Fərid Xəlilov: “Azərbaycan voleybolu
bu gün keçid
dövrünü yaşayır”
Sentyabrın
22-25-də Niderlandın Arnhem şəhərində Avropa
Voleybol Konfederasiyasının (CEV) 43-cü Baş
Assambleyası və Beynəlxalq Voleybol Federasiyasının
(FIVB) konqresi keçirilib. Bu tədbirlərdə ölkəmizi
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil
Cəfərov və baş katibi Fərid Xəlilov təmsil
edib. Assambleyada və konqresdə ölkəmiz
üçün də çox əhəmiyyətli olan məsələlər
müzakirə olunub. Ötən həftə federasiyanın
baş katibi Fərid Xəlilovla görüşüb,
federasiyanın gələcək inkişaf planları barədə
danışdıq. Müsahibəni oxucularımıza təqdim
edirik.
- Fərid müəllim,
istərdik ki, söhbətimizə elə Niderlandda
keçirilən tədbirlərlə başlayaq. Baş katib
seçildikdən sonra ilk dəfə idi ki, bu tədbirlərdə
iştirak edirdiniz.
- Əvvəlcə onu qeyd edim ki, Azərbaycanı belə tədbirlərdə təmsil etmək çox şərəflidir. Bu tədbirin ən müsbət tərəflərindən biri digər ölkələrin federasiyaları ilə əlaqələrimizin möhkəmləndirilməsi ilə bağlıdır. İdman aləmində bir çox federasiya rəhbərləri dəyişib və biz istəyirik ki, bunun üçün yeni əlaqələr quraq. Avropa Voleybol Konfederasiyasının iclasında hesabatlar dinlənildi, maliyyə hesabatının müzakirəsi aparıldı və müəyyən yeniliklər barədə məlumatlar verildi. Bundan başqa qaydalara müəyyən dəyişikliklər təklif edildi və onların səsverməsi keçirildi. Sonra isə Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) iclasında iştirak etdik. Burada EEVZA-ya prezident seçkiləri ilə bağlı məsələ müzakirə olundu. Bildiyiniz kimi, EEVZA-nın bundan əvvəlki rəhbəri Rusiya Voleybol Federasiyasının prezidenti idi. Amma məlum məsələlərə görə Rusiya və Belarus idman yarışlarından kənarlaşdırıldığı üçün həmin vəzifə boş qalmışdı. Bu vəzifə müvəqqəti olaraq Ukrayna Voleybol Federasiyasının prezidenti Mixaylo Melnikə həvalə olunmuşdu. Həmin tədbirdə onun səlahiyyətlərinin tamamilə qüvvəyə minməsi üçün seçkilər keçirildi və qalib olaraq EEVZA-nın yeni prezidenti oldu.
- Siz də bu posta namizədliyinizi irəli sürmüşdünüz. Lakin sonda ukraynalı mütəxəssis seçkilərdə sizi qabaqladı.
- Əslində, deyərdim ki, burada müəyyən maraqların toqquşması və siyasi məsələlər də rol oynadı. Bu seçkilərdə bütün voleybol ictimaiyyəti dünyanın əksər təşkilatları kimi, Ukraynaya dəstək şüarı ilə çıxış etdi. Çıxışlar zamanı mənim arqumentlərim Mixaylonun arqumentlərini üstələyirdi. Lakin o, Ukraynadan olduğuna görə seçicilər bu ölkənin nümayəndəsinə dəstək oldular. Qaydaya görə, zonal təşkilat həmin bölgələrdə voleybolun inkişafı üçün ən sərfəli şərtləri bu ölkələrə təqdim etməlidir. Həm hüquqi, həm də maliyyə təhsilim mənə kömək edirdi ki, bu işləri təşkilat rəhbəri olaraq həyata keçirim. Digər namizədin isə təşkilatçılıqla bağlı yox, hakimlik sahəsində təcrübəsi var. Düşünürəm ki, bu sahədə təcrübəm az olduğu üçün bu dəfə seçilmədim. Amma gələcəkdə yenidən namizədliyimi irəli sürəcəyəm. İnanıram ki, növbəti dəfə nəticə tam fərqli olacaq.
- Niderlanddakı
iclas və görüşlər zamanı ölkə voleybolu
üçün daha hansı mühüm məsələlər
müzakirə olundu?
- Bildiyiniz kimi biz EEVZA-da Ermənistanla eyni zonadayıq. Bu o deməkdir ki, bu ölkələr öz aralarında oyunlar keçirməlidir. Ermənistan Voleybol Federasiyasının baş katibi bizimlə meydana çıxmaq istəmədikləri ilə bağlı məlumat vermişdi. Onlar bilirlər ki, bizdən zəifdirlər və bizə məğlub olsalar, bu, onların ölkəsində çox böyük tənqidlərlə qarşılanacaq. Buna görə də onlara bizimlə meydana çıxmağa icazə yoxdur. Eyni zamanda Ermənistana səfər edib, orada oyunlar keçirmək və onları Bakıya dəvət etmət də müəyyən çətinliklər yaradır. Əgər bu komandalar bir-biriləri ilə qarşılaşsalar neytral meydanda üz-üzə gələcəklər. Neytral meydan olaraq isə Gürcüstan təklif olunub.
Bundan başqa iclasda Avropa və Qafqaz arasında uçuşların böyük maliyyə xərci tələb etməsi ilə bağlı da müzakirələr aparıldı. Buna görə də təklif olundu ki, ölkələr zonalın içində müəyyən qruplara bölünsün. Həmin ölkələrin ən güclüləri növbəti mərhələ üçün Avropadakı yarışlarda iştirak etsin. Burada söhbət EEVZA-nın gənc komandalar arasında təşkil etdiyi müəyyən turnirlərdən gedir. İndi bu məsələlər müəyyən prosedurlar çərvivəsində razılaşdırılmalıdır.
Oradakı təkbətək görüşlərdə biz müxtəlif federasiyalarla yeni əlaqələrimizin inkişafı barədə də müzakirələr apardıq. Ukrayna, Gürcüstan, BƏƏ, Almaniya və Türkiyə ilə münasibətlərimiz var. Türkiyə Voleybol Federasiyasının nümayəndəsi ilə ölkələrimizdə voleybol idman məktəblərini inkişaf etdirmək baxımından qarşılıqlı razılığa gəlmişik.
Beynəlxalq Voleybol Federasiyasının tədbirində isə klassik voleybol, çimərlik voleybolu və qar voleybolu barədə müzakirələr aparıldı. Bildiyiniz kimi bu gün qar voleybolu dünyada inkişaf edir. Lakin bunu ölkəmiz barədə də demək çətindir. Hətta FIVB bu idman növünün Olimpiya proqramına daxil olması üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib. Əgər BOK bu idman növünü Olimpiya idman növü kimi qəbul edərsə, biz olimpiadada artıq voleybolun üç növünü - klassik voleybol, çimərlik voleybolu və qar voleybolunu görə bilərik. Bu isə yəqin ki, Los-Anceles-2028-ə kimi öz təsdiqini tapacaq.
- Ölkəmizdə qar voleybolunun inkişafı üçün lazımı məkanlar az saydadır. Yəqin ki, bunun üçün Şahdağ və digər ərazilər əsas rol oynayacaq?
- Bununla bağlı federasiya prezidenti ilə görüşüb, təkliflərimizi verəcəyik. Qar voleybolunun inkişafı bizə elə də asan başa gəlməyəcək. Burada avadanlıqların təchizatı, oyunçuların hazırlığı, idmançıların yeni qaydalarla tanış olması, təcrübəli məşqçilərin ölkəyə gətirilməsi və ölkədəki məşqçilərin bu idman növü ilə bağlı təlimatlandırılması məsələləri öz həllini tapmalıdır. Bu proses isə müəyyən qədər vaxt aparır. Bu idman növünün ölkəmizdə inkişafı üçün həm CEV, həm də FIVB bizə dəstək olacaq. Bunun üçün həmin qurumlara rəsmi məktubla müraciət olunub. Onların təlimatçıları Azərbaycana gəlməli, siyahılar tərtib olunmalı və məkanlara baxış keçirilməlidir. Bakıda bu idman növünü inkişaf etdirmək çətindir. Biz bunun üçün Qusara və digər dağ ətəyi olan ərazilərə səfər edib, infrastrukturla tanış olmalıyıq. Lakin bu, bir günün işi deyil. Bu iş təkcə qarla bitmir. Orada hərtərəfli şərait və infastruktur yaratmaq lazımdır.
- Çimərlik
voleybolu da ölkəmizdə durğunluq dövrünü
yaşayır. Yəqin ki, voleybolun bu növü də federasiyanın
inkişaf planlarına daxildir.
- Bir müddət əvvəl ölkəmizdə
bu idman növünə diqqət artmışdı. Lakin son illərdə bu
növə maraq azalıb. Çimərlik voleybolunu inkişaf
etdirmək və nəticə qazanmaq klassik voleyboldan daha asan
başa gəlir. Bunun üçün biz
qapalı məkanlar tapmalı, uzun müddətli turnirlər
təşkil etməliyik. Çimərlik
voleybolunu inkişaf etdirmək üçün ölkəmizdə
hər cür şərait var. Bu yaxınlarda hətta Gənclər
və İdman Nazirliyi ilə də
danışıqlarımız olub. Nazirlik
bu idman növünün inkişafı üçün tələb
olunanları bizdən istədi. Artıq
çimərlik voleybolu üzrə xaricdən yeni məşqçi
də gəlib. Həmin mütəxəssislə
görüşüb, müzakirələr aparacağıq.
Əgər çimərlik voleybolunu inkişaf
etdirməkdən danışırıqsa, biz ölkə
çempionatının formatını da dəyişməliyik.
İki-üç günlük çempionatlar
o qədər də səmərə vermir. Bu komandalar il ərzində oynamalı, məşq etməli
və beynəlxalq turnirlərə qatılmalıdırlar.
- Fərid müəllim, qadın
voleybolçularımız Bakı-2017-dən sonra V İslam Həmrəyliyi
Oyunlarındakı çıxışını
bürünc medalla başa vurdular. Halbuki,
komandamızdan daha böyük uğur gözləyirdik.
- Hər
bir ölkədə müəyyən keçid dövrü
var. Azərbaycan voleybolu bu gün keçid dövrünü
yaşayır. Voleybolda nəsil dəyişgənliyi
baş verir. Ayrı-ayrı klublarda
çıxış edən bu oyunçuların milliyə
adaptasiya olması üçün vaxt lazımdır. Fikrimcə, nəticələr narahatlıq
doğurmur. Amma daha yaxşı ola
bilərdi. Qızlardan ibarət komandamız ən
azı ikinci yerə namizəd idi. Təəssüf
ki, millimiz yarımfinalda İran kollektivini mübarizədən
kənarlaşdıra bilmədi. Bu
görüşdən sonra təhlillər aparıb, zəif tərəflərimizi
müəyyənləşdirdik. Oyunçular
və məşqçilər bu oyuna çox rahat
çıxmışdılar. Bu
arxayınlıq nəticəsində onlar güclü
mübarizə ilə qarşılaşdılar.
Kişilərin mübarizəsini də uğursuz hesab
etmək olmaz.
Onlar bu Oyunlarda dördüncü yeri tutdular.
Qətər, İran, Pakistan kimi güclü
komandaların mübarizəsində dördüncü olmaq qənaətbəxş
nəticədir. Nəzərə almaq
lazımdır ki, kişilərdən ibarət millimiz də
yeni formalaşıb və bu onların bir yerdə ilk təcrübəsi
idi.
-
Qadın voleybolçularımız 10-cu dəfə Avropa
çempionatına vəsiqə qazandılar. Yığmamız
yer aldığı D qrupunda ikinci yeri tutaraq növbəti mərhələyə
yüksəldi.
-
Avro-2023-ün seçmə mərhələsində
qadınların mübarizəsi son tura qədər gərgin
şəraitində keçdi. Sloveniyadan sonra
qrupda ikinci yer üçün Avstriya və Gürcüstanla
mübarizə apardıq. Gürcüstan
millisi həqiqətən də çox gözəl komanda
formalaşdırıb. Bakıdakı
oyunda komandamız üçün çətin oldu. Amma səfərdəki oyunda artıq səhvlərimizi
təhlil edərək qələbə qazandıq. Avstriya millisi ilə keçirdiyimiz hər iki oyun isə
3:1 hesablı qələbəmizlə yekunlaşdı. Azarkeş dəstəyi olmadan onları səfərdə
udmaq çətin olardı. Amma sevindirici
haldır ki, Avstriyada yerləşən Azərbaycan Mədəniyyət
Evi bizə dəstək oldu. Həmin səfər
oyununda yüzə yaxın azərbaycanlı arenada
komandamızı dəstəklədi və bu, bizə qalib gəlməkdə
böyük kömək oldu.
Kişilərdə isə oyunlar çox çətin
keçdi. Burada həm də yorğunluq, həm zədələr,
həm də təcrübəsizlik özünü göstərdi.
Hər zaman dediyim ki, bu yarışlarda biz istənilən
halda ya nəticə, ya da təcrübə qazanırıq.
Bu yarışlar komandamıza böyük təcrübə
qazandırdı.
- Qadın komandamızın
yarışlara hazırlığı üçün kifayət
qədər zamanı var. Bunun üçün heyətdə
yeni dəyişikliklər gözlənilirmi?
- Təbii
ki, heyətdə müəyyən dəyişikliklər ola bilər. Bu baş məşqçidən
asılıdır. Konya-2021-də və
Avro-2023-ün təsnifat mərhələsində müəyyən
çatışmazlıqları və güclü tərəflərimizi
gördük. İdarə heyəti tərəfindən
bunları müzakirə edəcəyik. Bu
müzakirələrdən sonra baş məşqçi postunda
da dəyişiklik gözlənilir. Yeni məşqçi
yəqin ki, kənardan gətirilmiş mütəxəssis
olacaq. Buna idarə heyəti və federasiya
rəhbərliyi qərar verəcək. Bu
dəyişikliklər bizə yalnız üstünlük və
yenilik verməlidir.
- Voleybol üzrə yerli
çempionatın startı barədə də fikirlərinizi
bildirərdiniz. Budəfəki çempionatda
neçə komandanın iştirakı gözlənilir?
-
Noyabrın 1-dən artıq oyunlar başlayacaq. Baş
məşqçilər hələki tam heyəti
formalaşdırmayıblar. Biz bunun
üçün onlara oktyabrın 28-nə kimi vaxt vermişik.
Həmin tarixdən sonra sənədlərin qəbulu
prosesi dayandırılacaq. Bundan sonra
çempionatda iştirak edəcək komandaların sayı
müəyyənləşəcək. Hələki
iştirak üçün dörd kişi
və dörd qadın komandası müraciət edib. Keçənilki
komandalara isə bu il daha iki yeni komanda əlavə
olunacaq.
- Yeni mövsümdə ölkəmiz
Çağırış kubokunda kişilərdə
"Murov”, qadınlarda isə "Azərreyl”lə təmsil
olunacaq. Komandalarımızdan han-sı nəticəni
gözləyirsiniz?
-
Avrokuboklara hazırlıq davam edir. Amma burada
müəyyən problemlər var. Komandalarımızın heyəti
hələ ki tam formalaşmayıb. Hər
iki komandanın heyətində rusiyalı legioner
idmançılar var. Həmin oyunçulara səfirlikdən
viza verilmir. Biz yerli çempionat
üçün Avropa Voleybol Konfederasiyasına məktub
ünvanlayaraq Rusiyadan və Belarusdan oyunçular cəlb etmək
istəyimizi bildirdik və bunun üçün hansı
problemin olacağı ilə maraqlandıq. Həmin vaxt CEV-dən bizə konkret cavab verildi ki,
bizim oyunçularla işimiz yoxdur. Bizim
siyasətimiz Rusiya Federasiyasının siyasətinə
qarşıdır. Bu səbəbdən də
biz Rusiya və Belarus komandalarının millilərini heç
bir turnirə buraxmırıq. Amma
oyunçular rahat olsunlar. Lakin burada müəyyən
problemlər ortaya çıxdı. Bu
yaxınlarda komandamız xarici ölkədə təlim-məşq
toplanışında iştirak etməlidir. Amma səfirlik onlara viza vermir. Əgər
rusiyalı idmançılara viza verilməyəcəksə,
onda klublar müəyyən dəyişikliklərə əl
atmalı, heyətə yeni başqa oyunçular dəvət
etməlidirlər. Buna görə də
komanda formalaşmadığından nəsə proqnoz vermək
çətindir.
Azər Əlizadə
Olimpiya dünyası.-
2022.- 4-10 oktyabr.- S.4.