Zakir Quliyev: «Həyatımı idmansız
təsəvvür edə bilmirəm»
Bu gün ölkəmizdə özünün kütləvililiyi ilə seçilən idman növlərindən biri də boksdur. Bu idman növü ilə məşğul olan yeniyetmələr və gənclər müxtəlif yarışlarda əldə etdikləri uğurlu nəticələrlə xalqımızı sevindirirlər. Bu isə xeyli dərəcədə boksun Azərbaycandakı tarixi ənənəsi ilə bağlıdır. Azərbaycanda bu idman növü üzrə kifayət qədər tanınmış idmançılar, məşqçilər olub ki, onlardan öndə gedənlərdən biri də SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycanın Əməkdar məşqçisi,Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü Zakir Quliyevdir. Buyaxınlarda Zakir müəllimlə reaksiyamızda görüşdük. Müsahibimiz ona ünvanlanan sualları səmimi cavablandırdı.
«Küsülü dostlarımı
bir-biri ilə barışdırardım»
- Zakir müəllim, əvvəlcə özünüz haqda oxucularımıza ətraflı məlumat verərdiniz?
- 1952-ci il martın 12-də Azərbaycanın qədim yaşayış məskənlərindən olan Dərbənd şəhərində anadan olmuşam. 9 yaşına kimi orada yaşamışam. 1961-ci ildə ailəmizlə birlikdə Bakıya köçmüşük. Uşaqlıq və gənclik illərim "dağlı məhəlləsi” deyilən məhəllədə keçib.
Mən də adi Bakı uşaqları kimi məhəllədə dövründə dəbdə olan oyunlar oynayaraq böyümüşəm. Demək olar ki hər gün məhəllə uşaqları ilə "şumaqədər”, "naqquli”, "ənzəli”,”aşıq-aşıq”oynayardım. Tez-tez "çərpələng” uçurdardim. Müsəlmanların müqəddəs bayramı olan "Novruz” bayramında yumurta döyüşdürər, küsülü dostlarımı bir-biri ilə barışdırardım. Mənim yaşıdlarım yəqin ki, sadaladığım bu oyunları balaca vaxtı çox oynayıblar. İndi şirin bir xatirə kimi uşqlıq illərimi yada salır, hərdən yuxuda o gözəl günlərə səyahət edirəm. 1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstituna daxil olub, 1978-ci ildə oranı bitirib məşqçi-müəllim ixtisasına yiyələndim. İnstitutu bitirdikdən sonra "Dinamo” idman cəmiyyətində uzun müddət məşqçi-müəllim kimi çalışmışam. Sonralar Bakı şəhər DİN-nin Baş Polis İdarəsində kadrlar üzrə müfəttiş işləmişəm. Ömrümün böyük bir hissəsi boksda keçib. Ümumiyyətlə, bu idman növünün ölkəmizdə inkişaf etdirilməsində mənim də xüsusi xidmətlərim olub. Qeyd etməliyəm ki, Atlanta olimpiadasının keçirildiyi tarixdən, yəni 1996-cı ildən 2009-cu ilə kimi Azərbaycan Boks Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərmişəm. Bu 13 ildə həmişə boksçularımızın problemləri ilə yaxından maraqlanmış və onlara öz köməkliyimi göstərmişəm.
«Unutmayın ki, insanın
başı dəmirdən deyil»
- Maraqlıdır, boksa gəlişiniz necə olub?
- Boksa gəlişim təsadüfi olub. Kiçik yaşlarımda məhəllə uşaqları ilə "kos” (top) qovar, elə küçədə asfaltın üstündə güləşərdik. Qolum, dirsəklərim və dizlərim həmişə belə "əməllərim”dən sonra qan içində olardı. Özüm-özümə deyərdim ki, görəsən, mənim əl-ayağımın salamat günü olacaqmı? Tez-tez məhəllə uşaqları ilə nəyisə "bölə bilməyəndə” savaşardıq. Bəlkə də elə bu amalla mən boks bölməsinə gəlib məşqlərə başladım. Boksa o vaxtki Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Unversiteti) kiçik boks zalında SSRİ idman ustası Nadir Məmmədovun rəhbərliyi altında məşğul olmağa başlamışam. Məşq etdiyim zalın şəraiti o qədər də yaxşı deyildi. Soyunub-geyinmə otağımız, duşxanamız yox idi. İdman avadanlıqlarımız da az idi. Burada 1 il məşq etdikdən sonra eşitdim ki, şəhərin bulvara yaxın hissəsində "Dinamo” deyilən bir idman cəmiyyəti var. Orada hər bir şərait mövcud idi. Tezliklə uşaqlara qoşulub həmin "Dinamo” idman cəmiyyətinin boks zalına gəldim. Zalda bizi yaşlı bir ayağı axsayan rus məşqçi qarşıladı. Sonradan bildim ki, bu məşqçi SSRİ çempionatının bürünc mükafatçısı (1948), SSRİ idman ustası, Azərbaycanın Əməkdar Məşqçisi, ümumittifaq dərəcəli hakim, dəfələrlə Azərbaycan çempionu olmuş Böyük Vətən Müharibəsi iştirakçısı Aleksandr Pavloviç Kryuçkov (1913-1981) idi. Çox maraqlıdır ki, A.Kryuçkovun Böyük Vətən Müharibəsində aldığı xəsarət (ayağı şikəst idi) onun boksa olan sevgisini azalda bilməmişdi. 1966-cı ildən şəxsiyyətinə böyük hörmət bəslədiyim A.Kryuçkovun rəhbərliyi altında boks elminin sirlərini mənimsəməyə başladım. Mən təsadüfən "boks elmi” ifadəsini işlətmədim. Aleksandr Pavloviç bizə deyirdi ki, boks, iki nəfərin bir-birini yumruqlamağı deyil. O, bizə öyrədirdi ki, yüksək texnikaya malik olub, fiziki güc imkanları ilə tək qələbə qazanmaq olmaz. Boksçu rinqdə düşünməyi, öz potensialına uyğun düzgün taktika seçib qələbə qazanmağı bacarmalıdır. Bunun üçün də çoxlu məşq edib məşqçinin verdiyi tapşırıqları səylə yerinə yetirmək lazımdır. O söyləyirdi ki, «rəqibə beş zərbə vurub, dörd zərbə alınca, iki zərbə vurub zərbə buraxmamaq lazımdır. Unutmayın ki, insanın başı dəmirdən deyil. Onu qorumaq lazımdır”.
- Boksda ilk uğurlarınızı necə xatırlayırsınız?
- Boksda ilk uğurum 1967-ci ilə təsadüf edir. Həmin il mən yaşıdlarım arasında Bakı birinciliyinin qalibi olmuşam. Maraqlı birhadisə danışım. Adətən məşqçilər, yetirmələri daha yaxşı nəticə göstərsinlər deyə, idmançılarının yaşını 1-2 il azaldırlar ki, özlərindən kiçik yaşlılar üzərində qələbə qazanmq şansları çox olsun. Bu ənənə bütün idman növlərində baş verir. Mənim məşqçim isə yaşımı 1 il böyüdərək, yarışlarda özümdən böyüklərlə iştirak etməyə imkan yaratdı. O mənə deyirdi ki, sən yaşından çox inkişaf etmisən. Yaşıdlarım mənimlə döyüşməkdən çəkinirdilər. Çünki sol əllə (solaxay idim) qüvvətli zərbə vururdum. Əslində 1953-ci il təvəllüdlüyəm. Lakin idmana görə təvəllüdümü dəyişib 1952-ci il oldum. Bu da mənim kiçik yaş sirrimdir (gülür).
Dəfələrlə Bakı və Azərbaycan çempionu tituluna yiyələnmişəm. 1971-73-cü illərdə "Dinamo” cəmiyyətinin Ümumittifaq Mərkəzi Şurası çempionatının gümüş mükafatçısı, SSRİ Kuboku yarışlarının (gənclər) qalibi olmuşam. Məni "Dinamo” cəmiyyətinin Ümumittifaq Mərkəzi Şurasının yığma komandasının tərkibinə daxil etmişdilər. O illərdə Özbəkistan, Ukrayna, Estoniya, Belarus, Qazaxıstan və Rusiyanın müxtəlif şəhərlərində keçirilən ümumittifaq turnirlərin qalibi və mükafatçısı olmuşdum. Həmçinin SSRİ Xalqlarının Spartakiadasında Azərbaycanın yığma komandasının tərkibində çıxış etmişdim. Biz o vaxtlar mötəbər yarışlarda çempion olanda ən böyük mükafatımız ya 20-30 manatlıq qol və ya divar saatı, ya da idman kostyumu, krassovkası olardı.
«Sovet dövründə respublikamızda
boksun coğrafiyası çox məhdud idi»
- Yığma komandaya düşməkdən söz düşmüşkən, həmin dövrdə yığmaya düşmək çox çətin idi?
- İttifaq miqyasında biz nə qədər yaxşı, nəticəli idmançı olsaq da, o vaxtın funksionerləri bizə 2-ci növ idmançı kimi baxırdılar."1-ci növ idmançılar” Moskvadan, Leninqraddan (Sankt-Peterburq) çıxardı, daha doğrusu çıxardardılar. Müsəlman ölkələrindən SSRİ yığma komandasına düşmək üçün rəqibindən bir baş yox, 10 baş üstün olmalı idin. Onda da təlim-məşq toplanışlarında səni o ki var, sıxıb suyunu çıxardır, şikəst edib, əzirdilər. Yəni demək istəyirəm ki, bizim üzümüzə xaricdə çıxış etmək qapısı bağlı idi. Respublikamız müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, boksda da uğurlarımız artdı. Artıq biz müstəqil dövlətimizin bayrağı altında dünyanın istənilən ölkəsində keçirilən yarışlarda çıxış etmək imkanı qazandıq. Uğurlarımız da göz qabağındadır. Artıq bizim bütün yaş qruplarında onlarla dünya, Avropa çempionlarımız var. İdmançılarımız Olimpiya Oyunlarında da uğurla çıxış edib gümüş, bürünc medallar qazanıblar. Arzu edirəm dəri əlcək ustalarımız Olimpiya Oyunlarından vətənimizə qızıl medal gətirsinlər. Bir məsələni də qeyd etmək istəyirəm. Sovet dövründə respublikamızda boksun coğrafiyası çox məhdud idi. Boks əsasən, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Siyəzən, sonralar isə Cəlilabad, Biləsuvar və Şirvanda inkişaf etdirilməya başlanıb. Bakıda boks bölməsi olan 5-6 cəmiyyətdə işləyən məşqçilərin sayı 25-30 olurdusa, onların 40-45 faizi qeyri-azərbaycanlı millətdən, əsasən, ermənilərdən ibarət olurdu. Həmin bu erməni məşqçiləri də boksumuzun irəli getməsinə daima mane olurdular. Erməni məşqçilərinin təlim qruplarının yarısından çoxu erməni, rus və s. millətlərin nümayəndəsi olurdu. Onların imkanı olsaydı qruplarına azərbaycanlı uşaqları götürməzdilər. Lakin qrupun sayını düzəltmək məcburiyyətində qalıb, azərbaycanlı uşaqları qruplarına qəbul edirdilər. Ancaq onlara diqqət az yetirirdilər.
- Zakir müəllim, istərdik ki, bir qədər də Əhməd Çoudrinin şərəfinə təşkil olunmuş ilk beynəlxalq turnirin tarixi haqqında məlumat verəsiniz.
- 1996-cı ildə mənim təşəbbüsümlə Ümumdünya Boks Federasiyasının prezidenti (AİBA) Əhməd Çodrinin şərəfinə təşkil olunmuş ilk beynəlxalq turnirin Bakıda keçirilməsinə nail olduq. Sonradan bu turnir ənənəvi hal aldı. Bu turnirə hər il dünyanın 15-20 ölkəsindən idmançılar gəlirdi. Bizim boksçularımız da onlarla bərabər yarış təcrübəsi qazanırdılar. Deyərdim ki bu turnirin vasitəsi ilə Azərbaycanı dünyada yaxşı boksçuları olan ölkə kimi tanıdılar.
- Ən yaddaqalan döyüşünüz hansı olub?
- Yadda
qalan döyüşlərim çox olub. 1973-cü
ildə Sumqayıtda Azərbaycan Nazirlər Sovetinin
mükafatı uğrunda keçirilən ümumittifaq turnirdə
Avropa və SSRİ çempionu (1972) beynəlxalq dərəcəli
idman ustası Anatoli Levişevlə görüşdüm.
Onunla döyüşüm çox gərgin
keçdi. Üç raund davam edən
görüşdə tamaşaçılar əvvəl rəqibimdən
zəif olmağımı düşünsələr də
sonra mənim rəqibimi çətin vəziyyətə
salmağımdan, sol əllə gövdəyə və
başa güclü zərbələr vurmağımı
görüb, məni qələbəyə ruhlandırdılar.
Görüşün sonunda yan hakimlər ədalətsizlik
edib 3:2 hesabı ilə qələbəni rəqibimə verdilər.
Rinq hakimi qalib kimi onun əlini qaldırsa da,
görüşə baxan tamaşaçılar və mütəxəsislər
mənim rəqibimdən üstün olduğumu
açıq-aydın gördülər. Hətta
jurnalistlər görüşdəm sonra rəqibdən
soruşanda ki, niyə uduzdunuz, o cavab vermişdi ki,
qarşı tərəfi qiymətləndirmədim. Yəni, Anatoli Levişev bu cavabı ilə məğlub
olduğunu, lakin qələbəni ona hədiyyə edildiyi ilə
razılaşdığını bildirdi. Ümumiyyətlə,
karyeram ərzində maraqlı xatirələrim və hakimlər
tərəfindən ədalətsizliyə məruz
qalmağım çox olub. Neyləmək
olar, bu idmandır. Hakim səhv etsə də
qərarı qüvvədə qalır. İstərdim
ki, bir maraqlı hadisə danışım. Rusiyada ümümittifaq yarışında
çıxış edirdim. Komandamızın
rəhbəri məndən xahiş etdi ki,
qarşılıqlı razılığa əsasən sən
bu görüşdə məğlub ol, onlar da bizə
başqa çəkidə «süni qələbə» verəcəklər.
Bu yarışın və qələbənin mənim
üçün o qədər də əhəmiyyəti
olmadığı üçün razılaşdım.
Ancaq dedim ki, ikinci raundda mən qəsdən zədə
almağımı göstərəcəyəm, həkim
çağırarsız məni rinqdən çıxardar və
mən məğlub hesab edilərəm. Lakin hələ
birinci raundda, döyüş başlayan kimi təsadüfən
könülsüz vurduğum zərbə rəqibin çənəsinə
dəydi və o yerə sərildi. Rinq
hakimi bu görüşdə rəqibimin nokauta
düşdüyünü bildirdi. Mən
düzü, bunu istəmirdim. Məğlubiyyətə
razılaşmışdım. Amma, görünür,
Tanrı ədalətsizliyə razı ola
bilmədi.
-
Tanınmış yetirmələrinizdən kimlərin
adlarını çəkə bilərsiniz?
- Dediyim
kimi, illərlə yorulmadan Azərbaycan boksuna xidmət
etmişəm. Bu o deməkdir ki,
boksçuların əksəriyyətinin uğur
qazanmasında mənim ya birbaşa, ya da bilavasitə dolayı
yolla rolum olub. Afina-2004 Olimpiya
Oyunlarının bürünc mükafatçısı Fuad
Aslanov mənim şəxsi yetirməm olub. Ondan başqa, Azər Mirzəyev və digərləri
mənim tələbələrim olublar. Mən
onların hər biri ilə fəxr edirəm.
«Abbas
Ağalarov Azərbaycan
boksunun
pioneri olub»
- Öz
dövrünüzün boksçularını necə
xatırlayırsınız?
-
(Düşünür) Vaqif Rəfiyev, Füzuli Ələkbərov,
Ağaismayıl Rəhimov, Balasan Eynullayev, Zərbəli
Yusubov,Nağı Hacıyev və başqaları kimi məşhur
boksçularla mən eyni vaxtda bir zalda məşq etmişəm.
Onların hər biri Azərbaycan boksunun tarixində
iz qoyan idmançılar olublar. Vaqif Rəfiyev,
Ağaismayıl Rəhimov, Balasan Eynullayev, Zərbəli Yusubov
SSRİ çempionatlarının gümüş,
bürünc mükafatçıları olublar. Onların hər biri SSRİ yığma
komandasının üzvü olaraq beynəlxalq səviyyədə
keçirilən yarışlarda medallar qazanıblar.
-Bəs,
Abbas Ağalarov haqqında nə deyə bilərsiniz?
- Abbas Ağalarov təkcə Azərbaycanda yox, SSRİ məkanında
boksun sayılıb, seçilən mütəxəsislərindən
olub. Abbas Ağalarov 1928-ci ildə 17 yaşında I
Ümumdünya Fəhlə Spartakiadasında medal
qazanmışdı. O, 1937-ci ildə SSRİ
çempionatında çıxış edərək
gümüş medal qazanıb. SSRİ-nin
Əməkdar İdman Ustası, SSRİ-nin Əməkdar məşqçisi,
Beynəlxalq dərəcəli hakim, Azərbaycanın Əməkdar
Bədən Tərbiyəsi və İdman xadimi fəxri
adları ilə təltif olunub. Abbas
Ağalarov Azərbaycan boksunun pioneri olub. Uzun illər Azərbaycan
yığma komandasının baş məşqçisi, Bədən
Tərbiyəsi və İdman İnstitutunda "Boks və ağır atletika və onun
metodikası” kafedrasının müdiri vəzifəsində
çalışıb. Mən onu şəxsən
görmüşəm. 1972-ci il
Bakıda keçirilən Abbas Ağalarovun xatirəsinə həsr
olunmuş ümumittifaq turnirdə iştirak etmişəm.1972-ci
ildən bu günə kimi onun xatirəsinə (əvvəllər
sovet dövründə Ümumittifaq turnir adlanıb- A.Ə)
beynəlxalq boks turniri keçirilir. O, çox böyük
şəxsiyyət idi. Allah rəhmət eləsin.
- Azərbaycan
boksunun ən şanlı səhifələri hansı illərə
təsadüf edir.
- Məncə,
1970-80-ci illər. O dövrdə boksa maraq daha böyük idi.
1991-ci ildə Azərbaycan müstəqillik əldə
etdikdən sonra 1992-ci ildə Avropa (EABA) və Dünya Boks
Assosasiyasının üzvü oldu. Həmin
ildən bu günə kimi boksçularımız dünya,
Avropa çempionatlarında bütün yaş qruplarında
uğurla çıxış edirlər. Ancaq
ilk dəfə gənclərin Avropa çempionatına
qızıl medal qazanan idmançımız mərhum Ədalət
Məmmədov olub. 1993-ci ildə
Rövşən Hüseynov bir ildə həm gənclər, həm
də böyüklər arasında Avropa çempionu
adını qazandı. Kişilər
arasında Azərbaycanın ilk dünya çempionu
Ağası Məmmədov, Olimpiya Oyunlarında isə ilk
medal qazanan (Sidney-2000, bürünc medal) idmançımız
Vüqar Ələkbərov olub. Azərbaycandan
birinci SSRİ-nin beynəlxalq dərəcəli idman ustası
adını Oqtay İbrahimov alıb. Mərhum
Ağaismail Rəhimov Leninqradda yaşayıb və məşq
edən dövrdə bu ada layiq görülüb. Məmmədrəsul
Məcidov Azərbaycanda boks üzrə 3
qat dünya çempionu titulunu daşıyır. O, həm də
London-2012 Olimpiya Oyunlarının bürünc
mükafatçısıdır. Azərbaycan idmançıları
Olimpiya Oyunlarında boks idman növündə
8 bürünc, 1 gümüş medal qazanıblar. Arzu edirəm ki, Azərbaycanın medal
kolleksiyasında tezliklə qızıl medal da əlavə
olunsun. Bu arzunu və istəyi gerçəkləşdirmək
üçün məşqçilərimiz və
idmançılarımız daha əzmlə məşq edib
çalışmalıdırlar.
- Kifayət
qədər tanınmış boks mütəxəssisisiniz.
Sizə görə boksu digər idman növlərindən
fərqləndirən nədir?
- Boks
insanda çox nəcib xüsusiyyətlər
aşılayır. Yaxşı boksçu olmaq
üçün bütün idman növləri ilə məşğul
olmalısan. Hətta şahmatla da. Güc, dözümlülük, cəldlik, yüksək
düşünmə qabiliyyəti, ani olaraq qərar
çıxartmaq bacarığı, yüksək texnikaya malik
olmaq, şahmatçı kimi aldadıcı taktiki gedişlər
etmək bacarığına malik idmançı yüksək
idman nəticələri göstərə bilər. Peşəkar boksçu rinqdə həmişə
çalışır ki, ilk növbədə rəqibinin
müdafiəsini yarsın və ona sarsıdıcı zərbələr
endirsin. Bir də boksçu heç vaxt
küçədə kiməsə sataşmaq və ya dava
salmaq fikrində olmur. Bilirsiniz niyə?
Ona görə ki, boksçu rinqdə rəqibinə
zərbə vurmaq üçün müdafiə olunan
idmançını müdafiəsini "qırmaq” məqsədi
ilə aldadıcı fənlərdən istifadə edib məqsədinə
çatır. Küçədə isə
dava etmək üçün qarşısında dayanan "rəqibin”
müdafiəsi yoxdur. Belə desək o
"silahsızdır”, yəni müdafiə qabiliyyətinə
sənin qarşında malik deyil. Ona
görə də boksçular belə "savaşmaya” meyilli
olmurlar. Bilmirəm fikrimi çatdıra
bildim ya yox. (gülür)
«Gündəlik
həyatımı idmansız
təsəvvür edə bilmirəm»
- Boksun
ölkəmizdəki hazırkı vəziyyəti ilə
bağlı nə deyə bilərsiniz?
- Fikrimcə, boksumuzun indiki vəziyyəti o qədər də ürəkaçan deyil. Doğrudur, təcrübəli, öz işini bilən mütəxəssislərimiz kifayət qədərdir. Bunların sırasında Əməkdar məşqçilərRasim Məmmədovu, İlham Əlimzanovu, Təvəkkül Məmmədovu, Nəriman Abdullayevi və s. göstərmək olar. Amma nədənsə əcnəbi məşqçilərə daha çox üstünlük verilir. Elə bu amil də inkişafa mane olur. Düzdür, deyəcəksiniz ki, dünya praktikasında bütün ölkələr idmanın inkişafı üçün legioner idmançı, məşqçi xidmətindən yararlanır. Razıyam. Əgər bir ölkədə söhbət gedən idman növü yeni inkişaf mərhələsinə qədəm qoyursa, və ya həmin idman üzrə kifayət qədər savadlı öz işini bilən məşqçi ordusu yoxdursa, bəli, legioner məşqçi gətirməyə ehtiyac yaranır. Xaricdən bir neçə yüksək nəticələrə malik güclü idmançı-legioner gətirmək də lazımdır ki bizim idmançılar məşq prosesində onlara baxıb inkişaf etsinlər. Hazırda dünya ölkələri bizim boks mütəxəsislərinin iş praktikasını öz ölkələrində tətbiq edirlər. Daha doğrusu, bizdən öyrənirlər. Biz vaxtı ilə qonşu Dağıstandan da legioner məşqçi və idmançı gətirirdik. Xeyrin də gördük. Nəticələrimiz artdı. Artıq bəsdir. Hazırda hesab edirəm ki, Azərbaycanın boks idman növündə nə legioner məşqçiyə, nə də legioner idmançıya ehtiyacı var. Onlara xərclənən maliyyə vəsaitini öz idmançı və məşqçilərimizə sərf etsək daha yaxşı nəticələrə nail olarıq.
- Sizcə, əsl məşqçi-müəllim necə olmalıdır?
- Yaxşı məşqçi olmaq üçün daima mütaliə etmək, boksun yaxşı inkişaf etmiş ölkələrinin iş praktikasını məşqlərdə tətbiq etməyi bacarmalıdır. Məşqçi-müəllim intizamlı, öz peşəsini sevən, savadlı, təmkinli, yüksək insani keyfiyyətlərə malik mədəni şəxsiyyət olmalıdır. Bir sözlə, öz əməli və davranışı ilə yetirmələrinə nümunə olmalıdır.
- Boksun olimpiadanın proqramından çıxarılması ilə bağlı söhbətlər gəzir. Sizcə, bu idman növü Olimpiya Oyunlarının proqramından çıxarıla bilərmi?
-Mən buna inanmıram. Boks 1904-ci ildə ABŞ-ın Sent-Luis şəhərində keçirilən III Yay Olimpiya Oyunları Proqramına daxil edilib və bu günümüzə qədər oyunların proqramında ən maraqlı idman növü kimi qalmaqdadır. Bu söhbətlərin yaranmasına səbəb boksda idmançıların zədələnməsi ilə bağlı olub. Ona görə də qərar qəbul edildi ki, həvəskar boksçular başı qoruyandəbilqələrdə çıxış etsinlər. İkinci bu söhbətin yaranmasına səbəb AİBA prezidentinin hakimlərin işinə müdaxilə etməsi, qeyri-obyektiv qərarların qəbul edilməsi, sifarişli qələbələrin verilməsi olub. Bu məsələ də artıq öz həllini tapıb. Boksun Olimpia Oyunları proqramından çıxarılması mümkünsüzdür.
- Asudə vaxtınızı necə keçirirsiniz?
- Hər gün idmanla məşğul oluram. Gündəlik həyatımı idmansız təsəvvür edə bilmirəm. İdmançı dostlarımla tez-tez görüşürəm. Sosial şəbəkələrdə olan maraqlı müsahibələri gözdən keçirirəm. Boş vaxtım olanda bağda ağaclara qulluq edirəm. Bu günlərimə görə Tanrıya şükür edirəm.
- Gənc boksçulara məsləhətiniz nədir?
- Gənc boksçulara məsləhətim odur ki, dövlətimizə, millətimizə layiqli vətəndaş olsunlar. Bütün işlərin başında çalışqanlıq dayanır. Məşqləri səbəbsiz yerə buraxmasınlar. Məşqçilərinin tövsiyələrini müzakirəsiz icra etsinlər. Səbrli, dözümlü, mətanətli olsunlar. Ancaq belə olan halda idmanda böyük uğur qazanmaq olar.
Azər Əlizadə
Olimpiya dünyası.- 2019.- 7-13
may.- S.5.