Dissertasiya mövzularında təkrarçılığa,
aktual olmayan mövzuların işlənməsinə yol verilməməlidir
AMEA-nın müxbir üzvü Əli Nuriyev:
"Dissertasiyaların müzakirə və müdafiəsinin
təşkili forma və qaydalarını təkmilləşdirməyə
ciddi ehtiyac yaranıb"
Layihə çərçivəsində budəfəki qonağımız Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elməri doktoru, professor Əli Nuriyevdir:
- Bu işə yəqin ki, ali məktəblərdən başlamaq lazımdır.
- Təbii ki, bu, ali məktəblərdən başlanır. Məlumdur ki, dövlətimiz bu sahələrə həmişə diqqət və qayğı göstərib, son illər isə bu qayğını xüsusilə artırıb. Ali məktəblərdə tələbələrə qarşı diqqətli olmaq, onların biliyini, maraq dairəsini düzgün qiymətləndirməyə çalışmaq lazımdır. Indi tədris prosesində yaranmış xoşagəlməz hallardan biri ali məktəbi fərqlənmə diplomu ilə bitirənlərə qarşı tələbkarlığın azalmasıdır. Bu, bizim nə elmimizə, nə də xalqımıza və gələcəyimizə müsbət mənada heç nə vermir, əksinə, gənc istedadlı kadrların seçilib elmə gətirilməsində müəyyən çətinlik yaradır. Fərqlənmə diplomu yalnız öz bilik səviyyəsinə, öz biliyini müəllimə, tələbələrə çatdırmaq qabiliyyətinə görə başqalarından müsbət mənada seçilən, həqiqətən tələbələr arasında onun əlaçı olduğu etiraf olunan, ali məktəbin həyatında fəal iştirak edən tələbəyə verilməlidir. Belə kadrlara işləmək üçün ali məktəblərin və ya elmi-tədqiqat institutlarının qapısı açıq olmalıdır.
- Son günlər dissertasiyalarla bağlı məsələ cəmiyyətdə müzakirə predmetinə çevrilib. Bu məsələyə münasibətiniz necədir?
-
Dissertasiyaların müzakirə və müdafiəsinin təşkili
forma və qaydalarını təkmiləşdirməyə
ciddi ehtiyac yaranıb. Fikrimizcə, dissertasiyaların hazırlanması
və müdafiəyə təqdim olunmasında elmi-tədqiqat
institutlarında şöbələrin, ali məktəblərdə
kafedraların, hüquq və məsuliyyəti
artırılmalıdır. Elmi-tədqiqat institutlarında
şöbələrin sayının nisbətən
azaldılması, lakin onların daxilində qruplar təşkil
olunmaqla şöbədə işləyən əsas
işçilərin məsuliyyətinin artırılması
da məqsədəuyğun olardı. Dissertasiyalar iki
şöbənin birlikdə iclasında iki dəfə: ilkin və
yekun müzakirə olunmalıdır. Avtoreferatda
dissertasiyanın müzakirə olunub, müdafiəyə təqdim
olunduğu şöbənin (əsas şöbə) və
ona qoşulmuş şöbənin adı göstərilməlidir.
Dissertantlara qarşı tələbkarlıq
artırılmalıdır. Yalnız ali məktəbi fərqlənmə
diplomu ilə, yaxud da əla və yaxşı qiymətlərlə
bitirənlərə, dissertant olana qədər məqaləsi
nəşr edilmiş olanlara, müstəsna hal kimi, dissertasiya
yazmağa icazə verilməlidir. Dissertantların yalnız istədiyi
sahəyə aid, həm də həmin sahədə təşkilati
işlər aparmağa, sanballı elmi təkliflər verməyə
ehtiyac olduğu hallarda mövzular götürüb tədqiq
etmələri daha məqsədəuyğun olar. Fikrimizcə,
namizədlik və doktorluq dissertasiyalarının müdafiəsinə
hüquqverən elmi məqalə, kitab, konfransların tezislərinin
və ya materiallarının nəşrinə qarşı tələbkarlığı
artırmaq lazımdır. Əvvəla, məqalələr və
monoqrafiyalar yalnız seminarlarda, yaxud elmi şuralarda müzakirə
olunduqdan, həqiqətən oxunub rəy verildikdən və rəy
verənlərin, redaktorun məsuliyyəti nəzərə
alınmaqla nəşr olunmalıdır. Yaddan
çıxarmaq olmaz ki, elmlər namizədi, elmlər doktoru
olandan sonra fərdi, müstəqil yaradıcılıqla,
müstəqil əsərlər nəşr etdirməklə
elmi dərəcə almaq üçün yazılan
kitabları, elmi məqalələri, plan üzrə elmi-tədqiqat
işinin nəticəsi kimi nəşr olunan əsərləri
bir-birilə eyniləşdirmək, onlara eyni məsuliyyətlə
yanaşmaq düzgün deyil. Elmi dərəcə almaq üçün
və plan üzrə yerinə yetirilmiş elmi-tədqiqat
işinin nəticəsi olmaqla yazılan elmi məqalə və
kitablara daha məsuliyyətlə yanaşmaq və onların
lazımi tələblərə cavab verməsini təmin etmək
lazımdır. Konfranslara, konfrans materiallarına və tezislərə
də eyni dərəcədə məsuliyyətlə
yanaşılmalıdır.
Aspirant və
dissertantların dissertasiyaların üzərində işi
azı 3 il davam etdirməsi vacibdir. Müşahidələrimiz
nəticəsində belə qənaətə gəlmişik
ki, kənardan müdaxilə olmasa, heç bir dissertant
özü yeni mövzu üzərində işini 3 ildən
tez hazırlayıb müdafiəyə təqdim edə bilməz.
Əlbəttə, məqalələrin çap
olunmasını da nəzərə almaqla yalnız 3 ildən
az olmayan müddətə bu işin öhdəsindən gəlmək,
həm də dissertasiyanın yazılmasına vərdiş
etmək olar. Fikrimizcə, əyani aspirantların azı 3 il
müddətində, qiyabi aspirant və dissertantların isə,
azı 4 il müddətində nəşr olunmuş əsərləri
məqbul sayıla bilər. Bunlarla yanaşı alimlərimizin
yaradıcılığına, əsərlərinə
qarşı tələbkarlıq da
artırılmalıdır. İndi sözün həqiqi mənasında
hər kəs çalışır ki, onun əsərlərinin
sayı çox olsun, keyfiyyət məsələsi isə demək
olar ki, unudulur. Kadr hazırlığının və elmi-tədqiqat
işlərinin səmərəli təşkilinin vacib məsələlərindən
biri elmi-tədqiqat işlərinin koordinasiyası, elmi-tədqiqat
işlərində və dissertasiya mövzularında təkrarçılığa,
aktual olmayan mövzuların işlənməsinə yol verməməkdir.
Hazırda bunun qarşısını almaq üçün
elmi-tədqiqat institutlarında Respublika Koordinasiya
Şurasının bölmələri və onların sədrləri
fəaliyyət göstərir. Bunlar müəyyən qədər
müsbət rol oynasa da, problemi həll etmək
üçün kifayət etmir. Nəticədə dissertasiya
mövzuları içərisində aktual olmayanlara, işlənmiş
mövzunun təkrar işlənməsinə rast gəlinir.
Fikrimizcə, Koordinasiya Şurası nəzdində ali məktəblərdə
və elmi-tədqiqat institutlarında işləyən təcrübəli
alimlərdən bir qrup yaratmaq (onlara verilən əməkhaqqı
işlədikləri müəssisədən ödənilə
bilər) və bu işlərlə daimi məşğul
olmağı onlara həvalə etmək lazımdır. Bu təşkilati
qurum avtoreferatları nəzərdən keçirmək və
müşahidələrini ümumiləşdirməklə tədqiq
olunmuş mövzuları və tədqiqi vacib olan
mövzuları müəyyənləşdirə, tədqiqi
vacib olan mövzular haqqında tabe olduqları yuxarı təşkilata
və müvafiq elm və təhsil müəssisəsinə
ildə bir dəfə öz tövsiyələrini verə bilərlər.
Belə olduqda aktual olmayan, təkrar olunan dissertasiya
mövzularının götürülməsi aradan qalxar,
mövzuların seçilməsində məsuliyyət hissi
artar.
Məlumdur ki, dissertasiya
işlərini müdafiə etmək üçün
avtoreferatlar buraxırlar. Ayrı-ayrı elm və təhsil
müəssisələrində buraxılan avtoreferatlar öz
yazılış üslubuna və məzmununa görə
bir-birindən fərqlənir. Xüsusilə ali məktəblərdə
buraxılan avtoreferatlarla AMEA sistemində buraxılan
avtoreferatlar özünün strukturuna və dissertasiyanın məzmununu
əhatə etməsinə görə fərqlənirlər.
Burada vahid qayda yaratmaq vacibdir. Fikrimizcə, avtoreferat
dissertasiyanın xülasəsi formasında olmalı və onu
oxuyan dissertasiyanın məzmunu haqqında tam təsəvvürə
malik ola bilməlidir. Bunun üçün avtoreferatda məsələlərin
şərhi ardıcıllığı dissertasiyadakına
tamamilə uyğun olmalıdır. Yəni, hər fəslin o
cümlədən hər yarımfəslin şərhi,
oradakı elmi yeniliklər və əsas nəticələr
ardıcıl olaraq öz əksini tapmalıdır.
Avtoreferatın həcmi dissertasiyanın həcmindən və
orada qoyulan məsələrin sayından, mürəkkəbliyindən
asılıdır. Hər halda namizədlik dissertasiyaları
avtoreferatlarının həcmi 1,5-2, doktorluq disseratsiyası 3
çap vərəqi həcmində optimal hesab oluna bilər. Ən
mühüm məsələlərdən biri dissertasiyanın
müdafiəsindən sonra elmi dərəcə və elmi adların
verilməsidir. Son illər bunu təkmilləşdirmək və
daha ədalətli prinsiplərə əsaslanması
üçün Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyası bir sıra tədbirlər
görüb, mövcud qaydaları xeyli təkmilləşdirib.
Qeyd etmək yerinə düşər ki, ıctimai elmlərdə,
xüsusilə də iqtisad elmində tədqiqat obyektilə təmasda
olmaq, onun bütün xüsusiyyətlərini müşahidə
etmək və öyrənmək həqiqi tədqiqatçı
üçün vacibdir. Eyni zamanda elmi-tədqiqat işlərinin
nəticələrinin tətbiqi məsələsinə diqqət
daha da artırılmalıdır. Həqiqi elm peşəkarlıq
sevir, bu isə çatışmır.
Bunun qarşısını
almaq üçün elmə şöhrət mənbəyi,
gələcəkdə hazırkı fəaliyyət sahəsində
uğursuzluğa düçar olarsa, ehtiyat
dolanışıq mənbəyi kimi yanaşanlara imkan verməməliyik.
Elmi-tədqiqat institutlarında, elmi mərkəzlərdə
işçilərin keyfiyyət tərkibinə, ixtisas
baxımından strukturuna diqqətin artırılması,
imkan daxilində optimallaşdırılması vacibdir.
Yaşlı nəslin zəngin təcrübəsini və elmdə
nüfuzunu, orta nəslin işgüzarlığı və məqsədyönlülüyünü
gənc nəslin yaradıcılıq həvəsi və
çalışqanlığı ilə birləşdirmədən
elmi-tədqiqat institutlarında, elm mərkəzlərində
fasiləsiz və əhəmiyyətli müvəffəqiyyət
qazanmaq çətindir. Eyni zamanda elmi-tədqiqat
institutlarında elmi işçilər, o cümlədən
elmi dərəcəsi olan elmi işçilərlə xidmətedici
heyət arasında optimal nisbət formalaşması da vacib məsələdir.
Elmi-tədqiqat institutları
və ali məktəblərdə elmi-nəzəri və ya
elmi-metodoloji xarakterli seminarların keçirilməsinə
diqqət artırılmalıdır. Bu seminarlar elm və tədris
sahəsində çalışanların hazırlıq səviyyəsini
yüksəldir, kollektiv qarşısında məsuliyyətini
artırır və kollektivlərdə obyektiv elmi mühitin
formalaşmasına və sanballı əsərlər
yazılmasına kömək edir. Lakin bəzən belə
hallar müşahidə olunur ki, bu seminarlar əsasən
konkret dissertasiyaların müzakirəsinə həsr olunur. Əlbəttə,
elmi dərəcəsi olan kadr hazırlığının,
dissertasiyaların, elmi əsərlərin səviyyəsini
yüksəltmək üçün həm təhsil, həm
də elmi-tədqiqat institutlarında görülməli olan tədbirlər
yalnız bunlarla məhdudlaşmır. Biz hamımız
görülməsi vacib olan çoxsaylı əlavə tədbirləri
birlikdə düşünüb tapmalı və
icrasını təmin etməliyik.
Miriyev Anar
Palitra. -2010. – 20 aprel. – S.6.