Elvin Hidayətzadə: “Dəfələrlə
mühasirəyə düşsək də, döyüşçü
ruhumuz bir an belə sarsılmadı”
Kitablara sığmayan qəhrəmanlıq ənənələri ilə zəngin olan Azərbaycan əsrlərə söykənən qədim tarixə sahibdir. Ölkəmizin mərd oğulları XXI əsrdə də qəhrəman əcdadlarının davamçıları olduqlarını sübut etdilər. Qəhrəman hərbçilərimiz illər sonra 44 gün müddətində Xarı bülbül qoxulu Qarabağımızı düşməndən azad edərək, ona yeni nəfəs verdilər.
Müharibə başlayan ilk gündən müharibə iştirakçılarını diqqətdən kənarda qoymayan "Olimpiya dünyası” qəzeti yenə də ənənəsinə sadiq qalır. Qəzetimizin "Vətən müharibəsinin idmançı qəhrəmanları” rubrikasının bu dəfəki qonağı "Ekspress Baku” voleybol klubunun idmançısı Elvin Hidayətzadədir.
Qəhrəmanımız 1998-ci il yanvarın 2-də Masallı şəhərində anadan olub. 2004-2015-ci illərdə İsfəndiyar Zülalov adına Masallı şəhər 5 saylı orta məktəbində təhsil alıb. Həmçinin o, Masallı rayonu musiqi məktəbində 7 illik fortepiano təhsilinə də yiyələnib. İdmançımız 2019-cu ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Bakıda keçən Elvin, 2020-ci il iyul ayında xidmətini şərəflə başa vurub.
Lakin tale elə gətirdi ki, Elvin tezliklə yenidən ordu sıralarına qoşulmalı olub. Torpaqlarımızın azadlığı uğrunda canından keçməyə belə hazır olan idmançımız döyüşlərdə ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlib. Cəsur döyüşçümüz müharibədən sonra "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Bu yaxınlarda Elvinlə redaksiyamızda görüşüb, müharibə xatirələri, dəfələrlə mühasirəyə düşməsi və ümumilikdə voleybol karyerası haqda danışdıq.
"Hər an həyatla
vidalaşa bilərdik”
- Elvin, söhbətimizə müharibəyə
yollanmağından başlayaq.
Həmin
anları necə xatırlayırsan?
- Sentyabrın 21-də təlimlərimiz
başladı və
biz Ağcabədiyə yola
düşdük. Bir müddət
orada təlim keçdikdən sonra Füzuliyə doğru istiqamətləndik. Sentyabrın 26-da isə Lələtəpə
yüksəkliyində məskunlaşdıq.
Qəhrəman hərbçilərimizin şücayəti sayəsində
Füzuli rayonu düşməndən azad
edildi. Noyabrın əvvəllərdində isə artıq Xocavəndə doğru yol aldıq. İşğal olunan ərazilərimizə
getmək, həmin yerləri görmək hər zaman arzum olub. Çox sevinirəm ki, bu arzum ürəyimdə
qalmadı və Qarabağa getmək mənə də qismət oldu.
- Müharibədə təhlükəli
anlarla yəqin ki, çox rastlaşmısan?
- Əraziləri tam dəqiq
tanımadığımız üçün, bir neçə dəfə mühasirəyə düşdük. Yadıma gəlir
ki, duman səbəbindən səhv
yolda olduğumuzu anladıq. Lakin artıq çox
gec idi. Düşmənlə demək olar
ki, 150-200 metr məsafəmiz vardı.
Biz mühasirəyə düşdüyümüzü anladığımız anda
ermənilər olduğumuz
yeri atəşə tutdu. Hər birimiz minamyotlardan
və güllələrdən
qorunmaq üçün
yerə uzandıq.
Geriyə qayıtmaq üçün
uzun müddət minamyotların atəşinin
kəsilməsini gözlədik.
Bir müddət sonra atəş səsləri kəsildi və ehtiyatla ayağa qalxmağa başladıq.
Amma düşmən bizim tərəfdə hərəkət
gördüyü anda
yenidən müxtəlif
silahlarla atəş açmağa başladı.
Onlar bizi rahatlıqla görürdü. Biz isə hündürlüyün
və hava şəraitinin dumanlı
olması səbəbindən
onları görməkdə
çətinlik çəkirdik.
Atəşin dayanmayacağını anlayıb, sürünərək
əvvəlki ərazimizi
tapmağa nail olduq.
Dəfələrlə mühasirəyə
düşsək də,
döyüşçü ruhumuz bir an
belə sarsılmadı.
Tezliklə ordumuzun səyi
nəticəsində həmin
ərazi düşməndən
azad olundu.
- Mühasirədə olduğun
anlarda düşüncələrin
sənə nə deyirdi?
- Təsəvvür edin ki, açıq ərazidə başımızı
tutub yerdə uzanmışıq və hər an atəş açılaçağını bilirik. Düşmən
top atəşi endirəndə
onun səsini eşidir, hara düşəcəyini fikirləşirdik.
Yəni əlimizdən sadəcə,
uzanıb, atəşin
bizə çatıb-çatmayacağını
gözləmək gəlirdi.
Sözün əsl mənasında,
ölümlə üz-üzə
dayanmışdıq. Yəni hər an həyatla vidalaşa bilərdik.
Noyabrın 8-i dəhşətli günlərdən
biri kimi yaddaşımda qalacaq. Müharibənin bitməsinə bir gün qalmış mühasirəyə düşdük.
Ermənilər bizi dayanmadan
minamyotlarla atəşə
tuturdu. Təəssüf ki, həmin
vaxt 2 hərbçimiz
ölümün pəncəsindən
qurtula bilmədi.
Onlardan biri 3 ay komada qaldıqdan sonra şəhidlik zirvəsinə
ucaldı.
"Dostumun
sağ qalmasını istəyirdim ...”
- Müharibə insanları
bir-birinə yaxınlaşdırır.
Sən necə, döyüşlərdə özünə
yaxın dost qazana bildinmi?
- Əlbəttə. Müharibə mənə çox yaxın dostlar qazandırdı. Lakin elə qazandırdığı kimi də, tez bir zamanda əlimdən alırdı. Ən yaxın münasibətdə olduğum əsgər yoldaşım, Zaqataladan olan 20 yaşlı Alim Məhəmmədov idi. Oktyabrın 26-da qızğın döyüşlərdən sonra təxminən 30 nəfərə yaxın hərbçimiz ilə birgə dincəlmək üçün bir yer seçdik. Hər zaman bir yerdə döyüşməyimizə, bir yerdə dincəlməyimizə baxmayaraq, nədənsə, bu dəfə bir-birimizdən ayrı düşdük. Çox keçmədi ki, olduğumuz əraziyə top mərmisi düşdü. Elə həmin an özümü itirmiş halda Alimi səsləməyə başladım. Hər zaman səsimə səs verən döyüşçü dostum, bu dəfə mənə cavab vermirdi. Səssizlikdən narahat olub, dərhal onu axtarmağa başladım. Bir neçə addım irəliləmişdim ki, Alimin dəhşətli bir vəziyyətdə yerdə uzandığını, digər hərbçi yoldaşlarımızın onun ətrafında olduğunu gördüm. Onun ayağının bir hissəsi tamamilə yox idi. Alimə yaxınlaşıb, səslənsəm də, artıq heç kimi tanımırdı. Dostumun sağ qalmasını istəyirdim, lakin gördüklərim bunun əksini sübut edirdi və dostum şəhid oldu. Bu, məni həqiqətən də çox sarsıtmışdı. Yaşadığım hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Alimlə biri-birimizə söz vermişdik ki, müharibə bitəndən sonra onunla birlikdə sağ-salamat evə qalib kimi qayıdacağıq. Lakin təəssüf ki, Alim şəhid oldu və xəyallarımız yarımçıq, arzularımız isə ürəyimizdə qaldı. Mən Alimə və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Döyüşlərdə yaralanan hərbçilərimizə isə tezliklə şəfa tapmalarını arzu edirəm.
- Döyüşlərdə yaralanan əsgərlərimizi tibb məntəqəsinə necə çatdırırdınız?
- Gördüklərimə baxmayaraq, bütün gücümü toplayıb hərbçi yoldaşlarımla yaralı əsgərlərimizə yadım etməyə çalışırdıq. Düşmənin tank əleyhinə olan toplardan atəş açması nəticəsində əsgər yoldaşlarımız şəhid olurdular. Yaralı əsgərlərimizi bir-bir çiynlərimizə alaraq, təxminən 4-5 kilometr geriyə təcili tibbi yardım maşınlarına aparırdıq. Hətta yolda tibb maşınına çatmamış şəhid olan hərbçilər də olurdu. Hadisə baş verdiyi yerdə şəhidlərimizin nəşinin qalmamasına çalışırdıq. Komandirimizin dediyi - "onları orada tərk etsək, ruhları bizi bağışlamayacaq” - sözləri heç vaxt xatirəmdən silinməyəcək. Bəzən növbəti gün həmin yerə qayıdaraq, şəhidlərimizin nəşini götürürdük.
- Yaddaşından heç vaxt silinməyəcək Vətən müharibəsindən xatirə olaraq özün üçün nə saxlayırsan?
- Müharibədən yadigar olaraq dostum Alimin mənə verdiyi gilizi saxlayırdım. Evə qayıtdıqdan sonra belə gilizi üzərimdə gəzdirirdim. Lakin hər dəfə ona baxanda Alimlə bağlı xatirələrim gözümün önündə canlanırdı. Bu isə mənə çox ağır təsir edirdi. Sanki üzərimdə böyük bir yük daşıyırdım. Buna görə də onu saxlamaq üçün anama verdim. Çünki mən Alimin verdiyi gilizi saxlamağı deyil, bir yerdə keçirdiyimiz çətin, lakin bir o qədər də qürurlu və şərəfli günlərimizi onunla birgə yad etməyi istəyirdim.
- Qələbə xəbərini necə eşitdin?
- Noyabrın 9-da təxminən axşam saat 10 radələrində qrupumuza qoşulmaq üçün maşınla Xocavənd istiqamətinə irəliləyirdik. Düşmənin bizi görməməsi üçün isə avtomobilin işıqlarını söndürmüşdük. Bir qədər irəlilədikdən sonra həm ön, həm də arxa tərəfdən maşınlarımızın top atəşinə məruz qaldığını gördük. Bu hadisə nəticəsində bir hərbçi yoldaşımız şəhid oldu. Müharibənin bitməsinə saatlar qalmış belə bir hadisə ilə rastlaşmağımız çox təsiredici idi. Həmin hadisədən bir neçə saat sonra isə müharibənin bitməsi ilə bağlı məlumat verildi. Bu xəbərə sevinsək də ürəyimdə bir kədər var idi. Çünki günlərdir çiyin-çiyinə vuruşduğumuz yoldaşlarımızın hamısı bizimlə birgə bu zəfəri qeyd edə bilmədilər. Onların anaları oğulsuz, ailələri başsız, övladları isə atasız qaldı.
- Qalib ordunun, qalib əsgəri kimi evə qayıtmaq necə bir hissdir?
- Bu, həqiqətən də çox qürurvericidir. İllərdir düşmən tapdağında olan torpaqların azad olunmasında əməyimin
olması, xalqımızın
sevincini görmək çox gözəl bir duyğudur. Evə qayıdanda döyüşdüyümüz
yerlərdən keçirdik.
Həmin
yollara baxanda qarışıq hisslər
yaşayırdım. Bir neçə
gün əvvəl mühasirədə olduğumuz,
minamyotların başımızın
üzərindən keçdiyi
bu yolları indi qalib kimi
geri qayıdırdım.
Düzünü desəm, böyük
bir təntənə ilə rastlaşacağımı
düşünmürdüm. Amma ailəmdən əlavə
qohumlar, qonşular, hətta kənd sakinləri də məni qarşılamağa
gəlmişdilər.
Olimpiya dünyası.- 2021.- 13-19
aprel.- S.4.