Zəngilan 27 ildən
sonra işğaldan azad olundu
Bu gün biz torpaqlarımızın azad olunması xəbərlərini
eşidərək, qürurlanır, bu vətənin
övladı olmağımızla fəxr edirik. Cənab Ali
Baş Komandan İlham Əliyevin Qarabağın
işğaldan azad olunması barədə verdiyi xoş
müjdələr biri-birini əvəz edir. Bəli, biz əminliklə deyə bilərik ki, bu
gün müzəffər Ordumuzun döyüş meydanında
rəşadəti qarşısında ermənilər tab gətirə
bilmir. Doğma torpaqlarında müharibə
aparan ölkəmiz hazırda ərazi
bütövlüyünü qarış-qarış bərpa
edir. Oktyabrın 20-də bütün Azərbaycan
xoş bir xəbərə sevindi. Ali
Baş Komandan İlham Əliyev xalqa müraciət edərək
Zəngilanın işğaldan azad olunduğunu sevinclə
bildirdi. Hər birimiz sevindik. Lakin ən
çox sevinən 27 il dədə-baba
yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə
etmək olmur.
Vətən müharibəsi başlanan gündən
"Olimpiya dünyası” qəzeti öz səhifələrini
bu mövzuya həsr edir. Bu sayımızda Zəngilan barəsində
topladığımız məlumatları çoxsaylı
oxucularımıza təqdim edirik.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən
işğalından sonra yeni inzibati ərazi bölgüsü
aparılıb. Bölgü nəticəsində Zəngəzur
qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan,
Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil
olunub. Zəngilanın ərazisi şərqdən
Həkəri çayından Mehri dağ silsiləsinə qədər
olan ərazini əhatə edir.
1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin
köməyi ilə qədim türk torpaqları hesabına
ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını
işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi
ilə Zəngəzur Azərbaycanın əlindən
alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi
Ermənistanın, Laçın, Qubadlı və Zəngilan
bölgələri isə Azərbaycanın tərkibində
qalıb.
Zəngilan rayonu 1930-cu ildə
yaradılmışdır. Rayonun sahəsi 707
kvadrat kilometr, əhalisi 35 mindən çox olub. Ərazisinə bir şəhər, bir qəsəbə,
83 kənd daxildir.
İşğal ərəfəsində rayon ərazisində
onlarla milli və dini-tarixi abidə olunmuşdur.
"Zəngli
ilanlar
məskəni” yoxsa "zəngin alan”?
XIV əsrdə yaşamış məşhur
coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin
yazdığına görə, Zəngilanın əsası
hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə
qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə
yaxın yaşı var.
Bəs qədim keçmişi olan Zəngilan toponimi
özündə hansı mənanı kəsb edir? Bu barədə
müxtəlif fikirlər mövcuddur. Əslən
zəngilanlı olan coğrafiya elmləri namizədi Məhəmməd
Cabbarovun qeydlərində göstərilir ki, vaxtilə
İranda Bəxtiyarlılar deyilən tayfalar
yaşamış, onlardan biri "Zəngi”
adlanmışdır. XVI-XVII əsrlərdə
müxtəlif ölkələrdən əhali qruplarının
köç salıb, Azərbaycanda məskunlaşdıqları
dövrlərdə zəngilər miqrasiya edərək,
rayonumuzun ərazisində qərarlaşıblar.
Tayfanın adına əlavə edilən
"lan” sözü, çox güman ki, məskunlaşma ilə
əlaqədardır.
"Zəngəzurun zəngilanlı ziyalıları”
kitabının müəllifi Əli Sobulunun yerli əhalinin,
ağsaqqalların fikirlərindən bəhrələnərək
qələmə aldığı ehtimallarda rayonun adı orta əsrlərin
sonlarında viran edilmiş, Gilan şəhərindən
köçənlərlə əlaqələndirilir. Müəllif
yazır ki, deyilənə görə, oradan bir tayfa indiki Zəngilan
ərazisinə köç ediblər. Onlar
bir-birinə "sən gilanlı?” - deyə
müraciət etmişlər. Bu söz sonradan dəyişikliyə
məruz qalmış, "S” hərfi "Z” hərfi ilə əvəzlənmiş,
nəticədə Zəngilan sözünün
formalaşmasına səbəb olmuşdur. Başqa bir ehtimala görə isə "zən” sözü
şərq dillərindən birində "yeni, təzə”
deməkdir. Buradan da yeni "Gilan” ifadəsi
yaranır. Yazıçı-jurnalist Akif Kərimlinin
Zəngilan barəsində 10-dan artıq kitabında da bu
toponim barəsində məlumat yer alıb. Ümumilikdə, təxminən 20-dən artıq
kitabda digər iki ehtimal isə ilan sözü ilə
bağlıdır. Onlardan birində Zəngilan
sözünün "ilanla zəngin yer” mənası verdiyi,
digərində isə guya ərazidə olan ilanlar zəng
cingiltisinə oxşar səs çıxardıqları
üçün bu yerin zəngli ilanlar məskəni
adlandırıldığı qeyd edilir. Digər
bir araşdırma da daha inandırıcı ehtimal da
vardır. Məlum olduğu kimi, rayona Zəngilan
adı 1930-cu ildə verilmişdir. İlk
adı Pirçivan olan rayon mərkəzi isə yalnız
1957-ci ildən Zəngilan adlandırılmışdır.
Sözün mənşəyini rayon inzibati ərazi
vahidi kimi formalaşanadək mərkəz funksiyasını
yerinə yetirmiş "kənd Zəngilan”ın tarixində
və coğrafiyasında axtarmaq lazımdır. Daimi axarı olan Oxçu çayının kənarında
qərarlaşan kənd münbit torpaqlarda yerləşir.
Yaşlı sakinlərin dediklərinə
görə, Oxçuçayın suyunu mənfur
qonşularımız mis molibden mədənlərinin, Qacaran,
Qafan şəhərlərinin çirkab
tullantılarının lil qatı ilə çirkləndirib.
Nəticədə zəhərlənən,
indiki dövrdən fərqli olaraq, keçmişdə
çay balıqla zəngin olmuş, bağlar, əkinlər
məhsuldarlılığı ilə diqqət cəlb
etmişdir. Odur ki, qədim İpək
Yolunun üzərində yerləşən bu kəndi zəngin
"alan” kimi tanımış və adlandırmışlar.
"Alan” hal-hazırda da işlədilən
türk sözüdür. Mənası
"ərazi”, "sahə” deməkdir. Vurğulamaq
lazımdır ki, rayonumuzun adını "Zəngalan” kimi ifadə
edənlər də az deyil. "Zəngin ərazi”
ifadəsi həqiqətən reallığa uyğundur.
Zəngilan necə işğal olunmuşdu?
XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə
dolu bir dövr kimi yazıldı.
Zəngilan müharibə alovunun
qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə
başladı.
Ermənilər dəmir yolunu bağlayıb,
qatarları saxlayır, adamları girov
götürürdülər. 1992-ci ilin əvvəlindən
isə rayonun sərhəd kəndləri döyüş
zonasına çevrildi. Yerli əhali gizləyib
saxladıqları ov tüfəngləri ilə
torpaqlarımızı qoruyurdular. Ermənilər
isə xarici havadarların köməyilə mükəmməl
silahlanmışdılar. Zəngilanın
işğalı artıq 1992-ci ildə faktiki olaraq
reallaşmışdı. 1992-ci ilin yanvar
ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil
hücumları başlayır. Fevralın
1-də Günqışlaq, Qazançı, Dərəli və
Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter
almışdı. Aprelin 9-da erməni
silahlı birləşmələri Qazançı, Seyidlər,
Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə
soxulur. Evlərə od vururlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti
altına keçir. İki həftə
sonra Qazançı və Dərəli kəndləri azad
edilsə də, Seyidlər kəndi mühasirədə
qalır. Bundan sonra ermənilərin
növbəti hücumu iyunun 29-na təsadüf edir. Çox ağır və qanlı döyüşlər
iki saat çəkir. Artıq iyulun 6-da
düşmən rayon mərkəzini atəşə tutur.
Bütün yayı Zəngilanın kəndləri
və rayon mərkəzi düşmən atəşinə məruz
qalır. Bir müddət fasilədən
sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri
rayon mərkəzini bombalayır. Dekabrın
10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən
işğal olunur. Beləliklə də,
1992-ci ilin sonunda Zəngilanın 13 yaşayış məntəqəsi,
bir çox strateji yüksəklikləri düşmənin əlinə
keçir. Bununla da rayonun
işğalının əsası qoyulur. Vəziyyət getdikcə gərginləşirdi.
1993-cü ildə isə döyüşlər ara
vermirdi. Yaz aylarında ermənilərin
hücumları daha da intensivləşir. Martın
2-də Aşağı Göyəli və Canbir kəndləri
işğal olunur. İki gün sonra
Şayıflı və ətraf kəndlərə
düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında qalır.
Belə bir şəraitdə çətinliklərə
baxmayaraq mərd əhali təslim olmur, düşmən
hücumları dəf edilirdi. İyulun
19-da Qızıldaş qəsəbəsi döyüş
meydanına çevrilir. Avqustun 25-də
erməni hərbi birləşmələri genişmiqyaslı
hücuma keçərək, daha 5 kilometr irəliləyir.
Oktyabrın sonuna yaxın rayon tam mühasirə
vəziyyətinə düşür. Oktyabrın
25-26-da Sığırt və Bartaz yüksəklikləri
işğal olunur. Bununla da Zəngilanın
mühasirəsi başa çatır. Doğma
yurdunu tərk edən təxminən 34 min əhali İran sərhədinə-Araz
çayının kənarına toplaşır. Gursulu Araz çayını isə keçmək
mümkün olmur. Xalqımızın
xilaskarı, ümummilli lider Heydər Əliyev bu dəfə
də xalqın köməyinə gəlir. O, İran
hökuməti ilə danışıqlar aparır və Araz
çayı üzərindəki bənddə suyu
bağlayırlar. Yalnız bundan sonra əhali
çayı keçib, xilas olur.
Hazırda Zəngilan rayonunun məcburi
köçkünləri Bakıda və respublikamızın
43 rayonunda müvəqqəti məskunlaşıb.
İşğaldan
əvvəl
rayonda
idmana
böyük maraq olub
"Olimpiya dünyası” qəzeti olaraq Zəngilan idman
tarixi barəsində məlumat verməyi özümüzə
borc bildik. 27 il əvvələ qədər Zəngilanın
idmanın həyatında baş verən bir sıra hadisləri
və idman sahəsini əhatə edən nəticələri
bir araya topladıq.
Belə ki, Zəngilanda ilk rəsmi idman tədbiri rayon
Komsomol Gənclər Təşkilatı tərəfindən
1941-ci ildə idmanın gimnastikası növü üzrə
keçirilib.
İdman yarışında Məmmədbəyli
kəndinin "Bakraboçi” kolxozunun komandası I yerə
layiq görülmüşdür. 1951-ci
ildə Məhsul Kənd Könüllü Bədən Tərbiyəsi
və İdman Cəmiyyətinin yaradılması respublikada, o
cümlədən Zəngilanda idmanın inkişafında yeni
mərhələ olub. Xüsusilə
1960-70-80-ci illərdə rayonda futbolun inkişafı
özünün pik nöqtəsinə
çatmışdır. Respublika
birinciliyinə vəsiqə uğrunda yarışan rayon
yığması respublikanın futbol mütəxəssislərinin
diqqət mərkəzində olmuşdur. O dövrdə
komandada Şahmar Həsənov, Salam Cavadov, Nizami Məhərrəmov,
Fazil Təhməzov və digər futbolçular heyətin əsasını
təşkil etmişlər.
İşğala qədər rayonda idmanın futbol,
voleybol, atletika, şahmat və yunan-Roma güləşi
növü geniş yayılmış və inkişaf
etmişdir. Zəngilanlı idmançılar təmsil
olunduqları idman yarışlarında daim yüksək
bacarıq və əzmkarlıqları ilə
seçilmişlər. Məlumat üçün bildirək
ki, rayonun işğalı ilə "Məhsul” Kənd
könüllü İdman Cəmiyyəti rayon
şurasının 1500 nəfərlik stadionu, 10 sadə idman
qurğusu, 13 voleybol və 5 basketbol meydançası
düşmənlər tərəfindən zəbt edilib. Xeyli idman inventarı və cəmiyyətin nəzdnində
olan "İdman servis” firmasının "Süsən” mağasının
ərzaq məhsulu və idman inventarı düşmənin əlinə
keçmişdir.
Zəngilan
idmanı
bu gün
İşğaldan sonra rayon əhalisi məcburi olaraq
respublikanın 43 rayonuna səpələniblər. Rayonun hər
sahədə geriləmələri idmandan da yan keçməyib.
Bu hal təbii olaraq bütün sahələrə
olduğu kimi, idman sahəsinə də ciddi zərbə vurub.
Lakin qısa zaman kəsiyindən sonra yeniyetmə
və gənclərimizin idmanla məşğul olması
üçün müəyyən işlər
görülmüş, bu istiqamətdə ciddi nailiyyətlər
əldə olunmuşdur. Bu gün rayon
sakinləri məskunlaşdığı şəhər və
rayonlarda idmanın futbol, voleybol, atletika, taekvondo, kikboksinq,
şahmat, karate-do, cüdo, yunan-Roma və sərbəst
güləş növləri daha geniş məşğul
olurlar. Hər il adı çəkilən
idman növləri üzrə rayon birincilikləri, turnir və
açıq rayon birincilikləri təşkil olunur, respublika əhəmiyyətli
idman tədbirlərində zəngilanlı
idmançıların iştirakı təmin olunur. Eyni zamanda rayon Təhsil Şöbəsinin nəzdində
futbol, voleybol və atletika idman növlərinin təlimini həyata
keçirən Uşaq-Gənclər İdman Məktəbi və
Şahmat Uşaq-Gənclər İdman məktəbləri fəaliyyət
göstərir.
Zəngilanlı
idmançılar arasında kifayət qədər uğur
qazanan idmançıların da sayı az
deyil. Azərbaycan şahmatında böyük
nüfuza malik olan Məmmədyarovlar məhz zəngilanlı
ailənin nümayəndələridir. Cüdo üzrə
üçqat Avropa çempionu, Olimpiya Oyunlarının
iştirakçısı Elçin İsmayılov, güləş
üzrə Avropa və dünya çempionu Orxan Əhmədov,
II Avropa Oyunlarının qalibi Asiman Qurbanlını misal
göstərmək olar. Şəhriyar Məmmədyarov,
Türkan və Zeynəb Məmmədyarova bacıları Azərbaycan
yığma komandasının üzvləri, beynəlxalq
qrossmeysterləridir. Bundan başqa Siyavuş Bayramov
(karate), Nurlan Qədimov (kikboksinq), Bəhruz Rüstəmov
(şotakan karate-do) və digər idmançılar zəngilanlı
ailəsində böyüyüb, boya-başa
çatıblar.
Artıq Zəngilan işğaldan azad olunmuş rayonlarımız sırasındadır. 27 ildən sonra oktyabrın 20-də rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunu düşməndən azad etdi. Bununla da Müstəqil Azərbaycanın zəfər salnaməsində yeni bir səhifə açıldı. Artıq uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıda biləcəklər. Tezliklə həmin ərazilər abadlaşacaq, əvvəlki kimi həyat axarına düşəcək. Həmin kəndlərdə idman da yeni mərhələyə qədəm qoyacaq. İnanırıq ki, Zəngilanın müxtəlif idman növləri üzrə yığma komandaları formalaşacaq. Rəqib komandalar səfər görüşlərini, təlim-məşq toplanışlarını Zəngilanda keçirəcəklər. Bunun üçün artıq heç bir maneə yoxdur. Çünki Zəngilan Qarabağdır, Qarabağ Azərbaycandır!
Anar Əhmədov
Olimpiya dünyası.- 2020.- 27 oktyabr.- 2 noyabr.- S.6.