizi təmsil ediblər.
Spartakiadalar
idmanın
kütləviliyində yeni bir təkan oldu
O
dövrdə idmana olan həvəs tezliklə Azərbaycanda da
hiss olunmağa başlayıb. İdman tədbirlərinin
artması ilə yeni adlar üzə çıxdı. Bu tədbirlər arasında spartakiadaları da
xüsusi qeyd etmək olar.
Azərbaycanda keçirilən spartakiadalar demək olar
ki, idmanın kütləviliyində yeni bir təkan idi. Bu
yarışlarda demək olar ki, respublikanın bütün
atletika rekordları yeniləyirdi. Bununla
yanaşı, digər idman növlərində də ilk
addımlar uğurla nəticələnirdi. Belə ki, voleybol,
üzgüçüçülük və güləşdə
yeni nailiyyətlər əldə olunurdu. Həmin
yarışlarda iştirak edən yeniyetmə və gənc
idmançılar ustalıq nümayiş etdirirdilər.
Bunun nəticəsidir ki, I Ümumittifaq
Spartakiadasından sonra ən yaxşı idmançılar
Zaqafqaziya xalqlarının I Spartakiadasında iştirak etdilər.
Bu yarışların keçirilməsinin təşəbbüskarı
və təşkilatçısı Zaqafqaziya Federasiyası və
Zaqafqaziya Bədən Tərbiyəsi Ölkə Şurası
idi. Spartakiadanın proqramına futbol,
basketbol, tennis, atıcılıq,
üzgüçülük, velosiped idmanı, güləş,
kəndir dartma, gimnastika, atletika, həndbol və digər idman
növləri daxil edilmişdi. Yarışlarda
750 nəfər idmançı qüvvəsini
sınamışdı. Müqayisə üçün
bildirək ki, əgər Azərbaycanı spartakiadada 50
qadın idmançı təmsil edirdisə, Gürcüstan
bu yarışda 46 qadın idmançı ilə
çıxış edirdi. Bu spartakiadada
qadın idmançılarımız daha müvəffəqiyyətlə
çıxış etmişdilər. Təsadüfi
deyil ki, Zaqafqaziya spartakiadasının yekunlarına əsasən,
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının seçmə
komandası təşkil olunarkən, onun tərkibinə Azərbaycanın
134 nümayəndəsi daxil edilmişdi.
Müxtəlif idman növlərində təmsilçilərimizin
uğurlu çıxışı da diqqətdən kənarda
qalmırdılar. Belə ki, su idmanı növlərində beşmetrlik
trampilindən suyatullanmada A.Pimaşkina gümüş medala
sahib olmuşdu.Bununla yanaşı Zaqafqaziyanın yığma
komandasına daxil olan idmançılardan, tennisçi
N.Nikolayeva, Balaxanı voleybolçuları A.Qoryaçova,
T.Potapova, A. Mişanova birinci Ümumittifaq spartakiadasında
müvəffəqiyyətlə çıxış
etmişdilər. Zaqafqaziya federasiyasının
yığma komandası spartakiadada beşinci yeri tutmuşdu
ki, bu nailiyyətin qazanılmasında Azərbaycan qadın
atletlərinin xüsusi rolu olmuşdu.
İlk
addımlar, ildən-ilə
yenilənən rekordlar
Azərbaycan idmanının böyük salnaməsində
hər gün öz əlamətdarlığı ilə
seçilir.
Belə ki, 1930-cu il noyabrın 7-də Azərbaycan
idmançıları üçün yaddaqalan bir hadisə
baş verdi. Həmin gün Bakıda Zaqafqaziya
Dövlət Bədən Tərbiyəsi İnstitutu
açıldı. Bu, həm də o deməkdir
ki, qızlar da oğlanlarla birlikdə institutda oxumağa gəlmişdilər.
Onların arasında institutda təhsil alan
yeganə azərbaycanlı qız Məsumə Fərzəliyeva
da var idi. Qeyd edək ki, instituta ilk dəfə qəbul
olunan qızların sayı cəmi altı nəfər idi.
Sonrakı illərdə (1933-1940) institutu 335 nəfər,
o cümlədən 93 qadın bitirdi. Onlardan bu dəfə beş
nəfəri azərbaycanlı qızlar idi. Raziya
Muradova 1933-cü ildə diplom ala bilməmişdi. Lakin 7
il sonra o, institutu bitirərək diplom əldə
etmişdi. Həmin illərdə Humay Zərgərli,
Zeynəb Məmmədova və Nina Sultanova məzun
adını qazanmışdılar.
Respublikanın ən yaxşı idmançıları
ümumittifaq yarışlarında müvəffəqiyyətlə
çıxış etməklə bərabər, həm də
AzDBİ-də təhsil alırdılar. 1946-cı ildə
Bədən Tərbiyəsi İnstitutu 5, 1947-ci ildə isə
27 qadın ixtisasçı hazırlamışdı.
Bir il sonra isə institutu 43 qadın tələbə
uğurlu bitirmişdi. Bu dövrdə AzDBTİ-nin tərkibində
Lenin adına Moskva Dövlət Mərkəzi
Bədən Tərbiyəsi İnstitutunun Bakı təlim-məsləhət
məntəqəsi açılmışdı. Həmin məntəqə sonra AzDBTİ-nin qiyabi
şöbəsinə çevrilmişdi.
Ümumiyyətlə, 1946-1952-ci illərdə Azərbaycan
Dövlət Bədən Tərbiyəsi İnstitutunu 212 nəfər
qadın bitirmişdi.
1924-cü ilin dekabrında Bakıda ilk dəfə
açıq havada atletika üzrə yarışlar
keçirilmişdi. Qadın atletlər də həmin
yarışda iştirak etmişdilər. Onlardan
A.Şahbazova qumbaraatmada 27 metr nəticə göstərmişdi.
1935-ci ilin oktyabrında həmkarlar ittifaqları kollektivlərinin
atletika yarışlarında kişilərlə bərabər
qadınlar da çıxış edirdi. Bu
yarışlarda qadın idmançılarımız
Zaqafqaziya və respublika rekorduna yiyələnmişdilər.
İştirakçılar arasında Azərbaycan
qadın idmançılarımızdan Sona Qasımovanı
xüsusi qeyd etmək olar.
O, 1937-ci
ildə isə Bakıda keçirilən qardaş
respublikaların spartakiadasında Zaqafqaziya rekordçusu
olumuşdu. Respublikanın idman həyatında fəal
iştirak edən Sona Qasımova 1949-cu ildə Gəncə Bədən
Tərbiyəsi Texnikumunu, 1953-cü ildə isə S.M.Kirov adına Azərbaycan DBTİ-ni bitirdikdən
sonra Zaqatalada işləyib. Onun əməyi
medal və fəxri fərmanlarla qiymətləndirilmişdi.
1964-cü ildə ona Azərbaycan SSR Əməkdar
bədən tərbiyəsi və idman xadimi fəxri adı
verilmişdi.
1935-ci ilin payızında Bakıda keçirilən
nümayiş çıxışlarına Sovet
İttifaqının ən güclü yüngül atletlər
qrupu dəvət olunmuşdu. Onların arasında
N. Maksimova da var idi. Nəzərinizə
çatdırım ki, həmin atletlər azərbaycanlı həmkarları
ilə birlikdə dostluq yarışlarında da
çıxış etmişdilər.
1935-ci il oktyabrın 18-də Azərbaycanda Sovet
hakimiyyəti qurulmasının 15 illiyinə həsr olunmuş
həmkarlar ittifaqları kollektivləri yüngül atletika
yarışlarının təntənəli
açılışı olmuşdu. Orada
pataxtla yanaşı, Gəncə, Nuxa (indiki Şəki),
Dağlıq Qarabağ Muxtar Vilayəti, Naxçıvan Muxtar
SSR və digər rayonları təmsil edən 400 nəfər
atlet iştirak edirdi. Həmin yarşlarda
12 Zaqafqaziya və 16 Azərbaycan rekordu qeydə
alınmışdı. Komanda hesabında
birinci yerə Bədən Tərbiyəsi İnstitutunun tələbələri,
ikinci yerə "Vodnik”çilər və
üçüncü yerə isə "Dinamo”çular
çıxmışdılar.
Atletika barəsində onu da qeyd edək ki, 1936-cı ildə
ilk dəfə olaraq atletika üzrə Ümumittifaq vahid idman
klassifikasiyası tətbiq edilmişdi. Paytaxtı təmsil
edən atletlər arasında 6 nəfər 1-ci dərəcəyə
layiq görülmüşdü. Qarşıdakı
iki-üç il ərzində respublikada
yeni SSRİ çempionları və idman ustaları yetişməyə
başladı.
Qadınlar arasında ilk dəfə şahmat üzrə
Bakı çempionatı 1934-cü ildə
keçirilmişdi. Tamara Coqleva həmin çempionatın
qalibi kimi tarixə düşmüşdü. O,
1934-cü ildə SSRİ çempionatında da iştirak
etmişdi. Bundan sonra qadınlar arasında
şahmatın populyarlığını artırmaq
üçün Bakı Bədən Tərbiyəsi
Şurası nəzdində M.Makaqonovun rəhbərliyi
altında xüsusi qadın şahmat kollektivi
yaradılmışdı. Bakılı T. Məmmədova
- ilk azərbaycanlı şahmatçı qadın kimi
SSRİ-nin Moskvada keçirilən qadın
şahmatçılarının qurultayına göndərilmişdi.
1936-cı ildə bakılı şahmatçı
A.Polisskaya Zaqafqaziya çempionu olmuşdu. Həmin
vaxtlarda Azərbaycanın qadın
şahmatçılarından X.N.Abiyeva, S.Ələsgərova,
V.Cəbrayılova güclü şahmatçılar hesab
edilirdilər. Bundan başqa 1964-cü il
Bakı çempionu adını almış A.Pirbudaqova
respublika çempionatının ən fəal
iştirakçılarından sayılırdı. Həmin çempionatda 13 yaşlı A.Saakova
yarışların gümüş mükafatına sahib
çıxmışdı.
Azərbaycanın qadın şahmatçılarından
ən görkəmlisi, beynəlxalq şahmat aləmində məşhur
olan simalarından biri Tatyana Zatulovskaya sayılırdı.
1936-cı
ildə (25-29 mart) Moskvada pioner və məktəblilərin
gimnastika bayramı keçirilmişdi. Tədbirdə
Azərbaycandan 12 gimnast iştirak etmişdi ki, onların
arasında V.Bendeyeva, V.Kiryuşova, Z.Belyayeva, Q.Andreyeva və
A.Saluraniçeva mükafatçılar sırasında yer
almışdılar. Bununla yanaşı,
12 nəfərdən 7-si 10 güclü gənc
şahmatçı sırasında yer almışdı.
Gənc gimnast V.Bondaryeva təmrinləri dəqiq
yerinə yetirməklə ÜİHİM-in xüsusi
mükafatına yiyələnmişdi. Beləliklə,
1936-cı ildə Moskvada təşkil olunan məktəblilərin
Ümumittifaq gimnastika yarışında Azərbaycan atletləri
yaxşı çıxış etmişdilər.
1937-ci ildə məktəblilər arasında
keçirilən atıcılıq yarışlarında da
oğlan və qızlar öz bacarıqlarını
nümayiş etdiriblər. Qızlar arasında Gəncə məktəbliləri
İra Bauer 50 mümkün xaldan maksimum nəticə ilə
birinci, Anna Ştefan isə 44 xalla ikinci
yeri tutmuşdu.
İdman
cəmiyyətin
hər
sahəsində
mühüm rola malikdir
Həmin dövrlərdə respublika idmanı yeni
inkişaf mərhələsinə qədəm qoymuşdu. Bu inkişafa
gedən yolda növbəti təkanverici amil ölkədə
"Əmək və SSRİ-nin müdafiəsinə
hazıram” kompleksinin həyata keçirilməsi olmuşdu.
Kompleksin birinci pilləsi aidiyyatı olan qurumun təklifi
əsasında işlənib hazırlanaraq, 1931-ci ilin
martında təsdiq edilmişdi.
1938-1941-ci illərdə bədən tərbiyəsi ilə
məşğul olan kollektivlər, könüllü idman cəmiyyətləri
və digər təşkilatları bədən tərbiyəsi
hərəkatının yüksəlişinə təkan
vermişdi. Məlumdur ki, üzgüçülük,
atıcılıq, qumbaraatma, qılıncoynatma böyük əhəmiyyətə
malik idman növlərindən sayılırdı. Respublikada kütləvi-idman işinin təşkilində
məhz bu idman növlərinə üstünlük verilirdi.
Statistikaya görə, respublikanın bədən
tərbiyəsi və idman hərəkatının kütləvi
təşkilində 1940-cı ildə Azərbaycanın 2036 bədən
tərbiyəsi kollektivində 31 mindən artıq mütəxəssis
məşğul olmuşdu.
Aparılan müşahidələrə görə,
müharibədən əvvəl və sonrakı illərdə
Azərbaycan qadınları arasında da bədən tərbiyəsi
geniş yayılmışdı.
Həmin ərəfələrdə Azərbaycan
qadınlarını mədəni quruculuğun müxtəlif
sahələrinə cəlb etmək üçün hərtərəfli
tədbirlər görülürdü.
Ona
görə də qadınlarla ideya-siyasi iş,
onların bədən tərbiyəsi səviyyəsini
qaldırmaq üçün idman ən yaxşı vasitə
hesab olunurdu. Bu işdə bədən tərbiyəsi
və idmanın təbliği üçün ən parlaq
vasitə bədən tərbiyəsi nümayişləri idi.
1937-ci ildən Azərbaycanın bədən tərbiyəçiləri
Moskvada keçirilən bütün ümumittifaq
nümayişlərində iştirak etmişdilər. Azərbaycan SSR-in idman
nümayəndələrinin arasında azərbaycanlı
qadınlar da az deyildi. O illərdə,
xüsusilə gimnastika kütləvi xarakter
almışdı. 30-cu illərin sonlarında
idman bölmələrində bu növ ilə 15 minə
yaxın idmansevər məşğul olurdu. Statistikaya görə, 1940-cı ildə keçirilən
respublika yarışlarının finalında 314
idmançı, o cümlədən 147 qadın iştirak
etmişdi. 1941-ci ilin sonlarında artıq
respublikada M.Məmmədova, Z.Hacıyeva, A.Çervyakova kimi
güclü gimnastlar yetişmişdi.
Azərbaycan İdman Komitəsi 1942-ci il yanvarın 29-da müalicə bədən tərbiyəsi üzrə elmi-metodik şuranın tərkibini təsdiq etdi. Şuraya təcrübəli bədən tərbiyə mütəxəssisi, tibb elmləri namizədi, dosent Səlim Əliyev sədr təyin olundu. Komitənin üzvləri arasında bədən tərbiyəsi təlimatçıları Z.Q.Rzayeva, L.Karamurza, L.Lısyakova, L.Burçalova, Y.İkonnikova və başqaları da var idi. Həmin ilin iyulunda şura birinci respublika müalicə bədən tərbiyəsi mövzusunda seminar-müşavirəsini keçirmişdi. Sonralar bu cür seminar-müşavirələr Bakıda müntəzəm təşkil olunmağa başlamışdı. Qeyd edək ki, müalicə bədən tərbiyəsinin inkişafına respublikanın idman cəmiyyətləri də fəal kömək göstərirdilər. Onların səyi nəticəsində 1941-ci ildə hospitalların nəzdində 10 müalicə bədən tərbiyəsi kabineti yaradılmışdı. Onların sərəncamına idman-gimnastika inventarları verilmişdi.
Göründüyü kimi, Azərbaycanda idman
ildən-ildən özünün inkişaf mərhəsinə
qədəm qoyub. Nəticədə həm kişilər, həm
də qadınlar arasında adlı-sanlı idmançılar
yetişib, böyük uğurlar əldə olunub və
nailiyyətlər Azərbaycan idman tarixində şanlı bir
salnaməyə çevirlib. Müstəqil Azərbaycanımızda
idmanın və Olimpiya Hərəkatının daha da
inkişaf etdirilməsi üçün dövlət səviyyəsində
həyata keçirilən tədbirlər bu gün öz
yüksək bəhrəsini vermişdir. Azərbaycan
dünyanın aparıcı idman dövlətlərindən
biridir. Müasir dövrümüzün
uşaq, yeniyetmə və gəncləri bu qayğının
nəticəsi olaraq idmana böyük maraq göstərir, həm
fiziki, həm də mənəvi cəhətdən gələcəyimiz
olan sağlam nəsil kimi formalaşırlar.
Dilqəm Quliyev
Olimpiya dünyası.- 2018.- 30
noyabr -3 dekabr.- S.5.