Azərbaycan Avropa Oyunlarının
standartlarını yaratdı
“Köhnə
qitə”ni heyrətləndirmək üçün 30 ay kifayət
etdi
Olimpiya
halqalarının birləşdirdiyi beynəlxalq idman
yarışları təkcə, Olimpiya Oyunları ilə əhatə
olunmur. Qitələrin özləri də Beynəlxalq Olimpiya
Komitəsinin bayrağı altında idman oyunları təşkil
edərək, atletləri bir araya gətirməyə
çalışırlar. Afrika, Asiya və Amerika qitədaxili
idman oyunlarını keçirməklə Olimpiya Hərəkatına
öz töhfələrini veriblər. Digər qitələrə
nisbətən daha yaşlı olan Avropada isə bu oyunlar
sonradan keçirilməyə başlayıb. 2012-ci ildə qitənin
ali qurumu - Avropa Olimpiya Komitələri (AOK) qərara aldı
ki, Avropa idmançıları üçün də
ayrıca bir yarış keçirilsin. Beləliklə, tarixdə
ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi
ideyası yarandı. Bu ideya layihə olaraq həyata
keçiriləndə Bakı da Avropa Oyunlarına ev sahibliyi
üçün namizədliyini irəli
sürmüşdü. Beynəlxalq qurumlar tərəfindən
ev sahibliyinin Azərbaycana verilməsi ölkəmizin
dünyanın aparıcı idman dövlətlərindən
birinə çevrilməsi, idmanın və Olimpiya Hərəkatının
sürətli inkişafının nəticəsi idi.
Avropa
Oyunları haqqında danışılanda
hər
zaman Azərbaycan xatırlanır
Antik və
müasir Olimpiya Oyunlarının vətəni Yunanıstan
olduğu kimi, ilk Avropa Oyunlarının da vətəni məhz
Odlar Yurdu Azərbaycan oldu. Belə ki, Avropa Oyunlarının
keçirilməsi ilə bağlı qərar 2012-ci ilin dekabr
ayında Avropa Olimpiya Komitələrinin Romada keçirilən
41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Olimpiya Komitəsinin
üzvü olan 49 Milli Olimpiya Komitəsindən 48-nin
iştirakı ilə keçirilən gizli səsvermədə
48 səsdən 38 səs toplayan Bakı Avropa Oyunlarına ev
sahibliyi etmək hüququnu qazanıb.
Qərar
qəbul edildikdən sonra ölkəmizdə dövlət səviyyəsində
hazırlıqlara start verilib. 2013-cü ildə Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə
Bakı-2015 Avropa Oyunlarının keçirilməsi ilə
bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat
Komitəsinə rəhbərlik Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilib. Təşkilat
Komitəsinin sədrinin qərarı ilə yaradılan
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi
(BAOƏK) AOK-la birgə bu Oyunların təşkilini
uğurla həyata keçirib.
2015-ci ildə
iyunun 12-28-də Bakıda keçirilən I Avropa Oyunları
çox yüksək səviyyədə təşkil edilib və
bir sıra mühüm məqamlarla yadda qalıb. AOK-un o
vaxtkı prezidenti Patrik Hikki yarışların yüksək
səviyyədə təşkilindən məmnun
qaldığını belə ifadə edib: “Bir çox ev
sahibi olan şəhərlər bu cür tədbirlərə
hazırlıq üçün beş-yeddi il sərf edir.
Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində
bu cür möhtəşəm qitə miqyaslı Oyunlara
yüksək səviyyədə ev sahibliyi etməklə Avropa
Olimpiya hərəkatını şərəfləndirdi”.
Avropa Oyunları 2015-ci ilin ən möhtəşəm tədbirlərindən
biri kimi tarixdə yer alıb. Bu Oyunlar həm də Azərbaycanın
qitə ölkələri ilə iqtisadi-siyasi və idman sahəsində
əməkdaşlığının güclənməsinə,
turizmin inkişafına əlverişli zəmin yaradıb.
Təşkilat
Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə ilk dəfə paytaxtımızda təşkil olunan I
Avropa Oyunlarının standartları müəyyənləşdirilib.
Olimpiya Oyunları formatında keçirilən Bakı-2015-də
dünyanın 50 Avropa ölkəsindən 6 minə qədər
idmançı 17 gün ərzində gərgin mübarizə
aparıb. Proqrama daxil edilən 20 idman növündən
16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya idman növü idi.
12 Olimpiya idman növündə keçirilən
yarışlar Rio-2016 Olimpiadasına lisenziya xarakteri
daşıyıb. Azərbaycan komandası I Avropa Oyunlarına
uğurlu ev sahibliyi etməklə yanaşı, həm də
gözəl nəticə əldə edib. İdmançılarımız
yarışları ikinci yerdə başa vurmaqla, ümumilikdə,
56 medal (21 qızıl, 15 gümüş və 20
bürünc) medal qazanıblar. Komandamız bu nəticə ilə
yalnız Rusiya yığmasından geri qalıb. Şimal
qonşularımız ümumilikdə 164 (79 qızıl, 40
gümüş və 45 bürünc) medal qazanaraq,
siyahıda birinci yerdə qərarlaşıb. Böyük
Britaniya yığması isə 47 (18 qızıl, 10
gümüş və 19 bürünc) medalla 3-cü olub.
Bakıdan
sonra oyunlara ev sahibliyi
etmək
daha böyük məsuliyyət tələb edirdi
II Avropa
Oyunları isə 2019-cu il iyunun ayının 21-30-da Belarusun
paytaxtı Minskdə keçirilib. İkinci Avropa
Oyunlarının əvvəlcə Niderlandda keçirilməsi
planlaşdırılıb. Hətta yarışların
Amsterdam, Haaqa, Eyndhoven, Rotterdam və Utrext şəhərlərində
təşkili barədə razılıq əldə olunub.
Lakin Niderlandın ev sahibliyindən imtina etməsindən sonra
Belarus (Minsk), Böyük Britaniya (Qlazqo), Polşa (Poznan) və
Rusiya (Kazan və Soçi) mübarizəyə qoşulub.
Belarus paytaxtının II Avropa Oyunlarına ev sahibliyi ilə
bağlı qərar AOK-un 2016-cı il oktyabrın 21-də
Belarusda keçirilən 45-ci Baş Assambleyasında qəbul
edilib. 50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil
olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə
dair qərar verilib.
Minsk-2019
Avropa Oyunlarının keçirilmə vaxtı AOK-un Skopye
şəhərində keçirilən 38-ci seminarında təsdiqlənib.
Belarusun baş naziri Andrey Kobyakov Minsk-2019-un Təşkilat
Komitəsinin sədri seçilib və II Avropa Oyunlarında
dünyanın 50 ölkəsindən 4000-dən artıq
idmançı 200 dəst medal uğrunda yarışıb. Badminton,
boks, cüdo, kayak və kanoe qayıqlarında avarçəkmə
yarışları Avropa çempionatı səviyyəsində
keçirilib. Oyunların proqramına 15 idman növü daxil
edilib ki, onun 8-i Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya verib. Bu
da Bakı-2015 Avropa Oyunları ilə müqayisədə
azdır. Belə ki, I Avropa Oyunlarının proqramında
nümayiş etdirilən 20 idman növündən 12-si
olimpiadaya təsnifat xarakteri daşıyıb.
II Avropa
Oyunlarının açılış və
bağlanış mərasimləri Minsk şəhərindəki
“Dinamo” stadionunda keçirilib. II Avropa Oyunlarında 82 atletlə
təmsil olunan Azərbaycan komandası yarışları 5
qızıl, 10 gümüş və 13 bürünc medalla
başa vurub. Komandamız 28 medalla 50 ölkə arasında
onuncu yeri tutub. Bakıda olduğu kimi, Minskdə də Rusiya
komandası medal sayına görə birinci yerdə qərarlaşıb.
Rusiyalılar yarışları 109 (44 qızıl, 23
gümüş, 42 bürünc) medalla başa vurublar. Ev
sahibi olan Belarus millisi 69 (24 qızıl, 16 gümüş, 29
bürünc) medalla ikinci, Ukrayna isə 51 (16 qızıl, 17
gümüş, 18 bürünc) medalla üçüncü
yerə sahib çıxıb.
Oyunların
miqyası qərbə doğru genişləndi
I Avropa
Oyunları zamanı Böyük Britaniyanın Mançester
şəhəri 2023-cü ildə bu Oyunlara ev sahibliyi etmək
arzusunda olduğunu dilə gətirmişdi. 2018-ci ilin may
ayında Avropa Olimpiya Komitələri (AOK) 2023-cü ildəki
Oyunlar üçün qitə MOK-larına namizədlik təklifi
göndərib. 2019-cu ilin yanvarında Polşanın Katovitse
şəhərinin meri Marçin Krupa şəhərin
Oyunlara ev sahibliyi etmək arzusunda olduğunu bildirib.
Lakin həmin
ilin may ayında Polşa Olimpiya Komitəsi 2022-ci il Qış
Olimpiya Oyunlarına ev sahibliyi səbəbindən Katovitsenin
namizədliyini geri götürüb. Polşalılar əvəzində
Krakov şəhərini Oyunlar üçün namizəd
şəhər kimi təklif ediblər. Bu təklif 2019-cu il
may ayının 31-də AOK tərəfindən rəsmi olaraq
qəbul edilib. Polşa Krakovla yanaşı, Malopolska əyalətini
də Oyunlara namizəd kimi göstərib. Beləliklə,
Minsk-2019-un bağlanış mərasimində 2023-cü ildə
üçüncü Avropa Oyunlarının Polşanın
Krakov və Malopolska əyalətində keçiriləcəyi
elan edilib. 2023-cü il iyunun 21-dən iyulun 2-dək
keçirilən oyunlar Polşanın 8 şəhərində
təşkil olunub. Bakı-2015 və Minsk-2019-dan fərqli
olaraq, bu oyunlarda 50 deyil, 48 ölkə iştirak edib. Belə
ki, hər iki Avropa Oyunlarının qalibi olan Rusiya və
Minsk-2019-a ev sahibliyi edən Belarus idmançıları siyasi
səbəblərə görə Polşadakı
yarışdan kənarda qalıb.
48 ölkədən
7 minə yaxın idmançının mübarizə
apardığı III Avropa Oyunlarında atletlər idmanın
29 növü üzrə 253 dəst medal uğrunda
yarışıblar. Oyunlarda idmanın 14 (atletika da daxil)
növü üzrə 101 idmançı ilə təmsil
olunan Azərbaycan komandası 11 (3 qızıl, 2
gümüş, 6 bürünc) medal qazanaraq, 24-cü yerdə
qərarlaşıb.
Birinci
yeri isə 100 (35 qızıl, 26 gümüş, 39
bürünc) medalla İtaliya komandası tutub. İspaniya 57
(21 qızıl, 17 gümüş, 19 bürünc) medalla
ikinci, Ukrayna isə 41 (21 qızıl, 12 gümüş, 8
bürünc) medalla üçüncü olub.
Avropa
idmançıları bu dəfə
iki qitə
ayrıcında toplaşacaqlar
Bakıdan
başlayan estafetin növbə ilə digər şəhərlərə
ötürülmə nizamı Krakovdan sonra sual altında idi.
III Avropa Oyunları başa çatdıqdan sonra qitənin bir
çox ölkələrinin adları çəkilsə də,
onlardan heç biri həqiqəti əks etdirmirdi. AOK bu
işdə irəli atılacaq ölkənin
axtarışına çıxmışdı. Nəhayət
ki, ev sahibi olacaq şəhərin adı son Oyunların keçirildiyi
vaxtdan bir il sonra açıqlandı. Bu məsuliyyəti
öz üzərinə Türkiyə götürdü. Qərara
alınıb ki, IV Avropa Oyunları 2027-ci ildə qitənin ən
böyük şəhərlərindən biri İstanbulda
keçirilsin. Bu, Olimpiya bayrağı altında Türkiyədə
keçiriləcək ən böyük tarixi idman tədbiri
hesab olunacaq. Avropa ilə Asiyanın kəsişdiyi İstanbul
buna qədər 5 dəfə müxtəlif illərdə
Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini
irəli sürsə də, istəyinə nail ola bilməyib.
Amma Türkiyə ölkə olaraq bir sıra mötəbər
idman tədbirlərinə uğurla ev sahibliyi edib. Həmin tədbirlər
İstanbulla yanaşı, ölkənin ayrı-ayrı şəhərlərində
təşkil edilib. Belə ki, indiyədək İstanbulda UEFA
Çempionlar Liqasının finalı (2004/2005, 2022/2023),
Formula 1 üzrə Türkiyə Qran-pri yarışları, I
Qaradəniz Oyunları (2007), Trabzon-2011 Avropa Gənclər XI
Yay Olimpiya Festivalı və başqa yarışlar
keçirilib. Qeyd edək ki, Trabzondakı tədbir
miqyasına görə digər yarışlardan daha
üstün hesab olunurdu. Belə ki, bu festivalda dünyanın
49 ölkəsindən 4 minə yaxın idmançı
atletika, basketbol, velosiped idmanı, gimnastika, həndbol,
cüdo, tennis, voleybol və üzgüçülük
üzrə yarışlarda iştirak edib. Festivalda 35 yeniyetmə
idmançı ilə təmsil olunan Azərbaycan yığma
komandası 3 medala (1 qızıl, 2 gümüş) sahib
çıxıb. Komandamız bu nəticə ilə 49
ölkə arasında 23-cü yeri tutub.
Bu təcrübələrin
nəticəsində Türkiyə 11 il sonra daha mötəbər
idman tədbirinə - V İslam Həmrəyliyi Oyunlarına
yüksək səviyyədə ev sahibliyi edib. Əslində
İslam ölkələrini bir araya toplayan idman tədbiri
2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən
yarış bir il sonra təşkil edilib. Avqustun 9-18-də
keçirilən V İslam Həmrəyliyi Oyunlarında 54
ölkədən 4 mindən çox atlet idmanın 24
növü üzrə 483 dəst medal uğrunda mübarizə
aparıb. İslamiadada 281 idmançı ilə təmsil
olunan Azərbaycan komandası Oyunları 99 medalla 4-cü
sırada başa vurub. Medallardan 29-u qızıl, 36-sı
gümüş, 34-ü isə bürünc olub.
Konya-2021-in
təşkilatçılığını yüksək səviyyədə
təşkil edən Türkiyəni qarşıdan IV Avropa
Oyunlarına hazırlıq mərhələsi gözləyir.
Amma Bakı 2015-də Azərbaycanın Oyunlarda tətbiq etdiyi
standartlar İstanbuldan da yan keçməyəcək.
Oyunları Bakıdakı kimi yüksək səviyyədə
təşkil etməyə çalışacaqlar. Lakin
dünyanın aparıcı idmançıları, mütəxsəssisləri,
media nümayəndələri Bakı-2015-in analoqsuz
olduğun vurğulayırlar.
Anar
Əhmədov.
Azər
Əlizadə
Olimpiya
dünyası.- 2024.- 9-15 aprel, ¹8.- S.5.