Virtual asılılıq və onu aradan qaldırmanın yolları

 

Humay Axundzadə: “İnsan reallıqdan əl çəkib virtual münasibətlərə üstünlük verirsə, bu, problemdən qaçışdır. Problemdən qaçış isə, onun həlli deyil”

 

“Elmin aktual problemlərinin  müzakirəsi və işıqlandırılması”  layihəsi çərçivəsində bu dəfə internetdən asılılıq kimi problemi araşdıracağıq.

Son vaxtlar “Facebook” və “Twitter” kimi böyük sosial şəbəkələrə qoşulanların sayı artır. Ancaq bu saytlardan bir çoxları ancaq tanışlıq məqsədilə istifadə edir.  Hətta elə insanlar var ki, onların dost-tanış siyahısında 1 milyondan çox adam var. Ən maraqlısı isə belə insanların hər zaman bu saytlarda online olmasıdır. Deməli, onlar ətrafdan təcrid olunaraq bütün günü bu şəbəkədə “yatırlar”. 

Sosial şəbəkələrlə yanaşı virtual oyunlar da internet istifadəçilərində bir asılılıq yaradır. Məsələn, bu yaxınlarda Koreyada internetdə tanış olan gənc bir ailənin faciəsini xatırlayaq. Ata və ana virtual oyuna aludə olurlar və günlərini internet-kafelərdə keçirirlər. Bir neçə gün evdə tək qalan yeni doğulmuş körpə isə acından ölür. Bu da virtual asılılığa düçar olan ana və atanın məsuliyyətsizliyi. Və yaxud ötən il Azərbaycanda bir saytın forumunda niki silindiyi üçün həmin saytın adminini internet-kafedə bıçaqlayan yeniyetmə. Hər iki hadisədə virtual asılılığın acı nəticələrini görürük. Artıq belə insanları cəmiyyətdə “internet xəstələri” adlandırırlar. Bəs “xəstəlik” necə yaranır və ondan necə qurtulmaq olar. Bu barədə bizə psixoloq Humay Axundzadə məlumat verdi: “Müasur dövrdə kompyuter texnologiyaları insan həyatına olduqca dərindən nüfuz edib. Çoxları cəmi bir neçə il öncəni xatırlayaraq təəccüblənirlər ki, görəsən, kompyuter olmadan biz bir sıra məsələləri necə həll edirdik? Təbii ki, kompyuterdə internet şəbəkəsinin səmərəsi olduğu kimi, ziyanı da böyükdür. Psixoloqlar kompyuter texnologiyalarının ziyanından danışarkən ilk növbədə virtual asılılığı nəzərdə tuturlar. Virtual asılılıq özünü necə büruzə verir? Əlbəttə, hər bir asılılıq kimi, onun da bir sıra simptomları var. Ən ümumi şəkildə deyə bilərik ki, belə asılılığa düçar olmuş insanlar kompyuter arxasında keçirdikləri virtual həyatı real həyatdan üstün tuturlar. Hətta qidalanma, yuxu rejimini də pozaraq 18 saata vaxtı qədər kompyuter arxasında keçirirlər. Kompyuter asılılığı çox vaxt məhz internet asılılığı kimi təzahür edir. Bu fenomen ilk dəfə ötən əsrin 90-cı illərində Qərb ölkələrində tədqiq olunmağa başlayıb. Bu asılılığın bir sıra əlamətləri var. Görürsünüz ki, insan həddindən artıq çox öz elektron ünvanını yoxlamağa meyil edir. Təbii ki, müəyyən iş adamları var ki, onlar hər hansı qurumlarla və ya işgüzar adamlarla əlaqə saxladığı üçün ünvanlarını tez-tez yoxlamalıdır. Ancaq elə insanlar da var ki, onlar daim elektron ünvanlarını yoxlamağa sadəcə olaraq aludə olublar. Başqa bir əlamət isə odur ki, belə insanlar bütün gün ərzində nə vaxt internetə qoşulacağını gözləyir. Başqa bir əlamət isə belə insanların yaxınlarının onun internetdə həddindən artıq vaxt keçirməsindən gileylənməsi ilə ortaya çıxır. Bunun özü artıq həyəcan siqnalıdır. Bəzən internet asılılığının ən ağır formalarında insan bütün maddi vəsaitini də virtual aləmdə itirə bilər. Bir çox tədqiqatçılar belə qənaətə gəliblər ki, internetdən asılı olanların böyük əksəriyyəti, hətta 90 faizə qədəri məhz ünsiyyət serverlərinin istifadəçiləridir. Yəni onlar sosial şəbəkələrlə yanaşi çat proqramlarının da istifadəçiləri olurlar. Qalanları isə informasiya xarakterli serverlərdən istifadə edirlər. Belə hesab olunur ki, fəal internet istifadəçilərinin 10 faizi məhz internet asılılığına düçar olan istifadəçilərdir. İnternet asılılığı başqa asılılıqlara nisbətən çox tez yarana bilər. İnsanda cəmi bir neçə ay ərzində belə bir asılılıq ortaya çıxa bilər”.

 

 

Real aləmdən virtual aləmə qaçış

 

Humay xanım internet asılılığının da növləri olduğunu bildirdi: “İnternet asılılığının bir neçə növü var. Mən istərdim ki, onlar haqqında danışım. Bunlardan biri veb-axtarışdır. Bu zaman insan məqsədli və ya məqsədsiz şəkildə daim saytlarda informasiya axtarır. Bəzən bu informasiyanın böyük bir hissəsi onun üçün heç bir praktiki əhəmiyyət kəsb etmir. Lakin buna baxmayaraq insan biliyə çevrilməyən müxtəlif xarakterli informasiyaları əldə etməyə çalışır. İkinci növ virtual ünsiyyət və virtual tanışlıqlara aludəçilikdir. Qeyd etdiyim kimi, insan vaxtının çoxunu forumlarda, çatlarda keçirir, həddindən çox tanışı olur. Bir nümunə göstərmək istəyirəm. Şəxsən özüm diqqət yetirmişəm ki, bəzi sosial saytlarda bir şəxsin 600-800 dost-tanışı var. Belə saytlarda bu insanlar dost adı altında gedir. Yəni bir tərəfdən də dost və dostluq anlayışı çox bəsitləşir. Biz hamımız başa düşürük ki, bir şəxsin yüzlərlə insanla dost olması qeyri-realdır. Yəni faktiki olaraq insanlar mənəvi qüvvələrini sərf etmədən və səy göstərmədən saysız-hesabsız insanlarla əlaqə yaratmağa çalışır. Belə saytlarda insan özü haqqında məlumat yazanda və ya şəklini qoyanda, bu 500-600 “dost” ona reaksiya verəndə bu insanda belə bir illüziya yaranır ki, o, doğrudan da lazımdır. Əslində bu illüziyadır. Belə münasibətləri dostluq adlandırmaq olmaz. Müasir dövrdə bəzən bir yerdə oxumuş, işləmiş insanlar müəyyən səbəblərdən ayrı düşür və başqa ölkələrə, şəhərlərə gedirlər. Bu zaman onların ünsiyyət qurması çətin olur. Belə halda internet vasitəsilə əlaqə saxlanması çox yaxşıdır. Lakin digər tərəfdən biz görürük ki, real həyatda bir-birini görməyən insanlar bir-biri ilə “dostluqlar, yoldaşlıqlar” qururlar. Bu da onları öyrəşdirir ki, insanla səthi ünsiyyət saxlasınlar. Və  yüzlərlə ”dostu”, “tanışı” olanlar əslində özlərini tənhalığa düçar etmiş olurlar. Bir aspektdə də belə asılılıq ailə münasibətlərinə vurulan zərbə ola bilər. Bir çox hallarda belə asılılığa düşənlər ailə başçıları, ata və ya ana olur. Və hətta belə mənzərənin şahidi də oluruq ki, ailə iki hissəyə bölünür. Bir tərəfdə ana və onun övladları - bu bir ailənin birliyidir. İkinci ailə birliyi isə ata və kompyuter olur. Qəribə səslənsə də, əslində bu dəhşətli bir haldır. Başqa bir hal da var ki, hər bir insan çox xoşladığı və ya sevdiyi bir şeydən asılı vəziyyətə düşə bilər. İnternet asılılığı o zaman dəhşətli formada qəbul oluna bilər ki, bu zaman virtual həyat belə insanların həyatında mərkəzdə olsun. Bu zaman insanlar real münasibətlərdən uzaqlaşır. İşdə, ailədə öz vəzifələrini yerinə yetirmir”.Humay xanımın sözlərinə görə, əgər siz özünüzdə və yaxınlarınızda bu simptomları müşahidə edirsinizsə, deməli, bu, virtual asılılıqdır: “Bu asılılığın ilk simptomları bunlardır. Əhvalı pis olanlar çıxış yolunu internetə qoşulmaqda görür. İkinci simptom isə insan əgər hər zaman adət etdiyi vaxtdan daha az virtual aləmi tərk edirsə, onda özünü çox pis hiss edir və əhval-ruhiyyəsi pis olur. İş və real münasibətlərdə problemləri artır. Belə insanlar ünsiyyətdə çətinlik çəkir və virtual dünyaya az meyilli olan insanlara bir növ yuxarıdan aşağı baxır, öz dost və yaxınlarından internetdə nə qədər vaxt keçirdiyini gizlədir. Belə insanlar hətta internetdən az istifadə etmək istədikdə belə bu onlarda alınmır. Həmin insanları virtual aləmdən ayırmaq istəyənlərə çox aqressiv davranırlar. Onlar internetdə olmasalar belə hazırda sosial şəbəkədə kimlər var deyə düşünürlər”.

- Virtual asılılıq olmasın deyə kompyuter arxasında nə qədər əyləşmək olar?

- Bu yaşa görə dəyişir. Qeyd edirlər ki, 7 yaşına qədər olan uşaqlar kompyuter arxasında bir gündən bir 20 dəqiqədən çox əyləşməməlidir. Ancaq indi baxsaq, görərik ki, valideynlər saatlarla kompyuter arxasında olan uşaqlarına həm təəccüblənir, həm də sevinirlər ki, uşaqlar kompyuteri belə tez mənimsəyib. Lakin digər tərəfdən bu, çox təhlükəlidir. Çünki uşaqlıq vaxtından insanlarda ünsiyyət vərdişləri formalaşır. Uşaq o yaşda reallıqdan uzaqlaşırsa, onu reallığa qaytarmaq qeyr-mümkün olacaq. Xüsusilə onu da qeyd edim ki, internet asılılığına çox zaman istedadlı uşaqlar düçar olur. Çünki belə uşaqlar texnologiyanı tez mənimsəyir və risk qrupuna daxil olurlar. 7-12 yaşında uşaqlar 30 dəqiqə kompyuter arxasında ola bilər. Arzu olunur ki, bu, hər gün olmasın. 12-14 yaşlı uşaqlar gündə 1 saat, 14-17 yaş arasında olan yeniyetmələr isə 1 saat yarım əyləşə bilər. Yaşlı insanlarda bu rəqəm 5 saatdan çox olmamalıdır. Əgər sizin işiniz internet və ya kompyuterlə bağlıdırsa, həftədə bir dəfə kompyuterə yaxın getməməyə çalışın.

- Bu asılılığı necə önləmək olar?

- Özünüidarə və nəzarəti zəif olan insanlar bu asılılığa düçar olur. Bu, uşaqlar üçün daha təhlükəlidir. Bu asılılıqdan qorxmaq lazım deyil . Hər bir çətinlikdən çıxış yolu var. Lakin eyni zamanda birdən-birə hansısa nəticənin olmasına ümid bəsləmək olmaz. Çünki sizin yaxınınız bu asılılığa düçar olubsa, bu, təsadüf deyil. Bunun profilaktikası və həmin insanı real həyata qaytarmaq üçün mümkün qədər evdə, ailədə rahatlığın təmin olunmasına, qarşılıqlı psixoloji münasibətlərin düzgün qurulmasına çalışmalıyıq. Əgər bu insan uşaqdırsa, onun maraqları, hobbiləri olmalıdır. Bir asılılıqdan digər faydalı “asılılığa” addım atmaqla yaxa qurtarmaq olar. Uşaqda yaradıcı işə, rəsm çəkməyə və ya idman növünə maraq oyatmaqla onu kompyuterdən ayırmaq olar. Yaşından asılı olmayaraq insanlar hər zaman ünsiyyət vərdişlərini inkişaf etdirməlidir. Virtual aləmdə ünsiyyət rəngarəng, maraqlı və asan görünsə də, əslində bu real münasibətlər deyil. İnsan reallıqdan əl çəkib virtual münasibətlərə üstünlük verirsə, bu, problemdən qaçışdır. Problemdən qaçış isə bildiyiniz kimi, onun həlli deyil.

 

 

Nüşabə Zövqət

 

Palitra. -2010. – 7 aprel. – S.6.