Bakıda beynəlxalq təhsil sərgisi başladı
Dünəndən “Landmark” hotelinin
Biznes Mərkəzində Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı
ilə “Beynəlxalq Təhsil Sərgisi-2010” öz işinə
başlayıb. Sərgidə Böyük Britaniya,
ABŞ, İsveçrə və Türkiyənin ən
nüfuzlu universitetləri və bir sıra beynəlxalq təşkilatlar
iştirak edib.
Qeyd edək ki, Prezident
Administrasiyasının İctimai-siyası məsələlər
şöbəsinin müdiri Əli Həsənov, təhsil
nazirinin müavini Elmar Qasımov və gənclər və
idman nazirinin müavini İntiqam Babayevin iştirak etdiyi beynəlxalq
təhsil sərgisinə Nyukasl, İst Anglia, Glion Universitetləri
və digər nüfuzlu təhsil müəssisələri
qatılıb. Sərginin təşkilində məqsəd tələbələrin
bir sıra tanınmış xarici universitetlərlə
tanışlığı, yerli ali təhsil ocaqları ilə
əməkdaşlıq əlaqələrinin qurulması, səfərlərin
təşkili və məlumatverici təqdimatların həyata
keçirilməsidir.
Sərginin
açılış mərasimində çıxış
edən təhsil nazirinin müavini Elmar Qasımov
vurğuladı ki, beynəlxalq təhsil sərgisi
praktikasında Kaspi Təhsil Mərkəzi böyük təcrübəyə
malikdir. Onun sözlərinə görə, artıq 2-ci
dəfədir ki, keçirilən sərgi gənclərin
böyük marağına səbəb olub. Nazir müavini əlavə
edib ki, dünyanın aparıcı universitetlərinin
nümayəndələrinin Azərbaycanda keçirilən sərgidə
iştirakı və universitetlərini təmsil etmələri
böyük uğurdur. Hazırda Azərbaycanın 500-ə
yaxın tələbəsinin xaricdə təhsil
aldığı da diqqətə
çatdırıldı.
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, Azərbaycan
təhsil sahəsində də reallaşdırdığı
mühüm və strateji layihələri həyata
keçirir: “Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə
bəyan edib ki, biz neft kapitalını insan kapitalına
çevirməliyik. Neftdən gələn gəlirləri
bir tərəfdən respublikanın qeyri-neft sektorunun
inkişafına, digər tərəfdən isə gənc nəslin
yetişməsinə, ölkənin intellektual gələcəyinin
hazırlanmasına, gənclərin xarici ölkələrin ən
qabaqcıl universitetlərində təhsil almaları işinə
yönəltmək lazımdır. Bu mənada dünyanın
aparıcı universitetlərinin öz imkanlarını və
təhsil konsepsiyalarını Azərbaycan gənclərinə
təqdim etməsi müsbət haldır”.
İsveçrənin Qlion
Universitetinin tələbə qəbulu komissiyasının
direktoru Yuliya Tokareva bildirib ki, bu cür tədbirlər azərbaycanlı
tələbələr üçün yeni imkanlar
açır: “Bizim universitetdə üç azərbaycanlı
tələbə təhsil alır. Onlar təhsil və
davranışları ilə yaxşı mənada
seçilirlər”.
Artıq dördüncü dəfə
Azərbaycanda olduğunu qeyd edən Kembric təhsil qrupunun
meneceri Kris Broadhörst bildirib: “Ölkənizə hər dəfə
gələndə inkişafın şahidi oluram. Mən
bu sərgini çox yüksək qiymətləndirirəm.
Burada azərbaycanlı tələbələr
üçün çox gözəl imkanlar yaradılıb.
Onlar sərgidə xarici universitetlərin təmsilçiləri
ilə birbaşa təmasda olurlar”.
Sərgidə tələbələrin
universitetlərlə yaxından tanışlığı,
video təqdimatların izlənilməsi, təklif olunan
proqramlar haqda məlumatlandırılması təmin
olunmuşdu. Burada müxtəlif və məşhur
dünya universitetləri yaxşı təşkil olunmuş
stendlərlə, zəngin vəsaitlər və məlumat
kitabçaları ilə təmsil olunurdu. Sərgidə xeyli
sayda tələbə, eləcə də təhsillə
bağlı şəxslər iştirak edirdi.
Məlumat üçün
onu da bildirək ki, bu gün Kaspi Tədris Mərkəzində
universitetlərin tələbələr üçün fərdi
seminarları təşkil olunacaq.
İlkin
Palitra. -2010. -7 aprel. – S.4.