“Vətən uğrunda
canını fəda etmək şərəfdir, o, hər kəsə nəsib olmur”
Hərbçilərimizin əksəriyyəti onu özünə mənəvi ana hesab edirlər. Ömrünün 20 ilini həsr etdiyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları bu gün onun müəllifi olduğu məktəb marşını böyük həvəslə oxuyurlar. Söhbət şairə, Əməkdar mədəniyyət işçisi, qadın hərbçi, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin Kitabxana rəisi Zəminə Xınalıdan gedir. Hərbi vətənpərvərlik mövzusunda 30-a yaxın kitabın, o cümlədən bir sıra məktəb marşlarının müəllifi olan Zəminə xanım Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıdır. Zəminə Xınalı "Qızıl Qələm”, "Məmməd Araz” və sairə media mükafatları laureatıdır.
Bu yaxınlarda Zəminə xanımla görüşüb, onunla həmsöhbət olduq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Zəminə xanım, bu günlər ölkəmiz üçün tarixi hadisələr və müzəffər Ordumuzun zəfərləri ilə yadda qalır. İstərdik ki, əvvəlcə söhbətimizə elə bu mövzu ilə başlayaq.
- Vətən müharibəsinin başladığı ilk gündən qələbə qazanacağımıza böyük inam hissim var. Bu gün xalqımız da bu inamı hiss edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşib. Cəbhəyə yollanan oğullarımızın hər birində Vətənə olan sevgi və ruh yüksəkliyi hiss olunur. Elə bu ruh yüksəkliyi ilə Ordumuz hər gün yeni bir tarix yazır. Ermənilər elə bilirdilər ki, onlar bu torpaqlarda əbədi yaşayacaqlar. Amma bu gün şanlı Ordumuz işğalçıları əzəli torpaqlarımızdan qovur. Hesab edirəm ki, düşmənə vurulan hər bir zərbə şəhidlərimizin ruhunu şad edir.
- Hazırda uşaqdan böyüyə kimi, hər kəs Ordumuza dəstək məqsədi ilə həmrəylik nümayiş etdirib, hərbçilərimizə sovqatlar göndərir. Sizcə bu gün Ordumuza əsl dəstək necə olmalıdır?
- Əvvəlcə onu qeyd edim ki, bu gün Ordumuzun maddi texniki təminatı çox güclüdür. Xalqımızın birliyi və həmrəyliyi isə həqiqətən də təqdirəlayiqdir. Bu, onu göstərir ki, xalq ilə ordu arasında böyük bağlılıq və inam var. Xalqımız bununla hərbçilərimizə öz təşəkkürünü bildirməyə çalışır. Fikrimcə, belə hallarda hərbçilərimizə əsasən, mənəvi dəstək lazımdır. Mənəvi dəstək insanın ruhunun yüksəlişi deməkdir. Bizim şəhid ailələri ilə geniş əlaqələrimiz var. Tez-tez şəhid ailələri ilə görüşlər keçiririk. Bilirsiniz, insan o vaxt ölür ki, o, unudulur. İnsanı xatırlayanda, yada salanda isə o yaşayır. Bax, mənəvi dəstək budur. Mənəvi dəstək bu gün hərbçilərimizdə ruh yüksəkliyi yaradır. Xalqın birliyi, qətiyyəti elə mənəvi dəstək deməkdir. Biz Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzi olaraq hərbi hissələrdə görüşlər keçiririk. Bizim "Əsgərə məktub” layihəmiz var. Orta məktəblərdə oxuyan şagirdlərin əsgərlərə yazdıqları məktublar çox maraqlı olur. Elə oğlan uşağı var ki, onlar "salam əsgər, mən də böyüyəndə sənin kimi əsgər olmaq istəyirəm” sözlərini yazır. Balaca bir qız uşağı isə yazır ki, "salam əsgər, sən məni tanımasan da, görməsən də mən elə bilirəm ki, Azərbaycan əsgəri mənim qardaşımdır”. Bax, bunun özü mənəvi dəstəkdir, mənəvi ruhdur. Xalqın birliyi mənəvi dəstəkdən keçir. Mən də bu gün mənəvi dəstəklə yanaşı, hərbi hissələrə ana sovqatı göndərirəm. Hər hansı bir hərbi hissəyə ana sovqatı göndərirəmsə elə bilirəm ki, mənim oğlum da o hərbçilərin arasındadır.
"Torpağın bağrına o qədər güllə dəyib ki,
torpaq bağırsa qulaqların tutular”
- Həyat yoldaşınız hərbçi olub, Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Sizin də hərbçi olmağınız həyat yoldaşınızın peşəsini davam etdirmək arzusundan irəli gəlir?
- Biz uzun illər Moskva şəhərində yaşamışıq. Həyat yoldaşım Moskvada Magistral Qaz Xətləri üzrə direktor müavini vəzifəsində işləyirdi. Orada evimiz, işimiz və çox xoşbəxt ailəmiz var idi. 1988-ci ildə mənfur düşmənlərin Topxana meşəsini talan etməsini, Qarabağda dinc əhaliyə divan tutmasını eşidib, Vətənə qayıtdıq. Onu da qeyd edim ki, həyat yoldaşım mayor Akif Bayramov Qarabağ müharibəsində tank qoşunları üzrə komandir idi. O, 1993-cü ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə minaya düşdü və çox ağır vəziyyətdə hospitala gətirildi. Mən həmin vaxt 240 saylı məktəbdə müəllimə işləyirdim. Məktəbin direktoru mənə dedi ki, siz təcili olaraq yardım aparmaq üçün hospitala getməlisiniz. Hospitala gedəndə isə həyat yoldaşımı reanimasiyada gördüm. Təsəvvür edin ki, minaya düşdüyü üçün sinəsindən aşağı hissəsi demək olar ki, yox idi. Güclə nəfəs alırdı. Etiraf edim ki, mən həyat yoldaşımı o, halda gördükdən sonra dözmədim. Çox sarsılmışdım. Elə hey gileyləndim ki, "İlahi, çox gözəl həyatımız var idi, bizi niyə yarıyolda qoydun?”. Həyat yoldaşıma "sən axı niyə özünü bu vəziyyətə saldın? Biz indi nə edəcəyik?”, - deyə şikayətlənirdim. O qədər şikayətləndim ki, yoldaşım möcüzə sayəsində səsimə ayıldı və mənə dedi ki, çox deyinmə, stulu çək, yanımda əyləş. Onun ölüm ayağında dediyi sözlər məni təsirləndirdi. O dedi ki, "Mənə bir güllə dəyib və sən mənim ağrımağıma dözmürsən. Ancaq torpağın bağrına o qədər güllə dəyib ki, torpaq bağırsa qulaqların tutular”. Son anında isə mənə vəsiyyət edərək dedi: "Mən bilirəm, dünyamı dəyişəcəyəm. Amma mənim hərbi libasımı sən geyinməlisən, peşəmi sən davam etdirməlisən”. Həyat yoldaşımın ölümündən sonra 2 körpə övladımla tək qalsam da, özümə söz verdim ki, dərdin qarşısında əyilməyəcəyəm, dərdin kürəyini yerə vuracağam. Vətənə məhəbbət, düşmənə nifrət hissi məni daha da mətin və mübariz etdi. Həyat yoldaşımın mayor paqonunu kənara qoyub, onun hərbi formasını geyindim. Beləliklə, onun son nəfəsində etdiyi vəsiyyətini yerinə yetirdim. Əvvəlcə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində hərbi jurnalist peşəsinə yiyələndim. Döyüş bölgələrinə getdim, "Azərbaycan Ordusu” qəzetində ştatdankənar müxbir işlədim. Mən həmçinin Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində qadınlar Şurasının sədri vəzifəsində də çalışmışam. 2013-cü ilə qədər isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçu kimi xidmət etmişəm və həmin ildən ehtiyata buraxılmışam. Hazırda isə Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin Kitabxana rəisi vəzifəsində işləyirəm.
- Bildiyimizə görə, hər iki oğlunuz hərbçidir və hazırda cəbhə bölgəsində düşmənə qarşı döyüşür. Amma etiraf edək ki, cəbhədə döyüşən iki oğul anası olaraq, çox sakit və təmkinli görünürsünüz. Bu, yəqin ki, həyat yoldaşınızın ölümündən sonra yaranan soyuqqanlılığınızdan irəli gəlir.
- Bəli. Soyuqqanlı görünməyim həyat yoldaşımın Qarabağ müharibəsində şəhid olmasından və hərbi sahədə çalışmağımdan irəli gəlir. Övladlarım hələ balaca yaşlarından deyirdilər ki, biz böyüyəndə hərbçi olacağıq və atamızın qısasını mütləq alacağıq. Bu gün Vətən müharibəsi dediyimiz bu savaşda hər iki oğlumun iştirak etməsi məni bir ana kimi qürurlandırır. Həyat yoldaşım şəhid olandan sonra övladlarıma dövlətimiz dayaq oldu. Onların hər ikisinin hərbi təhsilə yiyələnməsində, təlim-tərbiyəsində dövlətimizin böyük rolu var. Böyük oğlum Türkiyədə Kara Harp Okulunun, kiçik oğlum isə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunu olub. Düşünürəm ki, dövlətimzin zəhmətini övladlarım bu gün Vətənə xidmətləri ilə qaytarmalıdırlar. Kiçik oğlum məzun olanda diplomunu əlimə alaraq ona dedim ki, "Oğlum, elə bir müharibə olsun ki, sənin bu diplomun paslanmasın”. Həmin o müharibə 2016-cı ilə təsadüf etdi. Oğlum aprel döyüşlərindən sonra barıt qoxusu ilə evə qayıdanda sanki evimizə bir işıq, yeni nəfəs gəldi. İçimdə övladıma olan məhəbbətim birə-beş artdı. Ona görə ki, o, ən azından atasının qisasını aldı. Ana ilə oğul arasında bir ruh bağlılığı var. Əgər oğul döyüşdədir deyə, ana ağlayırsa, oğul da orada narahat olacaq. Bu gün analar möhkəm və fədakar olmalıdırlar ki, oğullar da döyüşdə möhkəm olsunlar.
"Hər bir şəhidin qəbri bizim üçün ziyarətgahdır”
- Əsl vətənpərvər insanlar ölümün üstünə ölməzlikləri ilə gedirlər. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanlar da bu qəbildəndirlər. Necə düşünürsünüz, dünyada elə bir zirvə varmı ki, şəhidlik qədər ali olsun?
- Ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərimizə Allah rəhmət eləsin. Həqiqətən də ölümün də şərəflisi var. Biri var ki, evin oğlu, biri də var, bütün elin oğlu. Vətən uğrunda canını fəda etmək şərəfdir, o, hər kəsə nəsib olmur. Şəhidlərimizin Vətən uğrunda ölümü xalqımızı daha da birləşdirdi. Hansısa şəhid ailəsinin qapısını açanda elə bilirsən ki, bir doğma insanın evinə gəlmisən. Bu gün şəhidlərimiz Tanrı dərgahında ən uca zirvədədirlər. Şəhidlərimizi yad etmək hər birimizin borcudur. Hər bir şəhidin qəbri bizim üçün ziyarətgahdır.
- Sizin vətənpərvərlik mövzusunda kitablarınız daha çoxdur. Siz həm də Azərbaycanda fəaliyyət göstərən Ali Hərbi Məktəblərin "Məktəb marş”larının müəllifi kimi tanınırsınız. İstərdik ki, söhbətimizi bir qədər də bu mövzu barəsində davam etdirək.
- Bu mövzuda marşlar, mahnılar, kitablar yazmaq bir Tanrı
vergisidir. Bu, bəlkə
də Vətənə
olan məhəbbətim,
düşmənə olan
nifrətimdən irəli
gəlir. Mən
Azərbaycanda fəaliyyət
göstərən Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan
Ali Hərbi Dənizçilik
Məktəbinin, Azərbaycan
Ali Hərbi Təyyarəçilik
Məktəbinin, Sülhməramlı
Qüvvələrin, Xüsusi
Mühafizə Briqadasının,
Fövqəladə Hallar
Akademiyasının, Xəzər
Dəniz Gəmiçiliyinin,
Heydər Əliyev adına Hərbi Liseyin, Xüsusi Təyinatlı Qüvvələrin
marşlarının sözlərinin
müəllifiyəm. Bundan başqa
Naxçıvan Əlahiddə
Ümumqoşun Ordusunun
marşını yazmaq
da mənə nəsib oldu. Bildiyiniz kimi, 2018-ci ildə Əlahiddə Ümumqoşun
Ordusu "Günnüt”
əməliyatı keçirdi.
Bu, əks-həmlə əməliyyatı nəticəsində
bir sıra yüksəklilklər və
kəndlər Azərbaycan
Ordusunun nəzarəti
altına keçdi.
Yəni bu marşı yazmaq mənə nəsib oldusa, deməli, mən dünyanın ən xoşbəxt insanıyam.
Mən marşlarımı öz
tərcümeyi-halım hesab
edirəm. Bu marşlar bir gün dünyadan köçəndən sonra
məni yaşadacaq.
Kursantların oxuduqları bu
marşlar mənim ruhumu şad edəcək. Qeyd edim ki, mən
bu fəaliyyətimə
görə 2015-ci ildə
Əməkdar mədəniyyət
işçisi fəxri
adına layiq görülmüşəm.
Bundan başqa Müdafiə Nazirliyinə minnətdarlığımı
bildirirəm ki, məni müxtəlif illərdə "Qüsursuz
xidmətə görə”
medalların hər üçü ilə təltif edib. Mən həmçinin,
"Həzi Aslanov”,
"Əliağa Şıxlinski”
və "Fədai” medalı ilə təltif olunmuşam. Onu da deyim ki,
bu günə qədər mənim haqqımda iki sənədli film çəkilib.
- Zəminə xanım, hərbçilərimizin əksəriyyəti
Sizi özlərinə
bir növ mənəvi ana hesab edirlər. Bu sevgi haradan
qaynaqlanır?
- Hərbi məktəbdə
işlədiyim dövrlərdə
kursantlarla həmişə
ana-oğul münasibətim
olub. Mənim ən çətin
anımda onlar məktəb marşlarımı
elə ürəkdən
oxuyurdular ki, sanki yenidən doğulurdum. Onların bəzilərinin
elçilik və toy-nişan mərasimlərində
yaxından iştirak etmişəm. Hərdən elə olur ki,
gənc ailələr
arasında olan kiçik münaqişəni
tez bir anda
həll edib, necə deyərlər, yoluna qoymuşam. Bu da mənim
onlara olan analıq borcumdan irəli gəlir. Yəqin ki, elə sevgi
də buradan qaynaqlanır.
Hərbi
geyimdən
Vətən qoxusu gəlir
- Sizi tədbirlərdə daha çox hərbi geyimdə görürük. Bu hərbi formaya bağlılıqdır, yoxsa
necə?
- Hərbi geyim mənim üçün ən müqəddəs geyimdir. Məni soyuqdan qoruyan,
heç kimə möhtac etməyən hərbi geyimim olub. Hərbi geyim, bütün geyimlərin ən gözəlidir desəm,
lap yerinə düşər.
Çünki hərbi geyimdən
Vətən qoxusu gəlir. Düzünü desəm, mülki
geyimə uyğunlaşa
bilmirəm. Vətən qoxulu
hərbi geyimi hər bir vətən
övladına arzulayıram.
Gün o
gün olsun ki, "Olimpiya dünyası” qəzetinin
səhifələrində də
xalqımıza şanlı
qələbə xəbərini
çatdırasınız!
Azər Əlizadə
Olimpiya dünyası.- 2020.- 27
oktyabr.- 2 noyabr.- S.7.