Bəstələri ilə “Mənim dünyam” deyən gənc istedad
İdmanın və Olimpiya Hərəkatının təbliğatında müstəsna rolu olan "Olimpiya dünyası” qəzeti ölkənin adını yüksəldən və şərəfini layiqincə qoruyan idmançıları daim diqqətdə saxlayır. Öz səhifələrində həmin idmançıların nailiyyətləri barəsində çoxsaylı oxucularına geniş məlumatlar çatdırır. "Olimpiya dünyası” qəzeti bu dəfə adlı-sanlı idmançıdan deyil, bir fortepiano ifaçısından bəhs edən müsahibə ilə oxucuların görüşünə gəlib. Müsahibimiz idmançılar kimi öz sənətinin olimpinə yüksəlməyi qarşısına məqsəd qoyan gənclərdən biridir. Hər bir sahədə Olimp kimi böyük zirvə var. Həmin zirvəyə yalnız istəkli, həvəsli və istedadlı insanlar yüksəlir, o zirvənin sakini olur. Hamıya məlumdur ki, gələcək gənclərin əlindədir. Bəli, bir millətin sabahı yalnız sağlam və istedadlı gənclərin sayəsində işıqlı olur. Müsahibimiz Kamil Həsənov gənc olmasına baxmayaraq, qısa zaman ərzində böyük uğurlar əldə edib. Belə ki, o, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsüdür. 1996-cı il avqustun 1-də İmişli rayonunda anadan olan Kamil ailəsi ilə birlikdə Bakıya köçəndən sonra Rauf Hacıyev adına 15 saylı musiqi məktəbində musiqi təhsili alıb. Məhz həmin vaxtdan etibarən böyük uğurları ilə diqqətçəkən gənclərdən birinə çevrilib. Onunla redaksiyamızda görüşüb, söhbət etdik. Müsahibimiz ona ünvanlanan sualları səmimi cavablandırdı.
- Kamil, necə oldu ki, musiqiyə bu qədər bağlılıq yarandı?
- Atam gitara ifaçısı olub. Yəqin ki, elə musiqiyə həvəs də mənə atamdan keçib. Hər gün evdə atamın gitarası ilə oynayırdım. Həmin vaxt 4 yaşım olardı. Ailəmiz isə böyük qardaşımın musiqiçi olmasını istəyirdi. Bir gün evdə həmişəki kimi, gitara ilə oynayan zaman qonşumuz mənə yaxınlaşdı. Musiqi duyumumu yoxladı və valideynlərimə istedadımın olduğunu dedi. Bundan sonra atam mənə sintezator aldı. 6 yaşımdan məni musiqi məktəbinə yazdırdılar. Musiqi məktəbinə qəbul olarkən, notdan xəbərsiz olsam da, bilmədən 4-5-ci siniflərin proqramını bilirdim.
"Özümü klassikada daha xoşbəxt
hiss edirəm”
- Gənc yaşda bu qədər uğurlar əldə etməyinin sirri nədədir?
- Musiqi həddindən artıq böyük zəhmət tələb edir. Gün ərzində 6-7 saat musiqi ilə
məşğul olurdum.
Atamın arzusu məni
bir musiqiçi kimi böyük səhnədə görmək
idi. Çalışdım ki, atamın
bu arzusunu həyata keçirim.
Bunun üçün qarşıma
məqsəd qoydum.
Məqsədimə nail olmaq
üçün hər
gün çoxlu məşq etdim. Doğrudan da, məqsəd və inam insanı
böyük qələbələrə
aparır. Tezliklə atamın
bu arzusunu həyata keçirdim.
Rəşid Behbudov Adına
Mahnı Teatrında təşkil olunan konsert proqramlarında çıxış etdim.
Bir gün televiziyada prezident təqaüdçüləri
haqqında kadrlar göstərirdilər. Atam
mənə dedi ki, oğlum bax, mən də
çox istəyərəm
ki, sən də prezident təqaüdçüsü olasan.
Bundan sonra qarşıma yenidən məqsəd qoydum və bu arzuma da
çatdım. 2010-cu ilin sentyabr ayında
Azərbaycan Respublikasının
Prezidentinin qərarı
ilə adım Azərbaycan Respublikasının
Qızıl kitabına
yazıldı və Prezidentin xüsusi təqaüdünə layiq
görüldüm. Bu,
mənim üçün
ən böyük uğur idi. Bununla atamın ən böyük arzularından
birini həyata keçirmiş oldum.
Bundan sonra isə orkestrlə konsert proqramlarında çıxış
etdim.
- Ölkəmizi beynəlxalq
müsabiqələrdə də
təmsil etmisən və böyük uğurlar əldə etmisən.
- Bəli. Azərbaycanın hüdudlarından kənarda ölkəmizi yüksək səviyyədə
təmsil etmişəm.
Dəfələrlə beynəlxalq müsabiqələrdə
qalib olmuşam. 2007-ci ildə Krımda
təşkil olunan festivalda qalib gələrək, birinci yeri tutdum. Həmin vaxtı 11 yaşım var idi. 2009-cu ildə isə
Gürcüstanda təşkil
olunan gənc pianoçuların beynəlxalq
müsabiqəsində bürünc
medala sahib çıxdım.
Elə həmin il Suriyada
"Solhi Əlvadi” adına beynəlxalq müsabiqədə bürünc
medala layiq görüldüm. 2012-ci ildə isə Macarıstanın paytaxtı
Budapeştdə gənc
pianoçuların beynəlxalq
müsabiqəsində birinci
yeri tutdum. Bundan başqa bir sıra respublika müsabiqələrinin dəfələrlə
qalibi olmuşam.
Azərbaycanda təşkil olunan
İslam ölkələri
arasında beynəlxalq
müsabiqədə ikinci
yerə layiq görülmüşəm. Mədəniyyət və Turizm,
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə
uğurla çıxış
etmişəm.
"Bəzən öz bəstələrimi
qısqanıram”
- Bildiyimizə görə,
toy məclislərinə getmirsiniz.
Bunun səbəbi nə ilə bağlıdır?
- Klassik ifaçı olduğum üçün
klassikadan kənara çıxmağı sevmirəm.
Özümü klassikada
daha xoşbəxt hiss
edirəm. Akademik musiqilərə qulaq
asdıqca ruhum dincəlir. Bunun üçün də toy məclislərindən
imtina edirəm.
- Bir neçə bəstənin müəllifisən.
Sənə ən çox
uğur gətirən
bəstən hansıdır?
- "Mənim dünyam”. Bu bəstə mənim daxili aləmimi, xarakterimi, dəyişkən
duyğularımı ifadə
edir. Burada hərdən əsəbi,
hərdən sakit hisslərimi, romantikanı,
səssizliyi və özüməinamı görmək
olar. Bundan başqa "Xəyalım”
və "Hər an” musiqisi də
mənim ən uğurlu bəstələrimdən
biridir. Uşaq vaxtı yazdığım
bir neçə bəstəm var idi ki, onların
notlarını evimizi
dəyişən zaman
itirdim. Bu hadisəyə görə
çox məyus olmuşdum. Həmin bəstələrin üzərində çox
əziyyətlər çəkmişdim.
Hətta
deyərdim ki, itirdiyim bir neçə
bəstə var idi ki, onlara
ad qoymamışdım.
- Maraqlıdır, nəyə
görə?
- Bilmirəm. Düzünü desəm, bəstələrimə
ad qoymağa risk etmirdim.
İstəmirdim onlara ad qoyum.
Həmişə istəmişəm ki, bütün bəstələrimi "mənim
mahnım”, "mənim
dünyam” adlandırım.
Nə qədər qəribə səslənsə də, hətta deyərdim ki, bəzən öz bəstələrimi
qısqanıram.
- Bu qısqanclığın səbəbi
nədən irəli gəlir?
- Yəqin, çox yaxşı bəstələmişəm
ona görə. Həmişə qorxmuşam ki,
bəstələrim bir
gün məni üstələyər.
"Hərdən elə musiqilər
eşidirsən ki...”
- Bəstələrini kimlərsə
ifa edibmi?
- Xeyr. Bu barədə
heç kimə təklif də etməmişəm.
- Bəstələdiyin musiqilərin
əsas qayəsi nədən ibarətdir?
- Daha çox sevgi-məhəbbət mövzusu.
- Həzin musiqi insanın daxili aləmini sakitləşdirir,
ona müsbət enerji verir. Yəqin ki,
səndə də bu belədir.
- Bəli. Hər gün öz
bəstələrimi ifa
edirəm. Fikirli olduğum
halda həmin musiqiləri ifa edərək rahatlıq tapıram. Bir növ musiqi
ilə dərdləşirəm.
Bilirsiniz,
musiqi psixoloq kimidir. İnsanın ən duyğulu,
ən qəmgin vaxtlarında belə, səni düşdüyün
situasiyadan çıxarır.
- Bəs, belə hallarda öz musiqilərindən başqa
hansısa musiqiləri
ifa edirsən?
- Əsasən fəlsəfi
musiqiləri sevirəm. Yəni çalışıram
ki, həmin musiqiyə qulaq asanda və ya ifa edəndə,
hansısa fikrin izahatını tapım.
Sadəcə, boş-boşuna musiqi olmasın, dinləyiciyə hər hansısa bir fikir çatdırılsın.
Hərdən elə musiqilər
eşidirsən ki, əvvəli ilə sonu bilinmir. Hər şey bir xətt
üzrə gedir.
Bu isə insanı
yorur. Lakin elə musiqi
də var ki, hər hissəsində
dinləyiciyə müəyyən
fikir çatdırır.
- Maraqlıdır, hazırda
nə işlə məşğulsan?
- Azərbaycan Dövlət
Akademik Musiqili Teatırında konsertmeyster
vəzifəsində çalışıram. Tamaşalarda aktyorlarla, rejissorlarla işləyirəm. Məşq zamanı
orkestrin ifa etdiyi musiqi nömrələrini
ifa edirəm. Eləcə də yeni premyera
musiqiləri olanda, aktyorlara və aktrisalara həmin musiqiləri öyrədirəm.
Yəni həm ifa edirəm,
həm də öyrədirəm. Hazırda yeni
premyera - "Paris Notr-Dam”
üzərində çalışırıq.
- Hansı xarici musiqiçilərə qulaq
asırsan?
- Əsasən "Bitlz”ə,
"Eniqma”ya, Yanniyə. Əslində tək eyni janrlara
qulaq asmağı sevmirəm. Çünki
eyni musiqiyə qulaq assam,
zövqüm inkişaf
etməz. Bunun üçün klassikləri və dünya estradasının
musiqilərini də dinləyirəm.
- Azərbaycan musiqisinin böyük keçmişi
var. Bu gün bütün
müğənnilər klassiklərdən
bəhrələnirlər. Tofiq Quliyev, Emin Sabitoğlu, Vaqif Mustafazadə, Fərhad Bədəlbəylidən
sonra hansı nəsil yetişir?
- Bu gün yetərincə gənc bəstəkarlarımız
var. Onlardan dünyasını
dəyişən də
var, hələ ömrünü davam etdirən də. Bakı Musiqi Akademiyasının elə məzunlarını
tanıyıram ki, onların bəstələri
həqiqətən də
çox gözəldir.
Bu günlərdə Bakı Musiqi Akademiyasının bəstəkarlar
kafedrasının müdiri
Arif Məlikov dünyasını dəyişdi.
Bu, Azərbaycan musiqisi üçün böyük itki oldu. Amma Arif müəllimin
yaradıcılığı bir örnəkdir. Daim yaşayacaq. Onu gələcək
nəsillərə çatdırmaq
bizim üzərimizə
düşür.
- İstənilən idman
tədbirinin özünəməxsus
musiqisi olur. Bu sahəyə peşəkar
musiqiçiləri dəvət
edirlər. Nə vaxtsa
belə bir təklif gələrsə
necə qarşılayarsan?
- Müsbət qarşılayaram.
Gələcək planlarımdan
biri vətənpərvərlik
mövzusunda musiqi bəstələməkdirsə, digəri də Azərbaycan idmanının
uğurlarına, Olimpiya
Hərəkatına aid musiqi
bəstələməkdir. Bəstəni isə "Qələbəyə
addımlar” adlandıraram.
- Bildiyimizə görə idmanla da məşğul
olmusan?
- Bəli, bir müddət "Sərhədçi”
İdman Olimpiya Mərkəzində sərbəst
güləş növü
ilə məşğul
olmuşam. Hətta Bakı birinciliyində
də iştirak etmişəm. Lakin təcrübəm az olduğuna görə yarışda mükafatçılar sırasında
yer ala bilmədim. Üç aydan sonra məşqləri
dayandırdım. Çünki musiqi ilə idman bir-birinə uyğun gəlmirdi. Məşqdən sonra piano arxasında
əyləşəndə görürdüm ki, qollarım, əzələlərim
ağrayır. Musiqi də
elə bir şeydir ki, əzələlərin ağrayan
zaman tez yorulursan və əsərin yarısında
qol öz işlək funksiyasını
itirir.
- Kamil, bizim dəvətimizi
qəbul etdiyinə görə sənə təşəkkür edirik.
- Mən sizə təşəkkür edirəm
ki, mənə dəyərli
vaxtınızı ayırdınız. Sizinlə tanış
olmaqdan çox məmnunam.
Olimpiya
dünyası.- 2019.- 14-20 may.- S.4.