20 Yanvar şanlı tariximizə
şəhidlərin qanı ilə həkk olunub
20 Yanvar Azərbaycan
tarixində qanla yazılmış bir qəhrəmanlıq səhifəsidir.
Bu, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun əsaslı
mərhələsi, milli məfkurəmizin azadlıq istəyinin
oyanış günü idi. Bu, uzun illər Sovet
İmperiyasının əsarətində yaşayan xalqın
azadlıq səsini ucaltdığı, öz suverenliyi
uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli
bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən
bir imtahan idi.
1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Regionda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma “Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb oldu. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi xalqımızın ədalətsizliyə qarşı apardığı mübarizənin tərkib hissəsi idi. Sovet rəhbərliyi Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törətdi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.
Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcək və belə tədbir nəzərdə tutulmayıb. Ancaq xalqımız aldadılırdı. Çünki bu vaxt əlavə sovet hərbi birləşmələrinin Bakıya yeridilməsi başa çatmaqda idi.
Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu, ona görə edildi ki, Azərbaycan xalqı Bakıda nə baş verdiyini bilməsin. Sonradan 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən planlaşdırılaraq həyata keçirilib.
Yanvarın 19-dan 20-nə keçən gecə
heç bir xəbərdarlıq edilmədən şəhərə
daxil olan sovet əsgərləri küçələrə
çıxıb öz etirazlarını bildirən dinc əhalini
pulemyot və avtomatlardan atəşə tutdu. Həmin gecə
Bakının müxtəlif rayonlarında sovet əsgərləri
tərəfindən 121 insan qətlə yetirildi, 700-dən
artıq vətəndaş yaralandı və xəsarət
aldı. Sonrakı günlər də daxil olmaqla, bu hücum nəticəində
132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü
kişi, 5-i qadın, 4-ü uşaq idi. Həlak olanların arasında 4 polis
işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə
alınan 700-dən çox yaralının 25-i qadın, 20-si
uşaq idi. Bu insanların heç birinin günahı yox idi.
Onlar doğma vətənimizin azadlığına və
müstəqilliyinə qənim kəsilən sovet rəhbərliyinə
etiraz etmək üçün küçələrə
çıxmışdılar. Bu insanların heç biri
silahlı deyildi. Xalqımız əliyalın halda öz
etirazını bildirirdi.
Bakı
şəhərində 20 yanvar tarixindən etibarən fövqəladə
vəziyyət tətbiq olunması haqqında 19 yanvar tarixli fərmanı
isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli
maşınlardan xalqa elan edilirdi. Yəni dinc insanlar vəhşicəsinə
qətlə yetirildikdən sonra fövqəladə vəziyyət
barədə məlumatlar yayılırdı. Bununla belə,
fövqəladə vəziyyətin elan olunduğu gün -
yanvarın 20-də daha 5 nəfər dinc sakin imperiya ordusu tərəfindən
güllələndi. O zaman Moskvada yaşayan ümummilli lider
Heydər Əliyev heç bir təhlükəyə
baxmayaraq, heç nədən çəkinməyərək
yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gəldi. O, baş vermiş faciə
ilə əlaqədar xalqımıza
başsağlığı verdi. Burada mətbuat konfransı
keçirən Heydər Əliyev, başda Qorbaçov
olmaqla, Bakıdakı terror aktına rəvac verən hakimiyyət
nümayəndələrini və hərbçiləri cinayətkar,
onların dinc əhaliyə tutduqları divanı isə
bütöv bir xalqa qarşı edilən tarixi cinayət
adlandırdı. Xalqımızın böyük oğlu bu vəhşiliyə
etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından
çıxdığını bəyan etdi.
Dahi şəxsiyyət
xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıtdıqdan sonra bu məsələ
yenidən gündəmə gəldi və 20 Yanvar faciəsinə
dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət
verildi.
Ümummilli
lider 20 Yanvar hadisələri zamanı həlak olanların
xatirəsinin əbədiləşdirilməsi istiqamətində
də bir sıra mühüm tədbirlər həyata
keçirdi. Təkcə onu demək kifayətdir ki, Heydər
Əliyev 1993-cü ilin iyununda hakimiyyətə
qayıtdıqdan sonra ilk olaraq Şəhidlər
Xiyabanını ziyarət etdi. Elə yerindəcə
tapşırıq verdi ki, qısa müddətdə
bütün şəhid məzarlarının üstü
götürülsün və burada memorial kompleks
ucaldılsın. Bunun üçün dövlət səviyyəsində
lazımi vəsait ayrıldı və bu iş qısa zamanda
başa çatdırıldı. Məhz ulu öndərin Sərəncamı
ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu.
Bakıda
Vətən şəhidlərinə böyük ehtiramla xatirə
kompleksi ucaldıldı. Şəhidlər Xiyabanı
xalqımızın müqəddəs and yerinə, ziyarətgahına
çevrildi.
Azərbaycan
Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar
təcavüzü zamanı yüksək vətəndaşlıq
nümunəsi göstərərək həlak olmuş Azərbaycan
Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi”
fəxri adı verilib. 20 Yanvar hadisələri zamanı əlil
olmuş şəxslərə verilən aylıq müavinətin
artırılması bir daha sübut edir ki, vətənimizin
müstəqilliyi uğrunda canından keçənlər
heç vaxt unudulmur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev müharibə
veteranlarının, şəhid ailələrinin, əlillərin
problemlərinin dövlət səviyyəsində həllini
mühüm vəzifələrdən biri kimi qarşıya
qoyub. Şəhid ailələrinin, əlillərin sosial təminatı
ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin
iqtisadi səviyyəsinin yüksəlməsi özünü
bu qəbildən olan insanların həyat və məişətində
daha aydın göstərir.
Prezident
İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını,
Vətən qarşısındakı xidmətlərini
yüksək qiymətləndirərək deyib: “Azadlıq,
müstəqillik uğrunda, Vətən uğrunda özlərini
qurban verən şəhidlərimizin hamısının xatirəsini
həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab
edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan
xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin,
canlarını qurban vermiş insanların bu işdə
böyük xidməti olubdur. Bu da heç vaxt yaddan
çıxarılmamalıdır”.
Dövlət
başçısının Şəhidlər Xiyabanı
kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı
vətən şəhidlərinin xatirəsinə ehtiramın
daha bir nümunəsidir. Prezident İlham Əliyevin Sərəncamına
əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi
yüksək səviyyədə yenidən qurulub,
abadlaşdırılıb.
2006-cı
il yanvarın 19-da “20 Yanvar şəhidinin ailəsi
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” Fərman 20 Yanvar şəhidlərinin
ailələrinin maddi vəziyyətinin
yaxşılaşdırılmasına zəmin yaratdı.
Ölkə başçısının Fərmanı ilə
“20 Yanvar şəhidi” fəxri adı almış 140 nəfər
şəxsin 180 nəfər ailə üzvünə Prezident
təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən
qüvvəyə minən əmək pensiyaları haqqında
qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək
pensiyasını alan hər bir ailə üzvünə
aldığı pensiyadan başqa, əlavə ödəniş
verilir.
Son illərdə
ölkədə əlil və şəhid ailələrinin mənzil
təminatını yaxşılaşdırmaq
üçün dövlət hesabına fərdi və
yaşayış evləri inşa olunur. Bu mənzillər 20
Yanvar şəhidlərinin ailələrinə, əlillərə
də verilir. Əlillərin sağlamlığının bərpası
da dövlətimizin diqqət mərkəzindədir. Vətənimizin
müstəqilliyi uğrunda mübarizədə əlil olan
insanların sağlamlıqlarının bərpası
üçün respublikada yeni sağlamlıq mərkəzləri
inşa olunub.
20 Yanvar
şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində daha bir addım metronun “20 Yanvar”
stansiyasının yaxınlığında xatirə
kompleksinin yaradılması oldu.
Prezident
İlham Əliyevin tapşırığı ilə 2009-cu
ilin oktyabrında inşasına başlanılan memorial abidə
kompleksinin açılış mərasimi 2010-cu il
yanvarın 20-də həyata keçirildi.
Bütün
sahələrdə həyata keçirdiyi layihələri,
xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə,
dünyada diqqət mərkəzində olan Heydər Əliyev
Fondu da müharibə veteranlarının, şəhid ailələrinin,
əlillərin problemlərinə böyük qayğı ilə
yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin
xatirəsinin əbədiləşdirilməsi, faciə
qurbanlarının ailələrinin problemlərinin həlli,
sağlamlıqlarının bərpası istiqamətində
mühüm işlər görür.
Heydər
Əliyev Fondunun xalqımızın tarixinə, tarixi hadisələrinə
həssas münasibəti də xüsusi qeyd
olunmalıdır. Belə ki, Fondun təşəbbüsü
ilə elan edilən “Xocalıya ədalət” kampaniyası
çərçivəsində həyata keçirilən tədbirlər
hər yerdə böyük əks-səda doğurub. Bundan
başqa, Qarabağ münaqişəsi, xalqımızın
tarixi yaddaşı ilə bağlı kitablar, bukletlər,
albomlar nəşr olunub, filmlər çəkilib. Bu layihələr
xalqımıza qarşı törədilən
ağlasığmaz cinayətlərin dünya ictimaiyyətinə
çatdırılması, bu cinayətlərə
hüquqi-siyasi qiymətin verilməsinə nail olunması
istiqamətində böyük əhəmiyyət kəsb
edir.
Xalqı
yaşadan və qələbəyə ruhlandıran onun
inamıdır. Hazırda məhz belə bir inamı Azərbaycan
Prezidenti İlham Əliyev xalqımızda və gənclərimizdə
yarada bilmişdir.
Xalqımızın
tarixində faciəli günlər yetərincədir. Əsrlər
boyu yadelli düşmənlərin göz dikdiyi Vətənimiz
işğallara və təcavüzlərə məruz
qalıb. Lakin qəhrəman Azərbaycan xalqı buna baxmayaraq
qürur və mətinliyini əldən verməyib.
İllər
keçəcək, nəsillər dəyişəcək,
amma tarix unudulmayacaq. Heç bir azərbaycanlı
başımıza gətirilən faciələri unutmayacaq.
Artıq
bu gün şanlı tarixmizdə yeni bir səhifə, yeni bir
tarix yazılıb.
28 ildən
sonra Azərbaycan öz tarixi torpaqlarını geri aldı. 44
günlük Vətən müharibəsində rəşadətli
Azərbaycan ordusu dünyaya sübut etdi ki, bu torpaqların əsl
sahibi elə bu torpaqlarda da yaşamalıdır.
Cənab
prezident mötəbər kürsülərdə
çıxış edərək, Qarabağın Azərbaycan
torpağı olduğunu dünya dövlətlərinin və
cəmiyyətlərinin diqqətinə çatdırdı.
Düşmən təkcə hərb meydanında deyil, siyasi
arenada da məğlubiyyətə uğradı.
Bu Cənab
Prezidentin XXI əsr dünya siyasətində möhtəşəm
bir qələbəsidir. Ölkə
başçısının yürütdüyü
uzaqgörən siyasət, xalqımızın rifahının
yüksəldilməsinə göstərdiyi diqqət və
qayğı sayəsində biz böyük zəfər
qazandıq. Hər birimiz Azərbaycana bütövlük,
xalqımıza xoşbəxtlik bəxş etdiyinizə
görə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.
Artıq Qarabağ azaddır. İllərdən bəri əsarətdə qalan torpaqlarımız, Qarabağın tacı olan Şuşa bizimdir. Qarabağ Azərbaycandır!
Biz inanırıq ki, tezliklə həmin torpaqlar ən inkişaf etmiş bölgəyə çevriləcək. Xalqımız Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya inanır, bu işdə daim onları dəstəkləyir.
Dilqəm Quliyev,
pedaqogika üzrə
elmlər doktoru,
professor
Olimpiya dünyası.- 2022.- 18-24
yanvar.- S.3.