““Azərbaycan bayrağı” şeirim
mükafata layiq görülüb”
"Olimpiya dünyası” qəzeti öz səhifələrində yalnız idmançılara, məşqçilərə, hakimlərə deyil, həm də digər sənət, peşə adamlarına, yaradıcı insanlara da yer ayırır. İndiyədək xeyli sayda teatr, kino aktyorları, müğənnilər, şairlər redaksiyamızın qonağı olublar. Onların içində xalq və əməkdar artistlər də az olmayıb. Belə insanlardan Həsən Məmmədov, Ramiz Əzizbəyli, Yaşar Nuriyev, Tariyel Qasımov, Yasin Qarayev və başqalarının adlarını çəkə bilərik.
Budəfəki qonağımız tanınmış şair, Prezident təqaüdçüsü Dayandur Tağıyevdir (təxəllüsü Sevgindir). Dayandur müəllimlə onun 60 illik yubileyi ərəfəsində görüşdük. Qonağımız bizə ömür yolundan, yaradıcılığından, idmana olan marağından danışdı.
- Dayandur
müəllim, istərdik sizi yaxından tanıyaq.
- 1959-cu
ildə İmişli rayonunun Əlipənahlı kəndində
doğulmuşam. 1969-cu ildə ailəmiz mal-qara
saxladığı üçün Kür qırağına
köçmüşük. Bizim kəndin
camaatı əsasən, heyvandarlıqla məşğul
olurdu. Sovet hökumətinin
qayda-qanunlarına görə, kolxozda heç kəs iki inəkdən,
5 qoyundan artıq təssərrüfat saxlaya bilməzdi. Bu səbəbdən bizim ailə və bəzi
qohumlarımız Kür qırağındakı kəndə
köçməyə məcbur oldular. Bura
ada kimi bir yer idi və rayon mərkəzindən xeyli
aralıda yerləşirdi. Çox çətin
dövr idi və caamat yaşayış, güzəran
üçün çox əziyyətə qatlaşmalı
olurdu. Burada məktəbi
qamışdan-palçıqdan özümüz tikmişdik.
Kəndimizdə məktəb dövlət tərəfindən
müstəqillik illərində inşa edildi.
"Ailənin
yükü mənim
çiynimdə idi”
8-ci sinfə qədər burada oxudum. Sonra orta məktəbi bitirmək
üçün 2 il hər gün
qayıqla Kürü keçərək Zərdab rayonunun
Nardanlı kəndinə gedirdim. Orta məktəbi
müvəffəqiyyətlə bitirdim. Məzun
olanda atam rəhmətə getdi. Biz
çoxuşaqlı ailə olmuşuq - 7 bacı, 3 qardaş.
Evin böyük oğlu olduğum
üçün ailənin yükü mənim çiynimdə
idi. Əsgəri xidmətimi başa
vurduqdan sonra kəndimizdə fəaliyyət göstərən
neft qazma idarəsində işə düzəldim. Əvvəlcə burada 2 ay laborant işlədim.
Maaşım digər işçilərin məvacibi ilə
müqayisədə çox az idi. Bir dəfə idarənin rəisi rəhmətlik
Yusif Xankişiyevin yanına getdim ki, maaşımı
artırsın. Ona dedim ki, insafınız olsun, mən
120 manat maaşla 7 bacımı necə köçürəcəyəm?. Rəis də qayıtdı ki: "sən
cavansan, axı, boyun da hündür. Səni
qüllənin başına necə çıxaraq? Yıxılıb, şikəst olarsan”. Dedim ki,
narahat olmayın, mən dözümlüyəm. Bu hadisədən
sonra maaşımı artırdılar və beləcə, 6 il orada işlədim. Bu müddət
ərzində həm bacılarımı
köçürdük, həm evimizi tikdik. Artıq özüm haqda düşünməyin
vaxtı çatmışdı. Sənədlərimi
politexnik texnikumunun qiyabi şöbəsinə verdim və qəbul
oldum. Ali təhsilimi Bakıya
köçdükdən sonra Kamal Abdullanın köməyi
sayəsində Bakı Slavyan Universitetində,
yaradıcılıq fakültəsində almışam.
- Nə
vaxt yazmağa başlamısınız?
- Şeirlərimi gənclik dövründən
yazıram. Amma ilk dəfə 8-ci sinifdə oxuyanda hekayə
yazmışdım. Amma uğursuz oldu.
Qonşu Zərdab rayonunun Mərdanlı kəndinin
klubuna kino gətirmişdilər. O vaxt belə şeylər
yox idi. Mən də həmin kinoya baxmağa
getmişdim. Bu kino mənə o qədər
təsir eləmişdi ki, hekayə yazmaq qərarına gəldim.
Bu, İmran Qasımov və Həsən Seyidbəylinin
"Uzaq sahillərdə” filmi idi. Mən
hekayəmdə Veselinin adını dəyişdirib Vasya eləmişdim.
Yaralı Veselinlə Anjelikanın
görüşdüyü ağacı isə akasiya kimi yazmışdım.
Hekayəni sinifdə oxuyanda əvvəlcə
müəllim güldü, sonra uşaqlar. Bu, mənə pis təsir etdi və bir daha
yazmadım. Bir də qələmi əlimə
əsgəri xidmətdən qayıdandan sonra aldım. O
vaxt İmişli rayonunda ədəbi birlik var var idi. Bura Səyyad Aran, Qəşəm Nəcəfzadə,
Cabir Savalan, Ağasəlim Hacıyev və başqaları gəlirdilər.
İlk şeirimi 1980-ci ildə yazmışam.
1984-cü ildə Bakıya köçdüm və
yaradıcılığım üçün daha
yaxşı şərait yarandı. 1998-ci
ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB)
üzvüyəm.
- İndi çap olunmaq üçün hər bir şərait
yaradılıb. Bəs o vaxt necə?
- Həmin
vaxt şeirlərini çap etdirmək və ədəbi məclislərdə
iştirak etmək asan deyildi. Ciddi senzura var idi.
Bəlkə də buna görə daha
yaxşı, oxunaqlı şeirlər yazılırdı.
Bu gün bəzi gənclər çox tənbəldirlər,
öz üzərilərində işləmək və hər
şeyi asanlıqla əldə etmək istəyirlər.
Bir dəfə İmişli rayon komsomol komitəsinin gənclər
üzrə ədəbi birliyində Məmməd
İsmayılın gecəsi keçirilirdi. Həmin gecədə
mən də öz şeirlərimi oxudum. Məmməd
İsmayıl da daxil olmaqla, əksəriyyət şeirlərimi
bəyəndi.
"Vətən
haqqında xeyli
sayda
şeirlərim var”
- Həmin
dövrdə Arazın o tayı ilə bağlı şeirlər
daha çox yazılırdı?
- Həmin
dövrdə yarıya bölünmüş iki Azərbaycan
arasında sərhədlər bağlı idi. İnsanlar
həsrət çəkirdilər. Yaxşı
yadımdadır, 1981-ci ildə Azərbaycan
Yazıçılarının Qurultayı keçirilirdi.
Qurultayda çıxış edən ümummilli lider Heydər
Əliyev üzünü yazıçı və şairlərə
tutub dedi: "Ay yazıçılar və şairlər, niyə
dərdimizdən, Təbrizdən yazmırsınız?. Yazın da, axı biz, dövlət
rəhbərləri deyəndə, iki dövlət arasında
narazılıq yaşanır”. Dahi şəxsiyyətin
bu çıxışından sonra vətən həsrəti
ilə bağlı çoxlu əsərlər yazıldı.
- Vətən
haqqında şeirlər yazmağa sizi vadar edən nədir?
- Vətən
anadır. Anaya necə şeir həsr eləməyəsən?!
Mən vətənimi çox sevirəm. Onun suverenliyi, dövlətçiliyi
üçün canımdan keçməyə hazıram.
Bacardığm qədər işimlə, əməlimlə,
şeirlərimlə vətənimə xidmət edirəm.
Vətən haqqında xeyli sayda şeirlərim
var. Onladan biri də "Azərbaycan bayrağı”
şeiridir. Bu şeirimə Azərbaycan
Dövlət Televiziyasının "Mədəniyyət”
kanalı tərəfindən video-çarx hazırlanıb.
Həmin kanalın keçirdiyi müsabiqədə
"Azərbaycan bayrağı” şeirim mükafatala da layiq
görülüb.
- İndiyədək neçə kitabınız
işıq üzü görüb?
- İndiyə qədər təxminən 350 şeirim və
7 kitabım çap olunub.
- Sizin
üçün həyatda ən dəyərli şey nədir?
- Vətənim,
ailəm, sevdiyim iş. Yaradıcı insanın
ən böyük əsəri elə onun ailəsidir.
- Vətəni
niyə sevirik?
- Vətəni
vətən olduğu, bizi qoynunda saxladığı, bəslədiyi
üçün sevirik. Məmməd Araz demişkən:
Heç
bir mükafatın yetmədi mənə,
Bircə "sağ olun” da bəsimdi, vətən!
Bəsimdir,
hər səhər təltif yerinə
Qapımda
küləyin əsibdi, vətən!
- Dayandur
müəllim, siz həm də "Kaspi” qəzetində
çalışırsınız?
- 2000-ci
ildən "Kaspi” qəzetində çalışıram. Bu qəzetin mənim yaradıcılığımda
böyük rolu var.
Olimpiya
çempionuna şeir yazdı
- İdmana münasibətiniz necədir?
- Futbolu
çox sevirəm. Gəncliyimdə
"Neftçi” futbol klubuna azarkeşlik etmişəm.
İndi isə "Qarabağ”a
azarkeşlik edirəm. Ağdam klubunun UEFA
Çempionlar Liqasında oynamağı qürurverici idi.
Xarici klublardan isə İspaniyanın
"Barselona” komandasını xoşlayıram. Demək olar ki, bu komandanın bütün
oyunlarını izləyirəm. "Barselona”
çox güclü komandadır. Komandanın
lideri olan Messi meydanda bütün ruhu ilə oynayır. Digər oyunçular da elə. Sevimli
komandamın "Liverpul”a uduzmasından
çox məyus oldum. Fransanın "PSJ”
klubuna böyük hesabla qalib gələndə isə
uçmağa qanadım yox idi.
Voleybolu da çox sevirəm və vaxtilə rayon
komandasında oynamışam. Şahmatla da
maraqlanıram.
- Elnur Məmmədli haqqında şeir
yazmısınız?
-
Cüdoçumuz Elnur Məmmədli Pekin-2008
Olimpiadasının finalında cəmi 13 saniyəyə rəqibini
məğlub edib çempion olanda çox fərəhləndim
və ona bir şeir yazdım. Həmin şeir
"Səninlə fəxr edir, ay Elnur, vətən”
adlanır.
Cəsarət
istəyir hər keçilməz dağ,
Hünərin gör neçə inadı qırdı.
Başının
üstündə ucalan bayraq,
Sandım ki, Şuşada dalğalanırdı.
Önündə
baş əydim bu şücaətin,
Səninlə
fəxr edir, ay Elnur, Vətən!
Bir
qürur yerisən, sən bu millətin,
Xalqın bayramıdır sənin qələbən.
- Əksəriyyət uşaqlar Səttar Zərdablının
"Kim sevirsə idmanı” şeiri ilə böyüyüblər. Necə
düşünürsünüz, niyə indi uşaqlarla
bağlı idman şeirləri demək olar ki,
yazılmır?
- Səttar Zərdablı çox vətənpərvər
və yaradıcı insan idi. Doğrudan da, onun bu
şeirinə yazılmış musiqi dillər əzbərinə
çevrilmişdi. Təəssüf ki, ədəbiyyatımızda
və musiqimizdə idman mövzusuna çox az
müraciət olunur.
- Deyirlər,
şairlər dərddən yazır...
- Şair şeirlərində ancaq öz dərdindən
yazmır. Cəmiyyətin, millətin taleyindən, dərdlərindən
yazır. Bugünkü gündə ən
böyük dərdimiz Qarabağ dərdidir, hansı ki,
içimizi göynədir. Xalqımız
xain qonşunun şərinə düşüb və bu şərdən
qurtara bilmir. Hamımız inanırıq
ki, ölkə rəhbərinin, Ali Baş Komandanın rəhbərliyi
altında işğal altında olan torpaqlarınız
işğaldan azad ediləcək və öz
yurd-yuvasını tərk edənlər geri qayıdacaqlar.
Səadət
Hakıyeva
Olimpiya dünyası.- 2019.-21-27
may.- S.5.