Rauf Sultanov: “Texniki elmlər sahəsində alimlərin yetişdirilməsinə diqqət yetirilməlidir”

 

“Elmin aktual problemlərinin müzakirəsi və işıqlandırılması” layihəsi çərçivəsində müsahibimiz Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun Elmi Şurasının üzvü, professor Rauf Sultanovdur.

 Cəmiyyətin tələbatının ödənilməsinin elmin inkişafı ilə əlaqədar olduğunu deyən  R.Sultanov bildirdi ki, bu gün elmin əsas problemləri üç istiqamətdə özünü göstərir və onlardan birincisi elmin hüquqi-normativ bazasının düzgün müəyyənləşdirilməsidir. Son illər ölkəmizdə elmin inkişaf etdirilməsi, onun hüquqi bazasının yaradılması istiqamətində bir çox işlərin həyata keçirildiyini vurğulayan professorun sözlərinə görə, bu həm ölkə başçısının sərəncam və fərmanları, həm də Nazirlər Kabinetinin, AMEA və Təhsil Nazirliyinin fəaliyyəti ilə əlaqədar verilən qərarlarda özünü göstərir. Bununla yanaşı hələ də bir sıra problemlərin mövcud olduğunu deyən R.Sultanovun fikrincə, bunlardan biri gənc elmi kadrların yetişdirilməsi prosesinin hüquqi-normativ sənədlərlə düzgün müəyyənləşdirilməməsi ilə bağlıdır: “Elm təfəkkürün məhsuludur. Buna baxmayaraq təhsil qanununda magistratura elmi dərəcə hesab olunur. Bu elmi dərəcənin verilməsi prosesi TN-in tabeliyində olan ali təhsil müəssisələrində yerinə yetirilir. Dünya miqyasında gənc elmi mütəxəssislərin hazırlanması prosesi elmi müəssisələrdə həyata keçirilir. Həmin müəssisələrdə peşəkar mütəxəssislər yetişdirilir. Digər məsələ odur ki, gənc və hazırda fəaliyyət göstərən alimlərə tədqiqat işləri aparmaq üçün maddi-texniki baza yaratmaq lazımdır və bu baza yaradılmadan həmin tədqiqat işlərini aparmaq qeyri-mümkündür. Onun nəticələri də nəzəri xarakter daşıyır. Məhz bu məqsədlə də dövlət tərəfindən institutların, xüsusilə də AMEA-nın maddi-texniki bazasının yaradılması böyük əhəmiyyət kəsb edir. Dünya miqyasında, xüsusilə Avropada elmi kadrların hazırlanması ilə əlaqədar institutların fəaliyyəti nəzərə alınmalıdır və ölkəmizdə tətbiqi məqsədəuyğun hesab edilməlidir”.

Bundan başqa vacib amillərdən birinin də yetişməkdə olan gənc alimlərin və hazırda fəaliyyət göstərən alimlərin maddi vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı olduğunu deyən professorun sözlərinə görə, bu problem mövcud olduqda alimlərin peşəkarlıq səviyyəsi yüksəlmir və bu zaman onlar maddi səviyyələrini yüksəltmək üçün digər işlərlə məşğul olmağa məcbur olurlar: ”Onu da qeyd edim ki, bu gün elmlər namizədi, professorlarımız abituriyentlərin ali məktəblərə qəbul prosesi ilə məşğul olurlar. Bu isə bizim bu qədər mötəbər, elmimizin inkişafı üçün böyük əhəmiyyət kəsb edən alimlərimizin vaxtını, biliyini səmərəsiz keçirməsinə səbəb olur. Məhz bunun qarşısını almaq üçün dövlət səviyyəsində müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi çox vacibdir”.

R.Sultanovun fikrincə, eyni zamanda yaşlı nəslin gənc nəsillə əvəz olunması prosesi də davam etdirilməlidir: “Bu da bir faktdır ki, ölkəmiz alimlərin sayına görə dünyanın inkişaf etmiş ölkələrindən geri qalır. Xüsusilə də texniki elmlər sahəsində alimlərin yetişdirilməsinə diqqət yetirilməlidir. Dünya miqyasında insan amilinin inkişafını müəyyənləşdirdikdə humanitar sahə alimlərinin sayı nəzərə alınmır. Texniki sahədə çalışan alimlərin, peşəkar insanların sayı burada mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin gələcəyi xüsusilə texniki elmlərin inkişafı ilə əlaqədardır. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, tətbiqi, maddi-bazanın yaradılması məhz elmin inkişafına təsir göstərən əsas amillərdən biridir. Ona görə də elmin inkişafı yalnız hüquqi-normativ sənədlərlə deyil, dövlət tərəfindən ayrılan vəsaitlə də ölçülməlidir. Belə bir səviyyədə ölkəmizdə elmin inkişafına qısa bir müddət ərzində nail olmaq mümkündür”. Ona görə də bu gün müxtəlif istiqamətdə həyata keçirilən tədbirlərlə yanaşı elmin inkişaf etdirilməsi üçün fundamental, eksperimental, tətbiqi elmlərin öyrənilməsinə xüsusi diqqət yetirilməli olduğunu deyən professorun sözlərinə görə, bu, dünya miqyasında mövcud olan tələbə uyğun müəyyənləşdirilməlidir. R.Sultanov onu da bildirdi ki, xaricdə fundamental elmlərin öyrənilməsinə 15, tətbiqi elmlərə 25, təcrübi elmlərin öyrənilməsinə isə 65 faiz vaxt ayrılır: “Məhz təcrübi elmlərin öyrənilməsinə ayrılan 65 faiz vaxt inkişaf etmiş kapitalist ölkələrində müasir texnologiyaların hazırlanmasına qabil olan mütəxəssislərin yetişməsinə səbəb olur. Heç də təsadüfi deyil ki, ölkəmizdə tətbiq edilən müasir texnologiyalar xarici ölkələrdən gətirilir. Ölkəmizdə həmin bazanın yaradılması və gənc, daha mütərəqqi biliyə malik olan alimlərin hazırlanmasına diqqət yönəldilməlidir”.

R.Sultanovun sözlərinə görə, bu gün elm həm insanlara xidmət etməli, həm də onun səmərəsi olmalıdır: ”Prioritet sahələr müəyyənləşdirilməlidir, bu istiqamətdə tədqiqat işlərinin aparılması, planlaşdırılması böyük əhəmiyyət kəsb edir. Onu da xatırladım ki, vaxtilə sovet dövründə hər bir tədqiqat işinin sonunda iqtisadi səmərə göstərilirdi. Hətta bu iqtisadi səmərənin təsərrüfatda tətbiqi nəticəsində həmin alimdən müdafiə ərəfəsində müəyyən arayış tələb olunurdu. Bu da elmin səmərəliliyini göstərən səbəblərdən biri idi. Elmin inkişaf etdirilməsi üçün dövlət səviyyəsində bir sıra məsələlərin həyata keçirilməsi vacibdir. Eləcə də insanların elmlə məşğul olması üçün onları psixoloji cəhətdən hazırlamaq, yalnız bu elmə marağı, həvəsi olan insanların gətirilməsi vacibdir. Elmi dərəcə almaq üçün yox, bütün mənəviyyatın, elmi biliklərin toplanması, səfərbər olması vacib məsələlərdən biridir”.

Elmlə təhsilin bir-biri ilə xüsusilə əlaqədar olduğunu deyən professorun sözlərinə görə, əsas fundamental elmlər təhsil prosesində verilir: “Yəni təhsildə elm yönümlü tələbələrin hazırlanması, biliklərin verilməsi prosesi ixtisas yönümlü istiqamətdə aparılmalıdır. Təhsil prosesində tələbələrdə elmə həvəs və müəyyən sahələrdə tədqiqatları davam etdirmək üçün müəyyən meyillər yaranır. Təhsil prosesinin özü də müəyyən texniki bazaya malik olmalıdır. Həmin mövcud biliklərin öyrənilməsi həmin texniki baza üzərində qurulmalıdır ki, gələcəkdə tədqiqat işinin aparılması prosesində bu işlərin əhəmiyyəti çox böyükdür”.

 

 

Nigar

 

Palitra. -2010. – 6 aprel. – S.6.