Turizmdən dövriyyəyə daxil olan vəsait üç dəfə artıb

 

Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dövlət qurumlarının və turizm sənayesinin nümayəndələri ilə görüşü keçirildi. Bu proqramın təsdiq edilməsinin Azərbaycan turizm industriyasının, sənayesinin qarşısında çox ciddi tələblər qoyduğunu deyən nazir bildirdi ki, sərəncamda da Azərbaycan turizminin ölkə iqtisadiyyatının ən inkişafda olan sənayesinə çevrilməsi qeyd edilir.

 

  Turistlərin sayı artıb

 

 Bu proqramda daha çox dövlət tərəfindən qanunvericilik nöqteyi-nəzərdən tənzimlənən sənədlərin hazırlanması, qanunlarda müvafiq dəyişikliklərin olması, yeni xüsusi zonaların və onların əsasnamələrinin yaradılması, beynəlxalq səviyyədə ölkəmizin turizm sənayesinə investisiyaların cəlb edilməsi və turizm potensialının geniş təbliğinə xüsusi önəm verilir. Eyni zamanda ölkəmizin zəngin mədəni irsi, mədəniyyətimizin imkanlarının turizm məqsədləri üçün geniş istifadə olunması, infrastrukturun yaradılması və həmçinin peşəkar kadr potensialının hazırlanmasına dair xüsusi tapşırıqlar verilib. Nazir qeyd etdi ki, bu proqram 4 il müddətində mütləq icra olunmalıdır və bundan sonra turizm sənayesi yeni bir mərhələyə, səviyyəyə çıxarılacaq: “Bu gün Azərbaycan beynəlxalq aləmdə rəqabətədavamlı bir turizm ölkəsi kimi tanınır, dünyada turizm sahəsində cox ciddi böhran və çətinliklər olduğu halda ölkəmiz son 2 ildə turistlərin gəlişində yüksək rəqəmlərlə artıma nail oldu. Bu da dövlət tərəfindən aparılan iqtisadi, sosial siyasətin məntiqi nəticəsi ilə yanaşı həm də turizm sənayesinin bu axında düzgün mövqe tutmasının nəticəsi oldu”. Ə.Qarayev bildirdi ki, proqramda nəzərdə tutulan sosial turizm layihələri hazırlanmalıdır və onun təşkili ilə bağlı MTN ilə yanaşı həm Sosial Müdafiə Fonduna, həm də ƏƏSMN-ə tarşırıq verilib: “Bu gun ölkənin müxtəlif yerlərində çalışan insanlarla bağlı təyinatlı proqramlar və onlar üçün də müəyyən yerlərdə istirahətin təşkilinə dair təkliflər hazırlanmalıdır. Bu da dövlətin sosial yönümlü siyasətinin məntiqi davamı kimi qəbul olunmalıdır”. Nazir onu da bildirdi ki, ötən il sərhədi keçən insanların sayı 3 faiz azalib, ama turistlərin sayı 1,5 faiz artıb: “Son 2 ildə 41 faizə qədər artım var və dünya turizm təşkilatı tərəfindən bu ən yaxşı rəqəmlər kimi qəbul olundu. Bu gun Azərbaycan iqtisadiyyatında turizmin çəkisi mehmanxana və turizm şirkətlərinin fəliyyəti ilə ölçülür. Sözsüz ki, bu rəqəmlər biz gördüyümüz və turizm dövriyyəsində olan vəsaiti tam əks etdirmir. Odur ki, bu proqramda ölkənin turizm statistikasının təkmilləşdirilməsi və yalnız xaricdən gələn turistlərin yox, eləcə də Azərbaycan vətəndaşlarının səyahətlərə çıxdığı zaman xərclədiyi vəsaitin ÜDM-in tərkibinə daxil olması vəzifə kimi qoyulub. Odur ki, 2014-cü ildən etibarən biz deyə bilərik ki, Azərbaycan iqtisadiyyatında daxili və xarici turizm neçə faiz təşkil edir. Bu gün statistika buna imkan vermir. Bizim əsas məqsədimiz odur ki, Azərbaycan turizm bazarını tam açıq rəqabətli meydan kimi təqdim edək və ölkənin turizm sənayesində israfçılıq yoxdur. Bu gün hamı sərmayələri qoyub və dövlət qanunları çərçivəsində müəyyən olunmuş qaydalara uyğun olaraq bu sərmayələri istifadə edə bilər. Lakin biz bu sərmayələrin düzgün qoyulmasına, lazımi yerlərdə beynəlxalq standartlara cavab verə biləcək müəssisələrin yaradılmasına xüsusi önəm veririk. Odur ki, dövlət tərəfindən bu imkanlar yaradılır və bizim məqsədimiz odur ki, ölkədə turist yerləşdirmə yerləri çox olsun. Nə qədər müxtəlif xidmətlər təqdim olunsa, o qədər qiymətlər azalacaq”.

 

 “Yolun kənarında tikilən hər hansı daxmaya mehmanxana statusu verməkdən uzağıq”

 

 2001-ci ildən etibarən Azərbaycan turizminin davamlı inkişafda olduğunu deyən nazir qeyd etdi ki, həmin ildə ümummilli lider Heydər Əliyev çox qətiyyətli qərar qəbul etdi və turizmi nazirlik səviyyəsinə yüksəldərək xüsusi bir qurum yaratdı, turizm anlayışı artıq dövlət sənədlərinin ayrılmaz bir hissəsinə çevrildi. Beləliklə, həmin vaxtdan indiyədək qəbul olunan bütün iqtisadi inkişaf proqramları, sərmayə qoyuluşu layihələrində, yoxsulluqla mübarizə və regionların inkişafı ilə bağlı olan proqramlarda mütləq turizm, nəqliyyat infrastrukturunun yaradılması və digər məsələlər öz əksini tarıb. Ə.Qarayev onu da bildirdi ki, 2001-ci ildən keçən bu müddət ərzində turizmin mövcud vəziyyəti ilə bağlı keçilən yol təqdirəlayiqdir: “Turistlərin gəlişindən dövriyyəyə daxil olan vəsait 2002-ci ildə 432 milyon idisə, ötən il bu rəqəm 1 miyard 122 milyon civarındadır. Hər il Azərbaycanda 25-50 civarında yeni mehmanxana, motel, otel, yerləşdirmə yerlərinin inşaatına başlanılır, tikilir. Bu gün 50-yə qədər yeni mehmanxana kompleksi inşaatdadır. 2002-ci illə müqayisə etsək, yerləşdirmə yerlərinin sayı 3 dəfə artib. Bir neçə il öncə insanlar turizm şirkətləri açmaga başladılar və 2001-ci ildə cəmi 32 şirkət var idi. Bu gün gün isə onların sayı 123-dür. Amma elə vaxt vardı ki, 350-dək şirkət vardı və onların hamısı bazardan çıxdı. Mən hesab edirəm ki, ölkədə 200-dək turizm şirkətinin fəaliyyəti normal rəqəmdir. Lisenziyalaşdırmada ilk olaraq 40-50 otel bunu aldı, bu gün 300-ə qədər mehmanxana alıb və 20-yə qədəri müraciət edib. Eyni zamanda 50-yə qədər mehmanxanaya biz lisenziya vermədik. Çünki bu mehmanxanalarda turistlərin yerləşdirilməsi məqsədəmüvafiq deyil, fərdi qonaq evi kimi fəaliyyət göstərir və mən onlara mehmanxana statusu verə bilmərəm. Çünki mehmanxana statusu tamamilə başqa tələblər irəli sürür və yeni xidmətlərin səviyyəsini nəzərdə tutur. Yolun kənarında tikilən hər hansı daxmaya mehmanxana statusu verməkdən uzağıq”.

Mövcud problemlərdən birinin turizm xidmətləri səviyyəsinin artırılması olduğunu deyən nazir onu da vurguladı ki, bu, proqramda da öz əksini tarıb: “4 il öncə ölkə başçısı tərəfindən turizmlə baglı yeni ali məktəbin açılmasına qərar verildi. Bu il ilk buraxılış olacaq və 300 tələbə hazırda harada işləyəcəyini bilir, onların üzərində mübarizə gedir. Proses getdikcə biz mütləq lisenziyalaşdırma qaydalarının ciddiləşdirilməsinə fikir verəcəyik, turist şirkətləri və mehmanxanalarında peşəkar kadrların olması prioritet istiqamətlərdən biridir”. Turizm zonalarının yaradılmasına gəldikdə isə qeyd edildi ki, ölkədə xüsusiləşdirilmiş turizm layihələrinin həyata keçirilməsinə torpaqlar ayrılmalıdır, yerlər müəyyənləşdirilməlidir. Məsələn, hazırda Qusar rayonunda Şahdağ kimi böyük bir layihə icra olunur. Ə.Qarayev bildirdi ki, digər məsələ isə turizm statistikası və ümumi turizm qanunvericiliyinin təkmilləşdirilməsinə xüsusi önəm verilməsi ilə bağlıdır: “Bu statistikanın Azərbaycanda yaradılması üzərində çalışsaq da, bu problem qalır və ona görə də təşəbbüs irəli sürdük. Bu ildən etibarən ÜTT Azərbaycanda 4 dəfə seminar keçirəcək və regiondakı ölkələrin nümayəndələrini dəvət edəcək. Məqsəd odur ki, 2014-cü ildə Azərbaycanın iqtisadi rəqəmlərində artıq şəffaf bilinsin ki, turizm sənayesinin gətirdiyi gəlir nə qədərdir, dövlət büdcəsində və ya ÜDM-də neçə faiz təşkil edir”.

Nazir onu da bildirdi ki, aprelin 28-də keçiriləcək ənənəvi beynəlxalq turizm sərgisində xüsusi yerlərdə Azərbaycanın bütün regionlarının turizm potensialının nümayiş etdirilməsi qərara alınıb və hazırlıq işləri başlanıb. Proqramda nəzərdə tutulduğu kimi, ölkənin daxili turizminin sistemləşdirilməsi nöqteyi-nəzərdən bu olduqca vacib bir addımdır.

Turizmin sürətlə inkişaf edən biznes sahəsi olduğunu deyən MTN-in nümayəndəsi Mahir Qəhrəmanov bildirdi ki, dünyada ümumi məhsulun 10 faizi, ixracatın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əmək qabiliyyətli əhalinin 1/8 faizi turizm sahəsində çalışır. Eyni zamanda dünyada mövcud olan qlobal problemlərin həllində turizm ən önəmli vasitələrdən birinə çevrilib. ÜTT-nin məlumatına görə, 2010-cu ildə 1 milyarddan artıq turist səfərləri və bu səfərdən 1,1 trilyon dollar dəyərində gəlir planlaşdırılır. 2020-ci ildə hər ildə bu 2 milyarda yaxin turist səfərlərinin olması proqnozlaşdırılıb. Turizmin inkişafı və bu sektorun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinin bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durduğunu deyən M.Qarayev qeyd etdi ki, ölkə başçısı tərəfindən təsdiqlənən bu sərəncamın da başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir.

 

 

 Nigar

 

Palitra. -2010. – 14 aprel. – S.4.