Əfqan Xaşalov: “Onun yerinə mən də şəhid ola bilərdim ...”

 

 

 

44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Otuz ildir işğal altında olan əzəli torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı. Bu müddət ərzində Ermənistan ordusu haqqında ermənilərin özlərinin yaratdıqları "məğlubedilməzlik” mifi darmadağın oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş qəhrəman oğullarımızın sırasında idmançılarımızın da böyük payı var. Belə ki, müharibənin ilk günlərindən könüllü olaraq ordu sıralarına yazılmış idmançılarımız döyüş meydanında onlara tapşırılan vəzifəni şərəflə yerinə yetirdilər.

Öz səhifələrində Vətən müharibəsinə xüsusi yer ayıran "Olimpiya dünyası” qəzeti budəfəki sayında oxucularını İkinci Qarabağ müharibəsinin idmançı-iştirakçısı, "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sərbəst güləşçisi, yeniyetmə və gənclər üzrə Avropa çempionu, gənclər üzrə dünya çempionu Əfqan Xaşalovla tanış edəcək.

 

 

 

Məlumat üçün bildirək ki, qəhrəmanımız 1997-ci il iyunun 7-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Uşaq yaşlarından güləşə böyük həvəsi olan Əfqan 2009-cu ildə Qazax rayonunda sərbəst güləşlə məşğul olmağa başlayıb. 2013-cü ildən isə məşqlərini Bakıda, "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində davam etdirərək, şəxsi məşqçisi Cavid Qurbanzadənin rəhbərliyi altında böyük idmana gedən yolda peşəkar addımlarını atmağa başlayıb. Təsadüfi deyil ki, Əfqan elə böyük uğurlarını da "Zenit”in tərkibində atıb. Yeniyetmə və gənclər arasında ikiqat Avropa çempionatının qalibi olan sərbəst güləşçimiz həmçinin gənclər arasında dünya çempionu adını da qazanıb. Əfqan bundan başqa bir dəfə Avropa və dünya ikincisi, həmçinin dünya çempionatının bürünc mükafatçısı olub.

Müxtəlif turnirlərin qalibi olan güləşçimiz 2017-ci ildə Litvanın Klaypeda şəhərində təşkil olunan hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında bürünc medala sahib çıxıb. Gələcəyin Olimpiya ümidlərindən olan müsahibimiz Vətən müharibəsi başladığı gündən hərbi qulluqçu kimi ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordu sıralarına qoşulub. Qəhrəman hərbçimiz yarış meydanındakı əzmkarlığını, mərdliyini döyüş meydanında da sübut edib. Əfqan Xaşalov döyüşlərdən sonra "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunub.

Bu günlərdə redaksiyamızın qonağı olan idmançı döyüşçümüz bizimlə söhbətində müharibə vaxtı keçdiyi döyüş yolundan və idmançı karyerasında gələcək planlarından danışıb.

 

- Əfqan, istərdik ki, söhbətimizə Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsindəki iştirakınla başlayaq.

- Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatdı. 28 il işğal altında olan torpaqlarımız, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhəri döyüş yolu ilə azad edildi. Müharibədə iştirak etməyim, azad olunan torpaqlarda rolumun olması bu Vətənin bir övladı kimi məni çox sevindirir. Mənə çağırış sentyabrın 18-də gəldi. Həmin vaxt Qazaxdan Bakıya təlim-məşq toplanışına gəlmişdim. Çağırışın gəldiyi gün yenidən Qazaxa yollandım. Növbəti gün isə Rayon Hərbi Komissarlığına getdim. Məni əvvəlcə Gəncə, sonra Şəmkirə apardılar. Oradan isə Ağstafaya və Daşkəsənə təlimə yollandıq.

 

- Hansı ərazilərimizin azad olunması əməliyyatlarında iştirak etmisən?

- Təlimlərdən sonra noyabr ayında Füzulinin kəndlərinin azad olunması üçün döyüşlərə başladıq. Qızğın döyüşlər gedirdi. 14 gün səngərdə qaldıq. Həmin döyüşlərdə keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Şəhidlik ən yüksək bir zirvədir. Bu zirvəyə ucalmaq, müharibədə şəhid olmaq arzularımdan biri idi. Amma bu mənə qismət olmadı. Döyüş zamanı yaxın dostlarım yanımda şəhid olanda artıq düşünürdüm ki, şəhid olmaq yox, qardaşlarımın qisasını almaq lazımdır. İrəlilədikcə yalnız bu haqda düşünürdük. Füzulinin kəndləri işğaldan azad ediləndən sonra Azərbaycanın incisi olan Şuşa şəhərinə doğru istiqamətləndik.

 

- Şuşa döyüşlərinin iştirakçısı kimi, istərdik ki, bir qədər də döyüşlərdən və qarşılaşdığın hadisələrdən danışasan.

- Biz həmin vaxt Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) arxası ilə gedirdik. Demək olar ki, onlardan bir addım geridə idik. Onların haqqını həqiqətən də ödəmək mümkün deyil. Şuşaya ən birinci XTQ daxil oldu. Piyada getdiyimizə görə Şuşaya döyüşlərin ortasında gəlib çatdıq. Təsəvvür edin, Füzulidən Şuşaya beş gün ərzində 80 kilometr piyada yol getdik. Həmin vaxt təminat olmadığı üçün demək olar ki, ac-susuz minaatanların altında irəliləyirdik. Əslində, təminatın gətirilməsinə özümüz də razı deyildik. Çünki bu, böyük təhlükə idi. Elə olurdu ki, bir gecədə üstümüzə 600 minamyot gəlirdi. Hətta elə olurdu ki, biri düşəndə o birinin səsini eşitmirdik. Elə yerlər var idi ki, ermənilər oranı gördüyü üçün həmin yerlərdən tək-tək, qaçaraq keçirdik. Onlar bizi tək minamyotla deyil, snayperlə də nişan alırdılar. Şuşaya çatmazdan əvvəl gecə bir erməninin evində qaldıq. Səhərə yaxın isə yenidən yolumuza davam etdik və Şuşa yazılan lövhənin altına gəlib çatdıq. Orada böyük su çəni var idi. Həmin vaxt 27 nəfər idik. Mərmilərdən qorunmaq üçün su çəninin içərisinə girdik. Minamyot atəşi altında 3 gün mühasirədə qaldıq. Üç hərbçimiz şəhid oldu, digərləri isə yaralandı. Sağ qalanlardan biri də mən idim. Hadisə zamanı yaralı olan hərbçilərə yardım edir, onları yaxınlıqdakı təcili yardım avtomobillərinə çatdırırdıq. Ermənilər hətta təcili yardım maşınlarımızı da vururdular.

 

- Mühasirədən çıxmaq yəqin ki, asan olmadı.

- Biz dağın ətəyində, elə bir yerdə idik ki, ermənilər həmin ərazini yalnız PUA-lar vasitəsi ilə görürdülər. Onların PUA-larını görəndə yerimizi dəyişib, zərbədən sonra yenidən həmin yerə qayıdırdıq. Ermənilər ən çox Şuşa yazılan lövhənin yanındakı dağı minamyotla atəşə tuturdular. Onlar əsasən, dağı vurmaqla yolu bağlamağa və bizə təminatın gəlməsinin qarşısını almağa çalışırdılar. Düzdür, nə qədər çətin vəziyyətdə olsaq belə onları susdura bilirdik. Üç gün orada mühasirədə qaldıqdan sonra üçtərəfli bəyanat imzalandı. Döyüşlərin başa çatması, barədə məlumat əldə etdik.

 

- Vətən müharibəsi dövründə sənə ən xoş təsir edən anlar hansılar oldu?

- Döyüşlər başa çatandan sonra Şuşa şəhərinə girdik və məscidin yaxınlığında yerləşdik. Ermənilər məscidi bərbad hala salmışdılar. Məscidi təmizlədikdən sonra camaat namazı qıldıq, dualar etdik. Bugünlərin mənə də qismət olduğu üçün çox qürurluyam. Təxminən 5 gün Şuşada qaldıq. Orada olanda ermənilərə məxsus "VAZ 2106” markalı avtomobil sürürdüm.

 

- İşğaldan azad olunan ərazilərə gedib çıxmaq heç də hər kəsə nəsib olmur. Həmin torpaqlara ayaq basmaq, Şuşa məscidində namaz qılmaq necə hisslər idi?

- Əlbəttə, biz istər Füzuli, istər Şuşa olsun böyük ruh yüksəkliyi, fəxrlə həmin torpaqlara ayaq basırdıq. Hətta hadisələr o qədər tez cərəyan edirdi ki, biz harada olduğumuzun belə fərqinə vara bilmirdik. Yəni tarixi torpaqlara ayaq basmağımıza vaxt tapıb sevinə bilmirdik. Döyüşlər başa çatandan sonra Kəlbəcərə yollandıq. İyirmi günə yaxın orada qaldıq. Bizim tabor orada yerləşməli idi. Biz həmin vaxt Kəlbəcərdə isti suda çimdik. Orada ermənilərin qaldıqları, istirahət etdikləri evlər var idi. Fəxr edirdik ki, bu doğma torpaqlarda artıq biz məskunlaşmışıq. Yadıma gəlir, döyüşlərdən sonra Şuşada kəndlərin birində dağın başında əlimizdə silahla dayanıb, düşməni müşahidə edirdik. Düşmənlər gözümüz önündə əşyalarını toplayıb, evlərini tərk edirdi. Bu bizim üçün şərəf idi ki, onlar bizə məxsus olan torpaqlardan çıxıb gedirdilər.

 

- Müharibənin amansızlığını öz gözlərinlə gördün. Həmin anlar sözlə ifadə olunmur. Ölümlə həyat arasında bir nəfəs qədər məsafə var. Bu barədə nə deyərdin.

- Döyüş zamanı silahdaşlarımla çox yaxın olduq. Demək olar ki, onlarla bir can idik. Elə bu səbəbdəndir ki, itirdiyim hər bir hərbçi yoldaşımın acısı məni çox sarsıdırdı. Bizimlə qonşu kənddən olan Emil adlı yaxın əsgər yoldaşım var idi. Onu müharibədən əvvəl də tanıyırdım. Amma o qədər də yaxın münasibətimiz yox idi. Vətən müharibəsi isə bizi bir-birimizə yaxınlaşdırdı. Ailəli idi, iki övladı var idi. Onun şəhid olması mənə çox ağır təsir etdi.

Bir dəfə isə Şuşada mühasirədə olarkən hərbçi yoldaşlarımdan biri həyəcanlı vəziyyətdə məni qucaqladı. Onu sakitləşdirməyə çalışırdım. Təəssüf ki, yaxınlığımıza düşən minamyot qəlpəsi məni qucaqlayan əsgərə dəydi. Başından yaralanan əsgər qollarımın arasında şəhid oldu. Heç nə edə bilmədim... Düşünürsünüz, bu nə deməkdir? Onun yerinə mən də şəhid ola bilərdim. Amma Allah saxlayanda saxlayır. Bu hadisə döyüş zamanı yaddaşıma əbədi həkk olan ən təsirli anlardan biri idi. Həmin vaxt hər birimiz yalnız qisas barədə düşünürdük. Düşmənə olan nifrətimiz birə-beş artmışdı.

 

- Müharibədən qayıtdıqdan sonra bəzi hərbçilər səhhətlərində yaranan problemlərlə əlaqədar müalicə alırlar. Bəs sənin necə, səhhətində hər hansı bir problem yaranmayıb ki?

- Füzulidə döyüş zamanı gözümə giliz girmişdi. Bu hadisədən sonra görmə qabiliyyətimdə zəiflik hiss edirəm. Həkimə hələ ki, müraciət etməmişəm. Amma yaxın günlərdə istəyirəm ki, müayinədən keçib, müalicə alım. Çünki çox yaxın olan yazıları belə görməkdə çətinlik çəkirəm.

 

 

"Təəssüf ki, onlar

qazandıqları qələbəni görə bilmədilər”

 

- İstərdik bir qədər də müharibədən evə qalib kimi qayıtdığın anları bizimlə bölüşəsən.

- Hərbidən yanvarın 12-də tərxis olundum. Düzdür, qalib kimi, qayıtmaq sevindirici bir hiss idi. Hətta müharibə başa çatandan sonra Şuşa məscidində qıldığımız namazda belə müharibənin qələbəmizlə başa çatmasına görə Allaha şükür edib, dualar edirdim. Amma etiraf edim ki, evə qələbə hissi ilə getmədim. Mənim döyüşçü qardaşlarım evə getməyib, şəhid olubsa, mən yüksək əhval-ruhiyə ilə evə qayıda bilməzdim. Evə dönsəm belə içimdə şəhid qardaşlarıma görə ağlayırdım. Onlar da mənim kimi sağ-salamat, ailəsinin uşağının yanına getməli idilər. Onları da gözləyən bir ata, ana, həyat yoldaşı və uşaqlar var idi. Təəssüf ki, onlar qazandıqları qələbəni görə bilmədilər.

 

- Bildiyimizə görə, müharibə zamanı hərbçilər döyüş yoldaşlarına son nəfəslərində vəsiyətlər edirdilər. Bəs sən necə, belə bir hadisə ilə qarşılaşdınmı?

- Bir gün, gecə radələrində şəhid hərbçilərimiz arasında xırıltı səsinin gəldiyini eşitdik. Nəyin baş verdiyini yoxlamaq üçün şəhidlərin olduğu yerə baxanda "qoca” ləqəbi ilə çağırdığımız Babək adlı hərbçinin hələ də nəfəs aldığını gördük. Onu 10 km arxaya təcili yardım maşınına apardıq. Babək yolda məndən qızına çobanyastığı gülü alıb aparmağı istəmişdi. Əlbəttə, biz onun bu istəyini yerinə yetirdik. Təəssüf ki, bu yaxınlarda Babəkin 4 aydan çox komada qaldıqdan sonra şəhid olması xəbərini öyrəndik. Allah ona və bütün şəhid qardaşlarımıza rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirəm. Yaralı olan hərbçilərimizə isə tezliklə şəfa tapmasını arzulayıram.

 

- Yəqin ki, müharibə vaxtı Güləş Federasiyasından və təmsil olunduğun "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyindən səninlə əlaqə saxlayıb, maraqlanırdılar.

- Bəli, şəxsi məşqçim Cavid müəllim, tez-tez zəng edib, mənimlə maraqlanırdı. Hər gün zəng etsə də döyüşlərdə olduğumuz üçün danışa bilmirdim. Bundan başqa "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil müəllim, Güləş Federasiyasının nümayəndələri, məşqçi-müəllimlər zəng edirdilər. Müharibədən qayıtdıqdan sonra Federasiya nümayəndələri və məşqçilər məni döyüşçü kimi qarşıladılar. Fazil müəllim də həmçinin məni yüksək səviyyədə qarşıladı və qalib ordunun qalib əsgəri kimi təbrik etdi. Mənimlə maraqlanan və diqqət göstərən hər kəsə təşəkkürümü bildirirəm.

 

- Yəqin ki, uzun sürən fasilədən sonra məşqlərə başlamısan.

- Yanvarın 21-də məşqlərə start verdik. İlk sınağım fevral ayının sonlarında Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən ənənəvi Kiyev turniri oldu. 4 ay müharibədə olduğum üçün hazırlıq formamdan xeyli uzaq idim. İki həftə məşq edib, yarışa çıxdım. Amma ilk görüşdə məğlub oldum. Müharibədən əvvəl də karantinə görə normal məşq edə bilməmişdik. Bir ildən çox idi ki, yarışda iştirak etmirəm. İndi şükür Allaha yavaş-yavaş hazırlıq formamı bərpa edirəm.

 

- Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində komandamızın heyətində yer almadın. Olimpiya Oyunlarına lisenziya verəcək Avropa çempionatında iştirakın gözlənilirmi?

- Böyüklər arasında güləş üzrə Avropa çempionatı aprelin 19-25-də Polşanın paytaxtı Varşavada təşkil olunacaq. Məşqlərimi davam etdirirəm. İnşaallah həmin yarışda 57 kq çəki dərəcəsində iştirak edəcəyim gözlənilir. Bu yarışdan sonra bəzi məsələlərə aydınlıq gələcək.

 

Azər Əlizadə

 

Olimpiya dünyası.- 2021.- 6-12 aprel.- S.3.