Sənətin Kərəmi
Rübabə
Muradova, Qulu Əsgərov və İslam Rzayevə məqalələr
həsr etməyim adi bir təsadüf deyil. Qoy bu
ehtiramımız onların dostluqlarının
dünyalarını dəyişəndən sonra da
sarsılmayacağının, müqəddəs
ruhlarının sağlıqlarında olduğu kimi, daim bir-birini
arayıb taparaq tək qoymayacağının rəmzinə
çevrilsin!
«Tale qapısı bir yandan
bağlananda o biri yandan açılır» deyiblər. Möcüzəyə
bax, dözülməz mühit
ucbatından yurd-yuvasından didərgin düşmüş
Rübabə xanımın ailəsi başqa yerdə yox, məhz
gəlib Salyanda məskunlaşdı. Bəlkə elə Qulu Əsgərovla
tanışlıq, dostluq üçün, sənət yolunda
birgə addımlamaqdan ötrü bir ilahi
çağırış idi bu. Sonralar xeyli müddət
aralı düşsələr də, yenə
görüşdülər. Bu dəfə Bakıda - Leyli və
Məcnun rollarında, Əsli və Kərəm obrazlarında,
Şahsənəm və Qərib qiyafələrində…
Geniş konsert salonlarında, ziyafətlərdə…
Ustadım İslam Rzayevin
dost sədaqəti ustadı sandığı Qulu Əsgərovun
ömrünün axır çağlarında, onun əlacsız
xəstəliyə düçar olduğunu hiss edərkən
özünü daha çox büruzə verdi. Son dəfə
1986-cı ildə Azərbaycan Dövlət Televiziyasında
onun qırx beş dəqiqəlik çıxışı
da İslam müəllimin təkidli xahişinin hesabına
baş tutdu. Xalq həmin verilişdə Qulu Əsgərovun təkrarsız
səsini dinləyəndə xəbəri yox idi ki, mənəviyyatına
büllur bulaq çeşməsi kimi yayılan bu nəğmələri
oxuyan sənətkarın artıq boğazından bir qurtum su
keçmir və tezliklə - 12 iyun 1987-ci il tarixdə,
yaradıcılığının ən qaynar
çağında öz sevimli övladını son mənzilə
yola salmalı olacaq…
1928-ci ildə Salyan şəhərində
dünyaya göz açan Qulu Rüstəm oğlu Əsgərovun
musiqi üzrə istedadı, həmin sahəyə meyli erkən
dövrdən özünü göstərdi. Hələ
yeddi-səkkiz yaşlarında taxtadan «tar» düzəldərək
bir çox el havalarını, mahnılarını
çalmağı öyrənmişdi.
Böyük Vətən
müharibəsi bütün tay-tuşları kimi, bu yeniyetmənin
də taleyindən qara dalğa kimi ötüb keçdi. Amma
çətinliklər, məhrumiyyətlər onu arzusundan
yayındıra bilmədi. İnadkarlıqla tutduğu yolu
davam etdirdi.
Musiqiyə sonsuz sevgisi Qulu Əsgərovu
Salyan rayon mədəniyyət kollektivinə gətirib
çıxardı. Həvəskar xanəndə kimi fəaliyyət
göstərir, eyni zamanda yorulmadan savadını, biliyini
artırırdı. Təsadüfi deyildi ki, respublika
miqyaslı baxış müsabiqələrində hər dəfə
qələbə qazanırdı. O dövrdə yüksək
dinləyici auditoriyasına malik Salyanda Bakı və
Qarabağdakı tək öyrənmək üçün elə
bir mötəbər muğam məktəbi, ustad xanəndə
tapmasa da, gənc Qulu böyük sənətkarların səsi
yazılmış valları əldə edir, təkrar-təkrar
qulaq asaraq ifasını günbəgün təkmilləşdirirdi.
Hətta o, şəhərdən, ətraf kəndlərdən
sənətçilər toplamış, bədii özfəaliyyət
xalq çalğı alətləri ansamblı təşkil
etmişdi.
Çalışdığı
Salyan Musiqili Dram Teatrının binasının yanması onun
qızğın yaradıcılığına bir müddət
durğunluq gətirdi. Orada müxtəlif vəzifə
daşıyan insanların cərgəsində şayiələr,
sorğu-suallar hədəfinə çevrildi. Lakin
varlığını, həyatını musiqidə görən
Qulu Əsgərov sənətdən bir an da aralanmadı.
Mən respublikamızın
rayonlarında, xüsusən cənub bölgəsində
tez-tez oluram. Köhnə adamlar el şənliklərinə
ecaskar səsləri ilə rövnəq vermiş məşhur
sənətkarları, altmış-yetmiş il keçməsinə
baxmayaraq yaxşı xatırlayırlar. Məclis
iştirakçıları belə ifaçılardan
sübhün gözü açılana qədər əl
götürməzmişlər. Onların sırasında Qulu Əsgərovun
özünəməxsus yeri var. Hər gəlişi şirin
bir xatirə kimi yaddaşlara həkk olunub.
Ötən əsrin 40-cı
illərində, Salyanda həmin yanğın hadisəsi
baş verəndən sonra da Cəlilabad, Biləsuvar, Lənkəran
və digər yaxın rayonlardakı dostları gənc Qulunu
darıxmağa, bədbinliyə qapılmağa qoymadılar. Masallının
Ərkivan qəsəbəsindən yerli camaatın «Mamedov» deyə
müraciət etdiyi, uzun illər kolxoz sədri işləmiş
Heybət Məmmədov, Məmmədxanlı kəndindən
Teymur kişi vaxtaşırı qohum-əqrəbanın toy məclislərində
ona meydan verirdilər…
Bir günü də
musiqisiz, oxusuz keçməyən Qulu Əsgərov getdikcə
daha güclü şəkildə anlayırdı ki,
ifaçılıqdan uzaqlaşa bilməyəcək və həvəskar
xanəndəlik istedadının imkanını ödəmir.
Ona görə də professional təhsil almaq
üçün Azərbaycanın paytaxtına üz tutdu.
1952-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin
Muğam şöbəsinə, xanəndəlik sənətinin
xiridarı Seyid Şuşinskinin sinfinə daxil oldu. Təcrübəli
pedaqoq sonralar da Qulu Əsgərovun ifasını yüksək
qiymətləndirmiş və tarixçi alim Əlövsət
Quliyevin xatırlamasına görə, 1958-ci ildə onun şərəfinə
verilən ziyafət məclislərinin birində öz ustad
şükranlığını bu kəlmələrlə
ifadə etmişdi: «Dünyadan rahat köçəcəyəm.
Ona görə ki, məndən sonra mənim
«Bayatı-Kürdüm»lə «Bayatı-Qacar»ımı
yaşadan Qulu Əsgərov var»…
Respublikanın Xalq artisti,
müəllimim İslam Rzayev danışırdı ki, hələ
orta ixtisas məktəbində oxuyarkən tələbələr
Qulu Əsgərova adi yoldaşları kimi yox, özünü
təsdiq etmiş sənətkar kimi hörmət bəsləyirdilər.
Bənzərsiz istedadı, qısa vaxtda püxtələşməyi
musiqişünasların, respublikanın səs sənəti
ilə bağlı olan ayrı-ayrı təşkilatlarının
rəhbərlərinin diqqətini getdikcə özünə
daha çox çəkirdi. Bu səbəbdən 1957-ci ildə
- Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini
bitirən kimi, onu solist olaraq Azərbaycan Dövlət Opera və
Balet Teatrına dəvət etdilər. Burada da tezliklə əvəzolunmaz
simaya çevrildi.
Musiqi mədəniyyəti
tariximizdə Üzeyir bəy Hacıbəyovun tərəqqiyə
bələdçiliyi təkcə bu dahi bəstəkarın
şəxsi fəaliyyətindən ibarət deyil. Onun
şəcərəsinin neçə-neçə nümayəndəsi
və həmin sırada Bədəlbəylilər qolunun bu sənətlə
bağlı üzvləri həmişə əsil
ifaçıların təəssübünü çəkiblər.
Şamanlar od-ocağı qoruyan kimi, xalqın
varlığındakı işığı, hərarəti
nümayiş etdirən məlahətli səslərin
keşiyində dayanıblar. Respublikanın Xalq artisti Sultan
Dadaşovla məhz Şəmsi Bədəlbəylinin köməyi
sayəsində Qulu Əsgərov «Leyli və Məcnun»
operasında əsərin əsas qəhrəmanlarından olan
Zeyd rolunda ilk dəfə böyük səhnəyə qədəm
qoyub. Çox keçmədən ona ikinci rolu - «Əsli və
Kərəm»də Kərəmi oynamağı etibar etdilər.
Səsindəki yanıqlılığa, həzinliyə, zilə
qalxanda belə itməyən xırdalıqlara əlavə
gözəllik verən aşıqvari çalarlar
yaratdığı obraza yeni nəfəs gətirərək əvvəlki
ifaçıların təsirindən tamamilə
çıxardı, orijinallaşdırdı. Kərəm
rolunun Qulu Əsgərova qısa müddətdə
böyük uğur qazandırmasında fitri keyfiyyətlərindən
savayı sözsüz ki, musiqişünaslardan, daha təcrübəli
solistlərdən aldığı məsləhətlərin
və çox məsuliyyətlə yanaşdığı
aramsız məşqlərin də əhəmiyyəti az
olmamışdı. Eyni zamanda o, yüksək səhnə mədəniyyətinə
malik bacarıqlı bir aktyor kimi yetişmişdi.
Filosof şairimiz Bəxtiyar
Vahabzadə bu misralarla zənnimcə, təkcə
özünün yox, bütün yaradıcı insanların
amalına ayna tutub:
Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən
narazıyam.
Qulu Əsgərov məhz belələrindən
idi. Ustadlarım Nəriman Əliyev və İslam Rzayevin Seyid
Şuşinskidən eşitdikləri bu kəlmələrdən
tələbəsi kimi yəqin o da xəbərdar idi: «Yad
boğazlarla öz xalqınızı heyrətləndirə
bilməzsiniz. Yaxşısı budur milli musiqi sənətimizin
qayğısına qalın, onu formalaşdırmağa
çalışın...». Bundan ötrü isə
özün elə səviyyəyə çatmalısan ki,
xalqın və ya onun hansısa fərdinin
yaratdığı, sənə qədər neçə-neçə
sənətkarın ifasından keçmiş melodik əsərə
öz dəsti-xəttini tətbiq etməyə haqqın olsun.
«Əsli və Kərəm» operasında Kərəmi orta
ixtisas təhsili ilə oynayan Qulu Əsgərov artıq «Leyli
və Məcnun»da Məcnun, «Aşıq Qərib»də Qərib
obrazlarına səhnə həyatı verəndə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
İnstitutunu bitirmişdi.
Ötən əsrin 60-cı
illəri onun yaradıcılığının ən parlaq
dövrü, fəaliyyətinin çoxşaxəli
çağı idi. Operalarda əsas kişi qəhrəmanlarını
oynayan solist kimi adı afişalardan düşmür, eyni
zamanda İncəsənət İnstitutunda və Mədəni-Maarif
Texnikumunda dərs deyir, konsertlərdə oxuyur, toylara gedirdi…
Qulu Əsgərov gənclik illərindən başlayaraq ömrünün sonuna qədər həvəskar bəstəkar kimi iki yüzdən çox mahnı da bəstələdi ki, bir çoxunun sözləri özünə məxsusdur. «Gülən yar», «Bəyənmir məni», «Sevdim səni», «Olarmı» mahnılarının mətni onun şairlik istedadının məhsuludur. Amma yalnız şəxsi poetik dünyasına qapılıb qalmır, digər söz sənət sahiblərinin də yaradıcılığına müraciət edirdi. Qulu Əsgərovun səsinin məftunu olan, aralarında iyirmi iki il yaş fərqinə baxmayaraq dost kimi istər Salyanda, istər Bakıda tez-tez görüşdükləri böyük şairimiz Səməd Vurğunun «Nə gözəl yaraşır Muğana ceyran» misralı məşhur şeirinə bəstələdiyi mahnı dillər əzbəri oldu Tofiq Bayramın tərcüməsində. Rəsul Həmzətovun:
Elə bil qollarım qırılıb mənim,
Gözümün yaşını silə bilmirəm
- deyə ürəklərə
köz salan həsrət dolu sözlərilə Qulu Əsgərovun
həzin musiqisinin vəhdətindən «Əziz dost»
mahnısı yarandı. Bunlardan başqa Nəbi Xəzri, Mədinə
Gülgün, Müzəffər Şükür, həmyerlisi
Ağacavad Əlizadə və digər şairlərin
şeirləri əsasında yazdığı könül
oxşayan «Sevgilimsən», «Xatirəli anam mənim», «Dolanaram
başına», «Vətən sevgisi», «Ürək», «Gəl-gəl»,
«Bizim ellər» kimi nəğmələri hələ də
repertuarları bəzəyir.
Mahnılarını ilk
növbədə İslam Rzayevə verərdi. Əlbəttə,
təkcə yaxın dostu olduğuna görə yox,
yaxşı oxuduğu üçün. «Əziz dost»u isə
ümumiyyətlə onu nəzərdə tutub bəstələmişdi.
Sonralar Alim Qasımov və Zaur Rzayev də onu öz
proqramlarına daxil etdilər. Respublikanın Xalq artisti Zeynəb
Xanlarova, Mələkxanım Əyyubova, Zabit Nəbizadə və
digər görkəmli ifaçılar xanəndə-bəstəkarın
mahnılarını efirdə dönə-dönə oxuyublar.
Tələbə və gənclərin
altıncı Ümumdünya Festivalının laureatı, Azərbaycan
Dövlət Opera və Balet Teatrının solisti Qulu Əsgərov
1978-ci ildən birdəfəlik pedaqoji fəaliyyətə
bağlandı. O, İncəsənət İnstitutunun
Muğam kafedrasında baş müəllim vəzifəsində
çalışır, musiqili teatr üçün kadrlar
hazırlayırdı. Xalq artisti Mələkxanım Əyyubova,
Qəndab Quliyeva, Yaqut Babayeva kimi neçə-neçə sənətkarın
yetişməsində böyük əməyi olub, öz evində
xanəndə Süleyman Abdullayevə iki il muğam dərsi
keçib. Tələbələrinin yaxşıları ilə
həmişə fəxr edər, yolunu azanlara kəskin şəkildə
etirazını çatdırardı. Bir dəfə yetirmələrindən
hansınınsa televiziyada «İntizar» mahnısını
musiqinin ahəngindən kənara çıxa-çıxa, sözlərin
qol-qanadını sındıra-sındıra, səhnə mədəniyyəti
normalarını poza-poza oxuduğunu görür. Onu yanına
çağıraraq qədərincə danlayır və
tapşırır ki, Qulu Əsgərovun tələbəsi
olduğunu heç yerdə dilinə gətirməsin. Bu tənbehdən
sonra həmin müğənni özünü düzəldir,
hətta ifa etdiyi «Xatirəli anam mənim» mahnısı
ustadının xoşuna gəlir…
Qulu Əsgərov olduqca təvazökar
və gözütox insan idi. Umacaqsız halda Azərbaycan
mədəniyyətinin qulluğunda dayanırdı.
Naxçıvanda «Əsli və Kərəm» operası
oynanılandan sonra solistlərin şərəfinə təşkil
edilən ziyafətdə muxtar respublikanın rəhbərlərindən
biri onun “Əməkdar artist” adına layiq görülməsi
məsələsini qaldıranda buna ehtiyacı
olmadığını bildirir. «Bu təltif üçün
artıq mənim yaşım keçib. Fikriniz ciddidirsə, tərəfmüqabilim,
Əsli rolunun ifaçısı Rəsmiyyə Sadıqovaya
verin. Hələ çox gəncdir, sənətinin qiymətləndirilməsindən
ruhlanar» deyir.
Böyük Hüseyn Cavid əsərlərindəki
obrazların əksəriyyətinə tipik türk adları
qoymuşdu. Elə övladlarına da: Ərtoğrul,
Turan. Bəlkə də otuzuncu illərdə dövlət idarələrimizdə
vəzifəyə bizdən qisas almaq, milli kökünə
bağlı ziyalılarımızı məhv etmək
üçün gətirilmiş düşmənlərin onu
suçlama bəhanələrindən biri də bu oldu. Təəssüf
ki, aramızda başını qorumaqdan ötrü əks yolu
seçənlər də tapılırdı. Dədə
Qorqud yurdunda oğlanlarının, qızlarının
adlarını Marksın, Leninin, Şaumyanın adına
yaraşdırırdılar. Qulu Əsgərov musiqi ilə nəfəs
alırdı. Ona elə bağlanmışdı ki, həyatının
bütün tərəflərinə sevə-sevə
oxuduğu «Bayatı-Kürd», «Rast», «Bayatı-Qacar», «Mirzə
Hüseyn segahı», Kərəm yanğısı, Məcnun həsrəti
dünyasından boylanırdı. Bu fikrin əyani sübutudur
ki, oğlanlarına Muğamat və Rahab, qızına
Şahnaz adlarını qoymuşdu. Hər iki oğlu
atalarının etimadını doğruldaraq ADMİU-nu
bitirdi. Muğamatın onun kimi gözəl səsi var idi. Təəssüf
ki, musiqi sahəsində öz sözünü deməyə
vaxtsız vəfatı imkan vermədi. Rahab isə hazırda
Salyan rayonundakı mədəniyyət evində bədii rəhbər
işləyir. Qulu Əsgərovun nəvəsi Qulu Əsgərov
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbəsidir.
Sənətkar adı,
soyadı əvvəlində uzun-uzadı sıralanmış
titulların hesabına yox, yaradıcı fəaliyyətinin
misilsiz dəyərinə görə ölməzlik
qazanır. Tarix üzügələcəyə
addımladıqca, ilbəil, qərinəbəqərinə ləngər
vurub silkələndikcə, özünü müvəqqəti
«yük»lərdən təmizlədikcə əbədiyyətə
ismarladıqlarını daha çox parlaqlaşdırır və
aydın göründürür. Gördüyü işlər
musiqi mədəniyyətimizin bir danılmaz parçasına
dönmüş Qulu Əsgərovun adı, soyadı kimi…
İbişova Ruzə
Palitra. -2010. – 14 aprel. – S.13.