Nazir Rəhimov: “Ömrümün 57 ilini
idmana həsr etmişəm”
Boks üzrə SSRİ idman ustası, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və Avropa Həvəskar Boks Assosiasiyasının (EABA) beynəlxalq dərəcəli hakimi, Milli Olimpiya Komitəsi İdman İdarəsinin baş məsləhətçisi Nazir Rəhimovun mayın 6-da 70 yaşı tamam olur. Ömrünün ən gözəl çağlarını boks həsr edən təcrübəli mütəxəssis bu idman növündə öz sözünü deyə bilib. Onun Azərbaycanda boks idman növünün inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək şəkildə qiymətləndirilib. Nazir müəllim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə "Tərəqqi” medalına, 2012-ci ildə isə "Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adına layiq görülüb. O, həmçinin 2011-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri bədən tərbiyəsi və idman işçisi adı ilə təltif olunub. İdman sahəsində müxtəlif vəzifələrdə çalışan Nazir müəllim öz şəxsi keyfiyyətləri ilə də fərqlənir. Hadisələrə obyektiv yanaşan, geniş dünyagörüşünə malik olan müsahibimizlə söhbət zamanı maraqlı məqamlara toxunduq. Uzun illər idman sahəsində əldə etdiyi təcrübədən danışan Nazir müəllimlə müsahibəni oxucularımıza təqdim edirik.
- Nazir müəllim, keçdiyiniz həyat yolu çox maraqlı və zəngin hadisələrlə yadda qalıb. Ömrün 70-ci baharında daha çox nəyi xatırlamaq istərdiniz?
- Həyatımın əsas hissəsi idmanla bağlıdır.Belə ki, 70 illik ömür yolumun 57 ilini idmana sərf etmişəm. Söhbətə elə idmana gəlişimlə başlamaq istəyirəm. Yasamal rayonun (keçmiş Oktyabr rayonu)199 saylı orta məktəbində təhsil alırdım. Məktəbdə oxuduğum illərdə idmanla məşğul olmaq istəyirdim. Həmid Zalov adlı idman müəllimim var idi. Ona deyirdim ki, müəllim, məni də idman bölməsinə yazdır. Günlər bir bir-birini əvəz edirdi. Həmin müəllimdən səs soraq yox idi. Nəhayət bir gün o dedi ki, saat 4-də gəl idman zalımıza, səni idman bölməsinə yazdıracam. Saat 4-ü gözləyənədək, özümə yer tapa bilmirdim. Evdə anama dedim ki, müəllim məni idmana yazdıracaq. Soruşdu ki, nə idmanıdı? Dedim ki, bilmirəm. Müəllim dediyi kimi saat 4-də məktəbimizin isman zalına gəldim. Adını bilmədiyim məşqçi bəstəboylu, fiziki cəhətdən güclü bədən quruluşuna malik idi. O qrupa yeni gələnlərlə tanış olub adımızı dəftərinə yazdı. Sonra bizi sıraya düzüb məşq vaxtlarını, idman geyimlərimiz barədə tapşırıqlarını verdi. Bir neçə gün adını bilmədiyim idman növü ilə məşğul oldum. Bu danışdıqlarım 1964-cü ildə baş verib. Sonradan bildim ki, məni akrobatika bölməsinə yazdırıblar. Düzünü deyim ki, o vaxta qədər mən heç akrobatikanın nə olduğunu bilmirdim, hətta bu sözün mənasını da anlamırdım. Amma idmana olan həvəsimə görə akrobatika ilə məşğul olurdum. Onu da deyim ki, akrobatikanın yerinə istənilən idman növü olsaydı da məşğul olacaqdım. Bu növdə məşqçim Hacıbaba Ağayev oldu. O, akrobatika üzrə SSRİ idman ustası idi. Qeyd edim ki, sonralar Hacıbaba müəllim Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) kafedra müdiri işlədi. Pedaqoji elmlər namizədi, professor idi. Bir ay məşq edəndən sonar məşqlərimizi Səbail rayonu 7 saylı orta məktəbin qarşısında yerləşən Şəhər Uşaq-Gənclər İdman Məktəbində keçməyə başladıq. Əvvəlcə tək, sonra cüt və dörd nəfərlik qrup halında çıxışlarda iştirak edirdim. Akrobatikaya marağım getdikcə artırdı. Təsəvvür edin ki, adının mənasını belə bilmədiyim bu növdə idman ustalığına namizəd proqramı ilə çıxış etməyə başladım. İki dəfə respublika və Bakı birinciliyinin qalibi oldum. 1969-cu ildə məktəblərarası spartakiadaya getməli idim. Lakin yığmanın məşqçisi ilə aramızda yaranan narazılığa görə bu idmandan uzaqlaşdım.
- Eşitdiyimizə görə, rəssamlığa həvəsiniz böyük olub. Bəs bu sənəti niyə davam etdirmədiniz?
- Bəli. Akrobatika ilə yanaşı, Yuri Qaqarin adına Pionerlər evində rəssamlıq bölməsinə yazılmışdım. Rəssamlığa böyük həvəs göstərirdim. Akrobatika, rəssamlıqla paralel olaraq, 1966-cı ildən boks bölməsinə də yazılmışdım. Aydındır ki, bütün bunlara vaxt çatdırmaq qeyri-mümkün idi. Bu 3 bölmədə məşğələlər mənim dərsə davamiyyətimə və qiymətlərimin aşağı düşməsinə səbəb oldu. Atam mənə dedi ki, eyni vaxtda bir neçə iş görə bilməzsən. Hansına daha çox həvəsin var onunla da məşgul ol. Məhz buna görə də 1969-cu ildən ancaq boksla məşğul olmağa başladım. Həmin dövrdə Bakı və respublika birinciliyinin qalibi oldum. Boksda ilk məşqçim Mirzə Qafarov olub. Sonradan yaşayış yerimizi dəyişməklə əlaqədar olaraq məşqçim ağır çəkidə uzun müddət uğurla çıxış etmiş SSRİ-nin Fəxri idman ustası məşhur boks mütəxəssisi Nadir Abbasov olmuşdu. 1973-cü ildən isə Bədən Tərbiyəsi İnstutunda təhsil alanda məşqçim SSRİ idman ustası, ADBTİA-nın kafedra müdiri, dosent Hacı Məmmədov oldu.
- Bildiyimizə görə ailə həyatınızı tələbəlik illərində qurmusunuz.
Mənim
idmana ola marağım hədsiz idi. Gələcəyimi idmansız təsəvvür
etmirdim. 2 illik həqiqi hərbi xidməti
başa vurduqdan sonra 1973-cü ildə Bədən Tərbiyəsi
İnstitutuna daxil oldum. Yeri gəlmişkən,
deyim ki, institutu əla qiymətlərlə bitirmişəm.
Tələbəlik illərində boks
üzrə yığma komandanın üzvü olduğuma
görə, məni heç vaxt tələbə inşaat dəstəsinə
aparmayıblar. Ali məktəbdə boksla ciddi məşğul
olurdum. 1973-cü ildə
Qırğızıstanın paytaxtı Frunze şəhərində
"Spartak” İC Mərkəzi Şurasının SSRİ
birinciliyi keçirildi və mən həmin yarışda
üçüncü oldum. Bundan başqa,
bir sıra ümumittifaq və respublika yarışlarında
da uğurlar qazandım. Üçüncü
kursu bitirdikdən sonra ailə həyatı qurdum. 1976-cı ildə atam rəhmətə getdiyinə
görə əyani təhsil almaqla bərabər işləməyə
məcbur oldum. 1977-ci ildə ilk
övladım - oğlum dünyaya gəldi. Aldığım 56 manat əlaçı təqaüdü
ilə yaşamaq çox çətin idi. Buna görə
əyani təhsil ala-ala 2-ci və 3-cü növbə Bakı
karton tarası fabrikində işləməyə
başladım.1977-ci ildə ali təhsili
başa vurduqdan sonra institutda məni müəllim
saxladılar. Etiraf edim ki, burada işləyərkən
maddi vəziyyətim o qədər də yaxşı deyildi.
Aldığım məvacib ailəmi saxlamağa azlıq
etdiyinə görə institutdan çıxıb daha yüksək
maaşlı iş axtarmağa məcbur oldum. Bakı Şəhər
Bədən Tərbiyəsi və İdman Komitəsində
baş təlimatçı-müəllim işləməklə
bərabər Pedaqoji institutda (V.İ.Lenin adına APİ) və
Şəhər Uşaq Gənclər İdman Məktəbində
boks məşqçi-müəllim kimi fəaliyyət
göstərməyə başladım. Rəhbərliyin mənə
inamı sayəsində 7 illik iş fəaliyyətim
zamanı boks, ağırlıqqaldırma,
qılıncoynatma, velosiped idmanı üzrə bir sıra
ümumittifaq səviyyəli yarışların keçirilməsinə
nail oldum.
-Yəqin
ki, boks hərbi xidmət dövründə
də köməyinizə çatıb.
- 1969-cu
ildə orta məktəbi bitirdim. Bir il
sonra hərbi xidmətə getdim. Bakıda məni
idman tağımına götürürdülər, amma mən
Azərbaycandan kənarda hərbi xidmətdə olmaq,
dünyagörüşümü artırmaq istəyirdim.
Nəticədə, Moskva vilayətinin Çexov
şəhərində ordu sıralarında xidmət etdim.
Rusiyanın boks üzrə yığma
komandasının ən böyük boks bazası məhz bu
şəhərdə yerləşirdi. Hərbi xidmətdə
olarkən məşqlərə ara vermədim.
Hərbi hissədə boksçu yox idi. Mənə məşq etmək üçün
yaxşı şərait yaradılmışdı. Özüm boksla məşğul olmaqla bərabər,
həm də xidmətdə olan əsgərlərə məşq
keçirdim. Hərbi xidmətdə
olduğum illərdə iki dəfə Moskva hərbi dairəsinin
çempionu oldum. O dövrlərdə yetirmələrimdən
biri ikinci, üçü isə üçüncü yerə
çıxdı. Təvazökarlıqdan uzaq
olsa da, deyim ki, boksun nə olduğunu bilməyən əsgərləri
belə, əsil boksçu kimi yetişdirə bilmişdim.
Xidmətdən qayıtdıqdan sonra "Dinamo”
İdman Cəmiyyətində fəxri idman ustası,
ağır çəki dərəcəsində dəfələrlə
Azərbaycan çempionu, professor Nadir Abbasovun rəhbərliyi
altında məşq etməyə başladım. 1972-ci ildə Tallin şəhərində təşkil
olunan yarışda üçüncü yerə layiq
görüldüm.
- Azərbaycanda
ilk boks məktəbi yaradıldı və
ilk direktoru da Siz oldunuz. Bu barədə bir qədər
ətraflı danışardınız.
- Bir
gün "Məhsul” İC Respublika Şurasının sədri
mərhum Şövkət Orduxanov məni öz yanına
çağırdı. Şövkət müəllim
mənə idman məktəbinin direktoru işləmək vəzifəsini
təklif etdi. Həmin məktəbdə
boksdan başqa 17 idman növü üzrə məşqlər
keçirilirdi. Düzü, edilən təkliflə
əvvəlcə razılaşmadım. Bir aydan sonar
Şövkət müəllim ikinci dəfə məni
yanına çağırdı və dedi ki, boks
üzrə yeni məktəb açırıq və səni
həmin məktəbə direktor vəzifəsinə dəvət
edirəm. Bu təklif məni təəccübləndirdi.
Çünki o vaxt respublikada boks məktəbi
yox idi və bu məktəbi yaratmaq üçün maddi-
texniki baza, idman avadanlıqları olmalı idi. Şövkət
Orduxanov bildirdi ki, sən razılıq versən, lazım olan
şərait yaradılacaq. Yasamal rayon 13 saylı məktəbin
akt zalını göstərdilər və dedilər ki, bura boks zalı olacaq. Düzü, tərəddüd
içində qalmışdım. Çünki
məktəb yaratmaq üçün xeyli maddi vəsaitə
ehtiyac duyulurdu. Amma mən boks məktəbinin
fəaliyyətə başlamasını çox istəyirdim.
Nəhayət, bütün məsələlər həll
olundu və 1984-cü ildə Azərbaycanda ilk yaradılan boks məktəbinin (Respublika
İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər
İdman Məktəbi) direktoru təyin edildim.
- Fəaliyyətiniz
təkcə paytaxtı əhatə edirdi?
- Direktor
təyin olunduqdan sonra məktəbə 17 məşqçi dəvət
etdim. İstəyirdim ki, bölgələrimizdə
də boksun inkişafı üçün hər cür
şərait yaradılsın. "Məhsul”
İC Respublika Şurasının idman məktəbləri
şöbəsinin müdiri Vaqif Əliyevin yaxından köməkliyi
nəticəsində bölgələrdə boksun təbliği
üçün məktəbin filiallarını
açmağa müəssər olduq. Gəncə,
Sumqayıt, Lənkəran, Astara, Cəlilabad, Quba, Qax, Biləsuvar,
Siyəzən, Tovuz və s.şəhər və rayonlarda
ümumilikdə 17 rayon boks məktəbinin
filiallarını təşkil etdik. Bir sözlə,
boksun inkişafı üçün əlimdən gələni
əsirgəmirdim. İllik məşq
prosesinin davamı üçün yay aylarında Lənkəranda
pioner düşərgəsini icarəyə götürüb
idmançılarımızın təlim-məşq
prossesini davam etdirirdim. Bu işlərin təşkil
olunmasında Lənkarandan olan yerli məşqçim Əməkdar
məşqçi Əlizadə Əsədov mənə
çox kömək edirdi. Bu bölgənin
təmiz havası həm məşq prosesinə, həm də
idmançıların sağlamlığına müsbət
təsir göstərirdi. Növbəti
mövsümdə düşərgədə hazırlıq
keçən boksçularım respublika və ümumittifaq səviyyəli
yarışlarda yüksək nəticələr göstərdilər.
Mən məktəbin direktoru kimi rəhbərlik
qarşısında vəsadət qaldırırdım ki,
"Məhsul” cəmiyyətinin Respublika şurasının
birincilik və çempionatları bölgələrdə
keçirilsin. Bölgələrdə keçirilən
yarışlar qabağı mən həm məşçilər,
həm də boks hakimləri
üçün seminarlar keçirirdim. Bunun sayəsində
rəhbərlik etdiyim məktəbin boksçuları
respublikanın bütün yaş qrupu üzrə birincilik və
çempionatlarında komanda hesabında birinci olmaqla bərabər
11-13 çəki dərəcəsindən 9-11-ində birinci
olurdular.
- Həmin
məşqçilər arasında hansı mütəxəssislərin
adını çəkə bilərsiniz?
-
Sumqayıtdan yığma komandanın keçmiş baş məqçisi
mərhum Məmməd Eyvazov, Pekin- 2008 Yay Olimpiya
Oyunlarının bürünc mükafatçısı
Şahin İmranovun məşqçisi Eldar Əbilov, Gəncədən
hal-hazırda Türkiyədə məşqçi işləyən,
Azərbaycanda ilk beynəlxalq dərəcəli idman ustası
Oqtay İbrahimovun məşqçisi Çingiz Məmmədov,
Lənkərandan SSRİ çempionu Zahid Mehtiyevin məşqçisi
Əlizadə Əsədov, Sumqayıtdan Əsgər Eyvazovu
qeyd edə bilərəm. Təvazökarlıqdan
uzaq olsa da, deyim ki, Uşaq- Gənclər İdman Məktəbi
Azərbaycanda özünəməxsus yer tuturdu. İttifaq miqyasında keçirilən
yarışlarda uğurlu çıxış etdiyimizə
görə, bizim məktəbə Olimpiya Ehtiyatları
Uşaq- Gənclər İdman Məktəbi statusu
verilmişdi. Bundan sonra maddi texniki
bazamız daha da yaxşılaşdı.
- Məktəbin
yetirmələri hansı uğurları ilə yadda
qalıblar?
- Dediyim
kimi, Həmkarlar İttifaqının təşkil etdiyi
birinciliklərdə müntəzəm çıxış
edir və mükafata layiq yerlər tuturduq. Yetirmələrimizdən
Qurbanxan Məhərrəmov Həmkarlar İttifaqının
birinciliyində çempion tituluna sahib olub. İmran Bayramov və Rafiq Muradov II, Hüseyn Məmmədov
isə III yerə çıxıblar. Məktəbimizin
ən böyük uğurlarından biri Oqtay İbrahimovun
SSRİ çempionu olması ilə bağlıdır.
Gəncə boks məktəbinin yetirməsi
olan (məşqçisi Azərbaycan əməkdar məşqçisi
Çingiz Məmmədovdur. O, hal- hazırda Türkiyədə
yeniyetmələr üzrə yığma komandada məşqçi
işləyir.) Oqtay həmin illərdə Kubada
keçirilən beynəlxalq turnirdə qalib gəldi və Azərbaycan
boksu tarixində ilk dəfə olaraq beynəlxalq dərəcəli
idman ustası normasını yerinə yetirdi. 1985-ci ildə Bakıda keçirilən SSRİ kənd
idman oyunlarında 15 respublikanı təmsil edən komanda
mübarizə aparırdı. Azərbaycan
yığması bütün görüşləri yüksək
səviyyədə keçirərək komanda hesabında
birinci yerə çıxdı. Sovetlər
birliyi vaxtında idman məktəblərinin göstərdikləri
nəticələrə görə müvafiq qurumlar tərəfindən
onların işi qiymətləndirilirdi. 1985-ci
ildə mənim rəhbərlik etdiyim OEUGİM ittifaqda olan 301
məktəb arasında 4-cü nəticə göstərdi.
Respublikada isə 1-ci oldu.
- Bir
mütəxəssis kimi uşaqlarını idman cəlb edən
valideynlərə nə məsləhət
görürsünüz?
- Belə
halla çox rastlaşıram. Məndən məsləhət
alan valideynlərə heç vaxt
birbaşa cavab vermirəm. Əvvəlcə
onlara deyirəm ki, uşağı gətir baxım
görüm, onun fiziki imkanları necədir. Çoxillik təcrübəmə əsaslanıb
deyirəm ki, bir uşağı yalnız onun potensialına
cavab verə biləcək idman növünə qoymaq
lazımdır. Bədən quruluşu elastik olan bir
uşağın boks və
ağırlıqqaldırma ilə məşğul olması
məsləhət deyil. Əgər
düzgün seçim aparılsa, həmin uşaq məsləhət
görülən idman növündə uğur qazana bilər.
Bir mütəxəssis kimi, bu tövsiyələrimdə
heç vaxt yanılmamışam. Valideynlərə
tövsiyəm odur ki, oğlanlarını və
qızlarını idman bölmələrinə
yazdırsınlar. Ola bilər ki onların
uşaqları gələcəkdə böyük
idmançı olmayacaq. Lakin onlar
sağlam, ölkəmizə gərəkli vətəndaş
kimi böyüyəcəklər. Bunu mən
əminliklə deyirəm.
- Nazir
müəllim, ədəbiyyata, şeiriyata, incəsənətə
maraq sizə hardan qaynaqlanıb?
- Əvvəla onu deyim ki mənim orta məktəbdə
dil ədəbiyyat müəllimlərim bu sahəni mənə
sevdirə biliblər. Bakı idman komitəsində çalışdığım
dövrdə mütəmadi olaraq " İdman”,
"Bakı”,”Azərbaycan gənclər” və sair qəzetlərlə
əməkdaşlıq edirdim.Onlar üçün idman
yarışlarının nəticələrini məqalə
formasında yazıb təqdim edirdim və əvəzində
yaxşı qonorar alırdım (gülür). Bu
qonarar mənim gənc ailəmin büdcəsinə xeyli
kömək edirdi. Sözün
düzü, elə mən kiçik yaşlarımdan çox
mütaliə edirdim. Hələ idmana gəlməmişdən
qabaq mən günümü saatlarla kitabxanaların oxucu
zalında keçirirdim. Bu da azlıq
edirdi. Kitabxanalardan oxumaq üçün
xeyli kitab alıb evə gətirib, mütaliə edərdim.
Şeir yazmaq qabiliyyətim yoxdur. Ancaq şeir dinləməyin dəlicəsinə
aşiqiyəm. Evdə də öz şəxsi
kitabxanamda xeyli Azərbaycan şairlərinin şeir
kitabları var.
Rəssamlarımızın və heykəltaraşlarımızın
əsərlərinə mən baxanda ruhən dincəlirəm. 1998-ci ildən Beynəlxalq
Olimpiya Komitəsinin xətti ilə keçirilən "Olimpiya ,İncəsənət və idman”
müsabiqələrinin yerli mərhələlərini təşkil
edib keçirmişəm. Elə buna görə
rəssamlar və heykəltaraşlarla dostluq əlaqələrim
var. Hərdən çox yorğun olanda dostluq əlaqələrim
olan rəssamlara və heykəltaraşlara zəng edib
onların emalatxanalarına gedirəm. Orada
onların əsərlərinə baxanda xeyli dincəlirəm.
Mən o əsərləri sevirəm və bəyənirəm
ki, onlar məni düşündürə bilir. Rəssamın bu əsərdə nə demək istədiyini
tapmağa çalışıram. Bundan
zövq alıram. Musiqini, xüsusilə
muğamlarımızı çox sevirəm. Alim
Qasımovun, Səxavət Məmmədovun, Əlibaba Məmmədovun,
Ağaxan Ağayevin ifasında səslənən
muğamlarımızı çox sevir və hər gün
dinləyirəm. Tar, kamança, qarmon, klarnet ifalarına
qulaq asmaqdan zövq alıram.
- Yubiley ərəfəsindəsiniz.
Həyatınız idmanla əhatələnib.
Bu seçiminiz Sizin həyatınızda
böyük bir dönüş edib. Bir sözlə,
idman sizə nə verib?
- Bir
neçə gündən sonra 70 yaşım tamam olacaq.
Özümü çox sağlam hiss edirəm. Nəvələrimlə birlikdə idman edirəm.
Onlarla birlikdə basketbol oynayıram, velosiped
sürürəm. Onları həvəsləndirirəm.
Çeviklik və fiziki güc əvvəlki
kimi yerindədir. Sağlam həyat tərzi
yaşayıram. Bu vaxta qədər spirtli
içki və tütündən uzaq durmuşam. Övladlarım da bu vərdişlərdən
uzaqdırlar. Bizim evdə içki qədəhi
və külqabıya rast gəlmək olmaz. Ola bilər ki, sağlam və gümrah
qalmağımın bir səbəbi də budur. Ailəmdə formalaşdırdığım düzgün
təlim-tərbiyə əsas meyarlardan biridir. Gözəl ailə yaşamaq üçün əsas
şərtdir. Arxada qoyduğum bu illər ərzində
Azərbaycan idmanın inkişafında, uşaq və gənclərimizin
fiziki cəhətdən sağlam böyüməsində əməyim
olubsa, buna görə özümü xoşbəxt
sayıram.
- Nazir
müəllim, yaxşı olardı ki, ailəniz,
övladlarınız barədə məlumat verərdiniz.
-
1976-cı ildə ailə qurmuşam. Həyat
yoldaşım ixtisasca həkim-terapevtdir. Azərbaycan
Tibb Unversitetinin məzunudur. Hazırda həkim
işləyir. 2 oğlum, 1 qızım var. Hər
3-ü ali təhsillidir. 3 nəvəm
var. Murad 10-cu sinifdə, Elmir 4-də, Şükufə isə
2-ci sinifdə təhsil alır Hər üçü dərs
əlaçılarıdır. Məni
yaşadan, sevincimə rəng qatan nəvələrimdir.
Allah bütün babalara ağıllı nəvələr
qismət eləsin. Hesab edirəm ki, cəmiyyətimizə
sağlam, layiqli övladlar yetişdirmişəm.
- Nazir
müəllim, işdənkənar vaxtınızı necə
keçirirsiniz.
-
Ümumiyyətlə, mənim demək olar ki, boş vaxtım
olmur. Həyətdə ağaclara qulluq etmək, toyuq-cücəyə
baxmaq,evdə icrası tələb olunan
işləri görməkdən həzz alıram. Axşam, üstü həyətdə idman hərəkətləri
edirəm. Televizora ancaq xəbərlər
proqramına və bir də muğam konsertləri və
verlişləri olanda baxıram. İnternet
və mobil telefon da bizim həyatımıza güclü
nüfuz edib. İdman, siyasət, gündəlik
hadisələr və xəbərlərlə bağlı son
məlumatları sosial şəbəkələr vasitəsi
ilə alıram. "Olimpiya
dünyası” qəzetinin hər
buraxılışını əvvəldən axıra kimi
oxuyuram. İdman saytlarını izləyirəm.
Sözün düzü, roman, povest və s. oxumağa
vaxtım imkan vermir. Son vaxtlar
hüquqşünas Ələmdar Məmmədovun
"Prokuror”, Mobil İsmayılovun "Qo-o-o-ol”, Murad
Qocuoğlunun "Bir az gecikəndə” şeirlər
kitabını oxumuşam. Və bu kitablar
mənim stolüstü kitablarımdır. Bundan başqa, hər gün sübh namazından
sonar müqəddəs kitabımız "Qurani-Kərimi”n azərbaycan
dilindəki tərcüməsini oxuyuram. Mən
Allahımdan çox razıyam. Mənə
hər şey verib. Sağlam ailəm,
gözəl tərbiyəli balalarım, başımın
tacı nəvələrim vardır. Şükür
Allaha hələ ki sağlamlığımdan ciddi şikayətim
yoxdur. Yeganə problemim vaxtla, zamanla
bağlıdır. Vaxtın azlığından
şikayətim var. (gülür)
- Nazir müəllim, Həcc ziyarətində olmusunuz. Həmin anları necə xatırlayırsınız?
- Tanrı mənə belə bir imkanı iki dəfə nəsib edib. Həmin anları sözlə ifadə etmək çətindir. Bildiyiniz kimi, Həcc Allahın vacib bildiyi 5 əməldən biridir. Bunları bilmək hər bir müsəlman üçün vacibdir. 5 əməl bunlardır: 1. Kəlmeyi şəhadəti bilmək, 2.Namaz qılmaq, 3.Oruc tutmaq, 4.Həcc ziyarətinə getmək və sonuncu 5-ci əməl Zəkat vermək.
Ümumiyyətlə, Həcc nədir? Həcc sözünün lüğəti mənası hörmət və ehtiramla layiq bir yeri ziyarət etməkdir. Hər il Həccin icrası üçün dünyanın hər bir guşəsindən milyonlarla müsəlman uca Tanrıdan günahlarının bağışlanmasını diləmək, saflaşmaq məqsədi ilə müqəddəs torpaqda Kəbənin ətrafına toplaşır və dua edərək, günahlarının bağışlanmasını diləyir. Həcc ziyarətindən sonra insan daxilən daha rahat olur. Elə bil hər şeyə yenidən başlayır, saflaşır və yüngülləşirsən. Həyata və insanlara olan baxışın daha da dəyişir, etdiyin səhvləri bir daha təkrarlamırsan. Ümumiyyətlə, Həcc ziyarətinə getməsən də belə, insanlıq hissini daim əsas götürməlisən. Kiminsə haqqına girib, nahaq işlər görməməlisən. Belə olanda insanın özünə qarşı məsuliyyəti artır. Oruc İslamın vacib şərtlərindən biridir. Ramazan nədir? Ramazan nəfsi tərbiyə edir. İmkanlı müsəlman oruc olanda çəkdiyi aclıq ilə kasıblara qarşı onlarda mərhəmət hissi yaranır.
Mənim yubileyimin bu müqqədəs Ramazan ayına təsadüf etdiyi üçün özümü çox xoşbəxt hesab edirəm.
P.S. Nazir müəllimi 70 illik yubileyi münasibətilə
"Olimpiya dünyası” qəzetinin çoxsaylı
oxucuları adından ürəkdən təbrik edir, ona Allah
Talanın qismət etdiyi ömrü sağlam,
cansağlığı ilə, mənalı
yaşamağı arzulayırıq.
Anar Əhmədov
Olimpiya dünyası.- 2021.- 4-17
may.- S.6.