“Dədə Qorqud günü” qeyd
olundu
Azərbaycan
Respublikasının ümummilli lideri Heydər Əliyevin
şəxsi qayğısı və səyi nəticəsində
“Dədə Qorqud kitabı”nın öyrənilməsində
yeni bir mərhələ açıldı. Bir vaxtlar türk
xalqlarının ana abidəsi olan “Dədə Qorqud kitabı”nın
öyrənilməsinə xüsusi qadağa qoyulmuş və
sonralar bu maneə aradan qalxsa da, eposun öyrənilməsində
elə bir ciddi ənənənin mövcud olmaması tədqiqatların
da səviyyəsinə təsir etmişdi.
“Dədə Qorqud kitabı”nın
1300 illik yubileyinin keçirilməsi barədə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin fərmanından
sonra bu sahədə geniş işlər görülüb. Məlum
olduğu kimi, AMEA Folklor İnstitutunda “Dədə Qorqud
kitabı”nın 1300 illik yubileyinin ildönümü
münasibətilə keçirilən “Dədə Qorqud
günü” qeyd olunub. Tədbir iki hissədən ibarət
olub.
Rəsmi hissəni giriş
sözü ilə açan professor Hüseyn İsmayılov
öncə məclis iştirakçılarını bu əlamətdar
gün münasibətilə təbrik edib. Bir neçə min
illik türk tarixinin yaddaşından süzülərək
bizə gəlib çatan bu abidənin dünyada analoqu
olmadığını deyən professor Hüseyn
İsmayılov respublikamızda qeyri-maddi mədəni irsin
qorunması işinə verilən yüksək önəmi də
vurğulayıb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan
mədəniyyəti və abidələri UNESCO-nun qeyri-maddi mədəni
irsi siyahısına daxil edilib.
“Dədə Qorqud kitabı” dünənimizin
keçmişidir” mövzusunda məruzə edən
AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev
dastanın poetikasını təhlil edib. Bildirib ki,
dastanın süjet və obrazlarının quruluşu
şumer ənənəsi ilə yaxından səsləşir.
Bu isə abidənin İslamdan öncəki
dünyagörüşünü birmənalı şəkildə
əks etdirməsini bir daha sübut edir.
Tədbirdə “Oğuz elinin
xanımları” mövzusunda məruzə edən f.e.d. Kamran Əliyev
bu mövzunun tədqiqata böyük ehtiyacı olduğunu deyərək
ümumilikdə Oğuz həyatı və
etnoqrafiyasının öyrənilməsində mühüm
rolundan bəhs edib. Alim bildirib ki, dastanda xanım
obrazlarının təhlili göstərir ki, burada tayfadaxili
evlənmə ilə yanaşı tayfaxarici evlənmə
detalları da mövcud olub. Məhz bununla bağlıdır
ki, dastanın dilində tayfadan olan qızlarla tayfadan kənarda
olan qızları biri-birindən fərqləndirən ifadələr
də yer alıb.
Professor Əzizxan Tanrıverdiyev isə
“Dədə Qorqud kitabı”nda dilin funksiyaları” mövzusunda
çıxışı ilə dastanın söz
dünyasına səyahət edib. İnkişaf etmiş dillərə
xas olan ekspressiv-emosional çalarları əks etdirmək
baxımından mövcud olan bütün xüsusiyyətlərin
“Dədə-Qorqud kitabı”nda əks olunduğunu deyən Əzizxan
Tanrıverdiyev konkret nümunələr əsasında eposun
dili barədə danışıb.
Professor Əzizxan Tanrıverdiyev məruzənin sonunda
belə bir qənaət irəli sürüb ki, dastanın
dili emosionallıq baxımından çox zəngindir və
etnosun etnopsixoloji səciyyələndirilməsi barədə
daha ətraflı məlumat verir.
Tədbirdə
çıxış edən f.e.n. A.Hacıyevin “Zamanı
yaşadan sözlər” mövzusunda etdiyi
çıxışda dastanın dilinin oğuz elinin məişəti,
həyatı, dostları, düşmənləri baradə ətraflı
təəssürat yaratdığını vurğulayıb. Konkret
olaraq dastandakı nümunələr əsasında öz
fikrini sübut edən alim dastandakı sözlərin oğuz
cəmiyyətinin güzgüsü olması qənaətinə
gəlib.
“Dədə Qorqud
kitabı”nda epik sosium” mövzusunda isə f.e.n.Yaşar
Qasımbəyli məruzə edib. Məruzədə
dastanın epik strukturundan nəzəri və praktiki əsaslandırmalar
edilib. Çıxışçılara yönəldilmiş
suallar isə “Dədə Qorqud kitabı”nın daha mürəkkəb
məsələləri özündə ehtiva etməsi qənaətini
ortaya qoyub. Tədbirdə işdirak edən f.e.d. M.
Kazımoğlu, f.e.d. profeessor Füzuli Bayat, f.e.n. S.Rzasoy,
f.e.n. A.Xəlil, f.e.n. O.Əliyev, f.e.n. R.Kamal və digərləri
dastanın mürəkkəb və mübahisəli məqamları
ətrafında fikir mübadiləsi apararaq dastanın daha
aktual problemlərini diqqət önünə gətiriblər.
Tədbirin rəsmi hissəsində
alimlər belə bir qənaətə gəliblər ki,
artıq hər il keçirilməsi
ənənəyə çevrilən “Dədə Qorqud
günləri” növbəti illərdə davam etdirilsin.
Tədbirin bədii hissəsində
isə AMEA “İrs” folklor ansamblının ifasında “Dədə
Qorqud kitabı”ndan örnəklər səsləndirilib.
Hikmət Quliyev
Səfa Qarayev
Palitra. -2010. – 13 aprel. – S.13.