Milli rəqslərimizin əzabkeşi
Qorxmaz Qurbanov tamaşaçıların qəlbini fəth
edib
Uzaqdan-yaxından
"Qarabağ şikəstəsi"nin şən
melodiyaları insanı həyəcana gətirir: xəyal və
reallıq yoğrularaq ulu yurdumuzun keçmiş tarixini bizə
çatdırır. İncə, kövrək səmimiyyət
doğuran bu musiqinin dərin lirizminin təsirində səhnədə
iki gənc görünür: bu gənclər xəyal dolu, sələf-
xələf fəlsəfəsinin musiqi ladlarında, rəqslərin
dili ilə seyrçini heyran edirlər. Birdən gənclərin
ayağı yerdən üzülür, səma quşu kimi
sevinc dənizində - buludlar qucağında sanki səmaviləşirlər:
"Qarabağ şikəstəsi",
"Vağzalı" ilə qucaqlaşır. Sevinc sədaları
artır. Səhnə işıqlanır: üzündə
heç vaxt təbəssüm, sevgi əskik olmayan, həmişə
cavan, 1971-ci ildən tanıdığım Qorxmaz Qurbanov
dayandığı, rəqs etdiyi səhnədə sanki heykələ
dönür...
Yenə də heç kəsə
bənzəməyən üzündəki təbəssümlə
deyir: "Böyük zamandır, 1971-ci ildə "Bəzi sənədlərinizi
verin, yenicə yaranmış Ədəbiyyat və İncəsənət
Dövlət arxivinə aparacağam, orada sizə şəxsi
fond açacağıq" - deyə Qorxmaz mənəvi xəzinəmizin
qonağı olarkən çılğın halda ötənləri
xatırlamış, sonra mənə xitabən demişdi:
"Yaxşı ki, o illərdə bizim sənədlərimizin
bir hissəsini bura qəbul etmisiniz, yoxsa"...
Qorxmaz müəllimin səsi
kövrəldi, sanki 35 il əvvələ boylandı. Elə
bu an, əməkdaşımız gülə-gülə 417
saylı şəxsi fondun siyahısını Qorxmaz müəllimə
verdi. Onun sevinci kədərini üstələdi.
Qonaqlarımızdan biri - unudulmaz rəqqas Əlibala
Abdullayevin qızı Elmira xanım da bu sevinci duydu. Digər rəqs
ustamız Xanlar Bəşirov da sevincimizdən ruhlandı.
Söhbət uzandı: çansız sənədlər təzədən
canlandı. Parisin məşhur konsert solonunda Qorxmazın
yüksək müvəfəqiyyət qazanmasını da
danışdıq.
Qorxmaz 1953-cü ildən
müəllimi, dostu olmuş Əlibala Abdulayevi
xatırladıqdan sonra dedi: "7 yaşında ilk dəfə
həvəskar kimi, 13 yaşımda isə rəqs etməyə
qəti olaraq başladım. Harada bir rəqs havasını
eşidirdimsə, yerimdə dura bilmirdim, bütün bədənim
sanki hərəkətə gəlirdi. Rəqs qrupuna
yazıldıqdan az sonra Qorxmaz yoldaşlarından fərqlənir
və o, məşqə həvəslə başlayır. O,
sanki Ana Kürün-Akuşa çayının sahilində,
dünyaya göz açdığı Neftçala rayonunu, gəzib-dolandığı
Salyan ərazisindəki çal-çağırı
eşitmiş, rəqslərimizin ifaçısı olmağa
can atmışdı. Can atmaq az idi, o, özünəməxsus
yeni ritmlər, taktlar yaradaraq melodiyanı ifa edirdi, rəqsini
daha da yaddaqalan edirdi: Çox keçmədən Ə.Abdullayevin
quruluşunda olan "Rəqs müəlliminin rəqsi"
Qorxmazın ifasında hamını həyəcanlandırdı.
Çevik, cəld, plastik hərəkətləri
hamının diqqətini cəlb etdi: o, elə bu illərdə
"Çobanlar", "Gənclik" "Şəki"
rəqslərini heç kəsə bənzəmən ifa
edir, yavaş-yavaş professional xoreoqrafiyanın sirlərinə
yiyələnirdi.
1956-cı ildə Qorxmazı
Macarastana beynəlxalq düşərgəyə istirahətə
göndərirlər. Gözəl rəqs ifaçısı
kimi mükafat alan Qorxmaz bu inamdan daha da ruhlanır və
Macarastandan qayıdıqdan sonra bütün varlığı
ilə milli rəqslərimizin ifasına qəlbən
bağlanır. Elə 1956-cı ildə M.F.Axundov adına
Dövlət Akademik Opera və Balet teatrında verilmiş
böyük konsert zamanı Q.Qurbanov tamaşaçıların
daha çox rəğbətini qazanır. O, illərdə
Qorxmaz Pionerlər sarayında fəaliyyət gəstərən
ehtiyat əmək qüvvələri sarayında məşq
etməyə göndərildi. Burada o, əməkdar artist
Böyükağa Məmmədovla birlikdə yeni Azərbaycan
rəqslərini məşq etməyə səylə
çalışır. Get-gedə rəqslərimizin
vurğununa çevrilən bu gənc istedad müəlliminin
təklifi ilə Dövlət Mahnı və Rəqs
ansablına keçir. 20 ildən çox bu ansablda
çalışır, rəqs onun varlığına
çevrilir. İncəsənətin ən çətin,
mürəkkəb sahəsi olan rəqs sənətinin özəyinə
daxil olmaq, onu xalqa sevdirmək hər rəqqasa nəsib olmur.
Bunun üçün qandan gələn və Allahdan verilən
istedad birinci rol oynayırsa da, ən əsası gərgin zəhmət,
ardıcıl, sistemli məşqdir.
Xalqımızın qədim
və zəngin rəqslərinin yorulmaz ifaçısı
olan Q.Qurbanov həmişə milli rəqslərə müraciət
edir və özünün zəhməti sayəsində
çox vaxt bu rəqslərin ifasında yeni melodiyalarla
yoğrularaq özünün parlaq istedadını
nümayiş etdirir. Belə ki, o, öz ifasında
xalqımızın rəqs ünsürlərini oynaq, ritmi
professionallıqla məşq edərək,
tamaşaçının qəlbini fəth edir. İstər
xalq rəqsləri, istərsə də bəstəkarlarımızın
bir sıra rəqs melodiyaları onun ifasında artıq tarixləşib
və əbədiləşib. Bu əbədilik onun mənəvi
xəzinəmizdə mühafizə olunan şəxsi
fondundakı həmişə canlı sənədlərində
öz əksini tapıb.
Qorxmaz Qurbanov
ömrünün ixtiyar çağında, yenidən mənəvi
xəzinəmizin qonağı olarkən birlikdə onun
keçdiyi, qastrollarda olduğu dünya şəhərləri
ilə bağlı fotoları gözdən keçirdik:
Moskava, Kiyev, Riqa,
"Canlı" sənədlərdə
Ə.Abdullayev yazırdı: "Ansamblın solisti Qorxmaz
Qurbanov istedadlı oyunu ilə ürəkləri fəth edib.
Azərbaycan incəsənəti qarşısındakı xidmətlərinə
və Moskvada müvəffəqiyyətli
çıxışlarına görə Qorxmaz Qurbanov
"Respublikanın əməkdar artisti" fəxri adına
layiq görülüb.
Vaxtilə Ümumdünya
Sülh Şurasının üzvü, alman
yazıçısı Anna Zegers yazmışdı; "Mən
Sovet Şərq xalqlarından Vətənə qayıdarkən
bütün almanlara danışacağam. Mən füsunkar Azərbaycan
rəqsləri və mahnıları haqqında, gözəl
müğənniləri haqqında yazacağam". 1959-cu ildə
deyilmiş bu sözlərdən Qorxmaz Qurbanova da pay
düşür. Mahnı və Rəqs ansamblının
yaradıcı kollektivi arasında 1960-cı illərdə
bütün dünyanı dolaşan istedadlı solistləri və
üzvlərindən bu gün az qala unudulanlarımızı
həmişə xatırlamalıyıq.
Qorxmaz müəllimin xatırladığı 1950-1960-cı illərin rəqqas və rəqqasələrindən Əhmədağa Məmmədov, Ramiz Məmmədov, Böyükağa Məmmədov, Roza Cəlilova, Nailə Mahmudova, Şərqiyə İsgəndərova, Əlikram Aslanov, Xoşbəxt Məmmədov, Roza Mahmudova, Ramiz Eynullayev və başqalarının keçdiyi yaradıcılıq yolundan həmişə bəhrələnməliyik. 1958-ci ildə bu kollektiv "Azərbaycan Respublikasının əməkdar kollektivi" kimi yüksək fəxri ada layiq görülüb. Qorxmaz Qurbanov da həmin kollektivin üzvü olmaqla və illərdir burada bədii rəhbərliyi ilə fəxr edir. Vaxtilə bəstəkarlardan C.Cahangirov, R.Mustafayev, H.Xanməmmədov, V.Adıgözəlovun əsərlərində Qorxmaz Qurbanov solist kimi rəqs etmiş, tamaşaçıların yaddaşlarında həkk olunub. "Çobanlar rəqsi", "Lənkəran", "Azərbaycan", "Bayram şənliyi" və s. rəqslərdə Q.Qurbanov yüksək ifaçılıq məharəti göstərib.
Yenə də qayıdıram sənədlərlə "danışmağa". 417 saylı şəxsi fond Qorxmaz Qurbanov və Nailə Mahmudovanın adına açılıb. 1971-ci ildə hər ikisi yazmışdı: "İdeologiyamızın qoruyucularına hədiyyə: Nailə xanım və Qorxmaz Qurbanov Az.SSR əməkdar artistləri. İmzalar". Artıq o illərdən xeyli vaxt keçib. Bu gün Nailə xanım dünyasını dəyişib, Qorxmaz Qurbanov isə həmişəki kimi rəqslərimizin mahir ifaçısı olaraq yaşayır, öz təcrübəsini gənc rəqqaslara həvəslə öyrədir.
Qorxmaz Qurbanov həyat yolu, bu sənətə necə gəlməsi barədə də yazmışdı: "Mənim bütün həyatım mahnı və rəqs ansamblı ilə bağlıdır. 1958-ci ildə məni ansambla qəbul etdilər. "Qələbə rəqsi", "Ceyran" rəqslərində əsasən aparıcı rolda çıxış edirdim. Tamaşaçıların göstərdiyi səmimiyyət məni yaradıcılıq zirvələrinə qaldırdı. Mən bir çox xarici ölkələrdə olmuşam. Son illərdə Hindistana səfər etmişdim. Hind xalqının Azərbaycan musiqisi və rəqsinə nə qədər dərin bağlı olduğunu gözlərimlə gördüm. Mən xalqın sevincini, əzəmətini, qururunu, qəhrəmanlığını özündə əks etdirən xalq rəqslərini ifa etmişəm. Sevinirəm ki, Azərbaycan rəqsləri nəinki ölkəmizdə, bütün dünyada məftunluqla qarşılanıb, indi də qarşılanır. Türkiyə və Fransa səfərimi heç vaxt unutmaram.
Biz həmin səfərlər zamanı musiqimizin, mahnımızın, rəqslərimizin xalqları bir-birini tanımasındakı rolunun bir daha şahidi olduq. "Qarabağın maralı", "Neftçilər süitası", "Naz eləmə" rəqslərimi ifa edərkən tamaşaçı alqışlarının səsi indi də qulaqlarımdan getmir. Xüsusilə məni 5 dəfə səhnəyə sürəkli alqışlarla qaytarmalarını unutmuram". Bu kövrək xatirələrdən ayrılıb yenə də vaxtilə mənəvi xəzinəmizə verdiyi sənədləri nəzərdən keçirdi. Öz gələcək arzularını da deməkdən çəkinmədi: "Bizim sənətdə izi, sözü olanları da unutmamalıyıq. O cümlədən böyük Üzeyir bəy tərəfindən yaradılmış ansamblımızın sənətkarları ilə bu gün də təmasda olmalıyıq. Rəqqas və rəqqasələrin əməyi həmişə diqqət mərkəzində olmalıdır".
1940-cı il: 18 iyulda Neftçala rayonun Xolqarabucaq kəndində dünya göz açan Qorxmaz "Bala Kürün - Akuşa çayının" şıltaqlarına dözərək adı kimi də sənətin zirvələrinə qorxmadan irəlilədi. Mərd, cəsur, gümrah Qorxmaz müəllim bu gün də dünənki kimi rəqslərimizin keşiyində müsəlləh əsgər kimi durur, bacarığını yeri gəldikcə gələcək nəsillərə həvəslə öyrədir. Ənənə də, sənət də könül kimidir, sındımı, onu yamamaq çətin olur. Əsil xalq sənətkarı, milli rəqslərimizin əzabkeşi olan Qorxmaz Qurbanovu bugünkü ifa olunan rəqslərin əksəriyyətinin bayalığı narahat edir. Bu narahatlıq bəzən onun qəlb evinin şüşəsinə təsir edir. Tez də özünə gəlir. Fikirləşir ki, bu bayağılıq hər zaman olub, əsas odur ki, rəqslərimiz heç vaxt solmur, solmayacaq. Buna görə də varisliyi, ənənəviliyi tədqiq edən, araşdıran insanlar rəqslərimizin də ifaçılarını, həm də onların yaradıcılığını reallıqla təsvir etməlidir. Bu baxımdan Qorxmaz Ağababa oğlu Qurbanovun rəqs yaradıcılığı, şəxsiyyəti, əlaqədə olan şəxsiyyətlər, gəzdiyi ölkələrdə Azərbaycan rəqsinin işığındakı fəaliyyəti də geniş öyrənilməli və təbliğ olunmalıdır.
Maarif Teymur,
ədəbiyyatşünas-publisist
P. S. Elm, təhsil
və həyat.- 2010.- 24 sentyabr.- S.3