İkinci Qarabağ müharibəsində idman akademiyasının vətənpərvərlik nümunəsi

 

 

 

 

2020-ci il Azərbaycan tarixində 44 günlük İkinci Qarabağ müharibəsi və 3 gün davam edən Tovuz döyüşləri ilə daha çox yadda qaldı.

27 sentyabr 2020-ci il ölkəmizin tarixinə qızıl hərflərlə daxil oldu. Otuz ilə yaxındır davam edən Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin başçılığı altında ordumuz tərəfindən qətiyyətli addım atıldı.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu işğal olunmuş Azərbaycan torpaqlarını azad etmişdir. Sentyabr ayının 27-dən etibarən Milli Ordu hissələrimiz 30 ildən artıq hər bir azərbaycanlının sağalmaz yarasına çevrilmiş Qarabağ münaqişəsinin ön cəbhələrinə qəhrəmancasına atılaraq düşmən mövqelərini məhv etdi. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, xalqımızı bir yumruq kimi birləşərək düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə köklədi.

 

 

Akademiyanın 13 tələbəsi İkinci Qarabağ

müharibəsində qəhrəmancasına

şəhid olub

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim və tələbələri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində, idmançı-tələbələrə vətəndaşlıq şüurunun aşılanması ilə yanaşı onların Vətənə sədaqət ruhunda tərbiyəsi üçün istər dərslərdə, istərsə də dərsdənkənar idman tədbirlərində bütün imkanlardan istifadə edirlər. Bu gün gənclərin vətənpərvərlik tərbiyəsi xüsusilə aktuallıq kəsb edir. Çünki Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad etmişdir. Buna görə də tələbə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi professor-müəllim və tələbələrin başlıca vəzifəsinə çevrilmişdir.

Azərbaycan xalqının milli suverenliyi təmin edildiyi vaxtdan indiyədək keçdiyimiz ağrılı-acılı yolda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin vətənpərvərlik təşəbbüsünü təqdirəlayiq hesab etmək olar. Akademiyada aparılan ictimai-faydalı işlər nəticə etibarilə tələbələrdə zəhmətsevərlik, vətənpərvərlik və həyatda öz yerini tutmaq kimi keyfiyyətlər tərbiyə edir.

 

Mənfur düşmənlə ölüm-dirim savaşında I və II Qarabağ müharibəsində Vətən uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunlardan İlqar İsmayilov, Əliyar Əliyev (Azərbaycanın Milli Qəhrəmanları), Afaq Həsənov, Arif Məmmədov, Mais Hacıyev, Eldar Əsədov, Səməd Fərzəliyev, Rafiq İsmayılov, Məhərrəm Cəbrayılov, Ərəstun Bəylərov, Mirzə Abbasov, Şakir Abbasov, Eldost Hüseynov, Fərid Məmmədov, Telman Ələkbərov, Muxtar Qasımlı, İqbal Aslanlı, Ürfan Orucov, Rəşad Babayev, Vüqar Vəliyev, Siyavuş Muradov, Pərvin Əlizadə, Ramil Yusifzadə, Nəriman Əlizadə, Ramid Əliyev və başqaları kimi igid və cəsur tələbə və məzunlarımızın şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunələrinin ön plana keçməsi hərbi vətənpərvərlik tərbiyəsi işində mühüm rol oynayır.

Azərbaycanın yaradıcı gənclərinin əsas ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idmançı gəncləri də bu dövrdə fəal iştirak etdilər. ADBTİA-nın əməkdaşları, tələbələri və məzunlarından 50-dən çox insan İkinci Qarabağ Vətən müharibəsində düşmənə qarşı üz-üzə vuruşdu, dövlətimizin ərazi bütövlüyünün bərpası üçün canını, qanını əsirgəmədi. Onlardan 13 nəfəri 44 günlük İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olub, 11 nəfər yaralanıb və müharibə əlilı olublar. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunları İkinci Qarabağ müharibəsində misilsiz rəşadət göstərdilər.

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 29 dekabr 2020-ci il tarixli Elmi Şurasının qərarına əsasən İkinci Qarabağ müharibəsində şəhid olmuş 13 nəfər məzunun - Məmmədov Fərid Vəlhad oğlu, Ələkbərov Telman İnqilab oğlu, Babayev Rəşad Ağabəy oğlu, Əlizadə Nəriman Nurəhməd oğlu, Astanlı İqbal İlqar oğlu, Vəliyev Vüqar Emin oğlu, Qasımlı Muxtar Əli oğlu, Orucov Ürfan Firdovsi oğlu, Əlizadə Pərvin Vüqar oğlu, Yusifzadə Ramil Adəm oğlu, Muradov Siyavuş Akif oğlu, Hüseynov Eldost Asəf oğlu, Əliyev Ramid Kamil oğlunun adlarına fəxri təqaüd təsis olunmuşdur. Şəhid məzunların adları akademiyanın tədris otaqlarına verilmiş, girişdə lövhələr vurulmuş və guşələr yaradılmışdır.

 

 

Vətən müharibəsi

iştirakçıları keçdikləri

şərəfli döyüş yolundan

danışırlar

 

ADBTİA-nın tələbələri də arxa cəbhə əsgərləri kimi öz sahələrində ordumuza, xalqımıza dəstək olmaq üçün müxtəlif tədbirlər keçirdilər, bu savaşa öz töhfələrini verdilər. Akademiyada onlayn keçirilən görüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun döyüş meydanında qazandığı tarixi qələbədən, xalqımızın birliyi və şücaətindən bəhs edilir, Vətən müharibəsi iştirakçılarının keçdikləri şərəfli döyüş yolundan danışılır, həmçinin tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılırdı. Görüşlərin keçirilməsində məqsəd Vətən müharibəsində qazanılan tarixi qələbə barədə tələbələri məlumatlandırmaq, qəhrəmanlarımızı, şəhidləri böyüməkdə olan gənc nəslə yaxından tanıtmaq, akademiyada vətənpərvərlik hissini aşılamaqdan ibarətdir. Ali Baş Komandana, Azərbaycan ordusuna sonsuz inamını göstərmək, əsgərlərimizə və xalqımıza ruh yüksəkliyi bəxş etmək üçün akademiyanın tələbələri 44 günlük Vətən müharibəsi dövründə pandemiyakarantin rejiminin məhdudiyyətlərinə baxmayaraq, böyük ruh yüksəkliyi ilə vətənpərvərlik nümunəsi göstərdilər.

İlk gündən hamı bacardığı qədər əsgərlərimizə yardım etməyə can atırdı. Bu həlledici günlərdə ADBTİA da ön cəbhəyə dəstək oldu. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 50 min manat məbləğində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürmüşdür.

 

Ordumuza dəstək məqsədilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən oktyabrın 5-də ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan "Mitsubishi Pick-up L200” avtomobili təqdim olunub. Həmçinin akademiyanın, inzibati heyət və tələbələri döyüş bölgəsindəki əsgərlərimizə dəstək məqsədilə ürək sözlərini əks etdirən əsgərə məktublar yazaraq, akademiya tərəfindən hazırlanan hədiyyə paketlərinə əlavə edərək cəbhə bölgəsinə göndərirdilər.

 

Olimpiya dünyası.- 2021.- 13-19 aprel.- S.5.