Mənəvi dəyərlərdən
birini itiririk
Nailə Mirməmmədli: “Musiqidə savadın
olmamasının fəsadları ilk baxışda
görünmür. Bu, sonra özünü büruzə verəcək”
Efir... Bu yolla sənəti,
istedadı olan hər bir insan tanınır, sevilir, neçə-neçə
tamaşaçı yaddaşına həkk olunur. Ancaq səsləndirdiyimiz fraza ötən əsrin
sonlarına qədər özünü doğrulda bildi.
Belə ki, hazırda efirlərimiz
tamaşaçıların əksəriyyətini
qıcıqlandırmağa “xidmət” edir. Hazırda əsil sənət fədailərinin və
korifey sənətkarların yerini efirdə cılız musiqilərin
təbliğatçısı olan, elə sənətləri
də bu musiqilər qədər də cılız olan “sənətçilər”
tutur. Nəticədə yenə də biz -
tamaşaçı kütləsi nəyisə itiririk. Yaşlı nəsillər efirdə görmədikləri
müğənniləri axtarır, onların ifalarını
disklərdə alıb yenidən dinləyirlər. Ancaq gənc nəsillər bu insanlar və onların
ifa etdiklərindən xəbərsiz böyüyürlər.
Təbii ki, əsil musiqidən və əsil sənətdən
bixəbər gənclərin yetişməsində efir
günahkardır. Ancaq yenə də bu məsələ
ilə bağlı sənət adamlarının fikirlərini
öyrənmək qərarına gəldik. Efirlərdə az-az görünən müğənnilərdən
biri də Əməkdar artist Kəmalə Rəhimlidir. Müğənni uzun illər xalq mahnıları ilə
yanaşı indi retro sayılan bəstəkar
mahnılarını da böyük bir həvəslə
konsert proqramlarında, qastrollarda ifa edib. Dövlət
Televiziyasının fondunda onun ifasında səslənən
mahnıların lent yazıları mövcud olduğu halda
çox nadir hallarda üzə çıxarılır. Sonuncu dəfə efirə ATV telekanalında
çıxan K.Rəhimli indi yenə də efirlərdən
uzaq düşüb. Müğənni bunun səbəbini
səhhəti ilə əlaqələndirdi: “Hazırda
müalicə olunuram. Qan təzyiqi ilə
bağlı olaraq səhhətimdə müəyyən
problemlər var. Ona görə də efirlərə
çıxa bilmirəm. Məni efirlərə
yenə də dəvət edirlər. Ancaq
səhhətimlə bağlı gedə bilmirəm”.
Müğənni onu da bildirdi ki, gənc bəstəkar-müğənni
Arif Səlimovun təşkilatçılığı ilə ərsəyə
gələn albomu hazırdır: “Əlbəttə, efir olmasa
belə müğənni çalışır ki,
mahnılar üzərində işləsin. Mən
də bunun üçün çalışıram. Səhhətimdəki problemlər aradan qalxan kimi
efirlərə qayıdacağam”.
“Bir çox müğənniləri isə telekanallar
özləri dəvət etmirlər ki, bunlar artıq
qocalıblar”
Müxtəlif tədbirlərdə, yubiley gecələrində təşkilatçı və təşəbbüskar olan Muğam Teatrının rəhbəri Arif Qazıyevin də fikirlərini öyrəndik. Efirlərdən uzaq düşən sənətkarlar barədə danışan Arif müəllim bu məsələdə elə efirləri günahlandırdı: “İncəsənət bir növ idmana bənzəyir. Bu gün sənin əldə etdiyin idman rekordunu sabah səndən sonra gələn cavan idmançı ötüb keçir. İncəsənət də belədir. Görürsən ki, cavanlar gəlirlər təzə mahnılarla, təzə oranjemanla, müasir geyimlə. Ancaq əvvəlki müğənnilərimizin bir qismi sanki öz köhnə üslubundan, bir növ özünün vərdiş etdiyi qınından çıxmaq istəmir. Onları yeni formaya öyrətmək bir az çətinləşir. Bir çox müğənniləri isə telekanallar özləri dəvət etmirlər ki, bunlar artıq qocalıblar. Düşünmürlər ki, bu müğənnilərin ifaçılıq bazası çox böyükdür, bu insanlar köhnə mahnılarımızı, onların ən incə məqamlarını tam dəqiqliyi ilə bilirlər. Sözləri unudulan mahnıları arxivdən tapmaq əvəzinə onların ifaçılarını efirə dəvət etməklə təbliğ etmək olar. Hər hansı bir kanal həftədə heç olmasa yarım saat və ya qırx dəqiqə məhz efirdən tam uzaq düşmüş bu insanlar üçün vaxt ayırmalıdır. “Space” telekanalında Yaşar Nurinin təqdimatında olan veriliş bu baxımdan təqdirəlayiqdir. Bu verilişdə təkcə müğənniləri deyil, yaddan çıxan musiqiçiləri də xatırlayırlar. Tarzənlər, qarmon ifaçıları dəvət edilir, bu insanların təqdimatında vaxtilə ifa olunan mahnılar bir daha səsləndirilir. Mənə elə gəlir ki, telekanalların rəhbərliyi bu işə xüsisi dıqqət yetirməlidir. Musiqi verilişləri redaksiyalarına bu barədə tapşırıq vermək olar ki, unudulmaqda olan sənət adamlarını, musiqiçiləri tapıb yenidən tamaşaçılara təqdim etmək vacibdir. Bilirsiniz, vaxtilə onların efirdə olduğu zamanların tamaşaçıları hələ yaşayır və həmin müğənniləri yenidən görmək istəyənlər çoxdur. Ən azı onu nəzərə almaq lazımdır ki, bu gün tamaşaçıların hamısı təkcə 19-20 yaşında gənclərdən ibarət deyil. Tamaşaçılar arasında yaşlı nəslin nümayəndələri də var. Və bu tamaşaçılar bu gün efirdə olmayan müğənniləri vaxtilə efirdə görüblər, onların repertuarını bilirlər və onların mahnılarını dinləyəndə böyük zövq alırlar. Ona görə də bu insanları efirlərə dəvət etmək, onlarla tamaşaçıların canlı ünsiyyət qurmasına yardım etmək lazımdır. Bu əslində elə də çətin bir iş deyil. Sadəcə telekanallar bir qədər buna maraq göstərməlidir”.Bəs görəsən vaxtilə efirlərdə olan müğənnilər dövrlə ayaqlaşmağa çalışsa, onda nə baş verər? Yəni onlar yeni formada yazılan müasir mahnıları ifa etsələr, efirlər onlara öz qapılarını açarmı?
“Bəzən düşünürlər ki, mahnı
yazmağa və ya onu ifa etməyə savad lazım deyil”
Bəstəkar Nailə Mirməmmədli bu məsələnin əleyhinə olduğunu vurğuladı. Bəstəkar xanımın sözlərinə görə, efirlərdə korifey sənətkarların ifasına az yer ayrılması Azərbaycan musiqisində böyük itkilər yaradacaq: “Təbii ki, Arif Babayev, Əlibaba Məmmədov, Zeynəb Xanlarova gündəmdə olmaq üçün yeni formada olan mahnılara müraciər etməməlidir. Əksinə, səhnədə nə qədər müasir formada mahnılar ifa olunarsa, bir o qədər də bizim Azərbaycan musiqisinə xas olan millilik və muğamlar üzərində yazılan mahnılar sıradan çıxa bilər. Bu çox təhlükəli bir vəziyyətdir. Mən özümü müasir formada yazan bəstəkarlara heç vaxt aid etməmişəm. Çox təəssüf ki, mənə də belə sifarişlər olur. Ancaq mən yenə də çalışıram ki, musiqilərimdə milliliyi saxlayım. Dinləyicilərə müasir ritmlərdə Azərbaycan musiqisini təqdim edirəm. Mənə müraciət edən gənc müğənnilərin mütləq retro mahnılarla yanaşı muğamlarımız haqqında anlayışı olmalıdır. Mənimlə birgə Cavanşir Quliyev, Eldar Mansurov, Faiq Sücəddinov, Tahir Əkbər musiqimizdə milli ladları qorumağa çalışır. Yeni nəsil bəstəkarlardan Rəhim Rəhimli, Vüqar Camalzadə, Aytən İsmixanova, Gövhər Həsənzadənin müasir formada yazılan mahnılarla yanaşı elə mahnıları da var ki, orda milli musiqi var. Mən çox istərdim ki, o millilik hər zaman qorunsun. Tofiq Quliyevin bir sözü vardı: “Siz öz yolunuzda sağa, sola dönməsəniz, nə vaxtsa yad ölkələrdən bizim musiqimizə təsir edən ritmlərdə yazanlar sizə baxıb xatırlayacaqlar ki, əsil Azərbaycan musiqisi əslində necə olmalıdır”. Ona görə də mən bu istiqamətdə çalışıram. Məsələn, Hikmətin indi nə qədər mahnısını üzə çıxarmışam. Onları müasir müğənnilərin ifasında səsləndirməyə çalışıram ki, Azərbaycan musiqisi itib-batmasın. Əvvəllər televiziya ekranlarında bizim korifey sənətkarların konsertləri olurdu. Yeni nəsil musiqiçi və müğənnilərin konsert proqramını özfəaliyyət kollektivinin konserti olaraq təqdim edirdilər. Belə müğənnilər korifey sənətkarlarla, bəstəkarlarla işləyərək muğamları öyrənirdi, peşəkarlığa can atırdı ki, xalq onu artıq müğənni kimi qəbul etsin. Ancaq indi tam əksinədir. İndi özəl telekanallar guya müasirlik xatirinə çox gənc müğənniləri efirə çıxarırlar. Ancaq korifey sənətkarları verilişlərə, tədbirlərə dəvət etmirlər ki, birdən tamaşaçı düşünər ki, bizim telekanal dövrlə ayaqlaşa bilmir, geridə qalıb. Bu tamamilə yanlış bir addımdır. Bu addımlar bizim musiqimizin itirilməsinə gətirib çıxara bilər. Bəzən düşünürlər ki, mahnı yazmağa və ya onu ifa etməyə savad lazım deyil. Belə bir misal göstərim. Həkim tibb sahəsi üzrə təhsil almayıb gəlib türkəçarə həkimlik edir. Bu zaman onun müalicə etdiyi xəstə insanlar ya şikəst olur, ya da dünyasını dəyişir. Yəni bu zaman nəticə gözlə görünür. Musiqidə savadın olmamasının fəsadları ilk baxışda görünmür. Bu sonra özünü büruzə verəcək. İndi gənclərimizin dinlədiyi Qərb musiqisidir. Ən yaxşı halda onlar türk və ya ərəb musiqisinə qulaq asırlar. Yenə də deyirəm, bu təhlükəli vəziyyətdir. Bilirsiniz ki, mən həm də pedaqoji fəaliyyətlə məşğul oluram. Çalışıram dərs zamanı uşaqlara retro və xalq musiqisini dərindən başa salım. Onları Qərb musiqilərindən uzaqlaşdırım. İnandırım sizi, maraqla öyrənirlər. Retro mahnıları böyük bir həvəslə internetdə axtarıb tapır, qulaq asırlar. Elmira Rəhimovanın ifalarını tapıb dinləyir və böyük zövq aldıqlarını bildirirlər. Biz niyə bu mahnıları internetdə tapmalıyıq? Əslində bu sənətkarların ifa etdikləri bu mahnılar efirlərdə dəfələrlə səsləndirilməlidir ki, gənc nəsil mahnıları dinləyə bilsin, ifaçıları tanısın. Müasir ifaçıların əksəriyyəti buna görə retro mahnıları tam bilmir. Gənc bəstəkarlara da məsləhətim budur ki, köhnə mahnılara qulaq assınlar ki, öz yazdıqları mahnılarda milliliyi qoruya bilsinlər. Əslində bu mövzu ilə bağlı çox geniş danışa bilərik. Bilirsiniz, musiqidə milliliyi qorumağı bacarmalıyıq. Niyə görə “Eurovision”da bizim təmsilçimiz hansısa əcnəbi bəstəkarın yazdığı mahnını ifa etməlidir? Çox təəssüf edirəm ki, bu misalı mən göstərirəm. Ötən il üzdəniraq Ermənistan bu yarışmada öz musiqisini öz dilində təqdim etdi. Ancaq biz Qərbin nəbzini tutmaq üçün xarici bəstəkarların yazdığını nümayiş etdiririk. Halbuki burda konservatoriyaya konsertə qulaq asmağa gələn əcnəbilər Tofiq Quliyevin mahnılarını dinləyəndə gözləri yaşla dolur. Qərbə biz musiqimizi yeritməliyik. Amma bizdə əksinədir. Mən korifey sənətkarlarla hər zaman işləmişəm. Mən və Hikmət vaxtilə Arif Babayev, İslam Rzayev və Elmira Rəhimova kimi korifeylərlə əməkdaşlıq etmişik. Bu bizim üçün böyük bir xoşbəxtlikdir. Mənim üçün böyük bir şans oldu ki, mən İslam Rzayevlə birgə “Şəhriyar” adlı romansımı işlədim. Bu yaxınlarda isə Canəli Əkbərovla mahnı üzərində işləyəcəyik. Bilirsiniz, bu insanlar hər zaman efirlərdə səslənməli və təbliğ olunmalıdır”.
Göründüyü
kimi, efirlər gənc nəsillərin Qərb estradasına
meyil göstərməsinin başlıca səbəbkarıdır. Ancaq hər
bir gənc Rəşid Behbudov və ya Elmira Rəhimovanın
ifasında lirik bir mahnı dinləyən kimi bu
ifaçılar barədə nəsə bilmək və
onların ifasında yeni mahnılar dinləmək arzusunda
olur. Onların bu arzusunu həyata
keçirmək isə artıq efirlərin insafına
qalır.Yaxşı düşünmək lazımdır.
Musiqimiz milliliyimizdir. Milliliyimiz
isə bizim mənəvi dəyərlərimizdən biridir.
Sizcə, Qərb musiqisinə meyil edərək onu
itirməyə dəyərmi?
Nüşabə
Palitra. -2010. – 14 aprel. – S.11.