Rejissorun “Niyyət”i hasil oldu
Ötən həftə gənc
rejissor Samir Kərimoğlunun çəkdiyi “Niyyət” filminə
baxdım. Sözün düzü, filmi evə aparanda
düşünürdüm ki, indi çəkilən Azərbaycan
filmlərinə baxmaq vaxt itkisidir. Yenə də bərbad
montaj işi, monoton süjet xətti və əks-sədalı
dublyajın şahidi olacam. Fikirləşirdim ki, gənc bir
rejissorun çəkdiyi film yəqin ki, yeknəsək, primitiv
bir süjet xəttinin sadəcə ucuz ekran versiyası olacaq.
Təbii ki, bu düşüncələrim son vaxtlar izlədiyim
filmlərimiz sayəsində formalaşmışdı. Ancaq
filmə baxdıqdan sonra fikrim çox dəyişdi. Ən
azından filmdə bir neçə kadr məni
ağlamağa, bir tamaşaçı kimi düşünməyə
vadar etdi. Film bitdikdən sonra isə düşüncələrə
daldım.
İstər rejissor işi, istərsə
də aktyorların oyunu çox xoşuma gəldi. Onu da
bildirim ki, “Niyyət” filminin çəkilişləri
başlamamışdan öncə rejissor S.Kərimoğludan
müsahibə almışdım. Müsahibə boyu şən
əhval-ruhiyyədə olan bu insanın belə ciddi bir
mövzuda film çəkəcəyinə inana bilmirdim.
Gözlərimə inanmasam da, nəhayət ki, uzun müddətdən
sonra Azərbaycanda standartlara
cavab verə bilən film çəkilmişdi. Filmi mənimlə
birgə izləyən insanlar elə bildilər ki, “Niyyət”i
60-70 yaşında bir rejissor çəkib. Ancaq onun gənc
olduğunu bildirəndə çox təəccübləndilər.
İndi isə bir qədər də film haqqında
danışaq.
Filmin çəkilişləri
Bakı və Məkkə şəhərlərində
aparılıb. Bədii rəhbəri “Oscar” mükafatı
laureatı Rüstəm İbrahimbəyovdur. Xronometrajı 85
dəqiqə olan filmdə baş rollarda Fuad Axundov və
Rövşən Məmmədli çəkilib.
Yeri gəlmişkən, qeyd edim
ki, “Azərbaycan kinosu həftəsi” çərçivəsində
film bu gün saat 19-00-da Heydər Əliyev adına Sarayda
nümayiş olunacaq.
Filmin süjet xətti
düşündürücüdür. Bir-birindən fərqli
iki cavan oğlan: biri - Canik (Cahangir) gününü qumar
masalarında, barlarda keçirir, digəri - Arif isə dindar və
zəhmətsevərdir. Tale bu gənclərin yolunu birləşdirir.
Qəribə də olsa, bir-birini yaxşı tanımayan bu iki
gənc bir niyyət ətrafında
birləşir. Bu niyyətin nə olduğunu görmək istəyənləri
isə mütləq filmə baxmağa dəvət edirəm.
Çünki baxmağa və düşünməyə dəyər.
İndi isə bir qədər də filmi ərsəyə gətirən,
gənc olmasına baxmayaraq olduqca maraqlı üslubu olan S.Kərimoğlu
haqqında qısa məlumat verim. Samir böyük risk və
kiçik büdcəylə 2005-ci ildə “Sirat
körpüsü” filmini çəkir. Filmin ssenaristi,
rejissoru, həmçinin montajçısı olmaqla bərabər o, həm də
baş rollardan birinə çəkilir. Böyük rezonansa səbəb
olan bu filmin təqdimatından bir neçə ay sonra filmin
soundtreki “Sonsuz yol”a çəkilən klip Beynəlxalq
AudioVizual Festivalda “Ən yaxşı klip” və “Ən
yaxşı rejissor işi” nominasiyasında “Qran-pri”
qazanır.
2007-ci ildə “Bu meydan, bu
ekran” müsabiqəsi çərçivəsində Orxan
Fikrətoğlunun ssenarisinə “Qanadlarıma sığal
çək” adlı filmini çəkir. Psixoloji triller
janrında olan bu film 5 film arasında birincilik qazanır.
“Qanadlarıma sığal çək” kino mütəxəssislərinin
böyük marağına səbəb olur. Bu filmdən sonra
Rüstəm İbrahimbəyov Samir Kərimoğlunu öz
yaratdığı Kino Akademiyasına qəbul edir və onunla
işbirliyinə razılıq verir. Artıq Samir Azərbaycan
kino tarixinə dövlət sifarişi almış ilk gənc
kinorejissor kimi adını yazdırıb.
Rejissorla film barədə
söhbətimiz olduqca maraqlı alındı. Samir söhbətin əvvəlində
bildirdi ki, milli kinomuz durğunluq dövrünü artıq
arxada qoyub və bu gün rejissorlar bir-birindən fərqli
filmlər çəkirlər: “Kino özü böyük və
kollektiv sənətdir. İşlədiyin adamlar çəkiliş
meydanında onlara nə demək istədiyini başa
düşməlidir. Komanda şəklində işləməyi
bacarmaq lazımdır. Kinoda “yola vermək” prinsipi
olmamalıdır. “Yola vermək”lə çəkilən filmlərin
pis alınmasının başlıca səbəbi elə məhz
həmin prinsipdir. Durğunluq illərini yaşayan kinomuz qeyd
etdiyim kimi, bu son 3 ildə böyük addımlar atıb. Sovet
dövründən fərqli olaraq bu filmlərdə eynilik
yoxdur”.
- Samir Kərimoğlunun niyyəti
baş tutdu?
- Samir Kərimoğlunun niyyəti
əslində çox böyükdür (gülür...). Təvazökarlıqdan
uzaq olsa da, deyim ki, ancaq biz - yaradıcı qrup bu filmdə
bacardığımızın cəmi 10 faizini edə bildik.
Bilirsiniz, bu film də bir etap idi. Hazırda isə Azərbaycanda
tam qüsursuz film çəkmək - bu artıq möcüzə
sayıla bilər.
- Filmdə sənin
maraqlı üslubda işlədiyini hiss etdim. Yəni heç
bir kadr məni yormadı və sonadək izlədim.
- Mən bu gün dünyada
istehsal olunan bütün yaxşı filmlərə
baxıram, istər klassik, istər kommersiya. Və onlardan nə
isə öyrənirəm ki, qoy mənim çəkdiyim filmlərə
baxan tamaşaçılar da yorulmasın və bu filmə bir
neçə dəfə həvəslə baxsınlar. “Niyyət”də
xronometrajı uzada da bilərdim. Ancaq kadrlar uzun olanda
tamaşaçı yorulur və artıq o filmə ikinci dəfə
baxmaq istəmir. Əksinə, maraqlı mizanlar, məkanlar,
obrazlar, kadrların tez-tez dəyişməyi və
ayrı-ayrı rakurslardan çəkimlər
tamaşaçını yormur.
- Film sənə həvalə
olunanda nə hiss etdin?
- Nazirlikdən 3 ssenari təqdim
olundu. Bunlardan mənə ən yaxın olanı Yavər
Rzayevin “Həcc” adlı ssenarisi oldu. Burda dinimizə rəğbətlə
yanaşı Arifin iç dünyası çox gözəl
göstərilmişdi. Düşündüm ki, burda çox
gözəl rejissor işi nümayiş etdirmək olar. Və
mənə elə gəlir ki, göstərə də bildik.
Burda Arif də, Cahangir də sanki Qərb və Şərqin
bir-birinə necə inteqrasiya etməsinin
daşıyıcılarıdır. Qərbin
aşıladığı mənfi ünsürləri
özündə cəmləşdirən Cahangiri (Canik) Arif dəyişməyə
doğru aparır. Arif əsil müsəlman olan azərbaycanlı
obrazıdır. Heç bir kadrda o, Cahangirə “gəl, namaz
qıl və ya oruc tut” deyə nəsihət vermir. İslam
dini heç vaxt heç kimə nəyisə məcburi qəbul
elətdirməyi buyurmayıb. Hz. Əlinin bir kəlamı var
: ”Düşməninə öz mənliyinlə qalib gəl”. Qloballaşan dünyada bu gün Qərbin
müxtəlif ölkələrdə cəmiyyətə
sırımaq istədiyi mənfiliklərə Arif qalib gəlir.
Arif olduqca aktual bir qəhrəmandır. Rejissor olaraq mən hər
filmdə öz tamaşaçı auditoriyama bir mesaj
çatdırmalıyam. Mənim filmimə baxanda artıq gənclər
düşünəcəklər ki, mən bu qəhrəmanlardan
kimi seçməliyəm? Filmi təhlil edib öz qərarlarını
verəcəklər.
- Filmdə Cahangirin sevgilisi
ona belə deyir: ”Sənin kimi insanlar heç vaxt dəyişmir”.
Bəs sənin fikrincə, real həyatda bu cür insanlar dəyişə
bilərlərmi?
- Məncə, dəyişmirlər.
Ancaq filmə diqqətlə baxan tamaşaçı başa
düşür ki, Cahangirin bünövrəsi
sağlamdır. O, ali təhsil alıb, ancaq iradəsi zəif
olduğu üçün yolunu azıb. Ona görə də
dəyişə bilir. Və hər şey Allahın əlindədir.
Arifin niyyətinin üstünlüyü o idi ki, bu niyyət
sayəsində o, Cahangirin batmış həyatını
xilas etdi. Cahangir isə bu yolla Arifin niyyətini həyata
keçirdi.
- Ümumiyyətlə, səncə,
müasir dövrdə cəmiyyətdə Ariflər
çoxdur, yoxsa Cahangirlər?
- Hər ikisi çoxdur. Amma
inanın ki, müasir cəmiyyətimizdə Cahangirdən daha
pisləri də var.
- Bəs həyatda ariflər
hər zaman qalib gəlirmi?
- Ürəyində Allaha
sevgi olan hər kəs hər zaman qalib gəlir.Onu da bildirim
ki, film boyu Bakının müasir görüntüləri
olan mükəmməl kadrlar da gözdən qaçmır. Hələ
qarlı havada Bakı gecələrini lentə almaq da rejissorun
maraqlı ideyalarından biri hesab olunmalıdır. Ancaq bu
görüntülər də çox çətinliklə
lentə alınıb: ”Yeni il gecəsi Allah -Təala bizə
bir hədiyyə etdi və həmin vaxt qar yağdı.
Çəkiliş aparmaq istəyəndə çəkiliş
qrupu tərəddüd etdi. Çünki hava şərtləri
çətin idi. Rejissor inadkarlığım qalib gəldi. Və
gecə saat 10-da başlayan çəkiliş düz səhər
saat 6-da başa çatdı”.
- Məkkə çəkilişləri
barədə nə deyə bilərsən?
- Bir həftə Məkkədə
qaldıq və 3 gün orda çəkiliş oldu.
Düzü, heç kim inamırdı ki, biz Məkkədə
çəkiliş apara bilərik. Çünki orda buna icazə
verilmir. Ssenaridə də Məkkə görüntüləri
yox idi. Ancaq mən düşündüm ki, lazımdır. Bu
görüntülər filmin daha inandırıcı
olmağına xidmət edirdi. Onu da bildirim ki, rejissor
tamaşaçılar arasında maraqlı bir eksperiment də
keçirib. Belə ki, bu filmi 200-dən artıq
tamaşaçı izləyib və rejissora öz fikirlərini
bildirib. Onlar arasında almaniyalı vətəndaşlar,
xaricdə yaşayan həmyerlilərimiz, millət vəkilli,
evdar qadın, rəssam, bir sözlə, hər yaşdan və
hər vəzifədən müxtəlif insanlar olub. Nəticə
isə belə olub: “Müxtəlif
dünyagörüşlü insanların bu film haqqında
fikirləri mənim üçün maraqlı idi. “Bakı -
İslam mədəniyyətinin paytaxtı” çərçivəsində
keçirilən tədbirlərdə mənim filmim
nümayiş olunmuşdu və onda qonaqlar təəccüb
hissi keçirmişdilər ki, Azərbaycanda belə film
çəkilib. Mən demirəm ki, mən tam qüsursuz
şedevr sayıla bilən bir film çəkmişəm.
Ancaq 200 nəfərdən artıq adam bu filmə bir dəfədən
artıq baxdıqlarını və çox təsirləndiklərini
bildiriblər. Hələki tənqid eşitməmişəm”.
- Filmdə iri plandan istifadə
gözdən qaçmır. Bununla yanaşı baş
rollardan birini oynayan Fuad Axundov peşə etibarilə aktyor
deyil. Professional olmayan birini iri planda tamaşaçıya təqdim
etmək riskli deyildimi?
- Aktyor seçimində mənim
üçün önəmli olan naturadır. Aktyor personaja 50
faiz oxşamalıdır. 50 faiz də rejissor onu personaja
oxşadacaq. Mən
“Qanadlarıma sığal çək” filminə Əlisa
Cabbarovu çəkdim və məncə, professional aktyorlardan
heç kim o rolun öhdəsindən onun kimi gələ bilməzdi.
Qaldı ki, iri plan məsələsinə, bu gün iri
plansız film təsəvvür etmirəm. İndi müəllif
filmlərində iri plandan çox istifadə olunur.
Tamaşaçı qəhrəmanı müxtəlif
situasiyalarda yaxından görmək istəyir. Bəzən
Fuadla bir kadrı 1 və ya 2, bəzən isə 12 dubla
çəkmişik. Bir də lap 138 dubl olsa belə o səhnə
alınmırsa, mən o kadrı tam alınana qədər
çəkməyə hazıram.Filmə baxmaq həvəsində
olanlar bu gün gedib “Niyyət”i izləyəcək və bu
filmdən nəsə öyrənəcəklər. Elə
rejissor da bu filmin çəkilişlərindən çox
şey öyrəndiyini bildirir: ”Bir rejissor kimi bu çəkilişlər
zamanı böyük bir məktəb keçdim. Çəkilişlər
zamanı etdiyim səhvləri digər işlərimdə təkrarlamayacağam.
- Samir, “Niyyət” “İlin
filmi” nominasiyasında “Zirvə” mükafatını da əldə
etdi və təbii ki, artıq bir sıra beynəlxalq
festivallara dəvət alır. Bəs sən xaricdən film
çəkilişi üçün dəvət alsan, gedəcəksən?
- Mən əvvəla, Mədəniyyət
və Turizm Nazirliyinə gənc olmağıma baxmayaraq mənə
verdiyi dəstək və göstərdiyi inama görə təşəkkür
edirəm. Bu qurumun kino şöbəsi mənə doğrudan
da böyük dəstək oldu. Açığını
deyim ki, əgər xaricdən təklif alsam, bir şərtlə
gedərəm, bu işdə Azərbaycanın da maraqları
olsun. Çünki mən bu torpaqda doğulmuşamsa və
Allah-Təala mənə bu istedadı bəxş edibsə,
niyə mən öz
imkanlarımı vətənim üçün, onun mədəniyyətinin
təbliği üçün nümayiş etdirməyim.
Nüşabə Zövqət
Palitra. -2010. – 6 aprel. – S.11.