İDMAN RUHLU ADAM

 

“Özünü taleyin uğursuzu, hətta qurbanı kimi nəzərə çarpdırmaq yaxşı bəhanədi, ancaq pis çıxış yoludu”

 

    Mobil İsmayılov ixtisasca hüquqşünas olsa da, zəngin yaradıcılıq potensialına malikdir. O, 38 il prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış, Saatlı, Sabirabad, Cəlilabad rayonlarının, Sirvan şəhərinin prokuroru olmuşdur. Ədalət prinsiplərini həyatının mənası hesab edən Mobil müəllim hüquq-mühafizə orqanları sahəsindəki fəaliyyəti dövründə də yaradıcılıqla məşğul olmuş, onun müxtəlif mövzularda çap olunan kitabları oxucular tərəfindən daim maraqla qarşılanmışdır. İdman mövzusunda "Olimpiya dünyası” qəzetində və olimpnews.az saytında işıq üzü görən maraqlı yazıları isə onun yaradıcılığının xüsusi bir mərhələsini təşkil edir. Çoxsaylı oxucularımız tərəfindən yazıları maraqla qarşılanan Mobil İsmayılovla eksklüziv müsahibəni təqdim edirik.

 

 

 

- Həyat bir futbol matçına bənzəyir. Biz isə həmin matçın iştirakçısıyıq. Bu oyunda necə deyərlər, hakim Uca Yaradan , etdiyimiz səhvlərə görə verilən cəza isə bizə edilən xəbərdarlıqdır. Əgər sarı vərəqə göstərilibsə, nə üçün əksəriyyətimiz qırmızı vərəqənin təhlükəsini düşünmürük?

 

- Bu dünyada heç kim, heç nədən sığortalanmayıb. İnsan həyatında daim nəsə yaxşıya və ya pisə yönələ bilər. Ona görə də gözlənilməz durumlara hazır olmalıdır insan. Ola bilməz ki, həmişə səhvsiz hərəkət edəsən. Yəni, müəyyən səhvlər qaçılmazdır. İnsan qəbahətlərə,yanlışlıqlara da yol verir. Hər kəsin əməlləri taleyində böyük rol oynayır. Səhvlər nəticəsində cəza hər hansı bir formada qarşımıza çıxırsa, bu artıq Allahın, necə deyərlər, mesajıdır. Həyat burulğanları ziddiyyətləri ilə çox dolaşıqdır, ona görə də taleyin zərbələri ilə rastlaşırıq. Bunlar hamısı siz dediyiniz kimi, bəlkə də insanlara göstərilən sarı kartdır. Xəbərdarlığa məhəl qoymayan, qırmızı vərəqənin təhlükəsini düşünməyənlər isə Allah dərgahında bağışlanmayacaq böyük günahlara yol verməyə başlayırlar.

 

- Belə günahlar tədricən fəlakət doğuracaq məsələlərə də aparıb çıxarır.

- Nəticədə insanların ədalətsizliyə də yol vermələri adiləşir. Beləliklə, qırmızı vərəqənin təhlükəsi unudulur.Ədalətsizliyə düçar olan insan isə ən azı Allahın ədalətinə inanır. Biz ən böyük hakimdən –Ulu Yaradandan necə gizlənə bilərik ki?..Əgər hüquq, qanun ədalətsizliyə, haqsızlığa yol vermiş günahkarı cəzalandıra bilmirsə, bunun üçün Allahın "Ədalət” sifəti var. Bir gün o mütləq zühur edəcək və haqq yerini tapacaqdır. Düzdür, elə də olur ki, bəzən buna bir insan ömrü bəs etmir. Ancaq əsas nə vaxtsa üzə çıxacaq həqiqətin, ədalətin təntənəsidir! Məhz belə hallarda artıq qırmızı vərəqə öz işini görmüş olur. Nəticə, sonluq insanları ədalətin, haqqın təntənəsinə ruhlandırır, taleyindən incik qalanlara isə həyat eşqi bəxş edir.

 

- Taleyə, alın yazısına, qismətə inanırsınızmı?

- İnanıram.Əslində hər üçünün mənası, mahiyyəti eynidir. Hətta həyatın, taleyin ironiyasını da qəbul edirəm.Ancaq eyni zamanda mənim həyat, yaşamaq prinsipim belədir: Zəhmət çək, mübariz ol və yalnız özünə güvən. Həyatda insanın çəkdiyi zəhmət, mübariz olması heç vaxt hədər getmir və mütləq bəhrəsi qarşısına çıxır. Ağıllı insan bu ruhda yaşayıb formalaşmalıdır. Anlamaq bacarığı, çalışmaq, əzmkarlıq, dəyanətlilik, səbirli olmaq gücü artırır, çətinliklərə qalib gəlməyi öyrədir, bütövlükdə güclü xarakter aşılayır. Belə olan halda taleyin sınaqlarından da çıxa bilirsən. Kaudzo Nişinin məşhur kəlamını heç vaxt yadımdan çıxarmıram: "Taleyin hökmüdür- deyib hər şeylə barışmaq insan həyatını uçuruma aparan və mənasız edən amillərdəndir”. Müdrik kitablarda belə bir fikir var ki, özünü taleyin uğursuzu, hətta qurbanı kimi nəzərə çarpdırmaq yaxşı bəhanədi, ancaq pis çıxış yoludu. Bu, öz acizliyini, gücsüzlüyünü ört-basdır etməkdir, sığortalamaqdır.

 

- Hardasa bəlkə də taleyə biganə yanaşmaqdır. Elə deyilmi?

- -Əlbəttə, hamıya cəsarətli, mübariz, çalışqan, əzmkar olmağı tövsiyə etmək mümkün deyildir. Hamıdan yüksək dünyagörüşü, həqiqət yolunu getmək, vicdanın səsinə qulaq asmaq, mənəviyyat prinsiplərini gözləməyi tələb etmək olmur. Ümumiyyətlə, özü-özünə kömək eləməyi bacarmayanı, yaxud bunu etmək istəməyəni kimsə xilas edə bilməz... Həyat yaşamağı bacarmaq gözəlliyi ilə mənalıdır!

 

- Bir var hüquq müstəvisində, bir də var həyatda olan mizan-tərəzi Ədaləti qorumaq və ya ədalətli ömür sürmək, vicdanlı, mənəviyyatlı olmaq çoxmu çətindir?

- Əslində mizan-tərəzinin fərqi yoxdur, istər hüquq müstəvisində olsun, istərsə də həyatda. Həyatda dürüst və ədalətli olmaq üçün mütləq vicdanın səsinə qulaq asmaq lazımdır. İnsanı düzgün istiqamətləndirən əsas amil vicdandır. Vicdan daxili təmizlənmə mexanizmidir. Onun səsinə qulaq asanlar həmişə doğru qərarlar verir, bataqlığa sürüklənmirlər.

 

- Vicdanin səsi ilə yaşayan insanlar çətinliklər və maneələr qarşısında iztirab çəksələr də, daxilən rahat yaşayırlar.

- İnsanda bir tamah, nəfs mexanizmi də var ki, bu da vicdanın, ədalətli olmağın əleyhinə işləyir. Nəfsin istəkləri altında əriyən, çirkaba sürüklənən insanlardan vicdanlı olmalarını gözləmək əbəsdir. Vicdanını itirən adam mizan-tərəzini də unudur. Vicdanlı, mənəviyyatlı bir həyat yaşamağa mane olan digər amil isə yaşadığımız cəmiyyət və ətraf mühitdir. Bizi əhatə edən reallıqlar, insanların bu və ya digər təzyiqlərə, xüsusilə də çətinliklərə, ehtiyaclara sinə gəlmək istəmələri onların qulaqlarını vicdanlarının səsinə bağlayır. Ancaq hər bir halda kim ki, insani dəyərlərə əməl etmir, istər-istəməz, gec-tez nadanlığa, mənəviyyatsızlığa düçar olurlar. İnsan taleyin şirin, cəzbedici, sürprizləri ilə qarşılaşdığı kimi, zəhərtək acı yaşantılarının mümkünlüyünü də əsla unutmamalıdır.

 

- Axı, niyə onlar həyatın o biri üzünü, çarəsizliyi, faciələri də görməyə düçar olmaq ehtimalını unudurlar?...

-Belinskinin yaxşı bir sözü var: "İnsanın böyüklüyü onun öz vicdanı əleyhinə getməkdənsə, əzab çəkməyə üstünlük verməsindədir”. Alman filosofu Kant deyib: "Vicdan insana ana bətni daxilində verilir. Sonradan onu qazanmaq qeyri-mümkündür”.Göründüyü kimi, burada əlbəttə, genetik kodun da böyük əhəmiyyəti vardır.

 

- Uzun müddət – 38 ilə yaxın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmısınız. Sabirabad, Saatlı, Cəlilabad rayon, Şirvan şəhər prokuroru olmusunuz. Çalıışdığınız sahə yazıçılıqdan, jurnalıistikadan uzaqdır. Bəs, necə oldu ki, yazmaq qərarına gəldiniz?

- Ədəbiyyat, incəsənət məni məktəb illərindən cəlb edib.Kino-teatrlarda filmlərə baxmağı çox sevirdim. O vaxtlar belə idi ki, uşaqlar kinoları müzakirə edərdilər. Sovet filmlərini daha çox göstərirdilər. Kinolara həvəsimi bilən atam "Ñîâåòñêèé ýêðàí” jurnalını da alırdı. Ona görə də əksər kinolar haqqında əvvəlcədən məlumatım olurdu. Ümumiyyətlə, xeyli qəzet-jurtnallara, kitablara abunə yazılan atam mənim düzgün tərbiyə almağım, əla qiymətlərlə oxumağım, inkişaf səviyyəmin durmadan artması, dünyagörüşüm, ətraf mühitdə başverən hadisələrə bələd olmağım üçün əlindən gələni edirdi. Bir sözlə, belə demək mümkünsə, "beynimin” qayğısına qalmağı vacib bilərdi. Buna görə də uşaqlıqdan başlanan gözəl fantaziyalarım davam edirdi.

 

- Beləliklə, yaradıcıllığa başladınız.

- Bəli, ağlımdan, ürəyimdən qəribə-qəribə istəklər gəlib keçirdi. Səkkizinci sinifdə oxuyarkən məhz bu hisslərin təsiri altında sərbəst mövzularda yazdığım yazılar məktəbin ədəbiyyat müəllimlərinin diqqətini cəlb etdi. Onlar bu yazıları onuncu sinif şagirdlərinə nümunə kimi göstərirdilər. Tezliklə həmin yazılar məktəbin divar qəzetlərində də öz yerini tapmağa başladı. Ümumiyyətlə, orta məktəb şagirdi bazasından qat-qat yuxarı səviyyəli inşa yazıları ilə ədəbiyyat müəllimlərini həmişə təəccübləndirirdim. Həmin illərdə "Azərbaycan-gəncləri” qəzetinin və Azərbaycan televiziyasının tarix və ədəbiyyat fənnləri üzrə keçirdiyi viktorinalarda və müsabiqələrdə iştirak etməklə qaliblər sırasında olardım.Hətta bir dəfə televiziyada tarix fənnindən məşğələlər aparan tanınmış alim Ziyəddin Göyüşov məni öz verilişinə də dəvət etmişdi.

 

- Bəs əsl yaradıcılıq hissini nə vaxt duymağa başladınız?

- Hələ gənclik illərindən hiss edirdim ki, içimdəki bir səs, qüvvə, həyatda müşahidə etdiklərim, daxili narahatçılıqlarım məni yazmağa sövq edir. Beləcə, məqalələrlə mətbuat səhifələrində çıxış etməyə başladım. Insan müəyyən yaşlarda özünü daha yetkin sayır. Cavanlıqdan fərqli olaraq yaşın üstünə yaş gəldikcə insanı müdrik düşüncələr bürüyür, dünyanı daha dərindən dərk etməyə başlayırsan, dünyəvi duyğularla yaşayırsan. Elə məqamlar da gəlib çatır ki, düşüncələrini, fikirlərini oxucularla bölüşmək istəyirsən. Publisistikaya meyillik də belə yaranır.

 

- Bir neçə kitabın müəllifisiniz. Deyirlər ki, bəzən müəllif öz yazılarında xarakterinə uyğun məqamlara daha çox yer ayırır. Bu fikirlə razısınızmı?

- Qismən razıyam. Əslində bu, yaradıcıllığın janrından da çox asılıdır. Belə də deyirlər ki, insanın taleyi də xarakterinə uyğun olur. Mən ömrüm boyu anladığım çərçivədə təmiz, dürüst, vicdanlı olmağa çalışmışam. Özünü tərif kimi çıxmasın, müəyyən biliklər bazası əldə etmiş, səylə, vicdanla, ləqayətlə, qeyrətlə işləyib yaşamışam. Maarifçilik, mənəviyyat, çalışqanlıq, təkcə özünü düşünməmək, fədakarlıq özünü ziyalı hesab edən hər bir adam kimi mənim də alın yazım olub. Bütün bunları dostlarım, tanışlarım, yaxın ətrafım yaxşı bilir.

 

- Demək yaradıcılığınızda daxili aləminizin də müəyyən çalarları vardır.

- Ulu Tanrı azmı, çoxmu dərəcədə mənə yaradıcılıq qabiliyyəti də verib. Yaradıcı insan da gördüklərini duyur və yaşayır. Yəni, belə demək mümkünsə, bu yaşam ona necə çatırsa, elə həmin ölçüdə də bunları yaradır.

 

- İşlədiyiniz rayonlarda böyük nüfuz sahibi olmusunuz. Sizə daha çox hörmət gətirən peşəkarlığınız, yoxsa insani keyifyyətləriniz olub?

- Əgər söhbət vəzifəli şəxsin nüfuzundan gedirsə, bu iki anlayışı bir-birindən ayırmaq olmaz. Hər ikisi bir-birini tamamlayıb vəhdət təşkil etdikdə, vəzifə sahibinin işlədiyi konkret sahədə hörmət qazanması labüddür. Ancaq bununla belə vəzifəli şəxs kənardan özünə baxmalı və həyata, yaşam tərzinə, iş fəaliyyətinə düzgün qiymət verməyi bacarmalıdır. O cümlədən də rayon prokurorunun özünə nəzarəti onun işləmək, prokuror kimi özünü göstərmək potensialından yüksəkdə durmalıdır. Özünə nəzarət öndə getməlidir. Məhz, özünə nəzarət başqa keyfiyyətləri dartıb aparmalıdır. Təvazökarlıqdan uzaq kimi qiymətləndirməyin, elə bu özünə nəzarət prinsipi işlədiyim rayonlarda mənə yüksək imic, reyting, qazandırdı. Hər halda ictimai rəy belədir. Elə sizin sualınızdan da belə göründü.

 

- Belə başa düşdük ki, vəzifə kürsüsündə vəzifə sahibinin vücudundan əvvəl əməlləri görünməlidir.

- -Çünki əməllər elə vəzifə sahibinin özüdür. Mən işlədiyim yerlərdə prokuror ləyaqətini, mənliyimi qoruya bildim. Qəlbimin səsinə qulaq asaraq həmişə yaxşılıq haqqında düşündüm. Vicdanımın səsinin əmri ilə oturub-durdum! Bu səsin arxasınca getdim... Bununla da günahlardan qaçdım!Bununla da daxilimdəki Tanrı sevgisini həmişə qorudum!

 

- Həyata baxışınız çox zəngindir. Bunu həyatınızda baş verən hadisələrin və yaxud ətrafınızda olan insanlara münasibətinizin nəticəsi kimi dəyərləndirmək olarmı?

- Həyat ən yaxşı müəllim və ən böyük məktəbdir. Gənclik illərindən başlayan sınaqlar demək olar ki, bütün həyatım boyu məni müşayiət etdi. Insan sınaqlara nə qədər çox məruz qalsa,həyatı daha yaxından tanıyır. Görünür bu dünyanı, bu həyatı tanımaq üçün mənim çəkdikləri yaşamağım vacib imiş. Ən azı nəticə çıxarmaq üçün, düzgün yol tutmaq üçün, həyatda büdrəməmək üçün... Eyni zamanda insanın çəkdiyi əziyyətlər, üzləşdiyi sınaqlar sonrakı uğurlarına böyük stimul verir. Mənim həmişə özümə məxsus mövqeyim olub. Məhz, bu mövqeyim məni bütün motivlərdə haqlı olmağıma gətirib çıxarıb. Hətta qalmaqallı məsələlərdə də haqlı çıxmışam. Normal münasibətlər yalnız şüur və düçüncə səviyyəsi yerində olan insanlar arasında yarana bilər. Ümumiyyətlə, insan üçün ən çətin sınaqlardan biri də onun heç bir ortaq cəhətə sahib olmadığı insanlarla bir mühitdə işləyib yaşamasıdır. Prokuror işlədiyim illərdə hansı kreslo sahiblərini görmədim... Hərisliyin, müştəbehliyin əsirinə çevrilmiş, heç bir mənəvi zənginliyi olmayan, başdan-ayağa günahlara bulaşmış, hətta sivilizasiyadan xəbəri olmayan, təfəkkürlərində "iltihab” gedən, zəhərli düşüncəli vəzifə sahibləri ilə birgə işləmək məcburiyyətində qalırdım. Hərdən düşünürdüm ki, bunlarla necə sağlam, normal cəmiyyət formalaşdırmaq olar?! Belələri ilə necə hüquqi dövlət qurmaq olar?!

 

- Yəqin ki, yaxşı insanlarla da üzləşdiniz o illərdə.

- Təbii ki, yaxşı insanlar, samballı məmurlar da gördüm o illərdə. Beləliklə, həyatda rastlaşdığım sınaqlar, başıma gələnlər, eləcə də gördüyüm, xidməti təmasda olduğum yaxşı və pis insanlar sizin dediyiniz kimi ən azından haqsızlığa qarşı mübarizə aparmaq, ədalətli olmaq kimi şəxsi keyfiyyətlərin, ləyaqət, əxlaq prinsiplərinin formalaşmasında böyük təsiri oldu. Mən həmişə ciddi, təmiz düşüncələrlə prokuror vəzifəsinə getmişəm, səmimi bir niyyətlə xalqa, dövlətə xidmət etmək məqsədi ilə prokuror olmağı düşünmüşəm. Vəzifəli şəxs kimi Vətəni, xalqı düşünməkdən şərəf duymuşam. Vəzifəli şəxs kimi əqidəyə, həqiqətə, ölkəyə, insanlara xidmət düşüncələri ilə yaşayıb işləmişəm. Vəzifə mənim nəzərimdə insanlara xidmət etmək vasitəsi olmuşdur. Vəzifəni həyatımın mənası hesab etməmişəm. Bir haşiyə çıxmaq istərdim. 2009-cu ildə mənə Cəlilabad rayon prokuroru vəzifəsi təklif olunanda xahiş etdim ki, məni əhalisi təxminən dörd dəfə az olan Siyəzən rayonuna göndərsinlər. Respublika prokurorluğunda, eləcə də dost-tanışlarım mənə təəccüblə baxdılar. Daha ürəklərində nə fikirşlədilər, yəqin ki, oxucular təsəvvür edərlər...

 

- Bildiyimizə görə Siz həm də yaxşı şahmat oynayırsınız.Hətta Qarabağ müharibəsinin qızğın vaxtında doğma Cəbrayıl rayonunda beynəlxalq şahmat turniri keçirməyə də nail olmusunuz. Bəlkə bir qədər də şahmatdan danışaq..

 

- Gənclik illərində müxtəlif şahmat turnirlərində iştirak etmişəm. Daha çox uğurlarım isə yazışma ilə keçirilən şahmat oyunlarında olub. "Komsomolskaya pravda” qəzetinin "Kaissa” komputeri ilə keçirilən oyununda ən fəal iştirak edən oxucuların sırasında olmaqla mükafatlandırılmışam. Azərbaycanın tanınmış şahmatçısı Fikrət Sideyifzadə ilə "Bakı”- "Âàêó”axşam qəzetlərinin oxucuları arasında keçirilən iki oyun da o vaxt böyük marağa səbəb olmuşdu (F.Sideyifzadə 1.5-0.5 hesabl ilə qələbə qazanmışdı). Həmin iki oyunda da fəal iştirak etmişdim. ABŞ-nın "Ankoric-taymıs” qəzeti ilə "Komsomollskaya Pravda” qəzeti arasında yazışma ilə keçirilən oyun böyük maraq doğurmuşdu. SSRİ miqyasında çoxsaylı oxucular teleqram vasitəsilə gedişləri göndərirdilər. Amerikalı oxucular da gedişlərini Moskvaya-qəzetə bildirirdilər. Oyun həm də ona görə hədsiz maraq doğururdu ki, oxucular arasında seçilən üç ən fəal iştirakçı Alyaskaya gedəcəkdi. Uzun çəkən oyun sonda heç-heçə ilə başa çatdı. Mən SSRİ məkanında üç qalibdən biri oldum. O vaxtlar mətbuatda bu barədə çoxlu yazılar getdi. Hətta Azərbaycan televiziyasının "Dağla” proqramına da məni dəvət etmişdilər. Cəbrayılda keçirilən beynəlxalq şahmat turniri də o dövrdə böyük əks-sədaya səbəb oldu. Təsəvvür edin ki, turnirə yarışların baş hakimi qismində beynəlxalq arbitr Krapil dəvət olunmuşdu. Yarışda Azərbaycan şahmatçıları ilə yanaşı keçmiş Yuqoslaviya, Türkiyə, İran, Gürcüstan, Sudan, Əfqanıstan, Tacikistan, eləcə də Moskva və Sankt-Peterburqdan yüksək reytinqli şahmatçılar iştirtak edirdilər.

 

- Siz özünüz də yarışda iştirak edirdinizmi?

- Turnirin təşəbbüskarı və təşkilatçısı olmaqla yanaşı mən də yarışa qatılmışdım. Azərbaycan Televiziyasının "Xəbərlər” proqramı gündəlik olaraq yarışın gedişi barədə məlumat verirdi. Respublikada bütün qəzetlərdə turnirlə bağlı yazılar gedirdi. Hətta yarışın nəticəsi barədə "Komsomolskaya pravda”, "Sovestski sport”, eləcə də bütün mərkəzi şahmat jurnalları məlumat yaydı. Onu da bildirmək istəyirəm ki, bu beynəlxalq şahmat turniri ilə bağlı yaxın vaxtlarda ayrıca kitab nəşr etdirməyi nəzərdə tutmuşam. Bu gün də şahmatı sevirəm və mənim hobbim olaraq qalır.

 

 

- Belə deyirlər ki, şahmat oyununun insan həyatına bəzi oxşarlıqları var. Yəni ən azından mübarizə aparmaq lazım gəlir...

- Elədir. Ən maraqlı məqamı qeyd etsəm, məncə kifayət edər. Bəzən həyatda belə olur ki, məsələləri pərdə arxasında olan böyük fiqurlar həll edir. Üzdə olanlar imitasiyadır. Kiçik fiqurları lazım gələndə qurban verirlər. Həyatda da belədir,şahmatda da...

 

- Mütaliəni sevdiyinizi bilirik. Əsasən hansı janrda yazılan kitablara üstünlük verirsiniz?

- Ömrün ayrı-ayrı dövrlərində üstünlük verdiyimiz janrlar da dəyişir.Dahi yazarların, klassiklərin yaradıcılığı ilə hələ orta məktəb illərindən tanışam. Gənclik illərində görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı seriya kitablar məndən ötrü daha maraqlı idi. Müəyyən yaşdan sonra mütaliəli insanlar adətən publisistik, tarixi, fəlsəfi, dini kitablara daha çox üstünlük verirlər. Janrından asılı olmayaraq mən insanın mənəvi tələbatını ödəyəcək kitabları daha çox oxuyuram. Ayrı-ayrı müəlliflərin dünyaya baxışları,həyatı məqamları əks etdirən fikirləri, düşüncələri mənim üşün də maraqlıdır.Publisistik notları güclü olan kitabları da xoşlayıram. Təfəkkür oyanışı yaradan əsərlər də həmişə diqqətimi cəlb edir. Fərqli düşünən və fərqli görməyi bacaran müəlliflər bu gün də maraq dairəmdədir.

 

- Sonuncu oxuduğunuz kitab?

- Con Kexonun insan ağlının, təfəkkürünün, iradəsinin hər şeyə qadir olmasından bəhs edən "Ïîäñîçíàíèå ìîæåòâñå” kitabını bitirmək üzrəyəm.

 

- Sizi yaşamağa, yaratmağa və mübariz olmağa səsləyən nədir?

- Hər şeydın əvvəl insanlığın, insan olmağın böyük bir nemət olduğunu anlamalıyıq. Yaşamaq - ən gözəl şəkildə ömür sürməkdir. Doğru-düzgün, ağllı yaşamaq mənəvi yüksəklikdir. Yaxşı iş, xeyirxah əməl insanı ucaldır, onu cəmiyyətin ləyaqətli üzvünə çevirir. Belə insan zirvəyə doğru gedir. Yaşamaq- yaşadığın dərk etməkdir.Klassiklər deyiblər ki, yaşamağı da, yaşatmağı da bacar. Dahi filosofların biri deyib ki, həyat sənə nə verirsə, qəbul elə. Onsuz da zorla qəbul etdirəcək. Amma təki sən yorulma. Unutma ki, yalnız bir yol var: yaşamaq və mübarizə aparmaq. Mənalı yaşamaq, mübarizə aparmaq üçün ağıllı düşünməyi də bacarmalısan. Bundan ötrü sərbəst düşüncəyə, geniş qəlbə malik olmalı, insanları sevə bilmək bacarığı gərəkdir. Mən həmişə yaxşılıq xeyirxahlıq etməyə çalışıram.

 

- Yaxşılıq, xeyirxahlıq şüa kimidir. O, səni işığa, nura qərq edir.Elə deyilmi?

- Bəli,sən də o işığı insanlarla paylaşırsan. İnsanın həmişə arzuları, gözləntiləri var. Insan bunlardan güc alır. Və inanırsan ki, həyata keçəcək. Yaşamaq cəsarət istəyir. Onda gəlin, inamla, cəsarətlə yaşayaq, mübariz olaq. Belə olan halda varlığımızı da dərk edəcəyik. Dünyada ən gözəl iş insanlara kömək etməkdir. Düzgün yaşayan insanlar həmişə bu barədə düşünürlər. Belə insanlar özləri də bilmədən şərəf lövhəsinə qalxırlar. Belə insanlar bu və ya digər məqamlarda lap yaxınlığımızda olurlar... Sadəcə olaraq, onları duymaq, görmək lazımdır. Nəhayət əsas odur ki, yaşayan ruh nikbin olsun, insanın özü, içi qəmli ola bilər, amma ruhu sönməməlidir.

 

- Sonda nə demək istərdiniz?

- Hərdən düşünürəm ki, kaş yatmaq olmayaydı. Hər şeyə vaxt çatdıra biləydim. İndi də məni çox şey maraqlandırır. Çox şeydə özümü yoxlamaq istərdim. Dil öyrənmək, ədəbiyyata, yaradıcıllığa, idmana vaxt ayırmaq, yarımçıq işlərimi başa çatdırmaq, hüquqi mövzulara olan əlyazmalarımı bitirmək, hazır olan əsərlərimi çap etdirmək, çoxlu-çoxlu kinolara baxmaq, səyahət etmək, şahmat turnirlərinə getmək, imkan daxilində hamıya kömək etmək....Nəhayət, sonda deyəcəyim bir fikir də var: Zəiflərin içindən seçilməyə nə var ki.... Çalışıram güclülərin arasında seçilim!

 

 

Olimpiya dünyası.- 2018.- 2-8 oktyabr.- S.5.