Bəhlul İbrahimli: “Bu gün bizim problemli sahələrimizdən
biri qədim dillər üzrə mütəxəssislərin
olmamasıdır”
Layihə çərçivəsində
növbəti müsahibimiz AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix
elmləri namizədi Bəhlul İbrahimlidir.
- Son vaxtlar
apardığınız arxeoloji qazıntı işləri ilə
bağlı məlumat verərdiniz.
- 2004-cü ildən Naxçıvanın Ordubad rayonu ərazisindəki Plovdağ abidəsində qazıntı işləri aparırıq. Həmin vaxtdan 2007-ci ilə qədər müəyyən etmişik ki, burada İlk Tunc dövrünün bütün mərhələləri, yəni həm yaşayış yeri, həm də qəbir abidələri var. 2008-2009-cu illərdə ölkə başçısının arxeoloji qazıntılara diqqətin artırılması və maliyyə ayrılması ilə bağlı qərarından sonra biz də arxeoloji qazıntıları genişləndirdik. Beləliklə, Plovdağdan başqa Sumbatan abidəsində qazıntı işləri apardıq. Sumbatan abidəsi eramızdan əvvəl II minilliyin sonlarından antik dövrün sonlarına qədər olan dövrü və 20 hektardan artıq bir ərazini əhatə edir. İndi bu abidədə qazıntı işləri başa çatmaq üzrədir. İki tərəfindən də çay axan, vadidə hakim mövqe tutan Sumbatan dağı üzərində yerləşmiş bu abidə e.ə. I minilliyin əvvəllərinə aid məbəd və yaşayış yerindən ibarətdir. Abidənin ətrafındakı müdafiə divarlarının eni 3,5 metrdir. Zərdüştilik dini yarandıqdan sonra bu məbədlər dağıdılıb. Ümumiyyətlə, zərdüştilik dinində məbədlərin tikilməsi qəbul olunmamışdı və ona görə də bu abidədə birinci dağıntı məhz VI əsrin axırlarında olub. Bu məbəd dağıdıldıqdan bir müddət sonra başqa məqsədlər üçün istifadə edilib. Biz məbədin ətrafında qazıntı işləri apararkən burada eramızdan əvvəl III-II əsrlərə aid və eramızın I əsrinə aid həm küp qəbirlər, həm də daş qutu qəbirlər aşkar etmişik. Küp qəbirlər onunla maraq doğurur ki, qəbirin içərisində dəfn adəti dəyişsə də, kameradan kənarda, qəbrin yerüstü hissəsində qədim dəfn adəti qorunub saxlanılır. Küp qəbrin yerüstü hissəsi Plovdağ nekropolunda olduğu kimi, kurqan tiplidir. Bu tip kurqanaltı küp qəbirlərə ölkə ərazisində rast gəlinməyib ki, bu da Sumbatan abidəsinin lokal xüsusiyyətlərindən biridir. Bundan başqa Sumbatan abidəsinin yaşayış yerindən kənarda - Süleyman dərəsi adlı yerdə, 5 hektardan artıq bir ərazidə çox möhtəşəm olan qəbir abidəsi var. Sumbatan bütün Arazboyunda aşkar olunan abidələr sırasında geniş yaşayış yerindən başqa, mərkəzində qala tipli böyük bir məbəd kompleksi olan yeganə abidədir. 2008-2009-cu illərdə bu abidəni öyrənməyə müvəffəq olduq. Bununla yanaşı Plovdağda da qazıntı işləri davam etdirilirdi. Biz burada İlk Tunc dövrünün kurqanaltı daş sərdabələri, daş qutu qəbirləri və Orta Tunc dövrünə təsadüf edən ətrafına daş döşənmiş qəbirləri öyrənmişdik. Bundan əvvəl və sonrakı dövr qəbirlərində boyalı qablara çox az təsadüf olunsa da, bu Orta Tunc dövrü qəbirlərində monoxrom və polixrom boyalı gil qablar aşkar olundu. Xüsusilə də kurqanaltı daş sərdabələrdə boyalı qablara təsadüf olunmamışdı. Plovdağ kurqanlarında Tunc dövrünün sonuna qədər dəfn adəti sabit qalıb. Yalnız II minillliyin sonlarında dəfn adətində dəyişiklik baş verir. Qəbirlərə həm boyalı qablar qoyurdular, həm də dəfnin istiqaməti dəyişmişdi. Beləliklə, ikiminillik sabit dəfn adəti pozulmuşdu. Bu da yeni dini baxışların meydana gəlməsi ilə bağlı idi. Çünki bu dövrdə assurların, urartuların buraya hücumları daha tez-tez baş verirdi və nəticədə buraya yeni ünsürlər gəlirdi. Əhalinin bir qismi köçürülür və işğal olunan əraziyə özlərinə yaxın etnik qrupları yerləşdirirdilər, xüsusilə də assurlar işğal etdikləri ərazilərdə öz dinlərini zorla yeridirdilər. Qəbir abidələrindəki bu dəyişikliyin səbəbləri sosial təbəqələşmə və yeni etnik qrupların burada məskən salması ilə də bağlı ola bilərdi. Arxeoloji qazıntılarda yeni etnik qruplarla bağlı ehtimallar öz təsdiqini tapmır. Çünki yeni etnik qruplar özləri ilə yeni mədəniyyət gətirirlər. Lakin burada keramikada, bəzəklərdə və metal əşyalarda o qədər də ciddi dəyişikliklər baş vermir.
- Aşkarlanan abidələr
sırasında qəbir abidələri hansı xüsusiyyəti
ilə özünü göstərir?
- Ümumiyyətlə,
maddi-mədəniyyətin inkişafında, adət-ənənələrin
təkamülündə ən mühafizəkar element qəbir
abidələridir. Məsələn, türklər İslam
dövründə bu dini qəbul etsələr də, öz dəfn
adətlərini uzun müddət qoruyub
saxlamışdılar. XIV əsrə qədər onlar dəfn
zamanı insanları qəbrə geyimləri və başqa əşyaları
ilə birgə qoyurdular. Bu da ondan irəli gəlir ki, hər
hansı bir etnik qrup bir ərazini işğal edirsə, yeni
dini qəbul edirsə, bu dinin cəmiyyətə və
xüsusən də dəfn adətinə təsiri onun
mövqeyindən asılıdır. Yəni həmin etnik qrup
hakim mövqedədirsə, öz adət-ənənələrini
qoruyub saxlamağa onun iqtidarı olur. Əhəmənilər
dövründə, e-ə IV əsrə qədər zərdüştiliyi
zorla qəbul etdirməyiblər. Amma Daradan sonra əhəmənilər
ayrı-ayrı tayfalara siyasi təsiri gücləndiriblər.
Bu isə ən çox dini təsir yolu ilə baş verirdi.
Zərdüştilik dini xüsusilə də Sasanilər
dövründə geniş yayılmışdı. Cəmiyyətdə
baş verən hadisələri abidələrdə
müşahidə etmək mümkündür.
Sumbatan abidəsində məbəd
və onun ətrafında, Rəsul dərəsindəki
yaşayış yerində qazıntı işləri
aparırıq. Orada üç mədəni təbəqə
aşkar izlənilir. Qəbir abidələrində necə fərqlilik
var idisə, bu həm dövr, həm də mədəniyyət
etibarilə yaşayış yerində də özünü
göstərir. Kurqanaltı torpaq qəbirlərlə
kurqanaltı sərdabə tipli qəbirlər çox fərqlənir.
Kurqanaltı torpaq qəbirlərin avadanlığı
çox kasıbdır və sosial təbəqələşməni
aşkar göstərir. Burada tunc üzükdən başqa
bir metal əşya belə tapılmayıb. Amma kurqanaltı sərdabələr
zəngindir. Onlarda həm xəncər, həm ayaq və qol
bilərzikləri, müxtəlif metal əşyalar, hakimiyyət
rəmzi olan toppuz başı tapılıb. Eyni zamanda
kurqanaltı daş sərdabələrdə dəvəgözü
və çaxmaqdaşından çox zərif işlənmiş
ox ucluqları aşkarlanıb. Bunlar ovçuluqda istifadə
olunsa da, mənə elə gəlir ki, onlar ən çox kult
xarakteri daşıyırdı. Biz ötən il həmin qəbirlərin
quruluşunu tam öyrəndik. Kurqanaltı torpaq qəbirlərin
ətrafına düzülən kromlex daşları dikinə
qoyulan sal daşlardan ibarətdir. Amma kurqanaltı sərdabələrin
kromlexləri iki-üç cərgə böyük həcmdə
daşlardan işlənib və eyni zamanda bu kromlexlərin
şərq tərəfindən giriş yolu var. Biz ötən
il bu giriş yolunu aşkar etdik. Bizim məqsədimiz bu ərazidəki
etnik qrupları ayırmaq, onların tutduğu əraziləri
müəyyənləşdirmək, hansı maddi-mədəniyyət
abidələrinin onlara aid oduğunu müəyyənləşdirməkdir.
Bu yaxınlarda işıq üzü görəcək
monoqrafiyamda bunlar öz əksini geniş tapacaq.
- Arxeologiya sahəsində
beynəlxalq əlaqələrin inkişafı istiqamətində
hansı işlər görülür?
- Bu istiqamətdə davamlı olaraq əlaqələrimizi genişləndirməyə çalışırıq. Son illər Gürcüstanda Qafqaz arxeoloqlarının iki konfransında, bundan başqa 2007-ci ildə və bu il Avrasiya Arxeoloqlarının Beynəlxalq Konqresində iştirak etmişəm. Sonuncu konqres bizimlə sıx bağlı idi. Yaxın Şərq, Rusiya və digər ölkələrin görkəmli alimlərinin iştirak etdiyi bu tədbirdə ölkəmizi 5 alim təmsil edirdi. Konqres Kür-Araz mədəniyyətinə, onun mənşəyinə həsr edilmişdi. Bizim çıxışlarımız çox yaxşı qarşılandı. Orada Azərbaycandan olan alimlərin Kür-Araz mədəniyyətinin inkişafı, yayılma arealı və daxili mərhələlərin inkişafına həsr edilən məqalələri xüsusi qeyd edildi.
- Bu gün gənclərin
arxeologiyaya olan marağı sizi qane edirmi?
- Son dövrlərdə bir
neçə səbəbdən gənclərin elmə diqqəti
azalıb. Bu ilk növbədə fəaliyyət dairəsinin
genişliyi ilə bağlıdır. Çünki indi gənclər
istədikləri sahə ilə məşğul olurlar, onlara
istiqamət vermək lazım deyil, seçim özlərinindir.
Gənclərin arxeologiyaya gəlməsi üçün ancaq
fanatik olmalısan, arxeologiya ilə
Gənclərdə indi sanki
mentalitet də dəyişib, var-dövlətə hərislik
yaranıb. Bir vaxtlar
insanların seçimi maddi deyil, mənəvi tərəfdən
olurdu. Lakin hazırda maliyyənin yüksək oldugu səmtə
meyil edirlər. Məsələn, hansısa bir gənc
arxeologiyanı sevsə də, başqa bir şirkətdə
daha çox maaş verirlərsə, onu seçir. Ona görə
də həmin insan gərək o qədər vətənpərvər
olsun ki, az maaşla işləməyə razı olsun. Bizdə
də gənclərə bir qədər maddi dəstək olsa,
məsələn, kreditlə də olsa 20 illiyə bir ev verilsə,
gənclərdə də maraq yaranar.
Nigar
Palitra. -2010. – 16 aprel. – S.9.