KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun fəaliyyətə
başlamasından bir il ötdü...
Məlum
olduğu kimi, Azərbaycan Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”
əsasında Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
yaradıldı. Fondun fəaliyyət göstərməsinin
bir ili artıq tamam oldu.
Fond ötən ildən fəaliyyət
göstərməklə ölkəmizdə söz, fikir və
məlumat azadlığının təmin edilməsi, mətbu
orqan və agentliklərin inkişafı, jurnalist peşəkarlığının
yüksəldilməsi və jurnalistlərin sosial təminatının
yaxşılaşdırılması məqsədi ilə
mütəmadi olaraq mətbu orqanlar və jurnalist təşkilatları
arasında maliyyələşmə müsabiqələri, həmçinin
jurnalistlər üçün fərdi müsabiqələr
keçirməkdədir. Bu baxımdan fondun fəaliyyəti
KİV sahəsində yeni bir canlanmaya səbəb olub. Belə
ki, cəmiyyət üçün olduqca aktual sayılan və
araşdırılması vacib olan çoxlu sahələrlə
bağlı məhz fondun fəaliyyətə
başlamasından sonra mətbu orqanlarda tədqiqatlar, jurnalist
araşdırmaları intensivləşməyə
başlayıb. Daha konkret qeyd etsək, fondun istər qəzet
və təşkilatlar, istərsə jurnalistlər üçün fərdi
qaydada elan etdiyi müsabiqələrin istiqamətləri,
mövzuları olduqca aktuallıq kəsb edir. Ona görə də
bu istiqamətlər üzrə maliyyələşən layihələrin
reallaşması, jurnalist araşdırmalarının
işıq üzü görməsi nəticəsində mətbu
orqanlar mövzu qıtlığından, səthi yazılarla
səhifələri doldurmaq məcburiyyətindən xilas
olmaqdadır. Çünki müsabiqə rəqabəti şəraitində
mətbu orqan və təşkilatların layihələri məsuliyyətlə
icra etmələri layihələr çərçivəsində
yazılan yazıların da keyfiyyətli olmasını diktə
edir. Belə bir halda isə təbii ki, mətbuat nümayəndələrinin
müxtəlif sahələrlə bağlı araşdırma
təcrübələri də artmış olur. Eləcə
də fondun maliyyələşdirdiyi layihələr çərçivəsində
jurnalistlərin müxtəlif sahələr üzrə
peşəkarlıq və bacarıqlarının
artırılması təlimləri də keçirilir ki, bu
da KİV-in ümumi inkişafı və jurnalist
yazılarının səviyyəsinin yüksəlməsi
üçün əlavə stimuldur.
Fondun fəaliyyətə
başlamasından sonra müşahidə olunan məqamlardan
biri də odur ki, müsabiqələr nəticəsində
maliyyələşən və layihə həyata keçirməyə
başlayan qəzetlər cəmiyyətə daha açıq
oldu. Belə ki, layihələr çərçivəsində
müxtəlif mövzuları işıqlandıran qəzetlər
cəmiyyət üzvlərinin, ictimaiyyət nümayəndələrinin
fikirlərini işıqlandırmaqla daha oxunaqlı
olmaqdadır. Layihələrin ictimai inkişaf
baxımından ideya axtarışı və yeni təkliflərin
ortaya çıxmasını sövq etməsi isə qəzetlərin
ictimai faydalılıq əmsalını daha da
artırmış olur.
O da qeyd edilməlidir ki,
fondun keçirdiyi müsabiqələr nəticəsində qəzetlər
yeni texniki avadanlıqlar, kompyuterlərlə də təmin
olunmağa başlayıblar ki, bu da KİV-lərin maddi-texniki
bazasının gücləndirilməsi baxımından
çox yaxşı haldır.
Qeyd edildiyi kimi, fondun fəaliyyət
istiqamətlərindən biri fərdi jurnalist yazıları
ilə bağlı müsabiqələr keçirilməsidir.
Fondun jurnalistlərin sosial təminatının
yaxşılaşdırılması, yazıları ilə fərqlənən
jurnalistlərin mükafatlandırılması ilə
bağlı həyata keçirdiyi bu cür müsabiqələr
mütəmadi hal alıb. Qeyd edək ki, bu müsabiqələrdə
elan edilən istiqamətlər və mövzular Konsepsiyada irəli
sürülmüş istiqamətlər əsasında müəyyənləşir
və Fondun Müşahidə Şurası tərəfindən
təsdiq edilir. Fond artıq növbəti belə müsabiqəni
elan etməyə hazırlaşır. Fond müsabiqələrin
effektli, ictimai aktual mövzular üzrə aparılması və
cəmiyyətimizi narahat edən məsələlərin
geniş ictimai müzakirəyə
çıxarılmasını təmin etmək
üçün növbəti müsabiqəni elan etməzdən
əvvəl qəzet redaksiyalarının, təcrübəli
redaktorların və qabaqcıl jurnalistlərin fikrini öyrənməyi
məqsədəuyğun hesab edir. Bu isə mətbu
orqanların sözügedən sahədə təşəbbüskarlıqlarının
artırılması, təkliflərlə
çıxış etməsi baxımından çox
müsbət məqam hesab edilməlidir. Məlumat
üçün qeyd edək ki, Konsepsiyada nəzərdə
tutulan istiqamətlər bunlardır: vətəndaş cəmiyyəti,
hüquqi dövlət quruculuğu; fikir, söz və məlumat
azadlığının, plüralizmin inkişaf etdirilməsi;
insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların
hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi,
sosial və siyasi fəallığının
artırılması; ictimai və dövlət
maraqlarının müdafiəsi;
- Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın
ədalətli mövqeyinin müdafiə edilməsi; Azərbaycan
Respublikasının dünya birliyinə inteqrasiyası, region
ölkələri və digər dövlətlərlə,
beynəlxalq təşkilatlarla əməkdaşlığının
inkişaf etdirilməsi;
qaçqın və məcburi köçkünlərin,
əhalinin sosial cəhətdən qayğıya ehtiyacı
olan təbəqələrinin problemlərinin
işıqlandırılması; Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği; azərbaycançılıq ideyasının təbliği;
gənc nəslin milli mənlik şüurunun inkişaf
etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi; azad sahibkarlığın və liberal
iqtisadiyyatın təşviqi; informasiya və kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi; diaspor
quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının
həmrəyliyi; dini və milli tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf etdirilməsi; elmi-kütləvi,
mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
ekologiya və ətraf mühitin mühafizəsi; gender, ailə
və demoqrafiya məsələlərinin
işıqlandırılması; uşaq və gənclərin
fiziki və mənəvi inkişafı.
Qeyd edilən
istiqamətlər üzrə müsabiqəyə
çıxarılacaq mövzular haqqında isə KİV-lər
fikir və təkliflərinizi 10 aprel 2010-cu il tarixədək
fonda yazılı şəkildə təqdim edə bilər.
Əlavə edək ki,
“Palitra” qəzeti olaraq yuxarıda qeyd edilən istiqamətlər
üzrə bəzi mövzuların da müsabiqə
mövzuları arasında yer tapması üçün təklif
verməyi borc bildik. Ona görə də bir sıra vacib
amilləri nəzərə alıb müvafiq istiqamətlər
üzrə bu mövzuları təklif edirik: təhsil
haqları ilə bağlı olaraq maarifləndirmə
işinin təşkili, Ermənistana qarşı informasiya
savaşında maaarifləndirmənin həyata keçirilməsi,
biomüxtəlifliyin qorunması ilə bağlı əhalinin
maarifləndirilməsi, sudan istifadə ilə bağlı əhalinin
maarifləndirilməsi.
Ümid edirik ki, təkliflərimizdən
hər hansı biri fondun elan etdiyi müsabiqə
mövzularında əksini tapacaq.
İlkin AĞAYEV
Palitra. -2010. – 7 aprel. – S.5.