“Olimpiya dünyası” –
idmanımızın aynası
Milli Olimpiya Komitəsinin rəsmi mətbuat
orqanı olan "Olimpiya dünyası” qəzetinin ilk sayı
2001-ci il noyabrın 27-də işıq
üzü görüb. İlk gündən
"Olimpiya dünyası” ölkə idmanının, Olimpiya
hərəkatının və Olimpiya ideallarının təbliğini
özünün başlıca vəzifəsi hesab edir. İdman mətbuatı ailəsində özünəməxsus
mövqeyi olan "Olimpiya dünyası” qəzeti bu illər ərzində
sevilən nəşrlərdən birinə çevrilib.
Ötən müddət ərzində qəzet öz səhifələrində
dünyada və ölkədə baş verən mühüm
idman hadisələrini, yeniliklərini müntəzəm və
operativ işıqlandırmaqla artıq 20 ildir ki, atletlərimizin
çıxış etdikləri yarışlar, onların əldə
etdikləri uğurlar barəsində operativ xəbərlərlə
oxucuların görüşünə gəlir.
Şübhəsiz ki, idmanın və Olimpiya Hərəkatının
inkişafının, kütləviləşməsinin təbliği
sahəsində idman mətbuatının rolu
danılmazdır. Hər hansı sahədə əldə
edilən uğur təbliğat işinin keyfiyyətindən və
səviyyəsindən də asılıdır. Geniş auditoriya kütləsi toplamaq
üçün, ilk növbədə, oxucu zövqünü
və tələbatını təmin etmək
lazımdır. Müasir oxucu
çoxsaylı informasiya ilə yanaşı, ölkə
idmanındakı yenilikləri də daim izləmək istəyir.
Bu baxımdan, qəzetin əsas məqsədi
ölkədə Olimpiya hərəkatının genişlənməsi,
idmanın inkişafı sahəsində həyata keçirilən
tədbirlər barədə operativ məlumatlar vermək,
idmansevərləri, idmançıları və idman mütəxəssislərini
lazımi informasiya ilə təmin etməkdir. "Olimpiya dünyası” qəzetini digər idman nəşrlərindən
fərqləndirən başlıca xüsusiyyət onun
bütün idman növlərini eyni səviyyədə diqqətdə
saxlamasıdır.
"Olimpiya
dünyası” fəaliyyət göstərdiyi 20 il ərzində
idman ictimaiyyətinin nümayəndələri ilə
yanaşı, oxucularla da sıx əlaqələr yaratmağa
nail olub. Qəzet oxucuların idman haqqında
biliklərini yoxlamaq və artırmaq məqsədilə
tez-tez maraqlı müsabiqələr və viktorinalar təşkil
edir. Əsas məqsəd ölkəmizdə
idmanın, Olimpiya hərəkatının
inkişafını nəinki Azərbaycanda, hətta ölkəmizin
hüdudlarından kənarda da layiqli səviyyədə təbliğ
etməkdir.
"Olimpiya dünyası”nın səhifələrində
müxtəlif rubrikalar altında dərc olunan yazılar
oxucularda maraq oyadır. Oxucular idman ictimaiyyətinin tanınmış nümayəndələri,
Olimpiya, Avropa və dünya çempionlarının
idmandakı uğurları və şəxsi həyatları
haqqında maraqlı məlumatlarla tanış
olmaq imkanı əldə edirlər. Müxtəlif
mövzuları əhatə edən "Mütəxəssis rəyi”,
"Sənətçi idman, idmançı sənət
haqqında”, "Hesabat kürsüsü” "Sağlamlıq
resepti-idman”, "İdmançı ailəsi”,
"İdmandan kənar”, "İdmançı
menyüsü”, "Ali məktəblərin idman həyatı”,
"İdman klublarında”, "Bölgə idmanı”,
"Küncdən zərbə”, "İdman ulduzları”,
"Gənclər və idman”, "Qadın və idman”,
"Musiqi və idman”, "Unudulmayan əfsanələr”,
"İdmançılar narkomaniyaya qarşı” və
başqa bu kimi rubrikalar oxucular tərəfindən maraqla
qarşılanır.
"Olimpiya
dünyası” qəzetində Afina-2004, Pekin-2008, London-2012,
Rio-2016, Tokio-2020 Yay və bir neçə Qış Olimpiya
Oyunları, Sinqapur-2010, Nankin-2014, Buenos-Ayres-2018 Yeniyetmələrin
Yay Olimpiya Oyunları, Avropa Yeniyetmələrinin Olimpiya
Festivalları, I Avropa Oyunları, II Avropa Oyunları, İslam
Həmrəyliyi Oyunları və bir çox mötəbər
beynəlxalq yarışlardan birbaşa və operativ məlumatlar
verilib. Olimpiya ideallarının, Olimpiya hərəkatının
Azərbaycanda təbliğinə xidmət edən "Olimpiya
dünyası” qəzeti həm ölkə, həm də dünya
idmanının aynasına çevrilib. Bu
möhtəşəm idman tədbirlərində "Olimpiya
dünyası”nın işi digər mətbu
orqanlarının fəaliyyətindən xüsusilə fərqlənib.
Bu yarışlarda tarix yazan
idmançılarımız həyəcanlı anların
yaşandığı idman arenalarında ilk müsahibələrini
məhz "Olimpiya dünyası”na veriblər. Qəzet Olimpiya yığmamızın
dünyanın ən mötəbər yarışlarına
hazırlığından, onların olimpiadada
iştirakından geniş şərhlər hazırlayıb.
Atletlərimizlə Afina, Pekin, London, Rio-de Janeyro, Tokio, Sinqapur,
Nankin, Buenos-Ayres və digər yerlərdə yaradılan
canlı telefon bağlantıları materialların daha
geniş, daha ətraflı və oxunaqlı olmasına zəmin
yaradıb.
İdman və Olimpiya Hərəkatının təbliğində
peşəkarlıq nümayiş etdirən "Olimpiya
dünyası” qəzeti 44 günlük Vətən müharibəsinə
xüsusi yer ayırdı. Qəzetimiz
bütün səhifələrini Vətən müharibəsinə
həsr etdi. Böyük Zəfərdən
sonra da qəzetimiz qələbəyə həsr olunmuş
yazıları davam etdirir. "Şəhidlik
zirvəsinə ucalan idmançılar”, "Vətən
müharibəsinin idmançı qəhrəmanları”
rubrikası altında yazılar qəzetimizin səhifələrində
dərc olunur.
"Olimpiya dünyası”nın fəaliyyəti yüksək
qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı
ilə qəzetimizin iki əməkdaşı "Azərbaycan
Respublikasının əməkdar jurnalisti”, iki əməkdaşı
da "Tərəqqi” medalına layiq görülüb. Qəzet Milli Olimpiya Komitəsinin Ədalətli
Oyunlar Komissiyasının "Ədalətli idman təbliğatçısı”
nominasiyasının qalibi olub. Belə ki,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən
qəzet dəfələrlə "İlin ən yaxşı
idman nəşri” nominasiyasına layiq görülüb.
Qəzetin əməkdaşları da müxtəlif
illərdə "İlin idman jurnalisti” nominasiyasının
qalibi olublar. 2004-cü ildə "Olimpiya
dünyası” qəzetinin baş redaktoru Gənclər,
İdman və Turizm Nazirliyi tərəfindən "İlin ən
yaxşı idman jurnalisti” nominasiyasında birinci olub.
Beynəlxalq
mətbuatın da diqqət mərkəzində olan
"Olimpiya dünyası” İspaniyada "Nüfuz və
keyfiyyətə görə-Aktualidad-XXI” adlı beynəlxalq
mükafata layiq görülüb. İdmanın
təbliği sahəsindəki fəaliyyətinə görə
Beynəlxalq Gimnastika Federasiyasının xüsusi diplomu ilə
təltif edilib.
Qəzet
həm də AFFA, Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan
Voleybol Federasiyası, Azərbaycan Taekvondo Federasiyası, Azərbaycan
Güləş Federasiyası və bir çox digər idman
qurumları tərəfindən dəfələrlə diplom və
mükafatlara layiq görülüb.
"Olimpiya dünyası” qəzeti idmanın təbliği
ilə yanaşı, idman tədbirlərinin, müxtəlif
layihələrin həyata keçirilməsinə xüsusi
önəm verir. İndiyədək qəzet bir sıra
ölkədaxili və beynəlxalq yarışların, mədəniyyət
tədbirlərinin təşkilatçısı olub.
Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri
arasında əməkdaşlıq, yaradıcılıq əlaqələrini
daha da möhkəmləndirmək üçün
"Olimpiya dünyası” və "İdman” qəzetinin təşkilatçılığı
ilə keçirilən "KİV-2003” futzal turnirində
Kütləvi İnformasiya Vasitələrinin 14 komandası
qüvvəsini sınayıb. "Olimpiya dünyası”nın 2004-cü ildə jurnalistlər
arasında ən güclü şahmatçını
aşkar etmək üçün təşkil etdiyi
yarışlar da böyük maraqla qarşılanıb.
"Olimpiya dünyası”nın təşkilatçılığı
ilə bölgələrdə də bir sıra tədbirlər
həyata keçirib. Belə ki, qəzetin Gəncədə təşkil
etdiyi karate-do üzrə "Gəncə kuboku” beynəlxalq
turniri də belə tədbirlərdəndir. 2011-ci il oktyabrın 23-də "Olimpiya
dünyası” qəzetinin təşkilatçılığı
ilə jurnalistlərlə "Neftçi”nin veteran
futbolçuları arasında yoldaşlıq
görüşü də keçirilib.
İdman mövzusunda karikaturalara maraq həmişə
böyük olub. Dünyada idman çox inkişaf etdiyindən
karikatura ustaları dəfələrlə bu mövzuya
müraciət edir, öz ustalıqlarından istifadə edərək
gözəl nümunələr yaradırlar. Ölkəmizdə də karikaturaçılar idman
mövzusuna müraciət edirlər. "Olimpiya
dünyası” qəzeti karikaturaçılarda idman sahəsinə
marağı daha da artırmaq məqsədilə I Bakı
Beynəlxalq Karikatura Müsabiqəsi təşkil edib. Bu müsabiqədə 26 ölkədən 70 rəssam
bacarığını nümayiş etdirib. 2006-cı
ildə qəzetin təşkilatçılığı ilə
keçirilən II Bakı Beynəlxalq Karikatura Müsabiqəsində
isə bütün qitələri təmsil edən 40 ölkədən
163 rəssam 500 karikatura ilə iştirak edib. Qəzetin
"Ən yaxşı idman fotoşəkili” və "Ən
yaxşı idman yazısı” adlı müsabiqələri də
uğurla keçirilib.
Bundan
başqa bu il Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK)
Ədalətli Oyunlar Komissiyasının və "Olimpiya
dünyası” qəzetinin birgə təşkilatçılığı
ilə "İdman və ədalətli oyunlar” mövzusunda rəsm
müsabiqəsi keçirilib. 3-8 və 9-16 yaş qrupları
üzrə keçirilən müsabiqəyə paytaxt və
Naxçıvan MR ilə yanaşı, 42 bölgədən
ümumilikdə 2114 rəsm daxil olub. Onlardan
1560-ı 9-16 yaş qrupu, 554-ü 3-8 yaş qrupu üzrə
olub. Rəsmlər hər yaş qrupuna uyğun
olaraq Azərbaycan Rəssamlar İttifaqını təmsil edən
peşəkar münsiflər heyəti tərəfindən
qiymətləndirilib.
"Olimpiya dünyası” qəzeti 2006-cı ildən
başlayaraq Yetkinlik Yaşına Çatmayanların Tərbiyə
Müəssisəsində idman tədbirləri təşkil
edib. Burada stolüstü tennis üzrə yarış təşkil
olunmuş və bu yarışın qaliblərinə MOK tərəfindən
diplomlar və idman kostyumları verilmişdir. Növbəti
tədbir 2007-ci il martın 5-də
"Olimpiya dünyası” ilə Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı ilə 4
saylı Cəzaçəkmə Müəssisəsində təşkil
edilib. 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində
belə bir tədbirin keçirilməsində əsas məqsəd
azadlıqdan məhrumetmə ilə bağlı
yaranmış gərginliyi aradan qaldırmaq, məhbusların
psixoloji durumunu sabit saxlamaq və onların asudə
vaxtının maraqlı və səmərəli təşkilinə
kömək göstərmək idi. Cəzaçəkmə
Müəssisəsində voleybol üzrə yarış
keçirilmiş, bu yarışlara tanınmış
voleybolçu Alla Həsənova hakimlik etmiş, qaliblərə
və cəzaçəkmə müəssisəsindəki
qadınlara hədiyyələr təqdim olunmuşdur.
Belə tədbirlər zamanı Olimpiya, dünya və Avropa
çempionları ilə məhbusların
görüşü keçirilmiş, Milli Olimpiya Komitəsi
tərəfindən Penitensiar Xidmətin Cəzaçəkmə
Müəssisələrinin kitabxanalarına MOK-un nəşrlərindən
nümunələr və idman zallarına müxtəlif idman
avadanlıqları verilmişdir.
Qəzetimizin
yubileyi ilə bağlı bu il noyabrın 3-də MOK-un Azərbaycan
Mətbuat Şurasının (MŞ) təşkilatçılığı
ilə Mətbuat Şurasında "Olimpiya dünyası” qəzetinin
20 ilik yubileyinə həsr olunmuş "Narkomaniyaya qarşı
mübarizədə media və idmanın rolu” mövzusunda tədbir
keçirilib. Tədbirdə iştirak edən
dünya, Avropa və Olimpiya çempionları və digər
qonaqlar gənclərin narkomaniya və zərərli vərdişlərdən
qorunması, sağlam həyat tərzinə yönəlməsi
ilə bağlı fikirlərini bildiriblər. Qeyd edək ki, qəzetimizin səhifələrində
"İdmançılar narkomaniyaya qarşı” rubrikası
altında oxucularımıza müntəzəm olaraq
maraqlı yazılar təqdim olunur.
"Olimpiya dünyası” qəzetinin 20 il ərzindəki
ən böyük uğurlarından biri də, ölkədə
idman jurnalistlərinin yetişməsi sahəsində fəaliyyət
göstərməsidir. Belə ki, ali təhsil
ocaqlarının jurnalistika və digər fakültələrində
təhsil alan, idmana maraq göstərən və bu sahənin
təbliği ilə məşğul olmaq istəyən
prespektivli gənclər redaksiyaya işə dəvət olunurlar.
Ötən illər ərzində "Olimpiya
dünyası”nda 40 nəfərə yaxın gənc idman
jurnalisti yetişib. Onlar ali məktəblərdə
təhsillərini davam etdirməklə yanaşı, həm də
idman jurnalistikasının sirlərinə yiyələnib və
təcrübə əldə ediblər. Hazırda
onlar ölkəmizin müxtəlif KİV-lərində idman
jurnalisti kimi çalışırlar. Bu təcrübə
indi də davam edir. İdman sahəsini
yaxşı bilən, yaradıcı və zəngin təcrübəyə
malik idman jurnalistlərinin yetişməsi üçün qəzetin
kollektivi öz səy və bacarığını əsirgəmir.
Azərbaycanda
idmana dövlət səviyyəsində göstərilən
diqqət və qayğının nəticəsi olaraq, ölkədə
idmanın inkişafını, Olimpiya Hərəkatının
genişlənməsini, maddi-texniki bazanın sürətlə
möhkəmlənməsini, atletlərimizin beynəlxalq səviyyəli
uğurlarını daim diqqət mərkəzində saxlayan və
təbliğ edən "Olimpiya dünyası” əvvələr
həftədə iki dəfə rəngli formatda 6000 tirajla
çap edilirdi. Hazırda qəzet həftədə
bir dəfə 4100 tirajla çap edilir və geniş oxucu
kütləsinə malikdir. "Olimpiya
dünyası” qəzeti hazırda həftəlik qəzet kimi
fəliyyət göstərsə də, 2016-cı ilin oktyabr
ayından həm də gündəlik çıxır.
Belə ki, onlayn formatda da gündəlik olaraq
oxucuların görüşünə gəlir
(olimpiyadunyasi.com).
Böyük məsuliyyət tələb edən qəzet
işi kollektiv əməyin məhsuludur. Redaksiyada
idmana və jurnalistikaya qəlbən bağlı mehriban və
işgüzar yaradıcı kollektiv formalaşıb.
Uğurlu fəaliyyətimiz bu gün də
davam edir. Hesab edirik ki, Azərbaycan idmanı və Olimpiya Hərəkatı
inkişaf etdikcə, idmançılarımızın nailiyyətləri
artdıqca, qəzetimiz də qələbə xəbərlərini
çoxsaylı oxucularımıza çatdıracaq.
Olimpiya dünyası.- 2021.- 30
noyabr-6 dekabr.- S.3-4.