Güləş Federasiyası ili uğurla
yola salıb
Azərbaycan Güləş Federasiyası
(AGF) 2018-ci ilə uğurla
yekun vurub. Federasiya ilin
əvvəlində müəyyən
çətinliklərlə üzləşsə də,
bu vəziyyətdən
üzüağ, alnıaçıq
çıxmağı bacarıb.
Kadr islahatları
nəticəsində 2018-in əvvəlində baş
katib vəzifəsinə
Orxan Məmmədov təyin olundu. Eyni zamanda
AGF-nin 1-ci vitse-prezident
postuna Firdovsi Umudov gətirildi. May ayından etibarən
isə Dünya Güləş Birliyinin
(UWW) İcraiyyə Komitəsinin
üzvü Namiq Əliyev yenidən AGF-yə qayıtdı.
Hazırda Namiq müəllim
federasiyada prezidentin səlahiyyətlərini icra
edir. Məhz onun AGF-yə
qayıdışından sonra
dövlətin də ciddi dəstəyi ilə maliyyə və digər problemlər aradan qaldırıldı. Yığmalarda da məşqçi dəyişiklikləri həyata
keçirildi. Yayda
yunan-Roma güləşi
üzrə yeniyetmələrdən
ibarət millidə Taleh İsrafilov böyük məşqçi,
Nazim Əhmədovla Rasim Ağayev isə məşqçi kimi fəaliyyət göstərməyə başladısa,
azyaşlı yeniyetmələrlə
iş Əbülfət
Məmmədov və İlham Vəzirova tapşırıldı. İlin sonunda
isə sərbəst güləş üzrə
böyüklərdən ibarət
yığmanın baş
məşqçisi vəzifəsinə
Saypulla Absaidov gətirildi. Firdovsi Umudov
isə AGF-nin sərbəst güləş
üzrə vitse-prezidenti
kimi fəaliyyətini
davam etdirir.
Geridə
qoyduğumuz il
ədalət təmsilçilərimiz
üçün də
uğurlu keçdi. Asif Şirəliyev və Sədi Quliyev I-S kateqoriyasına sahib oldular.
Bu isə o deməkdir
ki, hər iki hakimimiz həmin
kateqoriyada Hicran Şərifov və İntiqam Alıyevlə birgə Tokio-2020 Olimpiadasında
referi kimi ölkəmizi təmsil edə bilər. Xatırladaq ki,
indiyə qədər
güləş tarixində
eyni vaxtda 4 Olimpiya kateqoriyalı hakimimiz olmamışdı.
Abdul Nuriyevlə Elman İsmayılov
da ötən il I dərəcəyə
sahib çıxıb. Onlarla yanaşı,
daha öncədən
bu kateqoriyada olan Natiq Hacıyev
gələcəkdə imtahanlardan
uğurla keçsə,
I-S dərəcəli hakimlərin
sayı artacaq.
Medalların izi ilə
Əsas
maraq doğuran isə il
ərzində əldə
olunan nəticə, yarışlarda qazanılan
medallardır. 2018-ci ildə güləşçilərimiz
ümumilikdə, beynəlxalq
turnirlərdə 285 (72 qızıl,
84 gümüş, 129 bürünc)
medal qazanıb. Düzdür,
2017-ci illə müqayisədə
9 medal az əldə olunub. Ancaq unutmayaq ki, həmin il 23 medal Bakıda
keçirilən IV İslam
Həmrəyliyi Oyunlarında
əldə edilib. Ötən il
Avropa və dünya çempionatları,
eləcə də, Yeniyetmələrin III Olimpiya
Oyunlarında ümumilikdə,
89 medal qazanılıb. İlboyu sərbəst
güləşçilər 157, yunan-Roma güləşçiləri
93, qadınlar isə
35 dəfə fəxri
kürsüyə qalxıblar.
Yaş qrupları üzrə bölsək, böyüklərə
103 (32 qızıl, 29 gümüş,
42 bürünc), gənclərə
55 (11 qızıl, 17 gümüş,
27 bürünc), yeniyetmələrin
payına isə 127
(29 qızıl, 38 gümüş,
60 bürünc) medal düşür.
Böyüklərin Avropa çempionatında
qazanılan 18 medal Azərbaycan
güləş tarixində
növbəti rekord oldu. Buna qədər
ən çox medalı 2011-ci ildə keçirilən anoloji yarışda (14 medal) əldə
edilib. Dünya çempionatında qazanılan 5 medal daha çox yunan-Roma güləşçilərini sevindirdi. Çünki komanda hesabında
4-cü yeri tutan "klassiklər” builki Dünya kuboku yarışlarında iştirak
hüququ qazandı.
Yeri gəlmişkən,
ötən il
Dünya kubokunda ölkəmizi yalnız sərbəst güləşçilər
təmsil etdilər. Komanda Firdovsi Umudovun rəhbərliyi altında
ABŞ-dan gümüş
medalla döndü.
İkinci dəfə keçirilən
23 yaşınadək güləşçilər
arasında dünya çempionatında qazanılan
1 qızıl, 4 gümüş,
2 bürünc medal diqqəti
çəkdi. Müqayisə üçün 2017-ci ildə
ilk dəfə bu yaş qrupu üzrə təşkil olunan mundialdakı qazancımızın 5 "bürünc”dən
ibarət olduğunu qeyd etmək lazımdır. Əlbəttə, Yeniyetmələrin Yay Olimpiya Oyunlarını da unutmaq olmaz.
Güləş Azərbaycanda bu
yaş qrupunda da lider olduğunu
qazandığı 1 qızıl,
1 bürünc medalla növbəti dəfə sübut etdi.
AGF diqqət
mərkəzində
İl ərzində
qazanılan uğurlar
Gənclər və İdman Nazirliyinin
(AGİN) ilin yekunlarıyla
bağlı keçirdiyi
mərasimdə də
əksini tapdı. Təsadüfi deyil ki, AGF ilin
ən yaxşı idman federasiyası seçildi. İlin ən
yaxşı idmançıları
arasında 3 güləşçimiz
- Eldəniz Əzizli,
Cəbrayıl Həsənov
və Mariya Stadnik yer aldı.
Eldənizin şəxsi məşqçisi
Vaqif Feyzullayev ilin məşqçisi seçildi. AGF-nin İdman şöbəsinin
müdiri Yaqub Məmmədov Əməkdar
Bədən Tərbiyəsi
və İdman Xadimi adına
sahib çıxdı. 2018-də
Avropa və dünya çempionu olan Əzizli həm də İdman Araşdırmalar
Mərkəzi və
"Futbol+” qəzetinin
keçirdiyi sorğu
nəticəsində ilin
ən yaxşı idmançısı ünvanını
qazandı.
Yeni ilə yeni
ümidlərlə
2019 güləş üçün
məsuliyyətli illərdəndir. Bu il keçiriləcək 2-ci Avropa
Oyunları və Avropa Gənclərinin Olimpiya Festivalının proqramında güləş
də yer alıb. İlin
əsas yarışı - Astanada təşkil
olunacaq dünya
çempionatı isə Tokio-2020 Olimpiadasına lisenziya verən ilk turnirdir. Mundialda Olimpiya çəkilərində ilk "5-lik”də yer alanlar Tokio-2020-yə vəsiqə qazanacaqlar. Deməli, bu il daha uğurlu
çıxış etmək vacibdir. AGF
rəhbərliyi, məşqçilər və güləşçilər
də bu məsuliyyəti dərk edir və Azərbaycanı beynəlxalq yarışlarda
layiqli təmsil etmək üçün
səylə çalışırlar.
Olimpiya dünyası.- 2018.- 8-14
yanvar.- S.3.