Elmi dərəcəsi olan kadr
hazırlığı sahəsindəki nöqsanlar aradan
qaldırılmalıdır
AMEA-nın müxbir üzvü Əli Nuriyev: "Elm və
təhsil müəssisələri probleməri aradan
qaldırmadan cəmiyyətin modernləşdirilməsi
prosesində fəal iştirak edə bilməzlər"
Layihə çərçivəsində
bu dəfəki qonağımız Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin
müdiri, AMEA-nın müxbir üzvü, əməkdar elm
xadimi, iqtisad elmləri doktoru, professor Əli Nuriyevdir:
- Məlumdur ki, keçid dövrü təkcə iqtisadi sahədə deyil, həm də cəmiyyət həyatının digər sahələrində - sosial, siyasi, mədəni, elm, təhsil, mənəvi-əxlaqi və i.a. sahələrdə təmin edilməlidir. Bəs, bu sahələrdə vəziyyət necədir? Bu sahələrdə keçid dövrü başa çatıbmı? Ümumiyyətlə, cəmiyyətimizin indiki durumunu bütövlükdə necə qiymətləndirmək olar? Bütün bu və ya digər suallara kifayət qədər düzgün, elmi cəhətdən əsaslandırılmış cavablar vermək birinci növbədə biz alimlərin, xüsusilə, elmi-tədqiqat sahəsində çalışan alimlərin vəzifəsidir. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev keçid dövrünün başa çatması ilə bağlı fikirlərini Azərbaycanın ən böyük elm və təhsil potensialının cəmləşdiyi, elm və təhsil sahəsində zəngin təcrübəyə malik olan Bakı Dövlət Universitetində səsləndirib. Bu da təsadüfi deyil ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev son vaxtlar nəşr olunan məqalələrində cəmiyyətimizin bütün sahələrində (iqtisadi, sosial, siyasi-mədəni) modernləşməsinin vacibliyini göstərib və əsas istiqamətlərini müəyyən edib. Prezidentin iqtisadi sahədə keçid dövrünün başa çatması haqqında elmi ictimaiyyət və xalq qarşısındakı çıxışından sonra akademik Ramiz Mehdiyev humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirədəki məruzəsində, daha sonra "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" proqram xarakterli məqaləsində ictimai və humanitar elmlər sahəsində çalışan alimlərin, elmi-tədqiqat institutları və ali məktəblərin elmi fəaliyyətindəki çatışmazlıqları aşkara çıxarıb, cəmiyyətin modernləşməsi istiqamətində gələcək fəaliyyətin strateji istiqamətlərini müəyyənləşdirib. Həm də bütün bu məsələlərdə alimin, elm və təhsil işçilərinin rolunun, məsuliyyətinin artdığını ön plana çəkib. Bəs, görəsən nə üçün məhz indi alimlərin, elm və təhsil işçilərinin qarşısına daha ciddi vəzifələr qoyulur. Bunun səbəbləri çoxdur. Bu gün elmi-tədqiqat işlərinin təşkili və elmi dərəcəsi olan kadr hazırlığı məsələsi açıq şəkildə elmi ictimaiyyətin müzakirə obyektinə çevrilib. Burada, bir tərəfdən, cəmiyyətimizin inkişafından, tərəqqidən, yenidən qurulmasından obyektiv olaraq irəli gələn problemlər, digər tərəfdən, bu işlərin təşkilində yol verdiyimiz nöqsanlardan qaynaqlanan problemlər yaranıb. Bunlar haqqında akademik Ramiz Mehdiyevin məqaləsində ətraflı bəhs edilib.
- Burada əsas hansı məqamları qeyd etmək olar?
- Əvvəla, respublikamız tədricən öz inkişafının bir dövründən mahiyyətinə, məqsəd və vəzifələrinə görə ondan tamamilə fərqlənən digər dövrünə - elmi əsaslar üzərində bütün sahələrin modernləşdirilməsi dövrünə daxil olur. Eyni zamanda, daxil olduğumuz modernləşmə dövründə keçid dövründə olduğuna nisbətən düşünən, cəmiyyətin qarşısına çıxan yeni problemləri görən və onun həlli istiqamətlərini verə bilən beyinlərə tələbat artır. Biz elm və təhsil işçiləri isə öz fəaliyyətimizi yaxşılaşdırmalı və bu tələbatı ödəməliyik. Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: "Cəmiyyətin həyatında elmin rolunun artması alimin məsuliyyətini artırır". İkincisi, müstəqillik illərində cəmiyyətimizin iqtisadi, sosial, siyasi-mədəni sahələri kimi elmin, təhsilin və elmi tədqiqat işlərinin demokratik əsaslarla təşkili və inkişafında da böyük nailiyyətlərimiz var, bunlar göz qabağındadır və inkaredilməzdir. Alimlərimizin aktual problemlərə həsr olunmuş çoxsaylı əsərləri Azərbaycanda və xarici ölkələrdə nəşr olunub. Elmi potensial 2002-2003-cü illərdə sabitləşib, 2004-cü ildən bütün sahələrdə artmağa başlayıb. 2004-cü ilə nisbətən 2009-cu ilin əvvəlində elm və tədris sahələrində işləyənlərin sayı 1135 nəfər, o cümlədən, elmi dərəcəsi olanların sayı 675 nəfər (elmlər doktoru 294 nəfər, elmlər namizədi 381 nəfər) artıb. Elmə çəkilən xərclər 2004-cü ilə nisbətən 2008-ci ildə 1,9 dəfə artıb. Göründüyü kimi, kifayət qədər artım və inkişaf var. Akademik Ramiz Mehdiyev ictimai və humanitar elmlər sahəsində alimlərimizin böyük xidmətlərilə yanaşı, bu elm sahələrində elmi-tədqiqat işlərinin təşkilində, elmi dərəcəsi olan kadr hazırlığı sahəsində çoxsaylı nöqsan və çatışmazlıqların olduğunu, yazılan dissertasiyaların, çap olunan monoqrafiya və elmi məqalələrin bir hissəsinin səviyyəsinin aşağı olduğunu, elmi dərəcəsi olan kadr hazırlığında nöqsanlara yol verildiyini xüsusi qeyd edib. Elm və təhsil müəssisələri onları aradan qaldırmadan cəmiyyətin modernləşdirilməsi prosesində fəal iştirak edə bilməzlər. Üçüncüsü və başlıcası, modernləşmənin həyata keçirilməsində alimlərin rolunun və məsuliyyətinin artması onların cəmiyyətdə tutduğu mövqedən, alimliyin öz təbiətindən irəli gəlir. Alimlər öz təbiətlərinə görə ümumxalq mənafeyinin təmsilçiləridirlər. Onlar ümumxalq mənafeyini əldə rəhbər tutaraq yaşadığı ölkənin daxili və xarici siyasətinin, sosial-iqtisadi inkişafın əsas müddəalarının, strateji plan və proqramların işlənib hazırlanmasında fəal iştirak edir, öz töhfələrini verirlər. Bu proqramları öz düşüncə tərzilə zənginləşdirir, öz əsərləri, çıxışları, zəhmətkeşlərlə görüşləri vasitəsilə xalqa çatdırır. Beləliklə, alimlər dövlət siyasətinin, buradakı ideyaların, məqsəd və vəzifələrin, yerinə yetirilməsi istiqamətində xalqın səfərbər edilməsində müstəsna rol oynayırlar. Eyni zamanda, xalqla təmasda olan alim özü də zənginləşir. Onda sözügedən proqramların əsas müddəalarının xalqın mənafeyinə nə dərəcədə uyğun olmamasına aid yeni fikirlər, yeni münasibət əmələ gəlir. O, bu münasibəti öz tədqiqatlarında nəzərə alır, çıxardığı nəticə və təklifləri öz əsərləri, çıxışları, dövlət siyasətinin hazırlanmasında yaradıcı iştirakı yolu ilə müvafiq instansiyalara çatdırır. Bununla da, elm adamlarımız proqramların hazırlanması və qəbuluna fəal surətdə təsir göstərirlər. Beləliklə, dövlət siyasətinin, strateji plan və proqramların hazırlanma səviyyəsi və reallığı, həm də onların xalq tərəfindən nə dərəcədə düzgün başa düşülməsi və icra olunması alimlərin bu iştirak və vasitəçilik funksiyasını nə dərəcədə düzgün icra etməsindən çox asılıdır. Məhz bu səbəbdən akademik Ramiz Mehdiyev bizə xatırladır ki, alimlər dövlətin, cəmiyyətin maraq dairəsinə xidmət edən elmi araşdırmalar aparmalı, bu araşdırmalardan çıxan nəticələr, ideyalar siyasi qərarlarının qəbul edilməsinə qədər olmalı və bu qərarların elmi əsasına çevrilməlidir. Halbuki, bu gün akademik Ramiz Mehdiyevin haqlı olaraq göstərdiyi kimi dövlətin iqtisadi siyasətinin olduğu kimi kütləyə çatdırılması və beləliklə də, siyasətin xalqı səfərbərliyə alan maddi qüvvəyə çevrilməsində alimlərin rolu kifayət qədər deyil. Alimlərin öz elmi tədqiqatlarının nəticələri, verilmiş nəzəri ümumiləşdirmə və təkliflərlə dövlət siyasətinin hazırlanması, qərarların, proqramların qəbulunda iştirakı gücləndirilməlidir. Bütün bunların həyata keçirilməsi imkanları elmi-tədqiqat işlərinin və elmi dərəcəsi olan kadr hazırlığının səviyyəsindən asılı olduğuna görə, birinci növbədə, bu sahədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasına diqqət yetirilməlidir.
- Elmi kadrların hazırlığı necə olmalıdır?
- Respublikamızda elmi kadrların hazırlıq səviyyəsinin, elmi-tədqiqat işləri və elmi əsərlərin keyfiyyətinin yüksəlməsi bu fəaliyyət sahələrinə qarşılıqlı əlaqədə yanaşmağı və onun bütün mərhələlərində işi yaxşılaşdırmağı tələb edir. Burada elmi dərəcəsi olan kadr hazırlığı xüsusi yer tutur. Çünki elmi-tədqiqat işlərinin və elmi əsərlərin səviyyəsi kadrlardan, onların hazırlıq səviyyəsindən, işə nə dərəcədə həvəs və məsuliyyətlə yanaşmasından asılıdır. Bunun üçün biz ali məktəblərdə və elmi-tədqiqat institutlarında nəinki beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı mütəxəssis, həm də öz xalqını, vətənini sevən əsl vətəndaş və hərtərəfli dünya görüşünə malik insan hazırlamalıyıq. Məhz bu keyfiyyətlərə malik mütəxəssislər öz elmi fəaliyyətinə və əsərlərinə məsuliyyətlə yanaşa bilərlər. Elmi dərəcəsi olan kadr hazırlığı elə prinsiplər üzərində qurulmalıdır ki, respublikamızın bütün aparıcı, nüfuzlu alimlərinin bacarıq və qabiliyyətindən elmimizin inkişafı üçün səmərəli istifadə olunsun. Aparıcı alimlərdə elmimizin taleyi üçün məsuliyyət hissi artırılsın. Əlbəttə, elmi tədqiqat işlərinin təşkili və kadr hazırlığında əsaslı dönüş yaratmağın ən mühüm şərtlərindən biri bu sahədə maddi maraq prinsipinin təmin edilməsi, elmi-tədqiqat işçilərinin maaşlarının artırılmasıdır. Təcrübə göstərir ki, bu məsələnin həlli həmişə elmi-tədqiqat işlərinin, kadr hazırlığı və elmi əsərlərin səviyyəsinin yüksəlməsinə, bu sahələrdə çalışan işçilərin məsuliyyətinin artmasına əsaslı sürətdə müsbət təsir edir. Məhz bu səbəbdən dövlətimiz elm və təhsil sistemində işləyənlərin maaşlarının artırılmasına həmişə qayğı ilə yanaşır. Son illər ali məktəb işçilərilə elmi-tədqiqat sahəsində çalışan işçilərin ümumi artım sürətində elə bir əsaslı fərq olmayıb. Misal üçün, 2001-ci ilə nisbətən 2009-cu ilin əvvəlinə respublikamızda elmi-tədqiqat işçilərinin sayı 13,5 faiz, ali məktəbdə elmi-pedaqoji fəaliyyət sahəsində məşğul olan işçilər 12,32 faiz artıb. Halbuki, bu müddətdə elmi-tədqiqatla məşğul olan elmlər doktoru 72 nəfər, elmi-pedaqoji fəaliyyət sahəsində məşğul olanlar 230 nəfər, elmlər namizədi müvafiq olaraq 17 nəfər və 367 nəfər artıb. Beləliklə, elmi dərəcəsi olan kadrların ali məktəblərdə nisbətən sürətlə artması müşahidə olunur. Ləyaqətli, istedadlı, elmimiz və təhsilimiz üçün narahat olan, məsuliyyət daşımağı bacaran tədqiqatçı alim hazırlamaq, dövrün tələblərinə cavab verən əsərlər yazmaq üçün gənclərə münasibətə, onların biliyinin qiymətləndirilməsinə obyektiv yanaşmaq, kifayət qədər istedada, qabiliyyətə malik olanları və özünü elmə, təhsilə həsr etmək istəyənləri seçib bu sahəyə gətirmək lazımdır.
Miriyev Anar
Palitra. -2010. – 16 aprel. – S.6.