Yaqub Məmmədov: “Keçmişə
qayıtmaq şansım olsaydı, uğurlarımı daha da artırardım”
Həyatda elə insanlar var ki, onlar özləri üçün deyil, Vətəni, dövləti mənsub olduğu xalqı üçün yaşayır, yaradır. Bir çıraq kimi ətrafa işıq saçır. Bu işıqdan isə minlərlə insana pay düşür. Belə insanlardan biri də ömrünü ölkə idmanına həsr edən Azərbaycan Güləş Federasiyasının (AGF) idman şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, "Şöhrət” ordenli Yaqub Məmmədovdur. 1946-ci il aprelin 18-də Masallı rayonunda anadan olan Yaqub müəllim bugünlərdə 75 illik yubileyini qeyd etdi.
1961-73-cü illərdə güləşçi kimi müxtəlif respublikadaxili və beynəlxalq yarışlarda müvəffəqiyyətlə iştirak edən yubilyar keçirdiyi 80-dən çox beynəlxalq görüşlərdə 69 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Y.Məmmədov dəfələrlə Azərbaycan çempionu, SSRİ birinciliyinin qalibi, SSRİ çempionatının mükafatçısı, beynəlxalq yarışların qalibi və mükafatçısı olub. 1974-cü ildən məşqçiliyə başlayan Yaqub Məmmədovun fəaliyyəti dövründə respublikamızın idmançıları ən mötəbər yarışlarda 150-dən çox qızıl, gümüş və bürünc medal qazanıblar.
Yaqub Məmmədov 2000-ci ildə XXVII Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə görə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif olunub.
Bu günlərdə Yaqub müəllimlə, əlaqə saxlayıb onun yubiley təəssüratlarını öyrəndik. Təcrübəli mütəxəssis "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəsində keçdiyi ömür yolundan, xatirələrindən və həyatının ən yadda qalan anlarından danışdı.
- Yaqub müəllim, əvvəlcə sizi 75 illik yubiley münasibəti ilə təbrik edirik. Deyirlər insanın ruhu heç vaxt qocalmır. Bəs siz necə, özünüzü hansı yaşda hiss edirsiniz?
- Çox sağ olun. Əslində ad günləri də təqvimin bir günüdür. Hər kəs özü üçün özəl olan bu günə tabe olub, bunu qeyd edir. 75 illik yubileyimi öz ailəmlə, övladlarım və nəvələrimlə qeyd etdim. Bu gün yubiley münasibəti ilə məni təbrik edən hər kəsə qəzetiniz vasitəsilə təşəkkürümü bildirirəm. Sualınıza gəlincə isə deyim ki, gənc yaşımdan mütəmadi olaraq idmanla məşğul olduğum üçün özümü daha gənc və gümrah hiss edirəm. Azərbaycan Güləş Federasiyasının idman şöbəsinin müdiri vəzifəsində işləməyim və daim idmançıların arasında olmağım da mənə xüsusi güc və enerji verir.
- 75 il insanın həyatdan nəticə çıxarılası bir yaş dövrüdür. Necə düşünürsünüz, həyatda atdığınız doğru addımlar yanlış addımları üstələyirmi?
- Təbii ki, səhvsiz insan olmur. Məncə, gözəl bir
karyeraya sahib olmağım
həyatda atdığım
ən doğru addımlardan biridir. Gənclik illərimdə energetika sahəsini seçmişdim.
Lakin bir müddət sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna
daxil oldum. Məhz bundan sonra həyatımı
idmana bağlamaq qərarına gəldim.
Düşünürəm ki, idmanı
deyil, energetikanı seçsəydim bu həyatımda qəbul etdiyim ən yanlış seçim olardı. Çünki mən ölkəmizdə
idmana xidmət etməyi, gənc idmançılar yetişdirməyi
daha çox sevirəm. Lakin hesab edirəm
ki, energetika sahəsindəki fəaliyyətimə
davam etsəydim belə, yenə də, böyük uğurlar əldə edərdim. Çünki mən mübariz
keyfiyyətli insanam və olduğum hər bir sahədə
birinci olmağa çalışmışam.
- Bəs keçmişi necə, tez-tez xatırlayırsınız?
- Əlbəttə. Hər
birimiz kimi mən də keçmişi yad edirəm. İdman karyeramı, məşqçilik
fəaliyyətimi, ümumiyyətlə,
həyatımı gözdən
keçirirəm. Əsas odur
ki, keçmişə
nəzər salanda xatırlayacağın xoş
xatirələr və
qürur duyacaq uğurların çox olsun.
- Mahnıda deyildiyi kimi "Ötən günlərimi qaytaraydılar,
gələn günlərimi
qurban verərdim”. Həyatınızda bu deyimin təsdiqini tapdığınız
anlar olubmu?
- Etiraf edim ki,
olub. Düşünürəm ki, keçmişə
qayıtmaq şansım
olsaydı, idmançı
olaraq uğurlarımı
daha da artırardım.
Bir sözlə, yalnız bu səbəbə görə, keçmişə
qayıtmaq istərdim.
- Həyatınızda qazandığınız
ən böyük uğur sizcə hansıdır?
- Həyatımın ən böyük uğurları
Olimpiya çempionu yetişdirmək və
2004-cü ildə Azərbaycanda
keçirilən dünya
kubokunu qazanmağımızı
qeyd edə bilərəm. Həmçinin ilk dəfə 2002-ci ildə Avropa çempionatının Bakıda
keçirilməsi yadda
qalan hadisələrdəndir.
Həmin
yarışda idmançımızın
Avropa çempionu olması, həmçinin
gümüş və
bürünc medalları
qazanmağımızı da
uğurlarım siyahısına
əlavə edə bilərəm.
- Bəs yaşadığınız
həyatı dəyişiklik
olmadan yenidən yaşamaq şansınız
olsa, bu şansdan istifadə edərdiniz?
- Həyat çox gözəldir və öz axarı ilə davam edir. Əgər məndə belə
bir şans olsa idi, qeyd
etdiyim kimi, yalnız uğur və nailiyyətlərimi
artırmaq üçün
istifadə edərdim.
Lakin ümumilikdə, həyatımdan
razıyam. 3 qız övladım var. Övladlarımdan biri həkimdir və hazırda ölkəmizdə
də yayılan
COVİD-19 pandemiyasına qarşı
mübarizə aparır.
Qızım hətta Vətən
müharibəsi dövründə
cəbhə bölgəsində
ordumuza xidmət edib. Digər qızım Dövlət
Miqrasiya Xidmətində
mayor rütbəsini daşıyır
və dövlət qulluğunda fəaliyyətinə
görə, dövlətimiz
tərəfindən iki
dəfə medalla təltif olunub. Üçüncü qızım isə
fəlsəfə üzrə
doktordur və Azərbaycan Dövlət Universitetində şərqşünaslıq
fakültəsində baş
müəllimə işləyir.
- Bəs həyata keçməyən arzunuz
varmı?
- Bəli, həyata keçməyən arzum da var. Lakin , bunun sirr
olaraq qalması daha məqsədəuyğundur.
İstərdim ki, Allah mənə
bir qədər də ömür versin və bu arzumu da
həyata keçirim.
- Yaqub müəllim, baş məşqçi kimi çalışdığınız
illərdə ən uğurlu idmançılarınız
arasında Namiq Abdullayevi xüsusilə fərqləndirmək olar.
Bu siyahıya daha hansı idmançıların adını
əlavə edərdiniz?
-
1993-cü ildən başlayaraq
müstəqil Azərbaycanı
təmsil edən sərbəst güləş
üzrə respublika yığma komandamızın
üzvləri rəhbərliyim
altında yeniyetmələr,
gənclər və böyüklər arasında
keçirilən Avropa,
dünya çempionatlarında,
Olimpiya Oyunlarında ümumilikdə 60-a yaxın
medal qazanıblar. Bəli,
qeyd etdiyiniz kimi, yüksək nailiyyət qazanmış
idmançılardan 3 qat
Avropa çempionu, 6 qat dünya çempionatının mükafatçısı,
1996-cı ildə Atlanta Olimpiya
Oyunlarının gümüş
mükafatçısı, 2000-ci ildə Sidney Olimpiya Oyunlarının çempionu
Namiq Abdullayevi xüsusilə qeyd etmək olar. Onunla yanaşı, 2002-ci ildə Avropa çempionu Nazim Əlicanovu, 2003-cü ildə
dünya çempionu və 3 qat Avropa
mükafatçısı Arif
Abdullayevi, 2 qat Avropa mükafatçısı
Elman Əsgərovu və
digərlərini də
bu siyahıya əlavə etmək olar. Bundan başqa məşqçilik
dövrümdə digər
yaş qruplarında çıxış edən
güləşçilər də Avropa və dünya birinciliklərində dəfələrlə
mükafatalayiq yerləri
tutublar.
- Uzun müddət yığma komandalarımızda çalışmış baş məşqçi kimi, necə düşünürsünüz əsl idmançı hansı keyfiyyətlərə malik olmalıdır?
- Fikrimcə, əsl peşəkar idmançı istedad və bacarığı ilə yanaşı, özünü hərtərəfli inkişaf etdirməlidir. İdmançı həm də böyük zəkaya sahib olmalıdır. Mübarizlik, komanda ilə birgə işləmək bacarığını inkişaf etdirməlidir.
Qeyd edim ki, hər zaman olduğu kimi, bu gün də milli komandaların idmançıları ilə ünsiyyətdə olur, onlara lazımi məsləhətlər verir, köməklik edirəm. Bir sözlə, çalışıram ki, öz təcrübəmi onlarla bölüşüm.
- Sizcə, idmançı kimi uğur qazanmaq daha asandır, yoxsa peşəkar idmançı yetişdirmək?
- Təbii ki, hər ikisi çətindir. Amma məşqçi kimi nailiyyət qazanmaq daha da çətindir. İdmançı kimi tək özünə cavabdeh olursansa, məşqçi kimi, bütün komandaya görə məsuliyyət daşıyırsan. Qələbələrim mənə hər zaman bu sahəni sevməyə, daha da həvəslə mübarizə aparmağa təkan verdi. Məğlubiyyətlə də rastlaşanda rəqibimdən revanş almaq üçün növbəti qarşılaşmanı səbirsizliklə gözləyirdim. Bir sözlə, məğlub olmağı sevmirəm. Məğlub olanda belə, tələbələrimlə çalışmışıq ki, bundan bir nəticə çıxaraq və növbəti görüşlərdə yalnız qələbə əldə edək.
Türkay Niftəliyeva
Olimpiya dünyası.- 2021.- 20-26
aprel.- S.3.