Vətənpərvər idmançılar yetişdirən “Elxanidman klubu

 

 

 

 

44 gün davam edən Vətən müharibəsi ordumuzun möhtəşəm zəfəri və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə başa çatdı. 30 ildən bəri inşa edilmiş istehkamları yarıb keçən Azərbaycan Ordusunun əks-hücum əməliyyatları hərb tariximizin şanlı səhifəsinə qızıl hərflərlə daxil edildi. Qəhrəman oğullarımızın böyük şücaətlə Şuşa da daxil olmaqla digər rayon və kəndlərimizin işğaldan azad edilməsi əməliyyatları hələ uzun müddət araşdırma mövzusu olacaq. Öz cəsarəti, igidliyi ilə Vətən torpağını azad edən və qətiyyəti ilə düşməni dizi üstə çökdürən hərbçilərimiz arasında müxtəlif idman növləri ilə məşğul olan idmançılarımız da az deyil. İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən ordu sıralarına qoşulan idmançılarımız bir vaxtlar idman arenalarındakı qələbəni döyüş meydanında da təkrarlamağa çalışdılar. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən federasiyaların, klubların idmançıları fərqləndilər.

Ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki tərbiyəsində aparıcı rol oynayan "Elxanidman klubu da öz qəhrəman yetirmələrinin Vətən müharibəsindəki fəallığı ilə seçildi. Klubun təcrübəli yetirmələri bu çətin günlərdə ordumuzun yanında olmağı özlərinə şərəf bildilər. Öz səhifələrində Vətən müharibəsinə xüsusi yer ayıran "Olimpiya dünyası” qəzeti budəfəki sayında vətənpərvər idmançılar yetişdirən "Elxanidman klubu ilə oxucularını tanış edəcək.

"Elxanidman klubu 2014-cü il dekabrın 24-də yaranıb. Klub birinci Qarabağ döyüşlərində şəhid olan Elxan Nəbiyevin adını daşıyır. Cüdo idman növü üzrə ixtisaslaşan bu idman ocağında 200-ə yaxın yeniyetmə və gənc cüdonun sirlərinə yiyələnir.

Məlumat üçün bildirək ki, şəhid Elxan Nəbiyev 1994-cü ilin yanvarın 19-da Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Sonradan ona şəhid statusu verilib. Vətən uğrunda canını fəda edən bu gənc həmyerlimiz özü də vaxtı ilə idmanın cüdo növü ilə məşğul olub. Belə ki, Elxan Nəbiyev 1977-ci ildə "Lokomotividman cəmiyyətində Azərbaycanın Əməkdar məşqçisi Tərlan Həsənovun rəhbərliyi altında cüdonun sirlərinə yiyələnib. O, 1985-ci ildə idman ustalığına namizəd normasını yerinə yetirib. Şəhidin adını əbədiləşdirmək üçün onun qardaşı Eldar Nəbiyev "Elxanidman klubunu yaradıb.

Bu yaxınlarda klubun direktoru Eldar Nəbiyev ilə əlaqə saxlayaraq, şəhid idmançımızın keçdiyi həyat yolu, klubun yaranması və Vətən müharibəsində iştirak edən yetirmələri barədə məlumat əldə etdik.

 

"Qələbəmizə həsr

olunmuş "3 qardaşlar

adlı məqalə”

 

"Ailədə 3 qardaş olmuşuq. Hər üçümüzcüdo idman növünə böyük maraq göstərmişik. Cüdoya əvvəlcə böyük qardaşım Elxan yazılıb. O, karyerası ərzində respublikadaxili yarışlarla yanaşı, Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turnirinin qalibi olub. Hətta həmin yarışlardan birində hər üçümüz müxtəlif çəki dərəcəsində mükafatçılar sırasında yer almışdıq. Həmin vaxt qəzetlərin birində qələbəmizə həsr olunmuş "3 qardaşlar” adlı məqalə çap olunmuşdu. Bir sözlə, kifayət qədər nailiyyətlərimiz olub. Sonra Elxan hərbi xidmətə yollandı. Qeyd edim ki, o, 1985-87-ci illərdə Macarıstanda hərbi xidmətdə olub. Qardaşım çox güclü qumbaraatan idi. Vətənə qayıtdıqdan sonra bir müddət müxtəlif işlərdə, o cümlədən idman dispanserində sürücü işləyib. Lakin o, bədnam qonşularımızın torpaqlarımıza təcavüzünə dözməyərək 1991-ci ildə könüllü şəkildə cəbhəyə yollandı. Həmin ərəfədə Şıxov batalyonu yarandı. Elxan da həmin batalyona qoşulmuşdu. O, həmçinin Salyan Özünümüdafiə Batalyonunda da döyüşmüşdü. Onun sonuncu döyüşü isə 702 saylı briqadanın tərkibində oldu. O zaman həmin briqadaya polkovnik Şair Ramaldanov komandanlıq edirdi. O, 1994-cü il yanvarın 19-da Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşdü. Döyüş vaxtı onlara xəbər etmişdilər ki, Yuxarı Seyidəhmədli kəndinə kömək lazımdır. Qardaşım və bir neçə döyüşçü həmin kəndə köməyə gedərkən onların tankı yolda minaya düşüb. Elə həmin an ermənilər onların olduğu tanka qumbaraatanla atəş açıblar. Düzdür, bu hadisədə sağ qalan döyüşçülərimiz də olub. Amma qardaşım da daxil olmaqla, bir neçə döyüşçüdən heç bir xəbər çıxmadı. Təəssüf ki, onun və digərlərinin cəsədləri erməni silahlı birləşmələri tərəfdə qaldı. Ən təsirlisi də elə bu idi. Onun qəbri də yoxdur ki, ən azından bu gün məzarını ziyarət edərək təsəlli tapaq. Bir neçə müddətdən sonra qardaşım Elxan Nəbiyevə şəhid statusu verildi. Elxanın adını yaşatmaq üçün cüdo klubu yaratdım. Əsas məqsədim ondan ibarətdir ki, Elxan Nəbiyevin xatirəsini əbədiləşdirim, onun şücaətini cüdonun sirlərinə yiyələnən gənc idmançılarımıza və xalqımıza çatdırım. Bu gün Azərbaycanda şəhidlərin və milli qəhrəmanların adına küçə, məktəb və idman klubları yaradılıb. Çox sevinirəm ki, qardaşım Elxanın da adına belə bir klub var. Hər dəfə zala daxil olduqda, onun şəklini gördükdə və yarışlarda "Elxanidman klubunun adı çəkildikdə sanki nəfəs alıram. Elxan millətini sevən vətənpərvər bir insan olub. Elə bu cəhəti onu şəhidlik kimi ali bir zirvəyə yüksəltdi. Klubumuzun idmançılarının formasının üzərində də Elxanın adı əks olunub. Bu, o deməkdir ki, onlar Elxanın və torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalanların adını əziz tutur, ruhuna hörmətlə yanaşırlar. Klubda məşq edən idmançılar dərk edirlər ki, onlar şəhidin adını daşıyan idman ocağının təmsilçiləridirlər. Buna görə də yetirmələrimiz yarışlarda layiqincə mübarizə aparmağa çalışırlar”, - deyə Eldar Nəbiyev bildirib.

 

 

"Şəhidin adını daşıyan klubun

idmançıları da vətənpərvər olmalıdır”

 

Məlumat üçün qeyd edək ki, klubda cüdo, kikboksinqkarate bölmələri fəaliyyət göstərir. Bu gün klubun 200-ə yaxın yeniyetmə və gənc idmançısı var. Klubun üzvləri arasında Bakı və respublika birincilikləri ilə yanaşı, Avropa kuboku və digər beynəlxalq yarışların qalib və mükafatçısı olmuş idmançılar da az deyil. "ElxanİK-in həm direktoru, həm də baş məşqçisi olan Eldar müəllim məşq prosesindən danışarkən klubun 3 yetirməsini cəbhəyə yola saldığını və sağ-salamat qarşıladığını qeyd etdi: "Ölkəmizdə pandemiya səbəbindən tətbiq olunan xüsusi karantin rejiminə görə 1 ilə yaxındır ki, zalda məşqlər keçirilmir. Bir müddət əvvəl 2004-cü illərdən ibarət qrupla açıq hava şəraitində məşqlərə start vermişdik. Məşqlərdə mənə əsasən, köməkçi məşqçi kimi, oğlum Emil Nəbiyevlə yanaşı, tələbələrim Bayram HüseynovKamil Cəbiyev köməklik edirdilər. Onu da qeyd edim ki, adlarını çəkdiyim hər iki tələbəm hərb tariximizin möhtəşəm zəfəri olan Vətən müharibəsində iştirak etdilər. Kamil Cəbiyev Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa şəhəri istiqamətində gedən döyüşlərin iştirakçısı olub.

Bayram Hüseynov isə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının düşməndən azad edilməsi əməliyyatlarında iştirak edib. Bayram "Qubadlının azad olunmasına görə” və "Vətən uğrunda” medalı ilə təltif olunub.

İkinci Qarabağ müharibəsində iştirak edən digər tələbəm Toğrul Məmmədli isə Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qeyd etdiyim kimi, mən balalarımı özüm cəbhəyə yola saldım və özümsağ-salamat onları qarşıladım. Zalımızda cüdoya ilk addımlarını atan Murad Mirzəzadə isə hazırda hərbi xidmətdədir. İnşaallah o da digər tələbələrim kimi, hərbi xidmətini uğurla başa vuraraq sağ-salamat öz ailəsinin yanına qayıdar.

Qeyd edim ki, milli komandamızın şərəfini qoruyan Bayram HüseynovKamil Cəbiyev dəfələrlə Avropa kuboku və müxtəlif beynəlxalq turnirilərin qalib və mükafatçıları olublar. Onların hər ikisi hərbçilər arasında keçirilən yarışda da mükafatçılar sırasında yer alıblar. Bir sözlə, şəhidin adını daşıyan klubun idmançıları da vətənpərvər olmalı, Vətənin bu günündə öz borcunu yerinə yetirməli idilər. Mən bu gün onların hər biri ilə fəxr edirəm. Mənim üçün qürurvericidir ki, illər sonra torpaqlarımızı azad edən və qardaşımın qisasını alanlar sırasında klubumuzun üzvləri də var. Hər zaman bu klubda uşaqların fiziki sağlamlığı ilə yanaşı onların mərd, qorxmaz və vətənpərvər ruhda böyüməsinə fikir vermişəm. Hər bir idman klubu həm də gələcəyin sağlam əsgərlərini hazırlayır. Onu da deyim ki, övladlarım da ordu sıralarına qoşulmaq üçün könüllü olaraq qeydiyatdan keçmişdilər. Mən və hər iki oğlum ordu sıralarına qoşulmağa və hərbçilərimizlə birgə düşmənə qarşı mübarizə aparmağa hazır idik. Mən birinci Qarabağ müharibəsində iştirak etmişəm. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və Füzuli rayonunun Şükürbəyli, Kərimbəyli və Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərin iştirakçısı olmuşam. Baxmayaraq ki, 53 yaşım var, bu günkeçmiş döyüşçü kimi, cəbhə bölgəsinə yollanaraq döyüşlərdə iştirak etmək və qardaşımın qisasını almaq istəyirdim. Düzdür, bu mənə müəssər olmasa da, tələbələrim arzumu həyata keçirdilər. Bu gün qüdrətli ordumuzmüasir silahlarımız var. Bizim dövrdə belə silahlar olmayıb. Amma həmin dövrdə çox ürəkli mərd oğullar olub və qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. Bu gün də hərbçilərimizdə o qəhrəmanlıq, mərdlik, qorxmazlıq və böyük ruh yüksəkliyi var. Məhz belə cəsur və qorxubilməz vətənpərvər oğulların qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi”.

 

 

"Çox istəyərdim ki,

qardaşımın da adına beynəlxalq turnir

keçirilsin

 

Eldar müəllim bizimlə söhbətində şəhid qardaşı ilə bağlı bir arzunu da bildirdi: "Mən bu günə qədər heç vaxt heç kimə şəhid qardaşımın adından istifadə edib, müraciət etməmişəm ki, mənə kimsə köməklik etsin. Qardaşım Elxan da bu Vətən uğrunda şəhid olub. Şəhidlər arasında ayrı-seçkilik olmamalıdır. Bu insanlar torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda ediblər. Tək istəyim odur ki, qardaşımın adını uca tutum. Bu gün şəhidlərimizin və milli qəhrəmanlarımızın adına bir sıra turnirlər keçirilir. Çox istəyərdim ki, qardaşımın da adına beynəlxalq turnir keçirilsin. Belə turnirlər vasitəsi ilə yeniyetmə və gənclərimiz şəhidlərimizi daha yaxından tanıyacaq və onların xatirəsi daim yaşayacaq”.

 

Azər Əlizadə

 

Olimpiya dünyası.- 2021.- 16-29 mart.- S.4.