Ölümün bir addımlığından dönən Vətən
müharibəsinin idmançı-iştirakçısı
İllərdir Qarabağ həsrəti ilə alışıb yanan xalqımız, bu gün ev sahibi olaraq doğma yurdumuza qayıtmağa hazırlaşır. Xalqımızın qürurunu, mənəvi azadlığını geri qaytaran, bizə bu xoşbəxtliyi nəsib edən isə Ali Baş Komandan İlham Əliyev və ölkəmizin mərd oğullarıdır. İkinci Qarabağ müharibəsində Vətən uğrunda canını fəda etməyə hazır olan igidlərimiz arasında bayrağımızı beynəlxalq arenalarda daim ucalara qaldıran idmançılarımız da az deyil. Öz səhifələrində Vətən müharibəsinə xüsusi yer ayıran "Olimpiya dünyası” qəzeti budəfəki sayında oxucularını İkinci Qarabağ müharibəsinin iştirakçısı olan basketbolçu Kənan Əliyev ilə tanış edir.
Kənan Əliyev 1993-cü il aprelin 23-də Bakı şəhərində anadan olub. O, 200 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2013-cü ildə ali təhsilini bitirdikdən sonra hərbi xidmətini xüsusi təyinatlı kəşfiyyat bölməsində keçib. Hərbi xidmətini şərəflə başa vurduqdan sonra bir müddət "Təhsil” Respublika İdman Mərkəzində məşqçi kimi fəaliyyət göstərib. Vətən müharibəsinin iştirakçısı hazırda 8 saylı Binəqədi İdman Məktəbində basketbol bölməsinin baş məşqçisi vəzifəsində çalışır.
Basketbol üzrə yüksək divizyonun bir neçə klubunda çıxış edən Kənan Əliyev "Araz-Naxçıvan” komandası ilə 2-ci yer, "Bakı” komandası ilə 3-cü yerə layiq görülüb. Super Liqanın Respublika çempionatının qalibi olan basketbolçu, 2019-2020-ci illər mövsümündə "Zirvə-Astara” komandasının heyətində Super Liqanın qalibi adını qazanıb.
- İstərdik ki, əvvəlcə Vətən müharibəsində keçdiyiniz döyüş yolunuza birgə nəzər salaq.
- Vətən müharibəsində iştirak etmək üçün könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdim. Qısa müddətdə mənə çağırış gəldi və artıq sentyabrın 28-də təlimlərimiz başladı. Bir neçə gün təlimlərdə iştirak etdikdən sonra oktyabrın 4-də Füzuli rayonu istiqamətinə göndərildim. Təxminən üç həftə Füzulidə gedən döyüşlərdə iştirak etdikdən sonra Cəbrayıla yola düşdük. Ordumuzun gücü və birliyi sayəsində Cəbrayıl şəhəri düşməndən azad edildi. Bu, həqiqətən də, çox qürurverici hisslər idi. İllərdir yağıların əsarətində olan torpağımızı düşməndən təmizləmək və həmin yerlərə ayaq basmaqdan böyük fəxr hissi keçirirdik. Daha sonra Qubadlıya yollandıq. Qubadlı rayonunun azadetmə əməliyatı zamanı 3 dəfə mühasirəyə düşdük, ölümlə üz-üzə qaldıq. Qarşı tərəfin minaatanların aramsız atəşinə görə təxminən 3-4 saat sığınacaqdan çıxa bilmədik. Ermənilər tez-tez mövqelərini dəyişirdilər. Ona görə də gözləyib, yeri dəqiqləşdirib, bir həmlə ilə onları məhv etməyə çalışırdıq.
Yerləşdiyimiz ərazidə bir həftə mühasirədə qaldıq. Heç kimlə əlaqə saxlaya bilmirdik. Hətta yemək də gətirmək mümkün olmadığına görə yeməksiz və susuz qalmışdıq. Üstümüzdə yalnız az miqdarda su və quru qidalar var idi. Bir sözlə, Qubadlıda dəfələrlə ölümlə üz-üzə gəldik. Daha sonra hərbçilərimiz düşmənin texnikasının hansı ərazidə olduğunu dəqiq müəyyən edərək, məhv etdilər. Ordumuzun dəqiqliyi və peşəkarlığı olmasa idi, bu gün heç birimiz həyatda olmazdıq. Bu hadisədən sonra Qubadlının Xanlıq kəndində yerləşdik. Yağış nəticəsində yaranan palçıq hərəkətimizə mane olurdu. Lakin bu və ya digər səbəblər döyüş əzmimizi qıra bilmirdi. Çünki bölüyümüz çox ciddi təlim keçmişdi və ən ağır şəraitdə belə vuruşmağa tam hazır idi. Daxilimizdəki hisslər də bizə ruh yüksəkliyi verirdi. Hesab edirəm ki, müharibədə ən əsas məqam əsgərlər arasında ruh yüksəkliyinin olmasıdır.
- Açıq döyüşdən qorxan düşmən müxtəlif hiylələrə də əl atırdı. Bu hiylələrdən necə qorunurdunuz?
- Bilirsiniz, düşmən də olsa, gərək döyüşdə ləyaqətlə vuruşmalıdır. Lakin biz onlarda bu insani keyfiyyətlərin olmamasının dəfələrlə şahidi olmuşuq. Erməni əsgərləri heçkəsin düşünməyəcəyi yerlərə minalar yerləşdirmişdi. Mənim üçün ən gözlənilməzi isə su bulağına yerləşdirilən mina oldu. Təəssüf ki, hərbçi yoldaşlarımızdan biri bulağın suyundan istifadə edərkən minaya düşüb şəhid oldu. Düşmən hətta yaşadıqları evləri tərk etməzdən əvvəl ordumuza zərər vermək üçün müxtəlif üsullardan istifadə edirdi. Onlar qapı tinlərinə, mal-qara saxladıqları yerlərə minalar yerləşdirmişdilər. Təbii ki, ordumuz bütün bu təhlükələri nəzərə alaraq, çox diqqətli və ehtiyyatlı addımlar atırdı.
Füzulidə olan zaman bir erməni tankçı ilə qarşılaşdıq. O, bizimlə Azərbaycan dilində danışaraq, özünü azərbaycanlı kimi təqdim edib, bizi ruhdan salmağa çalışırdı. Müharibədən geri qayıtmayacağımız kimi ifadələr işlədirdi. Lakin bu kimi təxribatlara hazır olduğumuz üçün dərhal düşməni zərərsizləşdirdik. Hətta bir neçə dəfə ordumuza məxsus hərbi geyimləri geyinib, bizə yaxınlaşmağa çalışırdılar. Lakin ehtiyatı əldən verməyərək, bu kimi hiylələrə uymadıq. Təəssüf ki, nə qədər diqqətli olsaq da, qəlpə yaralarından və minalardan şəhid olan əsgərlərimiz oldu. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralı olan əsgərlərimizə isə tezliklə şəfa tapmalarını arzu edirəm.
- Üçtərəfli bəyanat imzalandıqdan sonra işğaldan azad olan ərazilərimizdə qalan düşmən əsgərləri meşələrdə gizlənərək, təxribat törətməyə çalışırdılar. Siz belə hallarla rastlaşmadınız?
- Müharibə bitdikdən sonra Qubadlıda olarkən, meşələrdə partizan qruplaşmalarının açdıqları atəş səsləri eşidilirdi. Belə ki, ordumuzun əsgərləri həmin qrupların gizləndiyi ərazilərə daxil olanda onlar hücuma keçirdilər. Yəni onlar müxtəlif təxribatlar törətmək niyyətində idilər. Buna görə də, hətta müharibə bitdikdən sonra belə ehtiyyatı əldən vermirdik və daim nəzarətdə olurduq. Həmin vaxt bir erməni hərbçisi ilə üz-üzə gəldik. Qulluq etdiyi hərbi hissənin şəxsi heyəti məhv olan düşmən, təşviş içərisində idi və bir neçə gün evin zirzəmisində gizlənmişdi. Qorxu içərisində olan düşmən nə baş verdiyini anlamırdı. Biz onu zərərsizləşdirdik.
Qeyd edim ki, müharibədən sonra sərhədləri müəyyənləşdirəndə ermənilərlə aramızda 50 metr məsafə var idi. Düşmənlər bizimlə Azərbaycan dilində ünsiyyət quraraq, bizi neytral əraziyə dəvət edirdilər. İllərin xain düşmənini tanıdığımız üçün onların hər bir addımının təxribat olduğunu anlayırdıq. Onlar müharibə qurtarandan sonra belə atəşkəs rejimini pozurdular. Buna səbəb isə aciz düşmənin ordumuz qarşısında olan qorxu hissi idi. Erməni əsgərləri əsasən axşamlar, çiskinli hava şəraitində dərələrə atəş açırdılar. Qorxurdular ki, əsgərlərimiz onların üzərinə hücuma keçər. Demək olar ki, hər gün bu hadisə təkrarlanırdı.
- Müharibə şəhidsiz olmur. Sizin üçün ən təsirli şəhid xəbəri hansı oldu?
- Təbii ki, hər bir şəhidimiz bizim üçün əziz və dəyərlidir. Bu müharibədə mənim üçün ən gözlənilməz və sarsıdıcı xəbər polkovnik-leytenant Qərib Baxşəliyevin şəhidlik zirvəsinə ucalması oldu. O, düşmənə əsir düşməmək üçün silahı ilə özünə başından atəş açdı. Bu, mənə həqiqətən də çox təsir etdi. Çünki o, bütün təhlükələrin üzərinə ilk olaraq özü gedirdi. Hər bir əsgəri qoruyub, ona zərər gəlməməsi üçün çalışırdı. Bizə Qərib Baxşəliyevin şəhid olması xəbəri bir müddət sonra çatdı. Hərbi texnikalarımızın və şəxsi məlumatlarımızın Qərib Baxşəliyevin telefonunda olduğu üçün bizə dərhal telefonlarımızı söndürmək əmri verildi. Bu addım düşmənin şəxsi məlumatlarımızdan yararlanaraq, təxribat törətməsinin qarşısını almaq məqsədi ilə atılmışdı.
- İşğaldan azad olunmuş kəndlərə daxil olarkən hansı hissləri keçirirdiniz?
- Bizə əvvəlcə təhlükəsizlik baxımından kəndlərdəki evlərə girməmək barədə tapşırıq verilmişdi. Həmin ərazilər təmizlənəndən sonra azad etdiyimiz kəndlərdəki evlərə daxil olduq. Doğma torpaqlarımıza ayaq basmaq, orada yetişən meyvələri dadmaq insanda böyük sevinc və qürur hissləri yaradırdı.
- Heç düşünürdünüzmü ki, torpaqlarımızın azad olunması əməliyyatlarında sizin də rolunuz ola bilər?
- Düzünü desəm, çağırış gələnə qədər heç təsəvvürümə belə gəlməzdi ki, mən nə vaxtsa bu döyüşlərdə iştirak edərəm. 44 günlük Vətən müharibəsinin iştirakçısı olmaqdan qürur duyuram. Sevinirəm ki, torpaqlarımızın azad olunmasında, az da olsa, mənim də payım var.
Qeyd edim ki, müharibə qurtarandan sonra Zəngilandan Almaniyaya zəng edib, atamla danışdım. Bildirim ki, atam Əli Əliyev birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb. Atamla danışanda çox kövrəldi. O deyirdi ki, mən xoşbəxtəm ki, sən də bu zəfərin bir parçası oldun.
- Vətən müharibəsində Sizin üçün ən təsirli anlar hansılar oldu?
- Briqadamızda ailəli olan hərbçilər çox idi. Onlar müharibəyə gələndə övladlarının şəklini, ayaqqabısını, oyuncağını özləri ilə gətirmişdilər. Hər dəfə döyüşdən əvvəl övladlarının şəkillərinə baxıb, sanki vidalaşırdılar. Bu doğrudan da mənim üçün çox təsirli anlar idi. Amma sevinirəm ki, həmin hərbçi yoldaşlarım sağ-salamat yenidən öz ailələrinin, körpələrinin yanına qayıtdılar.
- İdmançı olmağınız döyüşlərdə sizə hansı üstünlükləri qazandırdı?
- Düzdür, idmançı olmağım mənə fiziki və psixoloji cəhətdən bir qədər üstünlüklər verdi.Yadıma gəlir ki, döyüş zamanı hərbçi yoldaşımın bronjileti itmişdi. Mən öz bronjiletimi ona verdim. Hətta Qubadlıda mühasirədə olanda belə bronjiletsiz idim. Komandirim mənə öz bronjiletini vermək istəyəndə qəbul etmədim. Doğrudan da məndə belə bir inam var idi ki, hər şey yaxşı olacaq. Düzdür, insanı qoruyan Allahdır, hər şey qismətdən asılıdır. Mühasirədə olduğumuz vaxtı özümə deyirdim ki, mən buradan sağ çıxacağam. Bu fikri psixoloji olaraq beynimə yeritmişdim. Bu da yəqin ki, idmandakı psixoloji hazırlığımdan irəli gəlirdi. Lakin ümumilikdə, təbii ki, Vətən müharibəsində Ordumuzun hər bir əsgəri əsl igid, vətəninin cəngavər oğlu olduğunu sübut etdi.
- Gəncə, Bərdə və digər ərazilərimizin düşmən tərəfindən raket atəşinə tutulması anını necə xatırlayırsınız?
- Düzünü desəm, Gəncə şəhərinə endirilən raket mərmisi üzərimizdən keçdi. Əvvəlcə həmin raketin bizə istiqamətləndiyini düşündük. Lakin təxminən 30 dəqiqə sonra düşmənin Gəncəni hədəf aldığı barədə məlumat əldə etdik. Təbii ki, düşmənin dinc sakinlərimizə qarşı törətdiyi terror hadisəsinin cavabı döyüşlərdə dərhal verildi.
Bu hadisələr bizdə düşmənə olan nifrət hissini birə-beş artırdı. Müharibə vaxtı işğal altında olan kəndlərdə məskunlaşan ermənilər mülki sakin olmasına baxmayaraq, əllərinə silah götürmüşdülər. Buna baxmayaraq, biz heç vaxt düşmənin mülki insanlarını hədəfə almırdıq. Çünki bu müharibə qaydalarına ziddir. Amma onlar hətta 15 yaşındakı uşaqları belə müharibəyə cəlb etmişdilər.
- Aylardır həsrətlə yolunuzu gözləyən doğmalarınız gəlişinizi necə qarşıladı?
-Tərxis olunma xəbərini dayıma və qardaşıma demişdim. Dostumdan isə məni qarşılamağını istəmişdim. O, isə mənə sürpriz edərək, bütün dostlarım və tələbələrimlə məni qarşılamağa gəldi. Ümumiyyətlə, müharibə başa çatdıqdan sonra telefonuma tələbələrimdən, onların valideynlərindən çoxsaylı ismarıclar gəldi. Onların mənə yazdıqları xeyir-dualar, xoş sözlər və mənimlə qürur duymalarını bildirməkləri bir məşqçi kimi mənə xoş oldu. Düşünürəm ki, Vətən müharibəsində iştirak etməyim, tələbələrimdə olan vətənpərvərlik hisslərini birə-beş artıracaq. Bundan sonra da çalışacağam ki, yetişdirəcəyim basketbolçular bu vətənə layiq övladlar olsunlar, vətənini, torpağını sevsinlər, bu torpaq uğrunda canını fəda edən şəhidlərimizi tanısınlar.
- Müharibədən sonra mülki həyata öyrəşməkdə çətinlik çəkmirsiniz?
- Düzünü desəm, hələ alışa bilmirəm. Hər şey mənə qəribə gəlir. 90 gün orada qaldıq. Yatanda başımızın üzərində buludları, ulduzları görürdük. Amma indi evdə yatanda və yuxudan oyananda qəribə hisslər keçirirəm. Ermənilər qapılara, bulaqlara, ağaclara, pilləkanlara və digər yerlərə partlayıcı qurğular yerləşdirmişdilər. Bir ani səhv həyatımız bahasına başa gələ bilərdi. Çox ehtiyatlı olmalı idik. Bu səbəbdən də evdə olanda həmin halları özümdən asılı olmadan keçirirəm. Otaqdan otağa keçəndə, qapını açanda, yeriyəndə həmin anlar gözümün önünə gəlir. Hər şeyi fikirləşib, ehtiyatla etməyə çalışıram.
Türkay Niftəliyeva
Olimpiya dünyası.- 2021.- 19-25
yanvar.- S.4.