Qəhrəman Ağayev: ”Quba məzarlığı
tarixi və arxeoloji baxımdan dünya ictimaiyyətinə
göstərdi ki, hansı xalq kimə qarşı
soyqırım törədib”
Layihə çərçivəsində
bugünkü həmsöhbətimiz AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri namizədi
Qəhrəman Ağayevdir. Qəhrəman müəllim
həmçinin Quba ərazisində aşkarlanmış
soyqırımla bağlı məzarlıqda aparılan
arxeoloji qazıntılara rəhbərlik edib. Söhbətimiz
də elə bu məzarlıqda aparılan son işlərlə
bağlı oldu. Arxeoloji tapıntının tarixi əhəmiyyətindən
danışan arxeoloq onun qorunmasının vacibliyini də
xüsusi vurğuladı:
“Bilirsiniz ki, Quba məzarlığında
2007-ci il iyul ayının 13-dən Azərbaycan Milli Elmlər
Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən
arxeoloji tədqiqat işləri aparılır. 2008-ci
ilin sentyabr ayında bu tədqiqatlar sona çatıb. Ancaq
buna baxmayaraq Arxeologiya və Etnoqrafiya İnstitutu həmin ərazini
mütəmadi nəzarətə götürüb. Bu, Nazirlər
Kabinetinin xüsusi tapşırığı əsasında həyata
keçirilir. Bizim institutun əməkdaşları
hazırda məzarlıqda aparılan tikinti işlərini nəzarətdə
saxlayır. AMEA-da və Nazirlər Kabinetində bu məsələ
ilə bağlı müşavirə keçirildi və qərara
alındı ki, qazıntılar zamanı tapılan
sümüklər bizim əvvəllər də təklif
etdiyimiz qaydada şüşə muzeydə saxlanılsın.
Yəni bütün məzarlıq şüşənin
içərisində olacaq. Son zamanlar Səhiyyə
Nazirliyi tərəfindən
sümüklərin saxlanılması ilə bağlı
müəyyən işlər aparılır. Tapılan
sümüklərin şüşənin içində
qalması üçün onların 6 mərhələdən
keçməsi nəzərdə tutulur. Birinci mərhələdə
sümüklər yuyulur, ikinci mərhələdə onlar
qurudulur. Üçüncü mərhələdə isə
sümüklər formalin məhluluna salınır ki, bu ən
çətin proses hesab edilir. Bizə çatan məlumata
görə, artıq bu 3 mərhələ çox uğurla həyata
keçirilib. Səhiyyə Nazirliyi nəzdində olan
Patoloji-Anatomiya Birliyinə sadaladığımız proseslərin
aparılması üçün məzarlıqdan tapılan 7
min ədəd sümük vermişik. Bu sümüklər
insan orqanizminin əzalarının müxtəlif hissələrindən
ibarətdir. Biz dəfələrlə müxtəlif kütləvi-informasiya
vasitələrində qeyd etmişik ki, biz götürülə
biləcək sümükləri götürmüşük.
Bilirsiniz ki, orada qazıntılar nəticəsində iki quyu
tapılmışdı. Təəssüf ki,
sürüşmə nəticəsində quyulardan biri
dağıldı. Lakin ikinci quyunu dağıntıdan saxlamaq
mümkün oldu. Sürüşmədən sonra biz həmin
əraziyə nəzarəti daha da gücləndirdik ki, təbii
fəlakət zamanı yaranan problemin dərhal
qarşısını ala bilək. Bu günə qədər
də bu proses davam edir. Onu da bildirim ki, məzarlıqdan
götürülən hər bir sümük nömrələnərək
saxlanma üçün lazımi prosesləri keçdikdən
sonra həmin nömrələr sayəsində yenidən
öz yerinə qaytarılacaq. Ancaq qazıntılar zamanı
aşkarlanan elə sümüklər var ki, onları yerindən
götürmək olmaz. Məsələn, qeyd etdiyimiz
quyudakı sümükləri yerindən tərpətmək
olmaz. Şəxsən mən buna qəti etiraz etdim.
Çünki biz həmin sümükləri
çıxarıb təmizləsək və gələnlərə
maket kimi təqdim etsək, artıq bunun heç bir effekti
olmaz. Buna görə Patoloji-Anatomiya Birliyi ilə belə qərara
gəldik ki, məzarlığın yanında ayrıca bir
laboratoya yaradılsın və yerdə qalan sümüklər
elə oradaca dərmanlansın. Təbii ki, bu proses də
müəyyən vaxt aparacaq. Bundan başqa AMEA-da keçirilən
müşavirədə Fizika İnstitutu belə bir təklif
irəli sürdü ki, sümüklər saxlanılan
şüşəyə ozon qazı yeridilsin. Azon qazı orda
sabit hava şəraiti saxlayacaq. Sümüklərin dərman
məhlullarına salındıqdan sonra 10-15 il sonra belə
çürüməyəcəyini bildirirlər. Ancaq hər
ehtimala qarşı ozon qazından istifadə də
çürümənin qarşısını ala bilər.
Bundan başqa məzarlıq üçün qrunt suları da
təhlükə yaradır. Qrunt suları sürüşməyə
səbəb olur və bu da məzarlığın
dağılması üçün real təhlükədir.
Bu prosesin qarşısını almaq üçün də
müəyyən tədbirlər görürük. Məzarlığın
yuxarı hissəsində, yamacda kanal açılıb və
həmin qrunt suları bu kanal vasitəsilə kənara
axıdılır. Başqa təhlükəsizlik
tədbirlərindən biri də bu suların
qarşısını alan beton bəndin çəkilməsidir. Məzarlıq üçün daha
bir təhlükə Qudyalçaydır. Bu çayın məzarlığa
doğru axıntısının qarşısı
alınır. Çünki 3 il ərzində Qudyalçay 5
metr 60 sm sahəni yuyaraq məzarlığa doğru
yaxınlaşıb. Bunun üçün də qərara
alınıb ki, çayın məcrası kanal vasitəsilə
dəyişdirilsin. Hazırda da bu proses davam edir və orda
yerli qurumlar da bizə kömək edir”.
Qəhrəman müəllim Quba məzarlığının muzeyə çevrilməsinin əhəmiyyətindən də danışdı: “Yəqin siz də bilirsiniz ki, Quba məzarlığında muzeylə bağlı tikinti işlərini Heydər Əliyev Fondu öz öhdəsinə götürüb. Ekspedisiya rəhbəri və bir tədqiqatçı kimi şəxsən buna çox sevindim. Çünki Heydər Əliyev Fondu hansı sahədə iş görürsə, bu öz səmərəsini verir. Bu o deməkdir ki, məzarlığın qorunması üçün muzeyin tikilməsi realdır. İndi Heydər Əliyev Fondu çox gözəl bir layihə hazırlayıb. Biz buna çox sevindik. Bilirsiniz ki, bundan öncə də məzarlıqla bağlı layihə verilmişdi və hələ o zaman mən müsahibəmdə bildirmişdim ki, bu, ilkin layihədir və işin gedişi ilə bağlı dəyişə bilər. Mən hazırki layihə ilə yaxından tanış olmuşam və çox bəyənirəm. Bilirsiniz, bu layihə təkcə Azərbaycan xalqına deyil, bütün türk aləminə edilən soyqırım rəmzi kimi göstərilməlidir. Bundan əlavə layihəyə əsasən, elə milli kaloritlər olmalıdır ki, türk xalqının rəmzi daşıyıcısı olsun. Bax, bütün bu sadaladıqlarım Heydər Əliyev Fondunun təqdim etdiyi layihədə öz əksini tapıb. Bundan öncəki layihədə də bunlar vardı. Ancaq bu cür abidə üçün o layihə çox kiçik idi”.
- Qəhrəman
müəllim, qeyd edirlər ki, ermənilərin Azərbaycanın
bir sıra rayonlarında törətdiyi soyqırım
faktları yeni belə məzarlıqların tezliklə üzə
çıxacağına işarə edir. Siz bu haqda nə deyə
bilərsiniz?
- Siz bilirsiniz ki, ermənilər Azərbaycanın bir sıra rayonlarında soyqırım tərədiblər. Soyqırımın miqyasını təkcə mart ayı ilə məhdudlaşdırmamalıyıq. Ermənilər mart ayının ortalarından başlayaraq Azərbaycanın bir çox ərazisində soyqırım törədiblər. Tarixdə Neftçala, Quba, Şamaxı, Lənkəran, Bakı, Naxçıvan ərazisində ermənilərin soyqırım törətdiyi məlumdur. Ona görə də həmin ərazilərdə də məzarlıqlar təbii ki, olacaq.
- Məzarlığa baxmağa gələnlər arasında gənclər varmı?
- 3 ildir ki Qubadayam. Əvvəl məzarlığa baxmağa gələnlərin sayı az idi. 2008-2009-cu ilin sonundan başlayaraq ora gənclərin axını güclənib. Göründüyü kimi, hər şey təbliğatdan asılıdır.
- Bəs sizcə, bu məzarlıq tam tədqiq olundumu?
- Bəli, Quba məzarlığı tam tədqiq olundu. Bu məzarlıq 514 kv.metr sahəni əhatə edən bir ərazidir. Onun 494 kv.metr sahəsində qazıntı aparılıb. Hər ehtimala qarşı 20 kv.metr sahəni beynəlxalq tədqiqatlar üçün saxlamışıq. Çünki bilirsiniz ki, ermənilər elə bir millətdir ki, onlar nəyisə inkar etməyə çalışacaq. Biz də hər ehtimala qarşı həmin ərazini yenidən tədqiq edilməsi üçün saxlayırıq.
- Bu məzarlığın tarixi və siyasi əhəmiyyəti danılmazdır. Bəs arxeoloji baxımdan bu məzarlığı necə dəyərləndirirsiniz?
- Biz hər
zaman dildə deyə bilirdik ki, ermənilər soyqırım
törədib. Ancaq bunu sübut edə bilmirdik. Təsadüfən
tapılan bu məzarlıq Azərbaycan arxeologiyası və
tarixi üçün bir tapıntı idi. İlk dəfə olaraq bizim institut
bu hadisənin canlı sübutunu tapdı. Yəni hər zaman
soyqırım zamanı öldürülənlərin
siyahısı kağız üzərində təxmini rəqəmlərlə
verilirdisə, biz bu gün dünya ictimaiyyətinin
qarşısına sübutları canlı çəkildə
qoya bildik. Bu məzarlıq tarixi və arxeoloji baxımdan
dünya ictimaiyyətinə göstərdi ki, hansı xalq kimə
qarşı soyqırım törədib. Bu
tapıntının bu baxımdan siyasi və arxeoloji dəyəri
çox böyükdür. Mən dəfələrlə
telekanallara müsahibə zamanı da bildirmişəm ki, ermənilər
öz ərazilərində onlara edilən soyqırımı
təsdiqləyən hər hansı bir sübut tapa bilməzlər.
Çünki onlar bu torpaqlara sonradan gəliblər, ikincisi isə
ona görə ki, onlara qarşı heç bir xalq
soyqırım törətməyib. Onu da bildirim ki, belə məzarlıqlar
Azərbaycan ərazisində çoxdur. Təkcə Qubada belə
məzarlıqlardan biz ancaq bir sahəni tapmışıq. Biz
insan kəllələrinin sayına əsasən burda təxminən
400 nəfərin ermənilər tərəfindən qətlə
yetirildiyini deyə bilərik. Ancaq quyuda olan insan kəllələrini
saymaq mümkün olmayıb. Həmin sahədə 600 nəfərin
basdırıldığı güman edilir. Qudyalçay boyu
belə sahələrin çox olduğu bildirilir. Hətta
yerli camaat bildirir ki, həmin ərazidə 2 min nəfər qətlə
yetirilib. Qərb hissədə “Qızbənövşə”
deyilən ərazidə də belə məzarlığın
olduğu yerli camaat tərəfdən bildirilir. Orda da
qazıntı apardıq və insanların dediyi öz təsdiqini
tapdı.
- Son zamanlar alimlərimiz gənclərin
elm sahəsinə marağının azaldığını
bildirir. Sizin sahədə vəziyyət necədir?
- Sovet rejimi
dağıldıqdan sonra uzun illər bizim arxeologiya sahəsində
də bir durğunluq hökm sürdü. 2003-cü ildə
ulu öndərimiz Heydər Əliyev
“Gəmiqaya” abidəsi ilə bağlı xüsusi qərar
verdi. Həmin ildən sonra isə arxeologiyaya maraq artdı.
Bizim institutumuzun özündə gənc arxeoloqların
sayında da artım hiss olunmağa başladı. Son iki ildə
bizim institutda təxminən 8 gənc namizədlik müdafiə
etdi. 2007-ci ildə dövlət qazıntılara vəsait
ayırdı və həmin ildən
sonra 11-12 il arxeoloji qazıntı aparılmayan bir ölkədə
birdən-birə 32 yerdə arxeoloji qazıntı
aparıldı.
Zövqət Nüşabə
Palitra. – 2010. – 9 aprel. – S.5.