Yaşar Bəşirov: “Vətən müharibəsində 500-ə yaxın karateçimiz fəal şəkildə iştirak etdi

 

 

 

Ölkəmizdə fəaliyyət göstərən idman qurumları, federasiyalar və idmançılar bütün dünyanı bürüyən COVİD-19 pandemiyasından hələ də əziyyət çəkir. Son anda yarışların təxirə salınması, mühüm tədbirlərin ləğv edilməsi federasiyaların və idmançıların planlarını alt-üst etdi. Son illərdə ölkəmizdə inkişaf mərhələsində olanuğurlu nəticələri ilə diqqət çəkən Azərbaycan Milli Karate Federasiyası da bu bəlaya görə müəyyən mənada zərər çəkdi. Bir il ərzində iki mötəbər yarışa ev sahibliyi etmək hüququnu pandemiyaya görə əldən verən federasiya maddi zərərlə üzləşməklə yanaşı, məşqsiz qalan istedadlı idmançılarının ən pik formasını da itirməsi təhlükəsi ilə üzləşdi. Bu yaxınlarda 14 mindən çox karateçi ordusuna başçılıq edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Yaşar Bəşirovla görüşdük. Müsahibimiz pandemiyanın karateyə olan təsirlərindən, qarşıdakı gələcək planlardan və karateçilərimizin Vətən müharibəsindəki iştirakından danışdı. Əməkdar İdman Ustası Yaşar Bəşirovla söhbətimizə elə ilk olaraq İkinci Qarabağ müharibəsində ordumuzun qazandığı parlaq qələbə ilə başladıq. Vətən müharibəsinin ilk günlərindən ordumuza dəstəyini əsirgəməyən federasiya rəhbərliyi, həm də öz idmançılarının müharibədə fəal iştirakı ilə qürur duyur. Yaşar Bəşirovla müsahibəni oxucularımıza təqdim edirik.

Ölkəmizdə fəaliyyət göstərən idman qurumları, federasiyalar və idmançılar bütün dünyanı bürüyən COVİD-19 pandemiyasından hələ də əziyyət çəkir. Son anda yarışların təxirə salınması, mühüm tədbirlərin ləğv edilməsi federasiyaların və idmançıların planlarını alt-üst etdi. Son illərdə ölkəmizdə inkişaf mərhələsində olanuğurlu nəticələri ilə diqqət çəkən Azərbaycan Milli Karate Federasiyası da bu bəlaya görə müəyyən mənada zərər çəkdi. Bir il ərzində iki mötəbər yarışa ev sahibliyi etmək hüququnu pandemiyaya görə əldən verən federasiya maddi zərərlə üzləşməklə yanaşı, məşqsiz qalan istedadlı idmançılarının ən pik formasını da itirməsi təhlükəsi ilə üzləşdi. Bu yaxınlarda 14 mindən çox karateçi ordusuna başçılıq edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Yaşar Bəşirovla görüşdük. Müsahibimiz pandemiyanın karateyə olan təsirlərindən, qarşıdakı gələcək planlardan və karateçilərimizin Vətən müharibəsindəki iştirakından danışdı. Əməkdar İdman Ustası Yaşar Bəşirovla söhbətimizə elə ilk olaraq İkinci Qarabağ müharibəsində ordumuzun qazandığı parlaq qələbə ilə başladıq. Vətən müharibəsinin ilk günlərindən ordumuza dəstəyini əsirgəməyən federasiya rəhbərliyi, həm də öz idmançılarının müharibədə fəal iştirakı ilə qürur duyur. Yaşar Bəşirovla müsahibəni oxucularımıza təqdim edirik.

 

- Yaşar müəllim, Vətən müharibəsində digər federasiyalar kimi, Milli Karate Federasiyasının dəstəyi az olmadı. Mümkünsə federasiyanın İkinci Qarabağ müharibəsində gördüyü işlər barədə məlumat verərdiniz.

 

- Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan bir hərb savaşı oldu. Bu müharibə ilə düşmənə layiqli yerini göstərib, torpaqlarımızı azad etdik. Müharibənin gedişində digər federasiyalar kimi, bizöz növbəmizdə Orduya dəstək məqsədi ilə müəyyən işlər həyata keçirdik.

Bu 44 günlük müharibədə əldə olunan qələbələrdə idmançılarımızın da böyük rolu var. Onların arasında karate ilə hazırda məşğul olan və karyerasını başa vuran idmançılar da kifayət qədər idi. Bir məsələni qeyd edim ki, bu günə qədər orduya və müəyyən güc strukturlarına hazırlıq səviyyəsinə və döyüş qabiliyyətinə görə çoxlu sayda karateçilərimiz qəbul olunub. Elə təsadüfi deyil ki, müxtəlif ölkələrdə dəfələrlə bayrağımızı qaldırıb, himnimizi səsləndirən həmin idmançılar bu dəfə idman arenasında deyil, döyüş meydanında ölkəmizin bütövlüyü uğrunda son damla qanına qədər vuruşdular. Vətən müharibəsində ümumilikdə 500-ə yaxın karateçimiz fəal şəkildə iştirak etdi. Vaxtilə karate ilə məşğul olan idmançılarımız var ki, onların müharibədə iştirakı barədə sonradan xəbər tutduq. Əksəriyyəti bu gün orduda yüksək rütbəli zabitdirlər. Hərbi xidmətdə olan siravi əsgərlərimiz də çoxdur. Müharibədə iştirak edən karateçilərimizin bəziləri Vətən uğrunda şəhid, bəziləri isə qazi oldular.

Müharibədən sağ-salamat geri qayıdan idmançılarımız yenidən ölkəmizi müxtəlif yarışlarda təmsil etməyə hazırlaşırlar. Bu gün yığmamızın üzvlərindən olan bir neçə idmançımız müharibədən qayıtdıqdan sonra məşqlərə başlayıblar. Onların arasında Avropa çempionu, dünya kubokunun qalibi Murad Hacızadəni, eləcə də müharibədə zabit kimi iştirak edən Orxan Heydərlini misal göstərmək olar. Adlarını çəkdiyim hər iki idmançı yığma komandamızın əsas üzvləri sırasında yer alıblar. Biz belə qəhrəman, döyüşkən ruhlu idmançılarımızla, əsgərlərimizlə qürur duyuruq.

 

- Pandemiya bir sıra sahələrdə olduğu kimi, idmandan da təsirsiz ötüşmədi. Yəqin ki, razılaşarsınız, Milli Karate Federasiyası bu virusdan dolayı yaranan problemə görə ən çox ziyan çəkən federasiyalardan biridir. Elə təkcə Avropa çempionatının və nüfuzlu Karate1 Premyer Liqa turnirinin ləğv olunması bunu deməyə əsas verir.

 

- Məlumdur ki, COVİD-19 pandemiyasından bütün dünya ölkələri böyük zərər gördü. Təbii ki, Azərbaycan da bu virusdan yan keçə bilməzdi. Bu virusun zərərləri bizə də təsirsiz ötüşmədi. Bildiyiniz kimi, 6 il bundan əvvəl karate üzrə 55-ci Avropa çempionatının təşkilatçılığı Bakıya həvalə olunmuşdu. Biz 2016-cı ildən bu yarışa hazırlıq görürdük. Lisenziya xarakterli olan bu çempionat martın 25-29-da Milli Gimnastika Arenasında keçirilməli idi. Elə Tokio-2020-yə son lisenziyalar da Bakıda qazanıla bilərdi. Biz hər zaman olduğu kimi, bu yarışa yüksək səviyyədə hazırlaşırdıq. Lakin yarışa 10 gün qalmış qitə çempionatı əvvəlcə təxirə salındı, sonra isə ləğv olundu. Bu bizim üçün böyük zərbə oldu.

 

- Əvvəlki müsahibənizdə Bakıdakı Avropa çempionatı üçün hazırlanan medalların İsveçdə keçiriləcək 56-cı Avropa çempionatında idmançılara suvenir kimi təqdim olunacağını demişdiniz. Lakin İsveç də məlum səbəbə görə, Göteborq şəhərinin 400 illik yubileyi ərəfəsində təşkil olunacaq bu yarışdan imtina etdi. O zaman belə çıxır ki, bu yarışın medalları idmançılara Xorvatiyada təqdim olunacaq?

 

- Əslində, biz fikirləşirdik ki, gələn il Avropa çempionatına ev sahibliyi etmək hüququ yenidən ölkəmizə verilər. Amma bu, belə olmadı. Qrafik üzrə yarışa İsveçin Göteborq şəhəri ev sahibliyi etməli idi. Lakin bu yarış da pandemiyaya görə təxirə salındı. Bildiyiniz kimi, həmin Avropa çempionatı bu ilin may ayında Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacaq. Bu, Tokio-2020 üçün sonuncu lisenziya yarışlarından biridir. Sualınıza cavab olaraq bildirim ki, medalların taleyi ilə bağlı məsələni tək mən həll edə bilmərəm. Düzdür, biz bu medalları xatirə hədiyyəsi olaraq verə bilərik. Əgər DünyaAvropa Karate Federasiyasının prezidenti Antonio Espinos bu məsələyə müsbət yanaşarsa, medallar xatirə hədiyyəsi kimi, Zaqrebdə idmançılara təqdim olunacaq. Əks halda isə medalları 2025-ci ildə Bakıda təşkil olunacaq 60-cı Avropa çempionatında təqdim edəcəyik.

 

- Yeri gəlmişkən, 60-cı Avropa çempionatına əsas hazırlığın vaxtı və məkanı müəyyənləşibmi?

 

- Qeyd etdiyim kimi, 55-ci Avropa çempionatının hazırlıqlarına 4 il qalmış başlamışdıq. İndi bizim yetərincə təcrübəmiz var. Bu səbəbdən də yarışlara iki il qalmış əsas hazırlıq prosesinə başlayacağıq. İstəyirik ki, həmin çempionat Milli Gimnastika Arenasında təşkil olunsun. Hətta, əgər mümkün olacaqsa, çalışacağam ki, yarışın loqosu da dəyişilməsin. Yəni 55-ci Avropa çempionatının loqosu olduğu kimi qalsın.

 

- İstərdim ki, bir qədər əvvəlki suala yenidən qayıdım. Pandemiya Avropa çempionatının ləğv olunması ilə yanaşı, ölkəmizin nüfuzlu karate1 Premyer Liqa turnirinə ev sahibliyini itirməsi ilə də nəticələndi. Nəzərə alaq ki, bu yarış da Tokio-2020 üçün həlledici lisenziya yarışlarından biridir.

 

- Bəli, bu il martın 12-14-də Bakıda Karate1 Premyer Liqa yarışı keçirilməli idi. Yarışdan əvvəl, yəni martın 7-dən 11-dək dünya hakimlərinin seminarı və imtahanı da Bakıda təşkil olunacaqdı. Bakıdakı seçimlərdən sonra həmin hakimlər Tokioda iştirak edəcəkdilər. Artıq qeydiyyat prosesi başlamışdı, 200 dövlətin hamısına bülleten paylanılmışdı. Hətta medalların və viza məsələlərinin hazırlığına da başlamışdıq. Təəssüf ki, pandemiyaya görə bütün yarışlar aprel ayına kimi ləğv edildi. Bununla bağlı Avropa Karate Federasiyası (EKF) İcraiyyə Komitəsinin təcili videokonfransı keçirildi. Bu barədə Antonio Espinosa məruzə etdim. Bu yarış da həqiqətən bizim üçün çox vacib idi. Amma nə etmək olar, əsas can sağlığıdır. Yarışı Bakıda keçirə bilməyəcəyimiz dəqiqləşəndən sonra Türkiyənin Karate Federasiyasının prezidenti Esat Delihasana zəng edib, bu yarışa ev sahibliyi etməsini məsləhət gördüm. Bununla bağlı öz təklifimi Antonio Espinosa da bildirdim. O, bu qərarın hər bir iştirakçı üçün daha əlverişli olacağını dedi. Beləliklə, bu yarışın keçirilməsi hüququ Türkiyəyə verildi.

 

- Səhv etmirəmsə, bu yarış həm də mövsümün ilk yarışı olacaq.

 

- Bəli, pandemiyadan sonra mövsümün ilk lisenziya yarışı Türkiyədə təşkil olunacaq. Çünki fevral ayında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməli olan Premyer Liqa yarışı 30 aprel - 2 may tarixlərinə təxirə salındı. Portuqaliyadakı lisenziya xarakterli yarışdan əvvəl isə karateçilər Mərakeşin paytaxtı Rabatda Premyer Liqa yarışında qüvvələrini sınayacaqlar. May ayında isə Zaqrebdə 56-cı Avropa çempionatı keçiriləcək. Bu dörd yarışdan sonra iyun ayında Fransada olimpiada üçün sonuncu seçim olacaq.

 

- Qeyd etdiyiniz yarışların hər biri lisenziya xalları verdiyi üçün çox əhəmiyyətlidir. Bəs karateçilərimiz pandemiya şəraitində bu məsul yarışlara necə hazırlaşırlar?

 

- Gənclər və İdman Nazirliyi bizə lazımi qaydada öz dəstəyini göstərir. Karateçilərimiz məşq bazamızda qapalı şəraitdə məşq etdilər. Bir dəfə isə gənclər üçün belə bir məşq təşkil etdik. Çünki onların da avqust ayında Avropa çempionatı olacaqbuna görə də formada qalmaq çox vacibdir. Havalar isti olanda məşqlərimizi açıq hava şəraitində keçirirdik. Təbii ki, bütün zallar bağlı olduğu üçün kütləvi məşqlər keçə bilmirik. Yalnız yığma komandanın heyətində olan uşaqlar üçün bağlı şəraitdə toplantı məşqləri keçirik. Qeyd etdiyim kimi, imkan dairəsində çalışırıq ki, idmançılarımız formadan düşməsinlər.

 

- Komandanın yeni mövsüm və qarşıdakı yarışlar üçün heyəti necə formalaşacaq?

 

- Pandemiya ilə əlaqədar respublika çempionatı keçirə bilmədik. Amma biz komandanın heyətini qarşıdakı yarışlara görə mütləq təyin etməliyik. Bu isə seçimsiz mümkün olmur. Bunun üçün müxtəlif çəki dərəcəsində olan idmançılar arasında seçim etdik. Seçimə ötən il respublika çempionatında yer tutan idmançılar, Olimpiya reytinqində ilk yüzlükdə qərarlaşan karateçilər ötən il hərbi xidmətdə olan idmançılar iştirak etdilər. Hər çəkidə ən çox 7-8 idmançı iştirak edirdi onların arasında seçim aparıldı. Seçimlərdə ilk üç yeri tutan idmançıların adlarını müəyyənləşdirdik. Qeyd edim ki, biz bal sistemi yaratmışıq. Bundan sonra onların yarışlardakı çıxışına əsasən, ballar veriləcək. Bu bal sisteminin əsasında Parisdə keçiriləcək Olimpiya oyunlarına son seçim xarakteri daşıyan yarışa hansı idmançını buraxacağımızı biləcəyik. Çünki Parisdəki seçmə yarışa hər çəkidə bir idmançı buraxa bilərik. Türkiyə, Mərakeş Portuqaliyada keçiriləcək Premyer Liqa yarışlarında ən çox bal toplayan idmançılar Avropa çempionatına buraxılacaqlar. Avropa çempionatı da daxil olmaqla, ümumilikdə 4 yarışda ən çox bal toplayan idmançı Parisdəki yarışda gücünü sınamaq imkanı qazanacaq. Bundan sonra isə Tokio Olimpiadasına lisenziyaların taleyi müəyyənləşəcək.

 

- Yaşar müəllim, idmançılarımız bu bir il ərzində koronavirusla necə mübarizə apardılar? COVİD-19 onlardan yan keçə bildimi?

 

- Düzünü desəm, məşqçilərimiz idmançılarımızın bəziləri koronavirusa yoluxdular. Amma onlar bu virusu yüngül keçirdilər. Həmin idmançılar məşqçilər tam karantin şəraitində oldular.

 

- Buyaxınlarda yeniyetmə karateçilərə əlavə məşqçi təyinatları oldu. Komandamızın əsas üzvləri olan Niyazi Əliyev Şahin Atamov yığmaya məşqçi təyin edildilər. Necə düşünürsünüz, milli komandanın üzvləri onlara bəslənilən ümidləri doğrulda biləcəklərmi?

 

- Bir müddət əvvəl yığmanın məşqçilər heyəti arasında dəyişikliklər oldu. 14-15 yaş qrupunu Niyazi Əliyev və Şahin Atamova həvalə etdik. Burada əsas məqsəd gənc idmançılarımızın daha da yaxşı inkişaf etdirilməsidir. Həmin idmançılarla Anar Allahverdiyev, Nağı MehdiyevSeymur Xudaverdiyev məşğul olurdular. Bu qərar həm də onların yükünü azaltmaq üçün atılan bir addımdır. Həm Niyazi Əliyev, həm də Şahin Atamov kifayət qədər təcrübəli idmançılardır. Uzun illərdir ki, onlar öz klublarında məşqlər keçirlər. Niyazi Əliyev bir neçə ildir ki, səhhətində yaranan ciddi problemə görə böyük idmanla vidalaşmaq məcburiyyətində qalıb. Amma məşqçi kimi klubda fəaliyyət göstərirdi. Hətta yığma komandanın üzvləri arasında onun yetirmələri də var. Biz də məhz onların bu potensialını dəyərləndirərək yığmaya cəlb etdik. Böyüklərdən ibarət əsas yığmaya isə ötən ilin yayında Qurban Tağıyev dəvət olundu. O, əvvəlki illərdə həm gənclərdə, həm də böyüklərdə yığma komandanın məşqçisi olub. Potensialı böyükdür və ən əsası öz işinə çox məsuliyyətlə yanaşır. Onun gördüyü işlərdən tam razıyam. Qurban Tağıyevdən əvvəl yığmamıza türkiyəli mütəxəssis Bahəddin Kandaz başçılıq edirdi. Onun sayəsində yığmanın zəif yerlərini müəyyənləşdirərək, problemləri aradan qaldırmaq mümkün oldu. İdmançıların ümumi hazırlıq işinin qurulması məsələsində Bahəddin Kandazın da təcrübəsi öyrənildi. Düşünürəm ki, məşqçilərimiz bu təcrübədən də yararlanaraq idmançılarımızı yüksək səviyyədə yarışlara hazırlaya biləcəklər.

 

- Son günlər Tokio-2020-nin keçirilməsi ilə bağlı məsələlər gündəmdən düşmür. Təbii ki, bu məsələ karateçilərimizi də narahat edir.

 

- Bu barədə məlumatları mətbuatdan tez-tez izləyirəm. Əgər yoluxma daha da ciddiləşərsə, vaksinasiyanın təsiri olmazsa onda təbii ki, olimpiada keçirilməyə bilər. Hər halda bunu pandemiyanın gedişatı fonunda yaranan mənzərə göstərəcək. Təbii ki, heç birimiz istəmərik ki, Olimpiada yenidən təxirə salınsın və ya ləğv edilsin. Çünki bu, idmançılar üçün çox dəhşətli bir qərar olar. Bu gün iki idmançımız - Rafael Ağayevİrina Zaretska Tokio-2020-yə lisenziyanı demək olar ki, təmin ediblər. Onlara artıq kiminsə çatacağı real görünmür. Rafaelin artıq 36 yaşı var. Hər birimiz istəyərik ki, o, medal kolleksiyasına Olimpiya medalını əlavə etsin. Bu barədə idmançılarımız nikbindirlər. İnanıram ki, olimpiada təşkil olunacaq və idmançılarımız bu Oyunlarda Azərbaycanı uğurla təmsil edəcəklər.

 

Azər Əlizadə

 

Olimpiya dünyası.- 2021.- 23 fevral.-1 mart.- S.3.