Novruz mərasimlərində milli xalq
oyunları
"Novruz” - hərfi mənada yeni gün deməkdir. Amma ifadə etdiyi mərasim məzmununa görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. "Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir.
Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın "Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy), Kaşqarlı Mahmudun "Divani Lüğət-it Türk”, Balasaqunlu Yusif Has Hacibin "Kutadqu biliq”, Ömər Xəyyamın "Novruznamə”, Nizamülmülkün "Siyasətnamə”, Nizami Gəncəvinin "İsgəndərnamə” və s. əsərlərində rast gəlirik.
Əl Biruninin yazdığı rəvayət isə Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə görə Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görürlər və sevincdən həmin günü bayram edirlər.
İlk mənbələrdən biri hesab olunan "Avesta”da Cəmşid haqqında belə bir məlumat verilir. "Zərdüşt Ahuraməzdadan ondan qabaq kiminlə danışdığını soruşur. Ahuraməzda cavabında deyir: Ey Zərdüşt, səndən qabaq mən Cəmşidlə danışmışam ("Yəsna”, I cild, səh. 96. Burada Cəmşid maldarlıq və əkinçiliyi yayan şəxs kimi göstərilir) və ona hökmranlıq əlaməti olaraq üzük və qılınc vermişəm (Büüstün yazılarında və Sasani abidələrində təsvir edilən Ahuraməzda qarşısında dayanan hökmdara üzük və ya hökmranlıq simvolu hesab edilən halqa verir). Ona dünya səltənəti tapşırmışam”.
Kitabda daha sonra deyilir: "Ahuraməzdanın əmri ilə Cəmşid Əryanəvyucdə, Daytiya çayının kənarında məlakələrin iştirakı ilə məclis düzəltmiş və Ahuraməzda da bu məclisə gəlib Cəmşidi dünya hadisələrindən xəbərdar etmişdir”. Deməli, Novruz bayramının banisi kimi tanınmış Cəmşid Araz çayı kənarında məclis qurmuş, burada məskən salmış və burada da dünya hadisələrindən xəbərdar olmuşdur. Əl Biruni "Asar əl-Baqiyyə” adlı əsərində bu haqda belə yazır: "Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət, Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəş şüaları həmin taxta düşdü, camaat bu şöləni görüb həmin günü bayram etdi (Əl Biruni, "Asar əl-Baqiyyə”. səh 242)”. Digər bir mənbədə isə deyilir ki, Cəmşid dünyanı seyr edirdi. Azərbaycana çatdıqda, o, həmin gün taxta oturdu, camaat şadlıq etdi və dedilər ki, bu gün novruzdur - yeni gündür (M. Müzəffər. "Şərhe bistbab Molla Müzəffər fi mərfətə əl-Təqvim”. 1330, h:q.)”. Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonrabelə öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür.
Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanılır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, həmin günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, əzizlərim, yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur.
Novruz bayramının Cəmşidin adı ilə bağlı olması haqqındakı məlumat bu bayramın meydana gəlməsi tarixini aydınlaşdırmağa müəyyən qədər əsas verməklə yanaşı, həm də bayramın Azərbaycanla bağlı olması, onun Azərbaycanda meydana gəlməsi məsələsini izah etmək nöqteyi-nəzərindən də maraqlı və əhəmiyyətlidir.
Novruz bayramının Azərbaycanla bağlı olması fikirləri əsrlər boyu davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Ümumiyyətlə, orta əsr mənbələrinə xas olan belə bir cəhəti qeyd etməliyik ki, həmin dövrlərdə bütün bayramların hökmdarların adı ilə bağlanmasına xeyli səy göstərilmişdir. Bu isə dövrün xüsusiyyətlərindən irəli gəlirdi. Çünki orta əsrlərdə alim və şairlərin, demək olar ki, əksəriyyəti müəyyən hökmdarların tabeliyində və ya himayəsi altında olmuşdur.
Yaz bayramı haqqında yazılı məlumat eramızdan əvvəl 505-ci ildən məlumdur. Uzun əsrlər keçsə də, bu bayram getdikcə təkmilləşmiş, kütləviləşmiş və indiyə qədər də öz aktuallığını saxlamaqdadır. Novruz bayramı ənənəvi şəkildə hər il respublikamızın bütün bölgələrində böyük təmtəraqla qeyd olunur. Novruzu bir ay əvvəldən qarşılamaq Azərbaycanda bir adət olub və bu gün də həmin adət yaşamaqdadır. Novruza qədər hər çərşənbə axşamı evlərin həyətində tonqal qalanar, tonqala üzərlik töküb belə sözlər oxuyardılar:
"Üzərriksən
havasan
Cəmi dərdə davasan.
Hər yerdə sən yanarsan”.
Bayram günlərində xalq bir yerə toplaşar,
şənlik edər, müxtəlif oyunlar oynanılardı. Bu oyunlarda elin
güclü, qüvvətli igidləri öz
bacarıqlarını nümayiş etdirərdilər.
Azərbaycanda lap qədimlərdən Novruz şənliklərində
"İynə-iynə”, "Sayaçı”,
"Yuğlama”, "Yel baba”, "Cütçü şumu”,
"Kəvkəs”, "Kosa-kosa”, "Qaravəlli”, "Qurd
oyunu”, "Aşıq oyunu”, "Dirə döymə” və
s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla
birlikdə "Kəndirbaz”, "Masqara”, "Qılınc oynatma”,
"Kəmər atma”, "Qoç döyüşdürmə”
tamaşaları hazırlanır.
"Mil”
oyunu
Novruz bayramında pəhləvanlar hər əlinə
bir mil alıb başının üstünə
qaldırardı. Bu zaman dumbul çalınmağa
başlardı. Dumbul, əvvəlcə, lap ahəstə,
sonra get-gedə sürətlə çalınardı. Mil
oynadan adam da həmin templə
başının üstə milləri hərləyərdi. Oyun qurtardıqdan sonra camaat oyunçuları
alqışlayardı. Bəziləri
camaatın xahişi ilə mili tək əllə yuxarı
atıb dəstəyindən tutardı. Yaxşı
mil oynadanlar mili ayağının altından da atıb-tutardı.
Pəhləvanlar şənliyin sonunda qurşaq
(güləşmə) tutardılar. Güləşmədə
iştirak edənlər - Şonu oğlu Həsən, Məmməd
Hüseyn, Şah İsmayıl, Pəhləvan Məhəmməd
Hənifə, Cəro Süleyman, Altıaylıq Əbdüləli,
Xiləli Pəhləvan (Əli Hümmət), Zorba Rzaqulu,
Hapış Məhəmmədəli, Qatırçı Mirzə,
Axmaq nəvəsi İsrafil, Çopur Sayad oğlu, Məmməd
Hənifə, Tarta nəvəsi Kəbləhüseyn,
Balabançı oğlu Məmməd, Xəlifə
Süleyman (adamlara ləqəb qoymaq keçmişin adətlərindən
idi) dövrünün tanınmış pəhləvanları
sayılardılar.
Oyunun axırına bir qədər qalmış camaat pəhləvanların
birindən xahiş edərdi ki, gənclərlə güləşsin. Bu zaman
Altıaylıq Əbdüləli papağını
başından götürər, sarı ipək
qurşağını açar, ipək köynəyini
çıxardar, sonra onun qabağına bir tünükə
qoyardılar. Gənc həvəskarlar da
soyunardılar. Altıaylıq "süfrəyə”
tullanardı. Onu hər tərəfdən
tamaşaçılar alqışlayardılar. Məşhur musiqişünas, xanəndə Hacı
Zeynal oğlu Ağa Kərim Altıaylığın şəninə
pişro deyərdi.
Qeyd edək
ki, altıaylıq ləqəbi ilə tanınan adam nazik, uzun, qara bığlı,
hündürboylu, enlikürəkli, üzügülər bir
pəhləvan idi. Dodaqaltı gülə-gülə
əllərini sinəsinə qoyub camaata baş əyərdi.
Əliaçıq tamaşaçılar ona
"üçlük”, "beşlik”, "onluq” əskinas
(kağız pul) bağışlayardılar. Hərdən İrandan, Ərdəbildən, Sarabdan
nüfuzlu, adlı-sanlı qurşaq tutanlar da gələrdi.
Novruz bayramında həmin pəhləvanlar
zorxanada da iştirak edirdilər. Bakıda yaşayan
iranlı pəhləvanlar - Şatır Məmməd, Kankan
Rza, Qənnatı Kərim, Pinəçi Məmi və digərləri
Novruz bayramında qurşaq tutardılar. Yığılan
pullardan zorxanaya xərc çəkilər və iştirak edənlərə
hamam pulu verilərdi.
Qurşaqtutma
Qurşaqtutma Azərbaycanda geniş şəkildə
oynanılan qədim oyunlarından biridir.
Novruz bayramı və digər el şənliklərində
qurşaqtutma yarışı keçirilir. Bu, zorxana idman
oyunlarında güləş yarışının ən qədim
ənənəvi adlarından biridir. Tamaşa
ünsürləri ilə zəngin olan bu güləş
növündə olan oyun və yaxud da yarış adətən
Novruz bayramı və digər el şənliklərində
oynanılır. Müxtəlif şənlik, bayram və
yığıncaqlarda pəhləvanlar qoşa zurnanın cəsarət,
güc, döyüşkənlik aşılayan zil səsi, zərb
alətlərinin gur sədası altında meydana gəlir,
igid cavanları güləşə
çağırırlar:
- Mənəm
nərlərin nəri,
Ay
oğlan.
Mənəm
ərlərin əri,
Ay
oğlan.
Əl
qolunu çatdadaram,
Ay
oğlan.
Bağrını
partladıram,
Ay
oğlan.
Qılınc
oynatmaq
Bu oyunda meydana çıxan gənclər bir-birlərinin
əllərindən qılınc düşənə qədər
döyüşməlidirlər.
Qılıncoynatma bəzən at üstündə də
keçirilir.
Bu oyundan qalib çıxana Novruz hədiyyəsi
verilərdi.
Cıdır
oyunu
Novruz bayramı və digər el şənliklərində
təşkil edilimiş atçılıq oyunlarından
biridir. Cıdır xalq oyunun Azərbaycanda yayılması
"Kitabi-Dədə Qorqud” boylarından, Nizami Gəncəvinin
"Xosrov və Şirin” poemasından və klassik ədəbiyyatımızın
digər nümunələrindən də bəllidir.
Cıdırın keçirildiyi meydan və gün əvvəlcədən
müəyyən edilir. Adlı- sanlı, tanınmış
cavanlar bu oyun- yarışa xüsusi hazırlıq
görür, təlim almış atlarını cıdıra
hazırlayırlar.
Cıdır
iştirakçılarından kim məsafəni
birinci qət edərsə, o, yarışın qalibi
sayılır və adət üzrə ona xonça təqdim
olunur. Qalib çıxmış atın isə
alnına bir yumurta vurub sındırır, boynuna
qırmızı rəngli kəlağayı və ya
parça bağlanılır. Cıdırın
digər iştirakçılarına da müəyyən hədiyyələr
verilir. Cıdır əyləncələrini
zurnaçılar dəstəsi müşaiyət edir. Adətən cıdır meydanları
üçün elə yer seçilir ki, əhali
cıdıra çıxanları görə bilsin. Cıdır sözün əsl mənasında, gənclərin
sınaq meydanına çevrilir, elin çevik, mərd, mahir
çaparları burada müəyyən edilir. Cıdır ötəri yarış, sadəcə
at oynatmaqla məhdudlaşan əyləncə deyil. Burada pərəstişin, inamın, sehr və ovsunun
izləri də var.
"Papaq”
və
"Güc
sınağı”oyunu
Oyunun iştirakçısı müəyyən vaxt ərzində
öz papağını başında saxlamağa
çalışmalı, həm də rəqib komandadan iki
papaq götürməlidir. "Güc
sınağı” oyunu da çox maraqlıdır. Bu
zaman atlı çaparaq qabaq və arxa
ayaqları bağlanmış qoyun və ya keçini yerdən
götürüb yəhərə qaldırmalıdır. Bu oyunun da müxtəlif variantları var. Ümumiyyətlə,
bütün xalq oyunlarımız gənclərə cəldlik,
sərrastlıq, dəqiqlik, özünəinamlılıq
aşılayır.
"Sürpapaq”
və "Piyalə və ox”
"Sürpapaq” oyununda isə oyunçular top-papaq
uğrunda mübarizə aparır, sonda onu qapı dairəsindən
keçirirlər. Oyun zamanı iştirakçılara cəmi
üç dəfə atdan düşməyə icazə
verilir. Bu oyun bir qədər müasir
basketbola da oxşayır. Atüstü
idman növlərindən "Piyalə və ox” oyunu da
çox maraqlıdır. Oyunda məqsəd
atı çaparaq xüsusi dirəyin üzərindəki
piyaləni oxla vurmaqdır. Bu oyun bir
neçə variantda oynanılır. "Piyalə
və ox” oyunu iştirakçılardan dəqiqlik və cəldlik
tələb edir. Atın üstündə sürətlə
hərəkət edərkən piyaləni dəqiq nişan almaq üçün həm də sərrastlıq
lazım idi.
Novruz bayramında bütün bunlarla yanaşı, at çapma və güləşmə yarışları təşkil edilir, meydanlarda kütləvi oyunlar, rəqslər, yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər. Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın. Novruz bayramı bolluq, xeyirxahlıq, gözəllik bayramıdır.
Xalq arasında çox qədimdən yaranan "Qurd oyunu”, "Qurd basdı”, "Qurdlar səni yeyər”, "Cızıq turnası oyunu”, "Gizlənpaç” (gizlən, qaç), "Oğru-oğru”, "Şuma qədər”, "Aşıq-aşıq”, "Qoz-qoz”, "Pula-pula”, "Fincan-fincan” və başqa oyunlarda həm uşaqlar, həm də böyüklər həvəslə iştirak edərdilər. Novruz bayramının ən yaxşı və yadda qalan atributlarından biri, ən çox tamaşaçı cəlb edən hissəsi milli xalq oyunlarıdır.
Novruz bayramından söhbət açan bəzi müəlliflər "kosa-kosa”, "kəndirbaz”, "sim pəhləvan”, "masqara”, "gözbağlıca”, "cıdır” tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq yarışları, bənövşə, və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyini göstərmişlər. Sadaladığımız bu xalq oyunları uzun yol keçərək bu günümüzədək gəlib çatmışdır.
Bir məsələni qeyd etmək yerinə düşər ki, bu oyunların bəziləri artıq müasir beynəlxalq idman növünə çevrilmişdir. Məsələn: güləş, atçılıq, atıcılıq, ağırlıqqaldırma, qaçış və digər idman növləri məhz xalq oyunlarının kökləri əsasında yaradılmışdır. Sevindirici haldır ki, beynəlxalq aləmdə fərqlənən idmançılarımz xalqımızın keçmiş adət-ənənələrindən, xalq oyunlarından bəhrələnərək bu gün dünyada şöhrət qazanmışlar. İnanırıq ki, bu tendensiya bundan sonra da davam edəcək, idmançılarımız ən nüfuzlu beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, başqa mötəbər idman tədbirlərində əldə etdikləri qələbələrlə xalqımızı sevindirəcəklər.
Hər il olduğu kimi, bu il də
xalqımızın Novruz bayramından bir arzusu, bir diləyi
var. Gələn Novruzu qədim Oğuz elinin bir hissəsi olan
Qarabağ torpağında qarşılayaq, qarçiçəyini,
novruzgülünü, xarıbülbülü Şuşanın
dağlarından dərək, İnşallah!.
Dilqəm Quliyev
Olimpiya dünyası.- 2019.- 19
mart-1 aprel.- S.5.