“Azərbaycanın idman tarixinə
düşmək mənim üçün çox
qürurvericidir”
Ötən ay paytaxtımız daha bir beynəlxalq idman bayramına, XV Avropa Gənclər Olimpiya Festivalına uğurla ev sahibliyi etdi. "Zirvələrə hazırıq” devizi altında keçirilən mötəbər idman tədbirində 122 idmançı ilə təmsil olunan Azərbaycan komandası 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanaraq, 48 ölkə arasında 4-cü yeri tutdu. Bakı-2019-da qazanılan medallardan 6-sı cüdoçularımızın payına düşdü. Heydər Əliyev adına İdman Arenasında keçirilən festivalın cüdo yarışlarında 12 (8 oğlan, 4 qız) idmançı ilə təmsil olunan komandamız 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib çıxdı.
Yığmamız bu nəticə ilə komanda hesabında üçüncü yeri yeri tutdu. Oğlanların komanda hesabında isə cüdoçularımız birinci pillədə qərarlaşdılar. Festivalda qızıl medal qazanan cüdoçulardan biri də +90 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Məmmədovdur. "Judo Club 2012”nin üzvü olan Hüseyn son illərdə ən ağır çəkidə medal qazanan yeniyetmə cüdoçu kimi adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazdırdı.
Gəlin, ağır çəkili cüdoçumuzu daha yaxından tanıyaq. 2002-ci il martın 15-də Bakı şəhərində anadan olan Hüseyn 8 yaşından cüdo idman növü ilə məşğul olmağa başlayıb. Respublika çempionatının ikiqat qalibi olan H.Məmmədov 2014-cü ildə Sankt-Peterburqda keçirilən beynəlxalq turnirin qalibi olub. İstedadlı cüdoçumuz ötən il Mərakeşdə təşkil olunan Afrika Kubokunda gümüş medal qazanıb. Bu ili də ağır çəkili pəhləvanımız üçün uğurlu hesab etmək olar. Belə ki, ilin əvvəlində, İspaniyanın Fuengirola şəhərində təşkil olunan Avropa Kubokunda 3-cü olan Hüseyn iyun ayında Polşada keçirilən Avropa birinciliyində bürünc medala sahib çıxıb.
Bu yaxınlarda istedadlı cüdoçumuz Hüseyn Məmmədovla redaksiyamızda görüşdük. Müsahibimizlə söhbət zamanı onun idmana gəlişi, Bakı-2019-da keçdiyi zəfər yolu, sevinc hissləri və gələcək planları barədə danışdıq.
- Hüseyn, istərdik ki, söhbətimizə idmana gəlişin barədə başlayaq. Nəyə görə məhz cüdo idman növünü seçdin?
- İdmanla 8 yaşımdan məşğul oluram. Cüdonu seçməyimin əsas səbəbkarı qonşumuz, cüdo üzrə yığma komandamızın üzvü Hidayət Heydərov olub. O, bir gün atama məni cüdo bölməsinə yazdırmağı məsləhət gördü. Həmin vaxtı Hidayət yeniyetmələr arasında Avropa çempionu adını qazanmışdı. Məhəllədə hər kəs Hidayətin uğurlarını görür, onun qələbələrindən danışırdı. O, bir növ, məhəlləmizdəki uşaqlara nümunə idi. Onu da qeyd edim ki, Hidayət Heydərov məndən beş yaş böyükdür. Beləcə, atam məni "Kanokan TT” cüdo idman klubuna yazdırdı. Burada Azərbaycanın Əməkdar məşqçisi Tərlan Həsənovun rəhbərliyi altında cüdonun sirlərinə yiyələnməyə başladım. Düzünü desəm, əvvəllər idmana heç həvəsim yox idi. Məşqlərə də həvəssiz yanaşırdım. Özümü isə ümumiyyətlə gələcəkdə cüdoçu kimi təsəvvür etmirdim.
- Bəs bu idman növünə qarşı səndə sevgi necə yarandı?
- Tez-tez arenalara cüdo yarışlarını izləməyə gedirdim. Çalışırdım ki, özümdən böyük idmançıların keçirdiyi görüşləri diqqətlə izləyim, onların icra etdikləri fəndləri mənimsəyim. Beləcə, yarışları izləyərək cüdoya olan həvəsim artdı. Cüdonu sevməyimdə digər bir amil isə şəxsi məşqçim Tərlan Həsənovla bağlıdır. Məhz onun səbri, qətiyyəti, peşəkarlığı və əsl müəllimlik bacarığı məndə cüdoya böyük sevgi yaratdı. 2011-ci ildən məşqlərimi Tərlan müəllimin rəhbərliyi altında "Judo Club 2012”də davam etdirməyə başladım. Artıq məşqlərə əvvəlki kimi, həvəssiz yanaşmırdım. Çalışırdım ki, hər bir hazırlıqda məşqçimin verdiyi tapşırıqları düzgün şəkildə yerinə yetirim. Sonralar iştirak etdiyim hər bir yarışda medal qazanmağa başladım. Bu qələbələr məndə özüməinam hissini bir qədər də artırdı. Düşünürdüm ki, məşqlərə daha çox can yandırsam, gələcəkdə böyük yarışlarda da nailiyyətlər qazana bilərəm. Əvvəlcə, Bakı, sonra isə respublika çempionu oldum. Bundan sonra nailiyyətlər bir-birinin ardınca gəlməyə başladı. Bu il İspaniyada təşkil olunan Avropa Kubokunda bürünc medal qazandım. İyun ayında isə Polşada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində üçüncü yeri tutdum.
- Hər bir yeniyetmə və gəncin gələcəklə bağlı arzuları olur. Bəs, idmana həvəssiz başlayan Hüseyn özünü gələcəkdə hansı peşənin sahibi kimi görmək istəyirdi?
- Əvvəllər dərs oxumağa daha çox həvəsim var idi. Düzdür, əlaçı olmasam da, dərslərimi yaxşı oxuyurdum. Qiymətlərim də yaxşı idi. Əvvəllər "Neftçilər” metrosu ərazisində yerləşən 214 saylı orta məktəbdə təhsil alırdım. Hazırda isə 277 saylı idman məktəbində təhsil alıram. Fənnlər arasında əsasən, Azərbaycan dili fənnini sevirdim. Elə özümü də gələcəkdə məhz müəllim kimi görürdüm. Lakin görünür, qismətim cüdoçu olmaq imiş.
- Avropa Gənclər Olimpiya Festivalında komandamıza qızıl medal qazandırdın. Çempionluğa gedən yolu necə xatırlayırsan?
- Düzünü desəm, çempion olacağımı gözləmirdim. Bu yarışdan bir ay əvvəl Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanmışdım. Bu səbəbdən də festivalda bürünc medal qazanacağımı düşünürdüm. Rəqiblərim demək olar ki, qitə çempionatında qarşılaşdığım cüdoçular idilər. İlk görüşdə ehtiyat etdiyim rəqiblərdən almaniyalı Daniel Udsilauri ilə qarşılaşdım. Gərgin keçən mübarizədən sonra rəqibimə qalib gəldim. Ümumiyyətlə Bakı-2019-da keçirdiyim görüşlər arasında ən çətini birinci və final görüşüm oldu. Ən çox həyəcanı da elə birinci görüşdə keçirmişdim. Çünki bütün idmançılar kimi, mən də ilk görüşdə məğlub olmaqdan çəkinirdim. İstəmirdim ki, uduzaraq, işimi çətinə salım. Qələbəmdə azarkeşlərin dəstəyi də çox böyük rol oynadı. Fürsətdən istifadə edib, arenada məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Onların etimadını doğrultduğum üçün çox sevinirəm.
- Finala çıxmaqla ən azı gümüş medalı özün üçün təmin etmişdin. Bu, səndə arxayınlıq yaratmadı?
- Xeyr. Finala çıxandan sonra ikinci yerlə
razılaşmırdım. Mən həmişə
gümüş medaldansa, bürünc medalı daha
üstün tuturam. Finala
çıxdınsa, gərək çempion olasan. Qızıl medalın bir addımlığında məğlub
olmaq idmançıya daha pis təsir edir. Özü
də doğma azarkeşlərin gözü
qarşısında. Azarkeşlər
arenada mənə möhtəşəm dəstək verirdilər.
Həmin azarkeşlərin önündə
finalda uduzmağı özümə
sığışdırmırdım. Təsəvvür
belə etmək istəmirdim ki, bu qədər azarkeş dəstəyinin
içində rusiyalı idmançı çempion olsun.
Rəqibim həlledici görüşə
özündən razı şəkildə
çıxmışdı. Mənə
qalib gələcəyini düşünürdü. Lakin istəyinin gerçəkləşməsinə
icazə vermədim.
- Sevinc
hisslərini ilk olaraq kimlərlə bölüşdün?
- Məşqçilərim
və atamla. Atam arenadan
görüşümü izləyirdi. Təbii
ki, mən də məğlub olaraq onu məyus etmək istəmirdim.
Avropa Gənclər Olimpiya Festivalında
qazandığım qələbəni atama həsr edirəm.
Ən çox atam üçün
çalışıram. O, bütün günü
keçirdiyim görüşlərin videolarını izləyir,
mənə məsləhətlərini verir. Mənə
çox inanır. Atamın mənimlə
fəxr etməsi və dəstək olması mənim
üçün qazandığım bütün qələbələrdən
üstündür. Növbəti
yarışlarda da çalışacağam ki, qələbə
qazanaraq, atamın etimadını doğruldum.
-
Bakı-2019-da qazandığın qızıl medal sənin
üçün nəyi ifadə edir?
- Bu
medalın dəyəri mənim üçün çox
böyükdür. Demək olar ki, Avropa
birinciliyindəki rəqiblərlə
qarşılaşdım. Bu qələbə
özüməinam hissini daha da artırdı. Necə deyərlər, qələbə gələcək
yarışlar üçün bir təkan oldu. Bu medal mənim üzərimə həm də
böyük məsuliyyət qoyur. Növbəti
yarışlarda potensialımdan zəif çıxış
etməli deyiləm. Bütün məşqçilərim
məndən yeni qələbələr gözləyirlər.
Çalışacağam ki, gələcəkdə
fiziki hazırlığımı artıraraq, nəticələrimi
daha da yaxşılaşdırım.
- Avropa Gənclər
Olimpiya Festivalından sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı ilə pul
mükafatı ilə təltif olundun. Bu, sənin
ilk qonararın idi.
- Bəli.
Bu Sərəncama görə Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyevə minnətdarlığımı
bildirirəm. Bu, mənim
qazandığım ilk böyük qonarar idi. Bunun üçün də həmin məbləği
atama verdim. Fürsətdən istifadə
edib mənə yaratdıqları şəraitə və
göstərdikləri dəstəyə görə Azərbaycan
Cüdo Federasiyasına və təmsil olunduğum "Judo
Club 2012”nin rəhbərliyinə minnətdarlığımı
bildirirəm.
- Avropa Gənclər
Olimpiya Festivalının bağlanış mərasimində
komandamızın bayraqdarı oldun. Bu necə hiss idi?
- Bu
yarış mənim üçün unudulmaz anlarla yadda
qaldı. Həm çempion, həm də
bağlanış mərasimində komandamızın
bayraqdarı oldum. Bayraqdar olmaq
qürurverici hissdir. Azərbaycanın
bayrağını dalğalandırdığım
üçün çox sevinirəm. Çalışacağam
ki, həmişə bayrağımızı uca tutum, himnimizi
səsləndirim. İdmançı üçün
bundan gözəl hiss ola bilməz.
-
Bakıdakı festialda çempion olmağında doğma
azarkeş amili böyük rol oynadı, yoxsa hazırlıq səviyyən
yaxşı idi?
-
Əslində Avropa birinciliyində də çempion ola bilərdim. Lakin yarımfinalda
gürcüstanlı Giqa Tatiaşvili ilə görüşdə
çox səhv etdim. Bu səhvlər mənə
baha başa gəldi. Sualınıza cavab
olaraq hər iki versiya ilə razılaşıram. Yarışa çox güclü
hazırlaşmışdım. Havaların
isti olmasına baxmayaraq, hər gün məşqlərdə
bacardığım qədər fiziki, texniki və taktiki
hazırlıq səviyyəmi yaxşılaşdırmağa
çalışırdım. Azarkeş dəstəyi
də, həqiqətən, möhtəşəm idi. Bundan əlavə, çalışdım ki, bir ay əvvəl
Polşada etdiyim səhvləri bu yarışda təkrarlamayım.
-
Çıxış etdiyin ən ağır çəkidə
hər zaman perspektivli idmançılarımız az olub. Demək olar ki, bu problem
böyüklərdən ibarət yığma komandamızda
da özünü göstərir. Sənin
timasalında isə Azərbaycan cüdosu yeni bir ağır
çəkili pəhləvan qazanmış oldu.
-
Polşada keçirilən Avropa çempionatında
qazandığım bürünc medal mənim üçün
əlamətdar oldu. Bildiyimə görə, yeniyetmələrin
Avropa çempionatında Azərbaycan komandasının
aktivində son 15 il ərzində ən
ağır çəkidə medal olmurdu. Uzun
müddətdən sonra ağır çəkidə
bürünc medalı ölkəmizə məhz mən
qazandırdım. Ağır çəkili
idmançı kimi Azərbaycanın idman tarixinə
düşmək mənim üçün çox
qürurvericidir. Çalışacağam
ki, gənclər və böyüklər arasında
yarışlarda da uğurlarımı davam etdirim və
ölkəmizə medallarla qayıdım.
-
Ağır çəkidə güləşməyin sənin
üçün çətinlikləri varmı?
-
Hazırda 125 kq çəkim var. Bunun üçün də
yarışlarda +90 kq-da, yəni ən ağır çəkidə
mübarizə aparıram. Bildiyiniz kimi,
ağır çəkili idmançılarda nəfəs
almaq ən vacib amillərdən biridir. Ağır
çəkili idmançılar bu problemə görə tez
yorulurlar. Bunun üçün çalışıram
ki, çox qaçım, çox hərəkət edim.
Hazırda nəfəs almaqla bağlı
heç bir problemim yoxdur. Elə
ağır çəkili idmançılar var ki,
qızıl xal uğrunda görüşdə mübarizə
aparmağa gücləri çatmır. Məndə
isə belə bir problem yoxdur. Hətta
Bakı-2019-un finalında qarşılaşdığım
Ahmed Maqomedovla görüşün taleyini məhz
qızıl xal uğrunda görüşdə həll etdim.
Ümumiyyətlə, ağır çəkili
idmançıların ayaqları həmişə zəif
olur. Əgər gücün varsa,
ağır çəkili rəqibini yıxmaq sənin
üçün asan olacaq. Rəqiblərim
arasında elələri var ki, 150-160 kq çəkiyə
malikdirlər. Əgər çəkimi
azaltsam, onlara gücüm çatmayacaq. Hazırda
bu çəki mənim üçün idealdır. Bunun üçün də çalışıram
ki, hazırkı çəkimi qoruyub, saxlayım. Gənclər və böyüklər arasında
mübarizə aparsam, çalışacağam ki, çəkimi
5-10 kq daha artırım.
-
Hazırda sənin çəkində əsas rəqiblər
kimlərdir?
-
Güclü rəqiblər çoxdur. Rəqiblərim
arasında rusiyalı Nodar Onoprienko, Ahmed Maqomedov,
gürcüstanlı Giqa Tatiaşvili və almaniyalı Daniel
Udsilaurinin adlarını çəkmək olar. Bu cüdoçularla beynəlxalq arenalarda dəfələrlə
üz-üzə gəlmişəm. Yetərincə
güclü idmançılardırlar.
- İdmanda əsas kumirin kimdir?
-
Fransalı cüdoçu Teddi Riner. O, cüdo üzrə
dünya çempionatları tarixində ən titullu
idmançıdır. İkiqat Olimpiya,
beşqat Avropa, onqat dünya çempionudur. İştirak etdiyi yarışların böyük
qismində qalib gəlib. O, yalnız iki dəfə,
Pekin-2008 Yay Olimpiya Oyunlarının yarımfinalında və
2010-cu ildə Tokioda keçirilən dünya
çempionatının finalında məğlub olub. Azərbaycanda isə kumirim yaxın dostum Hidayət
Heydərovdur.
- Gələn
ay Almatıda dünya çempionatı keçiriləcək.
Bu mötəbər yarışa
hazırlıqlar necə gedir?
- Bu mənim ilk dünya çempionatım olacaq. Yarışda daha güclü rəqiblər olacaq. Tək qitənin deyil, dünyanın ən güclüləri Almatıda çempionluq uğrunda mübarizə aparacaqlar. Əsas məqsədim dünya çempionatının qalibi olmaqdır. Düzdür, bu çətin görünür. Bunun üçün daha çox məşq etmək lazımdır.
Azər Əlizadə
Olimpiya dünyası.- 2019.- 20
avqust.- S.5.