Namiq Abdullayev:
“Qazandığım böyük qələbələrdə
Yaqub müəllimin rolu
danılmazdır”
Yaqub müəllim kimi işinin peşəkarı olan insanla bağlı bir çoxlarının gözəl xatirələri var. Elə bu səbəbdən də Yaqub Məmmədovun sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi kimi ən uğurlu nəticələrindən biri olan Sidney Yay Olimpiya Oyunlarının qalibi Namiq Abdullayevlə əlaqə saxladıq. Olimpiya çempionu keçmiş məşqçisini yubiley münasibəti ilə təbrik etməklə yanaşı, onunla bağlı maraqlı xatirələrini də qəzetimizlə bölüşdü.
"Yaqub müəllimlə tanışlığımız yeniyetməlik illərimə təsadüf edir. O, məni ilk dəfə "Dinamo” İdman Cəmiyyətində Bakı birinciliyində görmüşdü. Daha sonra gənclərin təlim-məşq toplanışlarında bir yerdə olmuşuq. Yaqub müəllimin tövsiyələri mənim üçün hər zaman etalon olub. Onunla bir sıra yarışlarda olmuşuq. Qazandığım böyük qələbələrdə Yaqub müəllimin rolu danılmazdır. Hər yarışda onun tövsiyələrinə əməl edir, tapşırıqlarını dəqiqliklə yerinə yetirməyə çalışırdım. 1996-cı ildə yığma komandanın baş məşqçisi Yaqub Məmmədov və şəxsi məşqçim Vahid Məmmədovun rəhbərliyi altında Atlanta Yay Olimpiya Oyunlarında gümüş medala sahib çıxdım. 2000-ci ildə isə Sidneydə Olimpiya çempionu oldum. Yaqub müəllim Sidney Olimpiadasında ABŞ idmançısı Samuel Hensonla final görüşündən bir gün əvvəl məni Atletlər Kəndinin həyətində olan futbol meydançasına apardı. Orada sakit bir şəraitdə xeyli idmandankənar söhbət etdik. O, eyni zamanda bu gərgin final görüşü üçün məni psixoloji olaraq hazırlayırdı. Final günü səhər saatlarında yarışa gəlib baxmaq istəsəm də, arenaya gəlməyimə icazə vermədi. Beləcə, o məni kənar təsirlərdən qorudu. Həmçinin Yaqub müəllim mənə ulu öndər Heydər Əliyevə qızıl medal qazanmağımla bağlı verdiyim sözü xatırladır, bu mübarizədən yalnız qalib kimi ayrılacağıma inandığını deyirdi. Elə də oldu, həm Yaqub müəllimin, həm də Vahid müəllimin zəhmətinin bəhrəsi olaraq çempion oldum.
Yaqub müəllimin və Vahid müəllimin birgə fəaliyyəti nəticəsində dünya və Avropa çempionatlarında da bir neçə dəfə qalib və mükafatçılar sırasında yer aldım.
Bildiyiniz kimi, mən sərbəst güləş üzrə yığma komandanın baş məşqçisiyəm. Çalışıram ki, Yaqub müəllimin vaxtı ilə mənə verdiyi tövsiyələri gənclərimizlə bölüşüm. Yaqub müəllim bu gün Azərbaycan Güləş Federasiyasında çalışır. Onun tövsiyələrinə hər zaman olduğu kimi, bu gün də ehtiyac duyuruq. Yaqub müəllim həm də gözəl, qayğıkeş bir ailə başçısıdır. Bir sözlə, Yaqub müəllim haqqında çox söz demək olar. Həm güləşçi kimi uğurlu idman karyerası, həm də məşqçilik fəaliyyətində qazandığı uğurları hər bir gənc üçün örnəkdir.
Təəssüf ki, pandemiya ilə əlaqədar təntənəli
yubiley keçirmək mümkün
deyil. Yaqub müəllimi
qəzetiniz vasitəsi ilə bir daha təbrik edir, ona uzun ömür,
cansağlığı arzulayıram. Hər zaman
ailəsinin və idmançıların arasında
olmağı diləyirəm”, - deyə Namiq
Abdullayev bildirdi.
Olimpiya dünyası.- 2021.- 20-26
aprel.- S.3.