Vətən müharibəsinin qazisi:
“Ölümü
bir neçə saniyə
qabaqlayıb, sağ qaldım”
Vətən müharibəsinin
idmançı qəhrəmanları
Azərbaycan
xalqı dözümlülüyü, mərdliyi və şərəfi
ilə hər zaman seçilib. Vətəninin hər
bir qarışı üçün gözünü belə
qırpmadan canını verən, xalqının mənəvi
azadlığı uğrunda hər an döyüşə
hazır olan vətənpərvər igidlərin yurdunda
yaşamaq hər birimiz üçün qürurvericidir.
Məhz belə qəhrəman oğullarımız sayəsində,
doğma Qarabağımız düşməndən azad
edildi. "Olimpiya dünyası” qəzeti olaraq, bu
yazımızda oxucularımızı Vətən müharibəsində
şücaətlə vuruşub yaralanan igidlərimizdən
biri ilə tanış edəcəyik. Qəhrəmanımız
"N” saylı hərbi hissənin əsgəri Elbrus Qəhrəmanlıdır.
Elbrus 1997-ci il
sentyabrın 3-də Bakı şəhərində dünyaya
gəlib. Məktəb illərində hər zaman fəallığı
ilə seçilən qazimiz, idmana da maraq göstərib. O,
bir müddət idmanın sərbəst güləş
növü ilə məşğul olub. 2014-cü ildə 87
saylı orta məktəbi bitirən Elbrus, 2015-ci ilin oktyabr
ayında hərbi xidmətə yollanıb. Qazimiz 2017-ci ilin
aprel ayında xidmətini şərəflə başa vuraraq,
evinə qayıdıb. Lakin tale elə gətirir ki, Elbrus yenidən
hərbi formanı geyinməli olur. İkinci Qarabağ
Müharibəsinin qazisi ilə olan müsahibəmizi
oxucularımıza təqdim edirik.
-Vətən
müharibəsinin başlanması xəbərini eşidəndə
hansı hissləri keçirdiniz?
- Əslində bu xəbər bizim üçün gözlənilməz olmadı. Çünki hər birimiz bilirdik ki, doğma torpaqlarımız əvvəl-axır ya sülh, ya da müharibə yolu ilə azad olunacaq. Ona görə də, bu xəbəri sevinclə qarşıladım. Aprel döyüşlərinin iştirakçısı olduğum üçün mənə də tezliklə çağırış gələcəyini gözləyirdim. Nəhayət, sentyabrın 30-da çağırış gəldi və böyük şərəflə vətənimin köməyinə getdim.
- Hansı ərazilərin
azad olunması əməliyyatlarında iştirak etdiniz?
- Əvvəlcə Füzuli istiqamətində irəlilədik. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. İllərin torpaq həsrəti, düşmənə olan nifrət hissi bizə əlavə güc, qüvvət verirdi. Elə bu güclə Füzulinin düşmən tapdağından azad edilməsi əməliyyatında iştirak etdik. Daha sonra Hadrut tərəfə istiqamətləndik. Bir yumruq olub düşməni məhv edərək, üçrəngli bayrağımızı Hadrutda dalğalandırdıq. Azad etdiyimiz hər bir qarış torpaq bizdə böyük qürur və fəxr hissi yaradırdı. Hadrutdan sonra Cəbrayıl və Xocavənd istiqamətində yola düşdük. Ordumuz burada da öz gücünü göstərdi və həmin əraziləri düşməndən təmizlədi. Növbəti məqsədimiz isə Qarabağın incisi olan Şuşada bayrağımızın dalğalanması idi. Çox təəssüf ki, noyabrın 3-də Şuşakənd deyilən ərazidə yaralandım. Bizim briqadanın əsas məqsədlərindən biri də Laçın dəhlizini ələ keçirmək, düşmənə silah və qidanın gəlişinin qarşısını almaq idi. Təbii ki, bunu ən yüksək səviyyədə yerinə yetirdik və düşməni hər tərəfdən məhv olunmasına nail olduq.
- Yaralanma
anını necə xatırlayırsınız?
- Şuşanın yaxınlığında yerləşən Şuşakənd deyilən ərazidə olan yüksəkliyə qalxdıq. Təxminən 20 dəqiqə sonra düşmən müxtəlif istiqamətdən bizə atəş açmağa başladı. Qarşımızda düşmənin 3, arxa tərəfdə isə 2 tankı var idi. Düşmən müxtəlif silahlarla bizə hər bir yandan atəş açırdı. Elə həmin an mühasirəyə düşdüyümüzü anladıq. Hətta səngərə irəlilədiyim vaxtda düşmən atəşinə məruz qaldım. Lakin atılan güllələrin heç birinin mənə dəyməməsi həqiqətən də, bir möcüzə oldu. Hətta səngərə keçmək istədiyim vaxt oraya qumbaranın düşdüyünü gördüm. Ölümü bir neçə saniyə qabaqlayıb, sağ qaldım. Döyüşə başladığımız andan təxminən bir saat sonra isə yaralandım. Belə ki, avtomatın darağını dolduran zaman dizimə güllə dəydiyini hiss etdim. Əlimi dizimə vurdum və əvvəlcə güllənin ayağıma dəyib keçdiyini düşündüm. Etiraf edim ki, həmin an heç kim ayağını, qolunu, ümumiyyətlə, özünü düşünmürdü. Hər birimizin məqsədi düşməni məhv etmək və həmin yüksəkiliyi ələ keçirmək idi. Buna görə də, dizimə dəyən gülləyə əhəmiyyət verməyib yenə də döyüşməyə davam etdim. Həmin anda isə daha bir düşmən gülləsinin başımdakı dəbilqəyə dəyərək havaya qalxdığını hiss etdim. Bir neçə dəqiqə sonra isə bizimlə yüksəkliyə qalxan həkim dizimi müayinə etdi və düşmən gülləsinin sol dizimdə qaldığını bildirdi. Ayaq üstə dayanmaqda çətinlik çəkirdim. Biz oradan təxliyyə olunanda artıq səhər açılırdı.
- Bəs həkimlər
hazırki vəziyyətinizlə bağlı nə deyirlər?
- Güllə sol diz qapağımın altında, baldır sümüyümdə qaldığı üçün ayağımı rahat şəkildə yerə basmaqda və açıb-bağlamaqda çətinlik çəkirəm. Əməliyyatın fəsadları çox olacağı üçün həkimlər bir qədər ehtiyat edirlər. Ümumi reabilitasiya müddətinin təxminən 2 ay olacağını deyirlər. Hələ ki, müəyyən vaxtdan bir müayinə üçün xəstəxanaya gedirəm. Bir sözlə, yaralandığım gündən bu günə qədər düşmən gülləsini dizimdə gəzdirirəm. Bundan əlavə bir az yaddaşımla əlaqədar problemlər yaşayıram. Buna səbəb isə yaxınlığımda baş verən mərmi partlayışlarıdır..
- Yaralanma xəbərini
ailə üzvlərinizə kim verdi?
- Yaralanma xəbərimi ailəmə özüm çatdırdım. Hadrut istiqamətində yaralı əsgərlərin təxliyəsi üçün hospital var idi. Məni ilk olaraq oraya gətirdilər, ilkin yardım göstərdilər. Daha sonra Füzuliyə aparacaqlarını bildirdilər. Ümumiyyətlə, qeyd edim ki, istər həkimlər, istərsə də tibb bacıları bizə böyük səbr və qayğı ilə xidmət edirdilər. Noyabrın 4-də axşam saatlarında atama zəng edib yaralandığımı və Füzuliyə göndəriləcəyimi dedim. Noyabrın 5-də Füzulidəki hospitalda qaldım. Daha sonra Şirvan şəhərinə və sonda Bakıya göndərildim.
- Ümumiyyətlə,
döyüşçü ruhu vacib amillərdən biridir.
Maraqlıdır, Siz bunu necə qiymətləndirirsiniz?
- Bilirsiniz, döyüşmək üçün insanda güc və ruh-yüksəkliyi olmalıdır. Erməni əsgərində bu amillərin heç biri olmadığı üçün ən güclü silah belə onları əsl döyüşçü edə bilməz. Düşmənin dəfələrlə postlarını tərk edib, qaçdıqları olub. Hər bir insanda fiziki gücdən əlavə insani hisslərinin də olması vacibdir. Ən çətin anlarda belə əsgərlərimiz yoldaşlarını tərk etmədilər. Əsgərlərimiz çiynində yaralı döyüş yoldaşı olduğu halda, döyüşməyə davam edirdilər. Lakin ermənilər heç vaxt yaralı əsgər yoldaşlarını döyüş meydanından çiynində aparmayıblar. Hər biri yalnız özünü düşünüb, canını qurtarmaq fikrində olurdu.
- Müharibədə
iştirak etdiyiniz müddətdə elə an oldumu ki, bir daha
ailə üzvlərinizi görməyəcəyinizi
düşündünüz?
-
Düzünü desəm, yaralanandan sonra həmin hissləri
keçirdim. Çünki
döyüşün qızğın anında hospitala gedə
bilməyəcəyimi anladım. Beləliklə,
axşam saat 10-dan səhərə qədər qan itirərək,
qaldım. Bir sözlə, sağ
qalmağım möcüzə oldu. Düşmənin
texnikası məhv ediləndən sonra buradan sağ
çıxa biləcəyimizə ümid yarandı. Mənim oradan enməyimə hərbçi
yoldaşlardan biri kömək etdi. Düzdür,
həmin anda da düşmənlər bizə həm snayper, həm
də digər silahlardan atəş açırdılar,
güllələr tam başımızın üstündən
keçirdi. Buna görə də, tez bir
zamanda oradan enməli idik. Mənə kömək edən
əsgər yoldaşım Elşən Babayevə: "Məni
burada buraxıb gedə bilərsən” - dedim. Çünki
mənə kömək etdiyinə görə, o,
yavaş-yavaş irəliləyirdi. Lakin o,
təkidlərimə baxmayaraq, məni tək buraxmadı.
Bir sözlə, deyə bilərəm ki, həyatda
sağ qalmağımı ona borcluyam. Həqiqətən,
qürurvericidir ki, düşmən gülləsinə
baxmayaraq, heç kəs yanındakı yoldaşını
döyüş meydanında tərk etmədi. Həmin an azərbaycanlı olmağın nə demək
olduğunu bir daha dərk etdim.
- İstərdik bir qədər
də həmin yüksəkliyə necə
qalxmağınız barədə danışasınız.
- Yüksəkliyə
yalnız piyada qalxmaq mümkün idi. Soyuğa
və şaxtaya məhəl qoymadan irəliləyirdik. Çünki bizim bir məqsədimiz var idi, strateji
yüksəkliyi ələ keçirmək və vəziyyətə
nəzarət etmək. Həmin əraziyə
heç bir texnikanı qaldırmaq mümkün
olmadığı üçün biz özümüzlə
yalnız qumbara və əl silahları götürdük.
Hər birimizin gözünü sanki qan
bürümüşdü və ən qısa müddətdə
30 ilin heyfini çıxıb, torpaqlarımıza yeni nəfəs
vermək istəyirdik.
- Düşmənin həmin ərazidə
tank və digər texnikalarının sizi gözlədiyini
bilirdiniz. Yalnız əl silahları ilə
hücuma keçmək sizi qorxutmurdu?
- Əlbəttə ki, hər birimiz insanıq və hər
kəsdə olduğu kimi, bizdə də narahatlıq hissi var
idi. Bu da düşmənimizi
tanıdığımız və onlardan hər bir hiyləgərlik
gözləməyimizdən irəli gəlirdi. Hündürlüyə qalxanda ermənilərin orada
olmadığını gördük. Əvvəlcə
buna çox təəccübləndik. Yavaş-yavaş
orada yerləşməyə başladıq. Lakin təxminən 20 dəqiqədən sonra
düşmən hücuma keçdi. Onlar
bizi tələyə salmaq üçün bir müddət
yüksəklikdən kənara çəkilmişdilər.
Lakin nə qədər texnikasız, əl
silahları ilə döyüşə getsək də,
düşməni darmadağın etdik. Düzdür,
müharibədə silah, tank və digər texnikaların
olması çox önəmlidir. Amma ən
əsası əsgərlər arasında birlik, yüksək əhval-ruhiyyə
və haqq yolunda aparılan döyüş
anlayışının olmasıdır.
- İştirakçısı
olduğunuz İkinci Qarabağ müharibəsində Sizi ən
çox sarsıdan hadisə hansı oldu?
- Günlərlə
çiyin-çiyinə döyüşdüyümüz,
çörəyimizi böldüyümüz, biri-birimizi
düşməndən qorumağa
çalışdığımız yoldaşların
yaralanması, şəhid olması bizə çox
ağır təsir edirdi. Bunlardan ən çətin
qəbul edilən isə baş leytenant, tağım
komandirimiz Əvdil Quliyevin şəhidlik zirvəsinə
ucalmasıdır. Belə ki, komandirimiz əsgərlərə
su gətirmək üçün neytral əraziyə
getmişdi. Lakin heç bir qaydaya əməl
etməyən ermənilərin atəşi nəticəsində
Əvdil Quliyev şəhadətə ucaldı. Ona yardım üçün gedən mayorumuz da
amansız düşmənin snayperdən
açdığı atəş nəticəsində
gözündən vurularaq şəhid oldu. Həmin dəqiqələr hər birimiz
üçün çox ağır və
sarsıdıcı idi. Bu hadisədən sonra sözlə
ifadə olunmayacaq hirslə, qəzəblə tez bir zamanda
onların qisasını almağa can atırdıq.
"Yaralanandan sonra atama dedim ki...”
- Düşmən tapdağında
olan torpaqlarımıza uzun illərdən sonra ilk ayaq basan hərbçilərimiz
oldu. Heç düşünürdünüz ki, bu şərəfə
layiq olanlardan biri də Siz olarsınız?
-
Düzünü desəm, işğal olunan
torpaqlarımızın sülh və ya müharibə yolu ilə
gec-tez azad olunacağına inanırdım. Çünki
Qarabağ bizim əzəli torpağımızdır və hər
kəs bilirdi ki, biz vaxt gələcək doğma vətənimizə
qayıdacağıq. Lakin etiraf edim ki, bu
tarixi hadisədə şəxsən iştirak edəcəyimi
düşünmürdüm. Fəxr edirəm
ki, tarixin bir parçası olmaq mənə də qismət
oldu. Bu, həqiqətən də çox
qürurvericidir. Qeyd edim ki, yeniyetmə
vaxtlarımda rayonlara səyahət etməyi çox sevirdim.
Atam həmin vaxtlar mənə Azərbaycanın
Qarabağ kimi gözəl diyarının olduğunu, bir
gün o bölgəyə də səyahət edəcəyimi
demişdi. Yaralanandan sonra atam məni xəstəxanadan
çıxarmağa gələndə, atama dedim ki,
xatırlayırsan, mənə belə sözlər
demişdin. Nəhayət, mənə
Qarabağı görmək qismət oldu.
- Qeyd etdiniz ki, hərbi xidmətdə
olduğunuz vaxt aprel döyüşlərinə təsadüf
edib.
-
Düzdür, aprel döyüşləri hərbi xidmətdə
olduğum vaxt ilə üst-üstə düşdü. Azərbaycan Ordusunun general-mayoru Mais Bərxudarovun rəhbərliyi
altında dörd günlük döyüşlərdə
iştirak etməyim mənim üçün böyük bir
şərəf oldu. Döyüşlərdə
kəşfiyyatçı qismində vuruşurdum. Böyük həyəcan və qürur hissi ilə
strateji yüksəklik olan Lələtəpə yüksəkliyinin
və Cocuq Mərcanlı kəndinin azad edilməsi əməliyyatlarında
iştirak etdim. Bu səbəbdən Vətən
müharibəsində artıq bir qədər təcrübəyə
sahib idim.
- Qələbə xəbərini
hospitalda eşitdiniz. Elə bir şəxs var idimi ki, bu xəbəri
onunla bölüşmək, qeyd etmək istəyirdiniz?
- Bu xəbəri
eşidəndə sözlə ifadə edilməyəcək
sevinc hissi yaşadım. Qələbəni
müharibə vaxtı yaxın olduğum hərbçi
yoldaşlarım Elşən Babayev, Orxan Bədəlov və
Tərlan Qəhrəmanov ilə qeyd etmək istərdim.
Onlardan birinin mənim həyatımı xilas etməsini də
nəzərə alsaq, döyüş yoldaşlarımla bir
can olduq desəm, yanılmaram.
- Qalib ordunun, qalib əsgəri kimi evə
qayıtmaq necə bir hissdir?
- Bu, həqiqətən
də çox qürurvericidir. İllərdir
düşmən tapdağında olan torpaqların azad
olunmasında payımın olması, xalqımızın
sevincinin səbəbi olmaq çox gözəl bir duyğudur.
Lakin nə qədər sevinsək də, bir
gözümuz şəhidlərimiz üçün
ağlayır. Allahdan bütün şəhidlərimizə
rəhmət diləyirəm. Çox heyif
ki, onlar qazandıqları qələbəni görə bilmədilər.
Amma inanıram ki, onların ruhları
şaddır.
- Vətən müharibəsindən
sonra Azərbaycan Respublikasının hərbi
qulluqçuları medallarla təltif olundular. Bildiyimizə
görə təltif olunanlar arasında Sizin
də adınız var.
- Bəli,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
4 medalla təltif edildim. Əvvəlcə,
"Cəsur döyüşçü” medalı ilə
mükafatlandırıldım. Sonra isə "Cəbrayılın
azad olunmasına görə”, "Xocavəndin azad
olunmasına görə” və "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif edildim. Adımı təltif olunanların arasında
görmək mənim üçün sevindirici oldu.
Türkay Niftəliyeva
Olimpiya dünyası.-
2021.- 26 yanvar- 1 fevral.- S.4.