Gənc atletlərimizin
Yay Olimpiya
Festivallarındakı
13-cü cəhdi
Komandamız Banska Bistritsaya 33
idmançı ilə yollanacaq
Avropa Gənclər XVI Yay Olimpiya
Festivalına artıq sayılı günlər qalır.
İyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhərində
təşkil olunacaq yeniyetmələrin budəfəki
mübarizəsində 50 ölkədən 4 minə yaxın
idmançı qüvvəsini sınayacaq. Əslində bu
şəhərin ötən il iyulun 25-dən 31-dək
festivala ev sahibliyi edəcəyi planlaşdırılsa da,
yarış koronavirus pandemiyası səbəbindən təxirə
salınmışdı.
10 idman növü üzrə
keçiriləcək 13-18 yaşlı
idmançıların yarışında Azərbaycanlı
yeniyetmə idmançılar da təmsil olunacaqlar. Atletlərimiz
festivalda 7 idman növündə - atletika, tennis,
üzgüçülük, velosiped, cüdo, badminton,
gimnastika üzrə yarışlarda mübarizə aparacaqlar.
Komandamızın heyətində cüdo (12), velosiped (7),
atletika (6), gimnastika (4), badminton (2),
üzgüçülük (1), tennis (1) idman növləri
üzrə 33 idmançı yer alıb. Yeniyetmə
idmançılarımızın Olimpiya
festivallarındakı 13-cü cəhdində Azərbaycan
komandasının missiya rəhbəri Milli Olimpiya Komitəsinin
idman idarəsinin baş məsləhətçisi Vaqif
Əliyev olacaq. Komandamızın bayraqdarı isə atletika
idman növünün çəkicatma yarışlarında
çıxış edən Səkinə Hacızadə
olacaq.
Komandamız festivalın
keçirildiyi Banska Bistritsa şəhərinə iyulun 23-də
yola düşəcək.
“Olimpiya dünyası” qəzetinin bu
dəfəki sayında Azərbaycan
idmançılarının Avropa Gənclər Yay Olimpiya
Festivallarındakı çıxışları barədə
məlumat verəcəyik.
Belə
ki, 1990-cı ildə Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən
təsis edilən Avropa Yeniyetmələrinin Yay Olimpiya
Festivalı müasir dövrün əhəmiyyətli idman tədbirlərindən
biridir. Bu tədbir qitədə yeniyetmələr arasında
müxtəlif idman növləri üzrə
yarışların keçirilməsində böyük əhəmiyyət
daşıyır.
Beynəlxalq
Olimpiya Komitəsinin (BOK) himayəsi və Avropa Olimpiya Komitəsinin
(AOK) təşkilatçılığı ilə
keçirilən Avropa Yeniyetmələrinin Olimpiya
Festivalları (AYOF) həmçinin Olimpiya Hərəkatında
da xüsusi yer tutur. Festivalın təşkilində məqsəd
Olimpiya Hərəkatının daha da genişləndirilməsi
və yeniyetmələrin idmana kütləvi surətdə cəlb
edilməsidir. Yeniyetmələrin bu yarışlarda
iştirakı onların böyük idmanda təcrübələrinin
artmasına, gələcəkdə Olimpiya Oyunlarında
çıxış etmələrinə əlverişli zəmin
yaradır. Avropa Yeniyetmələrinin Olimpiya Festivallarında
“Köhnə qitə”dən olan minlərlə yeniyetmə
idmançı güc və bacarığını
nümayiş etdirir. Sağlam və ədalətli idman
mübarizəsi şəraitində keçən
yarışda 13-18 yaşlı, dünya görüşü
yenicə formalaşmağa başlayan yeniyetmələr həm
də biri-biri ilə ünsiyyət qurur, fikir mübadiləsi
aparırlar.
Beynəlxalq
Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Jak Roqq hələ
Avropa Olimpiya Komitəsinin prezidenti olarkən, dünyada Olimpiya
Hərəkatını daha da genişləndirmək, yeniyetmələri
idmana kütləvi surətdə cəlb etmək məqsədilə
Avropa Yeniyetmələrinin Olimpiya Günlərini keçirmək
təşəbbüsü ilə çıxış
etmişdi.
Yeniyetmələrin
ilk Olimpiya Günləri 1991-ci il iyulun 18-dən 20-dək
Brüsseldə keçirildi. 1993-cü ildən başlayaraq həm
yay və həm də qış idman növləri üzrə
hər iki ildən bir keçirilən bu oyunların adı
2001-ci ildə dəyişdirilərək Avropa Yeniyetmələrinin
Olimpiya Festivalı (AYOF) adlandırıldı. Festivalda
Avropanın 50 ölkəsindən gələn yeniyetmə
idmançılar iştirak edirlər. Azərbaycan təmsilçiləri
Olimpiya festivallarında 1993-cü ildən
çıxış etməyə başladılar. Təmsilçilərimizin
ilk yarışı 1993-cü ildə Niderlandın Valkensvard
şəhərinə təsadüf etdi. Bu festivalın
sonuncusu isə 2019-cu ildə paytaxtımız Bakıda təşkil
olundu. Beləliklə, 1993-cü ildən Avropa Yeniyetmələrinin
Yay Olimpiya festivallarında təmsil olunmağa başlayan Azərbaycan
26 ildən sonra bu yarışa ev sahibliyi etmək hüququ
qazandı.
Azərbaycanın
yeniyetmə idmançıları bu günədək
keçirilmiş Avropa Yeniyetmələrinin 15 Yay Olimpiya
Festivalından 12-də iştirak etdi və ümumilikdə 70
medal (27 qızıl, 18 gümüş, 25 bürünc)
qazandılar. Bu yarışlarda uğurlar əsasən
cüdo, güləş, atletika və idman gimnastikası
növlərində əldə olundu. Qazanılan medallardan
46-sı (15 qızıl, 11 gümüş, 20 bürünc)
cüdoçularımızın, 16-sı (8 qızıl, 5
gümüş, 3 bürünc) güləşçilərimizin,
7-si (4 qızıl, 1 gümüş, 2 bürünc) atletlərimizin,
1 gümüş medal isə idman gimnastlarımızın
payına düşdü.
Cüdo və
atletikadan fərqli olaraq güləşçilərimizin
Olimpiya festivallarında qazandıqları medalların
hamısı Bakı-2019-a təsadüf edir.
Komandamızın
Olimpiya festivallarında medal sıralamasına görə ən
yaxşı nəticəsi 2019-cu ildə Bakıda keçirilən
XV Avropa Gənclər Yay Olimpiya Festivalında 23 medalla 4-cü
yeri tutmasıdır. Azərbaycan idmançılarının
bundan sonrakı ən yüksək nailiyyəti isə
Belqrad-2007-də 7 qızıl medal qazanaraq 6-cı
olmasıdır.
Valkensvard-1993
1993-cü
il iyulun 3-9-da Niderlandın Valkensvard şəhərində
Avropa Yeniyetmələrinin II Olimpiya Günləri təşkil
olundu. Yarışda 43 ölkədən 1874 idmançı
mübarizə apardı. İdmançılar 10 idman
növü üzrə qüvvələrini sınadılar.
Azərbaycan komandası ilk dəfə iştirak etdiyi bu
yarışda 4 medal - 2 qızıl, 1 gümüş, 1
bürünc qazandı. Təmsilçilərimiz atletika və
cüdo yarışlarında uğurla çıxış
etdilər. Cüdoçularımızdan Turan Səfərov
(60 kq) qızıl, İlham Məmmədov (46 kq)
gümüş, Taleh Sultaov (65 kq) isə bürünc medal
medal əldə etdi. Atletimiz Elvira Cabbarova 100 metr məsafəyə
qaçış yarışlarının ikincisi oldu. Yeniyetmələrdən
ibarət komandamız bu nəticə ilə Valkensvardda
ümumi hesabda 17-ci yeri tutdu.
Esbyorq-1999
1999-cu il
iyulun 10-dan 16-dək Danimarkanın Esbyorq şəhərində
Avropa Yeniyetmələrinin V Olimpiya Günləri
keçirildi. Yarışda 48 ölkədən 2324 yeniyetmə
atlet 11 idman növü üzrə qüvvəsini
sınadı.
Azərbaycan
idmançıları da bu yarışda mübarizə
apardılar. Komandamız festivalı 4 bürünc medalla
başa vurdu. Yeniyetmə cüdoçularımız Tural
Abbasov (50 kq), Kifayət Qasımova (52 kq), Turan Musayev (73 kq) və
Nurəddin Səlimov (81 kq) festivalın bürünc
medalını qazandılar. Azərbaycanın yeniyetmələrdən
ibarət yığma komandası bu festivalda ümumi hesabda
34-cü yeri tutdu.
Mursiya-2001
2001-ci il
iyulun 22-dən 26-dək İspaniyanın Mursiya şəhərində
Yeniyetmələrin VI Avropa Yay Olimpiya Festivalı
keçirildi. Bu yarışdan etibarən Yeniyetmələrin
Olimpiya Günləri Avropa Yeniyetmələrinin Yay Olimpiya
Festivalı kimi adlandırılmağa başlandı.
Festivalda 48 ölkədən 2500 idmançı 10 idman
növündə mübarizə apardı. Yarışda
iştirak edən Azərbaycan idmançıları 2
gümüş, 2 bürünc medal qazandılar. Mursiya-2001-də
yalnız cüdoçularımız uğurla
çıxış edərək komandamızın aktivinə
medallar yazdırdılar. Cüdoçularımızdan Rza
Əliyev (55 kq), Rəşad Quliyev (60 kq) gümüş, Xəyal
Qəhrəmanov (50 kq) və Samir Sərkərov (81 kq) isə
bürünc medallara layiq görüldülər.
Yığmamız bu nəticə ilə ümumi komanda
hesabında 30-cu yerdə qərarlaşdı.
Paris-2003
2003-cü
il iyulun 27-dən avqustun 3-dək Fransanın paytaxtı Parisdə
Yeniyetmələrin VI Avropa Yay Olimpiya Festivalı
keçirildi. 48 ölkədən 2500 idmançının
mübarizə apardığı yarışlar 10 idman
növü - futbol, basketbol, həndbol, voleybol, cüdo,
atletika, gimnastika, velosiped idmanı,
üzgüçülük və stolüstü tennis üzrə
təşkil edildi. Yarışlar Parisin 8 idman obyektində
keçirildi. Azərbaycan idmançıları 5 idman
növü - atletika, cüdo, üzgüçülük,
velosiped idmanı və stolüstü tennis
yarışlarında mübarizə apardılar. Komandamız
təmsil olunduğu 4-cü festivalda 5 (2 gümüş, 3
bürünc) medala sahib çıxdı. Ölkəmiz medalların
hamısını cüdo idman növündə əldə
etdi. Yeniyetmə cüdoçularımızdan Nicat Şıxəlizadə
(50 kq) və Anar Əliyev (81 kq) gümüş medala layiq
görüldülər. Bürünc medallara isə Elşən
Kərimov (60 kq), Seymur Rzayev (66 kq) və Teymur Əlixanov (73
kq) sahib çıxdılar. 39 dövlətin
idmançılarının medal qazandığı festivalda
komandamız 29-cu yeri tutdu.
Liqnano-2005
Avropa
Yeniyetmələrinin VIII Yay Olimpiya Festivalı 2005-ci il iyulun
3-9-da İtaliyanın Liqnano şəhərində təşkil
edildi. Yarışda 48 ölkənin atleti 11 idman növündə
qüvvəsini sınadı. Komandamız festivalda 5 idman
növündə 12 idmançı ilə təmsil olundu.
İdmançılarımız bu yarışda 6 medala (2
qızıl, 4 bürünc) sahib çıxdılar.
Qızıl medallara cüdoçularımız Teymur
Bağırlı (55 kq) və Zaur Bağırlı (60 kq) layiq
görüldülər. Bürünc medalları isə
komandamıza cüdo yarışlarında Samir Dadaşzadə
(50 kq), Asəf Əliyev (73 kq), atletikanın 400 metr məsafəyə
qaçış yarışlarında Pavel Setin, üçtəkanla
tullanmada isə Ruslan Panatenko qazandırdı. Azərbaycan
medal əldə edən ölkələrin komandaları
sırasında 19-cu pillədə yer aldı. Keçmiş
sovet ölkələri arasında isə ölkəmiz 7-ci
yeri tutdu. Millimiz bu yarışı Avropanın aparıcı
komandalarından hesab edilən Fransa, Yunanıstan, Türkiyə,
Çexiya və Norveçdən irəlidə başa vurdu.
Ümumiyyətlə,
festivalda 48 ölkədən 37-si medal əldə etdi.
Belqrad-2007
2007-ci
ilin iyulun 22-27-də Serbiyanın paytaxtı Belqrad şəhərində
Avropa Yeniyetmələrinin IX Yay Olimpiya Festivalı
keçirildi. Festivalda Avropanın 49 ölkəsini təmsil
edən 3000-dək idmançı 11 idman növündə
mübarizə apardı. Azərbaycan komandası
yarışda 6 idman növündə (velosiped idmanı,
atletika, tennis, stolüstü tennis,
üzgüçülük, cüdo) 34 idmançı ilə
təmsil olundu. Azərbaycan yığma komandası oyunlarda
parlaq qələbəyə imza ataraq, 7 qızıl medala sahib
çıxdı. Bu medallardan 4-ü cüdo, 3-ü isə
atletika yarışlarında qazanıldı.
Cüdoçularımızdan Vüqar Şirinli (50 kq), Elsevər
Bağırzadə (55 kq), Sərxan Əhmədov (60 kq) və
Şahin Qəhrəmanov (90 kq) fəxri kürsünün
birinci pilləsində qərarlaşdılar. Sərxan Əhmədov
bu festivalda “ən yaxşı atlet” adına layiq
görüldü.
Atletika
yarışlarında Ramil Quliyev 100 və 200 metr məsafələrə
qaçışda, Ənvər Zeynalzadə isə
üçtəkanla tullanma yarışlarında qızıl
medal qazandı. Yığma komandamız bu nəticə ilə
49 dövlət arasında 6-cı oldu.
Komandamız
bu nəticə ilə Belçika, Rumıniya, Polşa, Fransa,
Niderland, Macarıstan kimi güclü komandaları geridə
qoydu.
Tampere-2009
Avropa
Yeniyetmələrinin X Yay Olimpiya Festivalı 2009-cu il iyulun 18-dən
25-dək Finlandiyanın Tampere şəhərində təşkil
olundu.
9 idman
növü üzrə (atletika, basketbol, velosiped idmanı,
gimnastika, həndbol, cüdo, üzgüçülük,
tennis və voleybol) keçirilən yarışlarda
ümumilikdə 49 ölkədən 3302 idmançı 109 dəst
medal uğrunda mübarizə apardı. Festivalda Azərbaycan
32 idmançı (20 oğlan, 12 qız) ilə cüdo,
üzgüçülük, tennis, atletika və velosiped
idmanı növlərində təmsil olundu. Komandamız bu
festivalda 2 qızıl, 1 gümüş və 1 bürünc
medala sahib çıxdı. Bu medalları komandamızın
aktivinə cüdo üzrə yığmamızın üzvləri
yazdırdılar. Bütün rəqibləri üzərində
inamlı qələbə qazanan cüdoçularımız
Kamran Bağırov (50 kq), Cəlil Cəlilov (66 kq)
qızıl medal əldə etdilər. Gümüş
medalı komandamıza xanım cüdoçumuz Şəfəq
Muradzadə (52 kq) qazandırdı. Digər cüdoçumuz
Mahir Cəfərli (60 kq) isə festivalın bürünc
medalına sahib çıxdı. Cüdo üzrə
komandamızın üzvləri ümumi hesabda 2 qızıl,
1 gümüş və 1 bürünc medalla ikinci yerdə qərarlaşdı.
Avropa
Yeniyetmələrinin X Olimpiya Festivalında ümumilikdə 37
ölkə medal əldə etdi. Yarışın
yekunlarına əsasən Azərbaycan komandası 4 medalla
festivalda iştirak edən 49 ölkə arasında 19-cu pillədə
yer aldı.
Trabzon-2011
Avropa
Yeniyetmələrinin XI Yay Olimpiya Festivalı 2011-ci il iyul
ayının 24-29-da Türkiyənin Trabzon şəhərində
keçirildi. Bu festivalda dünyanın 49 ölkəsindən
4 minə yaxın 13-18 yaşlı idmançı atletika,
basketbol, velosiped idmanı, gimnastika, həndbol, cüdo, tennis,
voleybol və üzgüçülük üzrə
yarışlarda iştirak etdi. Festivalda Azərbaycanın 35
yeniyetmə idmançısı altı idman növü
(atletika, cüdo, idman gimnastikası, velosiped idmanı,
üzgüçülük, tennis) üzrə
yarışlarda qüvvəsini sınadı. Ölkəmizi
atletika üzrə yarışlarda 10 (7 oğlan, 3 qız),
cüdoda 12 (6 oğlan, 6 qız), idman gimnastikasında 2 (hər
ikisi oğlan), velosiped yarışlarında 3 (hər
üçü oğlan), üzgüçülükdə 4
(3 oğlan, 1 qız) və tennisdə 4 (2 oğlan və 2
qız) idmançı təmsil etdi.
Avropa
Yeniyetmələrinin XI Olimpiya Festivalında Azərbaycan
yığma komandası 3 medala (1 qızıl, 2
gümüş) sahib çıxdı. Cüdoçumuz
Firudin Dadaşov (73 kq) qızıl medala, digər
cüdoçularımız Hüseyn Rəhimli (66 kq) və Cəlil
Şükürov (90 kq) isə gümüş medallara layiq
görüldülər.
Komandamız
bu nəticə ilə 49 ölkə arasında 23-cü yeri
tutdu.
Utrext-2013
Niderlandın
Utrext şəhərində keçirilən Yeniyetmələrin
XII Yay Olimpiya Festivalı 2013-cü il iyulun 14-19-da
keçirildi. Yarışda Avropanın 49 ölkəsindən
3143 idmançı mübarizə apardı. Yeniyetmələr
festivalda idmanın 9 növü - basketbol, velosiped idmanı
(şose), voleybol, həndbol, cüdo, atletika,
üzgüçülük, idman gimnastikası və tennis
üzrə keçirilən yarışlarda qüvvələrini
sınadılar. Azərbaycan komandası yarışda 5
(atletika, tennis, üzgüçülük, velosiped idmanı,
cüdo) idman növündə 30 idmançı ilə
mübarizə apardı. İdmançılarımızdan
7-si atletika, 2-si tennis, 6-sı üzgüçülük,
3-ü velosiped idmanı, 12 nəfəri isə cüdo
yarışlarında iştirak etdi.
İdmançılarımız Utrextdə 2 qızıl və
1 bürünc medala sahib çıxdılar. Qızıl
medalları ölkəmizə cüdoçumuz Elnur Abbasov (50
kq) və üçtəkanla tullanma yarışlarında
mübarizə aparan Nazim Babayev qazandırdı. Bürünc
medala isə digər cüdoçumuz Hidayət Heydərov (60
kq) sahib çıxdı. Komandamız bu nəticə ilə
49 ölkə arasında 18-ci yeri tutdu.
Tbilisi-2015
2015-ci il
iyulun 26-dan avqustun 1-dək Gürcüstanın paytaxtı
Tbilisidə Avropa Yeniyetmələrinin XIII Yay Olimpiya
Festivalı keçirildi. Yarışda dünyanın 50
ölkəsindən 3304 idmançı 9 idman növündə
mübarizə apardı. Azərbaycan komandası iştirak
etdiyi sayca 10-cu festivalında 6 idman növü - atletika (10 nəfər),
tennis (4), üzgüçülük (5), bədii gimnastika
(1), velosiped idmanı (3) və cüdo (12) üzrə 35
idmançı ilə təmsil olundu.
İdmançılarımız
festivalı 2 qızıl, 1 gümüş və 2
bürünc medalla başa vurdular. Komandamıza qızıl
medalları cüdoçularımız Şəfəq Həmidova
(40 kq) və Hasil Cəfərov (73 kq) qazandırdı. Digər
cüdoçularımızdan Kəramət Hüseynov (55 kq)
gümüş, İbrahim Bayramlı (50 kq) və
İsmayıl İbrahimov (60 kq) isə bürünc medala sahib
çıxdılar. Azərbaycan komandası bu göstərici
ilə ümumi medal sıralamasında 22-ci yeri tutdu.
Festivalın
təşkilində və keçirilməsində
ümumilikdə 1500-dən çox könüllü
iştirak etdi ki, onlardan da 35-i azərbaycanlı idi.
Gyor-2017
2017-ci il
iyulun 23-30-da Macarıstanın Gyor şəhərində
Avropa Yeniyetmələrinin XIV Yay Olimpiya Festivalı
keçirildi. Festivalın açılış mərasimi
Gyor şəhərinin “ETO-Park” stadionunda təşkil olundu.
Festivalda qitənin 50 ölkəsindən 3675 idmançı
10 idman növündə (basketbol, həndbol, gimnastika, voleybol,
cüdo, atletika, üzgüçülük, tennis, avarçəkmə,
velosiped idmanı) qüvvəsini sınadı. XIV Olimpiya
Festivalında 41 atletlə təmsil olunan Azərbaycan
komandası 4 idman növü (cüdo, atletika, velosiped
idmanı, tennis) üzrə yarışlarda mübarizə
apardı. İdmançılarımız Gyor-2017-ni 2 (1
gümüş və 1 bürünc) medalla başa vurdular.
Komandamıza hər iki medalı cüdoçularımız
qazandırdı. Oyunlarda 40 kq çəki dərəcəsində
yarışan Vüsalə Kərimova gümüş medala
layiq görüldü. Adil Kərimli (-90 kq) isə
bürünc medala sahib çıxdı. Komandamız bu nəticə
ilə festivalda mübarizə aparan 50 ölkə arasında
33-cü oldu.
İyulun
30-da Avropa Yeniyetmələrinin XIV Yay Olimpiya Festivalının
bağlanış mərasimi keçirildi. Mərasimdə
Avropa Olimpiya Komitəsinin bayrağı Azərbaycana təqdim
edildi. Avropa Olimpiya Komitəsinin bayrağını Aleksandr
Kozlovskidən Azərbaycan Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadə təhvil aldı.
Bakı-2019
2019-cu il
iyulun 21-27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalına
Azərbaycanın paytaxtı Bakı şəhəri ev
sahibliyi etdi. Son illərdə bir çox beynəlxalq idman
yarışlarının uğurlu təşkilatçısına
çevrilən Azərbaycan bu mötəbər idman tədbirində
də yüksək səviyyəli təşkilatçılıqla
yadda qaldı. Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli
açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyev, Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva, eləcə də, Avropa
Olimpiya Komitələrinin prezidenti Yanes Kosiyançiç,
iştirakçı ölkələrin nümayəndə
heyətlərinin rəhbərləri və digər şəxslər
iştirak etdilər.
Mərasimdə
üçrəngli bayrağımızı 15 yaşlı
cüdoçu, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya
Oyunlarının və Avropa Kubokunun qalibi Vüqar Talıbov
apardı.
“Zirvələrə
hazırıq” devizi altında keçirilən Bakı-2019 XV
Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları
paytaxtın 12 idman obyektində yeddi gün davam etdi. Festivalda
48 ölkədən 3900 atlet idmanın on növü - idman
gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol,
cüdo, üzgüçülük, tennis, voleybol və
güləş üzrə yarışlarında 135 dəst
medal uğrunda mübarizə apardı.
İştirakçıların
52 faizi oğlan, 48 faizi isə qızlar oldu.
Mükafatçılar üçün ümumilikdə 930
medal hazırlandı. Medalların 300-ü qızıl,
300-ü gümüş, 330-u isə bürünc oldu.
Azərbaycan
festivala 122 idmançı ilə təmsil olundu. Heyətdə
güləşçilər və yüngül atletlər
sayca üstünlük təşkil etdilər. Azərbaycan bu
idman növlərinin hər biri üzrə 18 nəfərlə
təmsil olundu. Bundan başqa, cüdo yarışlarında
12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4,
üzgüçülük yarışlarında 6
idmançımız mübarizəyə qoşuldu. Komanda
idman növlərində isə voleybol və basketbol
yığmalarımızın hər birinin heyətinə 12
idmançı daxil edildi. Oğlanlardan və qızlardan ibarət
həndbol komandalarımızda ümumilikdə 30 oyunçu
yer aldı.
Festival
günlərində idman obyektlərində 3500-dən
çox könüllü fəaliyyət göstərdi.
Yüksək
səviyyədə təşkil olunan festivalda 23 medal - 10
qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan
millisi 48 ölkə arasında komanda hesabında
dördüncü pillədə qərarlaşdı.
Medallardan 16-sını güləşçilərimiz
qazandılar. Pəhləvanlarımız 8 qızıl, 5
gümüş və 3 bürünc medala sahib oldular.
Medalların sayına görə ikinci yerdə
cüdoçularımız qərarlaşdılar.
Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1
gümüş və 3 bürünc medal yazdırdılar.
Komandamız idman gimnastikası yarışında isə 1
gümüş medala sahib oldu.
Qızıl
medalları komandamıza Fərid Sadıqlı, Qurban Qurbanov,
Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli
(hamısı yunan-Roma güləşi), Murad Haqverdiyev, Kənan
Heybətov, Cəbrayıl Hacıyev (hamısı sərbəst
güləş), Hüseyn Məmmədov və Turan Bayramov (hər
ikisi cüdo) qazandırdılar.
Gültəkin
Şirinova, Elnurə Məmmmədova, Mərziyə
Sadıqova (hamısı qadın güləşi),
Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi sərbəst
güləş), Səməd Məmmədli (idman
gimnastikası) və Vüqar Talıbov (cüdo)
gümüş medala layiq görüldü.
Şükran
Zamanlı, Məhərrəm İmamverdiyeva, Gülşən
Bəşirova (hamısı cüdo), Mircavad Nəbiyev (sərbəst
güləş), Nihat Məmmədli (yunan-Roma) və Nigar Mirzəzadə
(qadın güləşi) isə bürünc medala sahib
çıxdı.
Bakı-2019
XV Avropa Gənclər Olimpiya Festivalında yeddigünlük
idman mübarizəsinin yekununda 38 ölkənin təmsilçiləri
medal qazandılar.
Azər Əlizadə
Olimpiya dünyası.- 2022.- 19-25
iyul.- S.4-5.