Nazim Hüseynov:
“Həyatda ən böyük qələbəm
ailə səadətimdir”
Tarixə adını yazmaq
heç də hər insana
qismət olmur. Bunu ancaq layiq olanlar
bacarırlar. Sevindirici haldır ki,
bu gün bütün dünyanın
tanıdığı həmvətənlərimiz
kifayət qədərdir.
Onlar fərqli vaxtlarda, müxtəlif sahələrdə
beynəlxalq aləmdə
tanınıblar. Belələrindən biri də müstəqil
Azərbaycanın ilk Olimpiya
çempionu cüdoçu
Nazim Hüseynovdur.
O, 1992-ci ildə Barselonada
keçirilən Olimpiya
Oyunlarında fəxri
kürsünün ən
yüksək pilləsində
üçrəngli bayrağımızı
dalğalandırdı. İki dəfə
(1992-1993-cü illərdə) Avropa çempionu olan Nazim Hüseynov
həm də dünya çempionatının
gümüş mükafatçısıdır.
Tatami ustası 1995-ci ildə Şöhrət ordeninə
layiq görülüb.
Bu günlərdə 50 illik yubileyini qeyd edən Olimpiya çempionumuz hazırda kişilərdən
ibarət milli komandamızın məşqçilərindən
biri, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin
üzvüdür. Növbəti yaşına qədəm qoyması münasibətilə
bir neçə gün əvvəl Olimpiya çempionumuzla görüşüb, həmsöhbət
olduq. O, suallarımızı
səmimi cavablandırdı.
- Nazim müəllim, bu yaxınlarda 50 yaşınız tamam oldu. Bu illərdə
hansı yaddaqalan məqamlarla baş-başa
qalmısınız?
- Mənə belə bir ömür bəxş etdiyinə görə Allaha minnətdaram. İyirmi yeddi ildir ki, keçirdiyim hər bir doğum
günü mənim üçün daha əziz olur. Sual oluna bilər
ki, niyə məhz iyirmi yeddi il?
Çünki iyirmi üç
yaşım tamam olanda, yəni ad günümdə müstəqil
Azərbaycanın ilk Olimpiya
çempionu kimi bayrağımızı dalğalandırmışam.
Bu, mənim üçün
çox böyük fərəhdir. Həyatımda xoş məqamlar yetərincə olub. Əlbəttə, çətinliklərlə də üzləşmişəm.
Amma onlara qalib gələ
bilmişəm. Bu yaxınlarda uşaqlıq
dostlarımızdan, məşq
yoldaşlarımızdan biri
- Süleyman Məmmədovun
vaxtsız vəfatı
çoxları kimi, məni də kədərləndirdi. O da
idmanı çox sevir, həmişə idmançılara dəstək
olurdu. Lakin həyat davam
edir. Hər şeyə rəğmən
həyatın yaxasından
yapışmaq və yaşamağa davam etmək lazımdır.
- Uşaqlıq və yeniyetməlik illərinizi
necə xatırlayırsınız?
- Uşaqlıq illərim maraqlı olub. Əvvəl Nizami rayonunda yerləşən 70 saylı
məktəb-liseydə, sonra
isə Bakıxanov qəsəbəsindəki 61 saylı
məktəbdə təhsil
almışam. Dördüncü sinifdən etibarən cüdo ilə məşğul olmuşam.
Artıq
altıncı sinifdə
ardıcıl qələbələrin
sevincini yaşamışam.
Yeddinci sinifdə respublika çempionatında fərqlənmişəm.
İndiki cüdo məşqçilərinin
əksəriyyəti ilə
birlikdə məşq
etmişik. Bir qədər
çılğın və
istiqanlı olduğum
üçün adım
"davakar uşaq” kimi hallanırdı.
Lakin həmişə haqsızlığa
qarşı olmuş,
əziləni müdafiə
etmişəm. Çətin vaxtlar idi. Lakin xoşbəxt idik. Dostlarımızla birlikdə məhəllədə
futbol, dama oynayır, fürsət düşəndə güləşirdik.
Doxsanıncı illərdə artıq
bütün dünyada
tanınırdım. Məlumdur ki,
Olimpiya çempionu olub, Avropa çempionatının
qızıl medalını
vətənimizə gətirmişdim.
- Cüdonu sizə bu qədər sevdirən nədir?
- Ümumiyyətlə, uşaqlıqdan
bütün güləş
idman növlərini sevmişəm. O vaxtlar cüdo ilə bağlı müxtəlif
filmlər göstərirdilər.
Elə həmin filmlər mənim cüdoya olan marağımı daha da artırdı
və bu idman növü ilə məşğul olmağa başladım.
Cüdonu digər idman
növlərindən fərqləndirən
bir çox xüsusiyyətlər var ki, bunlardan ən
başlıcası nizam-intizam,
səliqə-səhman və
təmizlikdir. Məsələn
cüdo geyimlərinin
ağ rəngdə
olması, görüş
başlayarkən idmançıların
bir-birinə təzim etməsi heç də təsadüfi deyil.
- Qələbələrinizi necə
xarakterizə edərdiniz?
- Qalib gəlmək hər şeydən əvvəl xarakterlə bağlıdır. Xarakter nəinki
cüdoçu, bütün
idmançılar üçün
ən vacib amildir. Əgər qalib gəlmək
istəyirsənsə, gərək
xarakterli olasan, əzmkarlıq göstərəsən,
həqiqətən, qələbə
istədiyini və buna layiq olduğunu
sübut edəsən.
Bu, həyatda da belədir. Cüdo isə mənim üçün həyatın
bir hissədir.
- Sizcə, peşəkar karyeranızı başqa idman növündə davam etdirsə idiniz, indi qazandığınız
titulları qazana bilərdiniz?
- Düşünürəm ki,
mümkün idi. Dediyim kimi, bütün qələbələrin sirri
xarakterdədir. Məndə həm
xarakter, həm də idmana sevgi var. Odur ki, başqa idman növü ilə məşğul olsa idim belə,
yenə də öz sözümü deyə bilərdim. Amma şərait və diqqət də öz yerində. Bunu bizdə inkişaf etmiş idman növlərinə aid edirəm.
- Oğlunuz Naim də cüdo ilə məşğuldur. Necə
düşürsünüz, o da sizin kimi
titullu idmançı
ola bilərmi?
- Bəli, oğlum da mənim yolumu
davam etdirir. O, respublikada artıq tanınır. Sevindirici haldır ki,
məndə olan əzmkarlıq ruhu Naimdə də var. Oğlum da böyük
zirvələri fəth
etməyə cəhd edir. Sadəcə, zədələr ona bir az
mane olur. Lakin onun parlaq gələcəyinə bir
valideyn kimi böyük ümid bəsləyirəm.
- Tatamidə qələbələriniz
kifayət qədər
çoxdur. Bəs həyatda ən
böyük "ippon”unuz
nədir?
- Mənim həyatda ən böyük qələbəm ailə səadətimdir. Çox xoşbəxtəm
ki, belə bir ailəyə sahibəm.
- Bəs həyat heç sizə "Şido” veribmi?
- Haqsızlıqlarla çox
üzləşmişəm. Çətin məqamlarım olub.
Buna rəğmən mübarizə aparmağı
bacarmışam. Ən əsası
Tanrının ədalətinə,
ilahi qüvvənin hər şeyi yerbəyer edəcəyinə
inanmışam.
- İnsanın çətin
anlarında çıxış
yolu göstərənlər
çox, dayaq duranlar az
olur. Bu fikirlə
razılaşırsınız?
- Tamamilə, razıyam. 1993-cü ildə Avropa çempionu olmağıma baxmayaraq, həmin dövr mənim üçün çox çətin idi. Hətta düşünürdüm ki, idmanı atmağın, tatami ilə vidalaşmağın
vaxtıdır. Ancaq həmin
anlarda həyat yoldaşım mənə
çox böyük mənəvi dəstək
oldu. Cənab İlham Əliyev
1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən
sonra digər bütün idmançılar
kimi mənə də xüsusi qayğı ilə yanaşdı. Onun sayəsində
müalicə aldım,
məni narahat edən problemlərdən
yaxa qurtardım.
Dediyim kimi, olduqca çətin
vaxtlarım olub.
Lakin onları düşünmək
yox, gələcəyə
nikbin baxmaq lazımdır.
- Sizin haqqınızda "İlk qızıl” adlı sənədli film çəkilib. Filmdəki sujetlər həyatınızı
tam əks etdirə bilibmi?
- Bu film mənim həyatımın
yalnız bir hissəsini əhatə edib. Daha çox Barselonadakı
tarixi uğurum və ailə həyatımın bir hissəsi lentə köçürülüb. Amma düşünürəm ki,
insan həyatını
özündə əks
etdirən bir film ərsəyə gətirmək
elə də asan deyil. Həyatımız bir filmdi.
Biz isə onun
qəhrəmanları. Ssenari isə taleyin hökmünə aiddir.
- Asudə vaxtınızı
necə keçirirsiniz?
- Asudə vaxtım o qədər də çox olmur. Lakin həmişə ailəmə,
övladlarıma vaxt ayırmağa çalışıram.
Bəzən də uşaqlıq
dostları ilə görüşür, keçmiş
günlərimizi xatırlayırıq.
Yaş artdıqca insan uşaqlığı üçün
daha çox darıxır.
- Çox istədiyiniz amma indiyə kimi reallaşdıra bilmədiyiniz arzunuz varmı?
- Təbii ki, var. Çox istəyirəm ki, adımı daşıyan bir cüdo məktəbi açım. Hazırda yığma komandada çalışdığıma görə, bu işlə məşğul
ola bilmirəm.
Lakin nə vaxtsa mütləq bir cüdo məktəbi yaradacağam və öz proqramıma uyğun məşqlər
keçəcəyəm. Gərək bu idman növü
ilə bağlı öz bilik və
bacarıqlarımı gənc
nəsillə bölüşüm.
Əgər qismət olarsa
çalışacağam ki,
həmin məktəb
uşaqlıq illərimi
keçirdiyim məhəlləmiz
tərəfdə olsun.
Həm ona görə ki, mənim uşaqlığım burada
keçib, həm də bu ərazidə
cüdoya maraq daha çoxdur.
- Sonda "Olimpiya dünyası” qəzetinin
kollektivi adından sizi yubiley münasibətilə
təbrik edirik.
- Sağ olun ki, siz də daim məni diqqətdə saxlayır, ad günüm münasibətilə təbrik edirsiniz. Buna görə "Olimpiya dünyası”qəzetinin kollektivinə öz təşəkkürümü bildirirəm.
Kənan Novruzov
Olimpiya dünyası.- 2019.- 20
avqust.- S.3.