20 Yanvar şanlı tariximizə şəhidlərin
qanı ilə yazılmışdır
20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir qəhrəmanlıq səhifəsidir. Bu, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun əsaslı mərhələsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən bir imtahan idi.
1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Regionda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb oldu. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi xalqımızın ədalətsizliyə qarşı apardığı mübarizənin tərkib hissəsi idi. Sovet rəhbərliyi Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törətdi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.
Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcək və belə tədbir nəzərdə tutulmayıb. Ancaq xalqımız aldadılırdı. Çünki bu vaxt əlavə sovet hərbi birləşmələrinin Bakıya yeridilməsi başa çatmaqda idi.
Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu, ona görə edildi ki, Azərbaycan xalqı Bakıda nə baş verdiyini bilməsin. Sonradan 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən planlaşdırılaraq həyata keçirilib.
Yanvarın 19-dan 20-nə keçən gecə
heç bir xəbərdarlıq edilmədən şəhərə
daxil olan sovet əsgərləri küçələrə
çıxıb öz etirazlarını bildirən dinc əhalini
pulemyot və avtomatlardan atəşə tutdu. Həmin
gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri
tərəfindən 121 insan qətlə yetirildi, 700-dən
artıq vətəndaş yaralandı və xəsarət
aldı. Sonrakı günlər də daxil olmaqla, bu hücum nəticəində
132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü
kişi, 5-i qadın, 4-ü uşaq idi. Həlak olanların
arasında 4 polis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər
doktoru olub. Qeydə alınan 700-dən çox yaralının
25-i qadın, 20-si uşaq idi. Bu
insanların heç birinin günahı yox idi. Onlar doğma vətənimizin azadlığına və
müstəqilliyinə qənim kəsilən sovet rəhbərliyinə
etiraz etmək üçün küçələrə
çıxmışdılar. Bu
insanların heç biri silahlı deyildi. Xalqımız
əliyalın halda öz etirazını bildirirdi.
Bakı şəhərində 20 yanvar tarixindən etibarən
fövqəladə vəziyyət tətbiq olunması
haqqında 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın
20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan
edilirdi. Yəni dinc insanlar vəhşicəsinə qətlə
yetirildikdən sonra fövqəladə vəziyyət barədə
məlumatlar yayılırdı. Bununla belə,
fövqəladə vəziyyətin elan olunduğu gün -
yanvarın 20-də daha 5 nəfər dinc sakin imperiya ordusu tərəfindən
güllələndi. O zaman Moskvada yaşayan ümummilli
lider Heydər Əliyev heç bir təhlükəyə
baxmayaraq, heç nədən çəkinməyərək
yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gəldi. O, baş vermiş faciə
ilə əlaqədar xalqımıza
başsağlığı verdi. Burada mətbuat
konfransı keçirən Heydər Əliyev, başda
Qorbaçov olmaqla, Bakıdakı terror aktına rəvac verən
hakimiyyət nümayəndələrini və hərbçiləri
cinayətkar, onların dinc əhaliyə tutduqları
divanı isə bütöv bir xalqa qarşı edilən
tarixi cinayət adlandırdı. Xalqımızın
böyük oğlu bu vəhşiliyə etiraz əlaməti
olaraq Kommunist Partiyası sıralarından
çıxdığını bəyan etdi.
Dahi şəxsiyyət xalqın təkidli tələbi
ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan
sonra bu məsələ yenidən gündəmə gəldi və
20 Yanvar faciəsinə dövlət səviyyəsində tam
siyasi-hüquqi qiymət verildi.
Ümummilli lider 20 Yanvar hadisələri zamanı həlak
olanların xatirəsinin əbədiləşdirilməsi
istiqamətində də bir sıra mühüm tədbirlər
həyata keçirdi. Təkcə onu demək kifayətdir ki,
Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə
qayıtdıqdan sonra ilk olaraq Şəhidlər
Xiyabanını ziyarət etdi. Elə yerindəcə
tapşırıq verdi ki, qısa müddətdə
bütün şəhid məzarlarının üstü
götürülsün və burada memorial kompleks ucaldılsın.
Bunun üçün dövlət səviyyəsində
lazımi vəsait ayrıldı və bu iş qısa zamanda
başa çatdırıldı. Məhz ulu
öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq
hüzn günü elan olundu.
Bakıda Vətən şəhidlərinə
böyük ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər
Xiyabanı xalqımızın müqəddəs and yerinə,
ziyarətgahına çevrildi.
Azərbaycan
Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı
ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq
nümunəsi göstərərək həlak olmuş Azərbaycan
Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi”
fəxri adı verilib. 20 Yanvar hadisələri
zamanı əlil olmuş şəxslərə verilən
aylıq müavinətin artırılması bir daha sübut
edir ki, vətənimizin müstəqilliyi uğrunda
canından keçənlər heç vaxt unudulmur.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev müharibə veteranlarının, şəhid ailələrinin,
əlillərin problemlərinin dövlət səviyyəsində
həllini mühüm vəzifələrdən biri kimi
qarşıya qoyub. Şəhid ailələrinin, əlillərin
sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Ölkənin iqtisadi səviyyəsinin yüksəlməsi
özünü bu qəbildən olan insanların həyat və
məişətində daha aydın göstərir.
Prezident
İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını,
Vətən qarşısındakı xidmətlərini
yüksək qiymətləndirərək deyib:
"Azadlıq, müstəqillik uğrunda, Vətən
uğrunda özlərini qurban verən şəhidlərimizin
hamısının xatirəsini həmişə qəlbimizdə
yaşatmalıyıq. Hesab edirəm ki,
bugünkü müstəqil, qüdrətli Azərbaycan
xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban
vermiş insanların bu işdə böyük xidməti
olubdur. Bu da heç vaxt yaddan
çıxarılmamalıdır”.
Dövlət başçısının Şəhidlər
Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı
Sərəncamı vətən şəhidlərinin xatirəsinə
ehtiramın daha bir nümunəsidir. Prezident İlham
Əliyevin Sərəncamına əsasən, Şəhidlər
Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə
yenidən qurulub, abadlaşdırılıb.
2006-cı
il yanvarın 19-da "20 Yanvar şəhidinin
ailəsi üçün Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün təsis edilməsi
haqqında” Fərman 20 Yanvar şəhidlərinin ailələrinin
maddi vəziyyətinin yaxşılaşdırılmasına
zəmin yaratdı. Ölkə
başçısının Fərmanı ilə "20
Yanvar şəhidi” fəxri adı almış 140 nəfər
şəxsin 180 nəfər ailə üzvünə Prezident
təqaüdü verilir. 2006-cı il
yanvarın 1-dən qüvvəyə minən əmək
pensiyaları haqqında qanuna əsasən 20 Yanvar şəhidlərinin
əmək pensiyasını alan hər bir ailə
üzvünə aldığı pensiyadan başqa, əlavə
ödəniş verilir.
Son illərdə ölkədə əlil və şəhid
ailələrinin mənzil təminatını
yaxşılaşdırmaq üçün dövlət
hesabına fərdi və yaşayış evləri inşa
olunur. Bu mənzillər 20 Yanvar şəhidlərinin ailələrinə,
əlillərə də verilir. Əlillərin
sağlamlığının bərpası da dövlətimizin
diqqət mərkəzindədir. Vətənimizin
müstəqilliyi uğrunda mübarizədə əlil olan
insanların sağlamlıqlarının bərpası
üçün respublikada yeni sağlamlıq mərkəzləri
inşa olunub.
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində daha bir addım metronun "20 Yanvar”
stansiyasının yaxınlığında xatirə
kompleksinin yaradılması oldu.
Prezident
İlham Əliyevin tapşırığı ilə 2009-cu
ilin oktyabrında inşasına başlanılan memorial abidə
kompleksinin açılış mərasimi 2010-cu il yanvarın 20-də həyata keçirildi.
Bütün sahələrdə həyata keçirdiyi
layihələri, xeyirxahlıq missiyası ilə nəinki
ölkəmizdə, dünyada diqqət mərkəzində
olan Heydər Əliyev Fondu da müharibə veteranlarının,
şəhid ailələrinin, əlillərin problemlərinə
böyük qayğı ilə yanaşır. Heydər
Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi,
faciə qurbanlarının ailələrinin problemlərinin həlli,
sağlamlıqlarının bərpası istiqamətində
mühüm işlər görür.
Heydər Əliyev Fondunun xalqımızın tarixinə,
tarixi hadisələrinə həssas münasibəti də
xüsusi qeyd olunmalıdır. Belə ki, Fondun təşəbbüsü
ilə elan edilən "Xocalıya ədalət”
kampaniyası çərçivəsində həyata
keçirilən tədbirlər hər yerdə böyük əks-səda
doğurub. Bundan başqa, Qarabağ
münaqişəsi, xalqımızın tarixi yaddaşı
ilə bağlı kitablar, bukletlər, albomlar nəşr
olunub, filmlər çəkilib. Bu layihələr
xalqımıza qarşı törədilən
ağlasığmaz cinayətlərin dünya ictimaiyyətinə
çatdırılması, bu cinayətlərə hüquqi-siyasi
qiymətin verilməsinə nail olunması istiqamətində
böyük əhəmiyyət kəsb edir.
Xalqı yaşadan və qələbəyə
ruhlandıran onun inamıdır. Hazırda məhz belə
bir inamı Azərbaycan Prezidenti İlham Əliyev
xalqımızda və gənclərimizdə yarada
bilmişdir.
Xalqımızın tarixində faciəli günlər
yetərincədir. Əsrlər boyu yadelli düşmənlərin
göz dikdiyi Vətənimiz işğallara və təcavüzlərə
məruz qalıb. Lakin qəhrəman Azərbaycan
xalqı buna baxmayaraq qürur və mətinliyini əldən
verməyib.
İllər keçəcək, nəsillər dəyişəcək,
amma tarix unudulmayacaq. Heç bir azərbaycanlı
başımıza gətirilən faciələri unutmayacaq.
Artıq bu gün şanlı tarixmizdə yeni bir səhifə,
yeni bir tarix yazılıb.
28 ildən sonra Azərbaycan öz tarixi
torpaqlarını geri aldı. 44 günlük Vətən
müharibəsində rəşadətli Azərbaycan ordusu
dünyaya sübut etdi ki, bu torpaqların əsl sahibi elə
bu torpaqlarda da yaşamalıdır.
Cənab prezident mötəbər kürsülərdə
çıxış edərək, Qarabağın Azərbaycan
torpağı olduğunu dünya dövlətlərinin və
cəmiyyətlərinin diqqətinə çatdırdı. Düşmən
təkcə hərb meydanında deyil, siyasi arenada da məğlubiyyətə
uğradı.
Bu Cənab Prezidentin XXI əsr dünya siyasətində
möhtəşəm bir qələbəsidir. Ölkə
başçısının yürütdüyü
uzaqgörən siyasət, xalqımızın rifahının
yüksəldilməsinə göstərdiyi diqqət və qayğı
sayəsində biz böyük zəfər qazandıq. Hər birimiz Azərbaycana bütövlük,
xalqımıza xoşbəxtlik bəxş etdiyinizə
görə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.
Artıq Qarabağ azaddır. İllərdən bəri əsarətdə
qalan torpaqlarımız, Qarabağın tacı olan Şuşa bizimdir. Qarabağ Azərbaycandır!
Biz inanırıq ki, tezliklə həmin torpaqlar ən
inkişaf etmiş bölgəyə çevriləcək. Xalqımız
Cənab Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya inanır, bu işdə
daim onları dəstəkləyir.
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor
Olimpiya dünyası.- 2021.- 19-25
yanvar.- S.3.