“Ən böyük kurqanlar Azərbaycanda
aşkar olunub”
Professor Hidayət Cəfərov: “Hər istəyənə
arxeoloji ekspedisiya verib qazıntı aparmağa göndərmək
olmaz”
Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri və aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Hidayət Cəfərovdur.
- Mən
1964-cü ildə Beyləqan şəhər 1 saylı orta məktəbini
bitirdikdən sonra Lenin adına Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşam.
1968-ci ildə fərqlənmə diplomu ilə bu ali məktəbi
bitirdikdən sonra doğma kəndimizdə orta məktəbdə
işləməyə başladım. Burada bir müddət
çalışdıqdan sonra Bakıya gəldim və 1970-ci
ildən AMEA-nın Tarix İnstitutunda Qədim arxeologiya
şöbəsində, sonra institutun nəzdində 1974-cü
ildə yaradılan Arxeologiya və etnoqrafiya sektorunda
çalışmışam. 1971-74-cü illərdə
aspiranturada oxumuşam və həmin dövrdə "Azərbaycanın
Ön Asiya ölkələri ilə iqtisadi-mədəni əlaqələri.
Sonc Tunc və İlk Dəmir dövründə Azərbaycan
materialları əsasında" adlı namizədlik
dissertasiyası üzərində işləmişəm. Bu
çox mürəkkəb bir mövzu idi. Lakin elmi rəhbərim
dünya şöhrətli alim İdeal Nərimanov məni bu
mövzunu götürməyə məcbur etdi. O zamana qədər
Qafqazda bu mövzuda tədqiqat işinin aparılmaması
problemə çevrilmişdi. Mən bu mövzunu işlədim
və Cənubi Qafqaz ərazisində ilk dəfə olaraq Azərbaycanda
belə bir tədqiqat əsəri meydana gəldi.
Dissertasiyanı 1978-ci ildə müdafiə etdim və
1984-cü ildə kitab halında nəşr edildi. Mənim
üçün bu əsər çox əzizdir.
Çünki həm çox çətinliklə ərsəyə
gəlib, həm də məhz bu əsər üzərində
işləməklə bir çox məsələləri
aydınlaşdıra bildim. Burada əlaqələrin meydana gəlib
inkişaf etməsini şərtləndirən amillər var
idi ki, onlar öyrənilməli idi. Ona görə də mən
məcbur idim ki, o dövrdə Azərbaycandakı sosial,
iqtisadi, ictimai, siyasi durumu araşdırım. Bu bir faktdır
ki, yalnız sosial-iqtisadi-mədəni inkişafın müəyyən
pilləsində durmuş xalqlar özlərinə bərabər
xalqlarla iqtisadi-mədəni əlaqələr aparır. Azərbaycan
o zaman Qədim Şərqin Assuriya, Suriya-Fələstin aləmi,
Het, Misir, Cənub-Şərqi Asiya ilə əlaqələr
saxlayıb. Yalnız yüksək iqtisadi inkişaf sayəsində
bu mümkün ola bilərdi. İndiki Türkiyə ərazisində
Kültəpə adlı yerdə aparılan tədqiqatlar
zamanı aydın olub ki, III minilliyin sonu, II minilliyin əvvəllərində
beynəlxalq ticarət faktoriyası mövcud olub.
Dünyanın bir çox ölkələrindən oraya ticarətə
gəliblər. Məlum olub ki, Azərbaycan da həmin ərazilərə
məhsul göndərib. Orada daha çox qalay ticarəti ilə
məşğul olurdular. Məlumdur ki, Qafqazda qalay yoxdur və
bu, tuncun alınmasında ən mühüm komponentlərdən
biridir. Tərkibinə mis, mərgümüş,
qurğuşun, qalay qatılan tunc daha möhkəm olur.
Kültəpəyə qalay müxtəlif yerlərdən,
daha çox Malaziyadan gəlirdi. Bizim tədqiqatlar göstərdi
ki, qalay yalnız Şərq istiqamətində deyil, Qərbdən
də gəlib və qalayın çıxarılması
finikiyalıların adı ilə bağlıdır.
Ümumiyyətlə, Azərbaycana müxtəlif əlaqələr vasitəsilə gələn materialların sayı çoxdur. Məsələn, bunlar üzəri şirli qablar, xüsusi tip xəncərlərdir ki, onlara Ön Asiya tipli xəncərlər deyilir. Bundan başqa sədəf, xüsusi tip balıqqulağı, qızıl əşyalar və tapıntılar arasında xüsusi yer tutan əşyalardan biri üzərində Assuriya çarı Adadnirarinin adı yazılmış muncuqdur ki, bu, XIX əsrin 90-cı illərində Xocalıda tapılıb. Məlum olub ki, onun üzərində mixi yazı var və həmin çarın adı yazılıb. Ancaq Adadnirari adlı 4 çar olub və ilk çar XIV əsrə, sonuncu isə IX əsrə aiddir. Həmin tapılan muncuq mövcud əlaqələri göstərən əlamətdir. Eyni zamanda bu, Azərbaycan ərazisində ilk yazılı material kimi də qeyd edilə bilər. Ümumiyyətlə, mənim tədqiqatlarımın istiqamətləri əsasən bütövlükdə ibtidai icma quruluşu və onun müxtəlif problemləridir. Əlaqələrin öyrənilməsi onun bir hissəsidir, digər hissəsi isə Azərbaycanda ibtidai icma quruluşunun meydana gəlməsi, inkişafı ilə bağlıdır. Ali məktəblər üçün "Azərbaycan tarixi" dərsliyinin müvafiq fəslini yazan müəlliflərdən biriyəm, eləcə də orta məktəbin VI sinfi üçün tarix dərsliyinin "İbtidai icma quruluşu" bölməsinin müəllifiyəm. Son dövrlər apardığım tədqiqatlar da yeni məsələlərin çözülməsinə şərait yaradan materiallar əldə etməyə imkan verdi. 1971-ci ildən başlayaraq əsasən Şəmkir, Daşkəsən, Cəlilabad, 1980-ci ildən isə Qarabağ ərazisində arxeoloji tədqiqatlar aparmışam. 1980-86-cı illərdə Tərtər rayonu ərazisində Borsunlu kəndində, 1984-cü ildə Xocalıda, 1986-88-ci illərdə Ağdam, Ağcabədi, Bərdə ərazisində həm arxeoloji qazıntılar, həm də arxeoloji xəritəni tərtib etmək üçün tədqiqatlar aparmışam. Hazırda həmin ərazilər erməni işğalı altındadır. 2008-ci ildən Qarabağ ərazisində arxeoloji tədqiqatlar bərpa olunub və mənim tədqiqatlarımın nəticəsi "Qarqarçay və Tərtərçay hövzəsinin Tunc və İlk Dəmir dövrü mədəniyyəti" adlı dissertasiyamda öz əksini tapıb və aparılan əlavələrdən sonra "Azərbaycan IV minilliyin II yarısı, I minilliyin əvvəllərində” adlı monoqrafiya nəşr olunub. Eyni zamanda mən tədqiqatların gedişini "Azərbaycanın Yaxın Şərqlə iqtisadi-mədəni əlaqələri" adlı kitabda, "Azərbaycanın ən qədim dövr tarixi" adlı elmi-metodik kitabda, 200-dən artıq elmi məqalədə şərh etmişəm.
- İbtidai icma quruluşunun öyrənilməsi hansı yeni faktları aşkar etməyə şərait yaradıb?
- Tədqiqatlar göstərir ki, Azərbaycan ərazisində III minillikdə ilk böyük ictimai əmək bölgüsü baş verib. Bu faktı klassiklər çoxdan təsdiq ediblər, ancaq onun Azərbaycana tətbiqini ilk dəfə elmə mən gətirmişəm və onu dərsliyə daxil etmişəm. Tədqiqatlar göstərir ki, bütün Azərbaycan ərazisində, o cümlədən Qarabağda da III minillikdə tuncdan istifadə olunması, əkinçiliyin sürətlə inkişaf etməsi, xış əkinçiliyinin meydana gəlməsi, maldarlığın inkişafı, heyvandarlığın artması ilə insanların eyni zamanda həm maldarlıq, həm də əkinçiliklə məşğul olması çətinləşir və bu da I böyük ictimai əmək bölgüsünə gətirib çıxarır. Sonrakı inkişaf nəticəsində sənətkarlığın müxtəlif sahələri, metallurgiya, metalişləmə, ağacişləmə, gönişləmə, hətta zərgərlik sənəti meydana gəlir. Əhalinin həm əkinçilik, həm maldarlıq, həm də sənətkarlıqla məşğul olması çətinləşirdi. Buna görə də onların içərisindən sənətkarlar seçilməyə başlayır. Oturaq həyat burada mühüm rol oynasa da, köçəri həyat tərzi keçirən insanlarda da sənətkarlıq yüksək inkişaf etmişdi. Maraqlı bir paradoksdur ki, ən yaxşı sənətkarlıq məhsulları məhz köçərilərdədir. Sənətkarlığın ayrılması II ictimai əmək bölgüsü idi. II minilliyin sonlarında isə yeni bir ayrılma baş verir. Sənətkarın həm istehsal edib, həm də satması mümkün deyildi və buna görə də sənətkarlar içərisindən xüsusi zümrə - tacirlər meydana gəlir. Yəni onlar istehlakçı ilə istehsalçı arasında bir növ keçid rolunu oynayırdı. Bizim tədqiqatlar göstərir ki, Son Tunc və İlk Dəmir dövründə ibtidai icma quruluşu sönməyə başlayır və sinifli cəmiyyətin ünsürləri meydana gəlir. Onlar bilavasitə istehsal olunan malların istehlakçıya çatdırılması ilə məşğul olurdular.
- Sizin apardığınız arxeoloji tədqiqatlar daha hansı yenilikləri aşkarlamağa imkan verib?
- Azərbaycan ərazisindəki ən möhtəşəm kurqanları tədqiq etmişik. 1982-ci ildə Tərtər rayonunun Borsunlu kəndi ərazisindəki Böyük Borsunlu kurqanı tədqiq olunub ki, onun hündürlüyü 7-8 metr, diametri 100 metrdən artıqdır. Kurqanda aşkar olunan qəbir 256 kv.metr sahəni tutur. Nəinki Azərbaycanda, bütün Cənubi və Şimali Qafqazda belə böyük ölçüyə malik qəbir abidəsi məlum deyil. Orada çox böyük nüfuza malik tayfa başçısı dəfn olunub. Mən bunu "Çar kurqanı" adlandırıram. Orada həmçinin 9 nəfər, qul, atlar dəfn olunub. Onun üzəri 200-dən artıq ağac tirlərlə örtülüb. Tədqiqatlar göstərdi ki, bunlar adi ağac deyil, şam ağaclarıdır. Qəbirin dərinliyi 4, eni 8, uzunluğu 32 metrdir. Bu faktlar göstərir ki, artıq sinifli cəmiyyət özünə yol açmışdı. İkinci belə bir kurqanı da həmin rayonun Bəyimsarov kəndində öyrənmişik. Buradakı qəbirin özü 200 kv.metr sahəni tutur, eni 10, uzunu 20, dərinliyi 6 metrdir və onun da üzəri ağac tirlərlə örtülüb. Digər oxşar kurqan Ağdam rayonunun Xındırıstan kəndindəki Sarıçoban kurqanıdır. Həmin qəbir öz quruluşuna görə çox maraqlıdır və xaçvaridir. Xristianlar xaçı bir simvol kimi IV əsrdən götürüblər, ancaq xaçın varlığı hələ Eneolit dövründən var və Son Tunc və İlk Dəmir dövründə çox geniş yayılıb. Onun dördkünc olmasına gəldikdə isə mənim Moskvada bu barədə məqaləm də dərc olunub ki, ola bilsin dünyanın 4 cəhətini, ya da fəsilləri göstərir. Beləliklə, həmin kurqanların materialı əsasında tədqiqatlar belə qənaətə gəlməyə imkan verir ki, 1987-ci ildə erməni işğalı nəticəsində qazıntısı yarımçıq qalmış Ağdam rayonunun Şıxbabalı kəndi yaxınlığında Qaratəpə - ətrafı qala hasarlı, e.ə XII əsrə aid, 3200 il yaşı olan şəhər yeri var. Beləliklə, bu cür möhtəşəm yaşayış yerləri və çox böyük kurqanların mövcudluğu, dəfn adətinin mürəkkəbliyi və eləcə də onun yaxınlığında çox yoxsul qəbirlərin olması və bir çox başqa amillər deməyə imkan verir ki, Azərbaycanda II minilliyin II yarısında artıq sinifli cəmiyyət yaranmağa başlamışdı. Bununla bağlı mənim məqaləm "İbtidai icma quruluşunun sonu, yaxud sinifli cəmiyyət" adlanır.
Nigar
Palitra. -2010. – 20 aprel. – S.7.