“Siyasətlə bağlı elmi mərkəzlərin sayı artmalıdır”

 

Əhməd Qəşəmoğlu: “Elm milli inkişaf və təhlükəsizlik baxımından vacibdir”

 

Müasir dövrdə cəmiyyətin inkişafı xeyli dərəcədə elmin müxtəlif sahələrinin inkişafı ilə bağlıdır. Bu baxımdan cəmiyyətdə elmin aktual problemlərinin ciddi müzakirəsi olduqca vacibdir. Eyni zamanda, ümumi inkişaf naminə elmi nailiyyətlərdən istifadə günün tələbi olaraq qalmaqdadır. Məlum olduğu kimi, layihə çərçivəsində elmin ümumi inkişafı ilə bağlı alimlərin təkliflərini və fikirlərini dərc etməkdəyik.

Bu dəfə isə elmin ümumi məqsədlər naminə inkişafı ilə bağlı olaraq bizə fikirlərini bildirən professor, sosioloq Əhməd Qəşəmoğlu belə düşünür: “Milli müstəqil dövlət quruculuğunda elmə əlahiddə diqqət verilməlidir. Çünki bir tərəfdən milli təhlükəsizliyimizdən danışırıqsa, indiki vaxtda elm bizə ölkənin tərəqqi və inkişafı baxımından kömək edir. Deməli, elm milli inkişaf və təhlükəsizlik baxımından vacibdir. Digər tərəfdən, hazırda ölkələr elmi idarəçilik metodları ilə idarə olunur. Bütün idarəçilik məsələləri elmin metodları ilə işlənir və həyata keçirilir. Əgər dünya elmi metodlarla, alimlərin tədqiqatlarına əsasən idarə olunursa, bizdə də elmin inkişafı çox zəruridir. Biz elmin inkişafı ilə həm də müdafiə sistemimizi qurmuş oluruq. Yaddan çıxarmayaq ki, dünya elmi institutlar əsasında güc mərkəzləri tərəfindən idarə olunur. Belə bir şəraitdə bizə xaricdən olan münasibətin xarakterini müəyyən etmək üçün də elmi institutlarımızın çox güclü inkişafı lazımdır. Bizə qarşı istifadə oluna biləcək elmi metodların zərərli təsirini önləmək və cəmiyyətimizin inkişafını durdurmamaq üçün də biz elmi səviyyəni xeyli yüksəltməyə məhkumuq”.

Alimə görə, elm inkişaf etmədikdə ölkədə cəhalət artır. Dünyəvi elmlərin inkişafı insanların intellektual inkişafı deməkdir. İntellekti yüksək olan cəmiyyəti isə idarə etmək daha asandır.

Elmin bir ənənəvi funksiyası ondadır ki, elm bizə qarşımıza çıxan problemləri dərk etməkdə və onları aradan qaldırmaqda, insanın inkişafı və tərəqqisinə nail olmaqda kömək edir: “Birinci növbədə isə elmin inkişaf və tərəqqisinin meyarlarını aydınlaşdırmaq lazım gəlir. Eləcə də elmin o sahələri inkişaf etməlidir ki, ümumi inkişaf tarazlığı təmin olunsun. Bunun üçün üç şərt lazımdır: birincisi, əhalinin fiziki sağlamlığının təmin edilməsi üçün layihələr həyata keçirilməlidir. İkincisi, əhali mənəvi cəhətdən zənginləşməlidir. Üçüncüsü isə hər bir cəmiyyət üzvündə öz əməyinə yaradıcı münasibət artmalıdır. Bu şərtlər qarşılıqlı təmin olunanda ümumi tərəqqi baş verir.  Bu gün cəmiyyətdə bu üç şərtin qarşılıqlı olaraq bir-birini tamamlamasına diqqət verilməlidir”.

Alim düşünür ki, eyni zamanda konkret olaraq elmin inkişafına 6 istiqamətdə diqqət verilməlidir: “Burada birinci olaraq ölkənin təbii imkanlarının səmərəli tətbiqi nəzərdə tutulur. Burada ekologiya, coğrafiya və sair təbii şərait nəzərdə tutulur. İkincisi, əhali problemləri, demoqrafiya, səhiyyə və sair bu kimi məsələlərlə bağlı olan sahələrin inkişafı vacib önəm kəsb edir. Üçüncü istiqamət isə iqtisadiyyatla bağlıdır. İqtisadiyyat yüksək səviyyədə inkişaf yolu keçməlidir. Başqa bir istiqamət isə mədəniyyətimizlə bağlıdır. Bu sahədə hazırda Azərbaycanda sürətli inkişaf gedir. Məsələn, muğamın inkişafı, təbliği xeyli dərəcədə mədəni irslə bağlı müsbət dəyişiklik yaradıb. Bu, həm daxili inkişafa səbəb oldu, həm də xaricdə ölkəmizin imicini daha da mədəni sferada yüksəltdi. Başqa bir istiqamət isə siyasətlə bağlıdır. Siyasətlə bağlı çox dərindən inkişaf etmiş elmi mərkəzlərimiz, strateji araşdırma mərkəzlərimiz və sair hamısı olmalıdır. Bu sahədə ən öncül standartlara cavab verən mərkəzlər formalaşdırmalıyıq. Hazırda da belə mərkəzlərimiz var, amma bunların sayını çoxaltmaq lazımdır. Burada istər informasiyaların toplanması, istər analitik şərhlər və rəylər kimi işlənmələrin hamısı həyata keçirilməlidir. Xaricdə gecə-gündüz kompyuter arxasında, ən son texnologiyalarla işləyirlər ki, bizdə optimal siyasət yeritsinlər. Biz isə belə bir zamanda, çayxanada çay içib, siqaret çəkə-çəkə onların cavabını verə bilmərik. Diplomatiya sahəsi də bu baxımdan ciddi inkişaf yolu keçməlidir. Sonuncu istiqamət isə odur ki, idarəetmə də çox güclü inkişaf etməlidir.  Biz bilməliyik ki, elmin metodu ilə fabrikdə, sexdə və daha yuxarı dairələrdə nə cür işləməliyik. Bu istiqamətlərdə elmimizin inkişafına çox böyük ehtiyac var. Təbii ki, Azərbaycanın elm sahəsində müəyyən bir potensialı var. Amma bu sahədə inkişaf ləng gedir”.

Ə.Qəşəmoğlunun fikrincə, elmlə bağlı kadr problemi də var: “Kadrlarla bağlı problemlərdən biri odur ki. Azərbaycanda alimlər yaxşı formalaşmırlar. Ən güclü alimlərimiz ya Rusiyada və Ukraynada, ya da Avropa ölkələrində formalaşanlardır. Alimlərimiz sovet dövründən bəri həmişə rus alimlərinin elmi işlərini təkrarlamaqla məşğul olublar. Bəlkə də bu, o vaxt rusların siyasəti nəticəsində belə olub. Amma indi zaman keçib, çalışmaq lazımdır ki, bu kimi məqamlar aradan qaldırılsın. Eyni zamanda, köhnə nəsil alimlərimiz içərisində də çox güclü olanları var. Onların potensialından da bəhrələnmək lazımdır. Bu gün onların çoxu bir kənarda qalıb və tədqiqatları unudulub. Amma onların potensialı tamamilə istifadəsiz qalmamalıdır. Çünki elmdə bütün yeni nəsillər əvvəlkilərin üzərində kök atır. Bu prosesdə eyni zamanda yeni yaradıcılıq meyillərinin reallaşdırılması da getməlidir. Bu barədə qeyd edim ki, hər hansı bir ingilis və ya alman yaşlı alimi öz təcrübəsini gəncləri ilə bölüşməyə o qədər də həvəsli deyil. Amma bizim yaşlı alimlərimiz bu işə həvəslə gedərlər. Yetər ki, onlara düzgün yanaşma tətbiq edilsin”.

Ə.Qəşəmoğlu düşünür ki, bu cür alimlərə şərait yaratmaq lazımdır ki, elmin yüksək inkişafı prosesində vərəsəlik də qorunmuş olsun.

 

 

İlkin 

 

Palitra. -2010. – 16 aprel. – S.7.