Professor Hidayət Cəfərov: “Hər istəyənə arxeoloji ekspedisiya verib qazıntı aparmağa göndərmək olmaz”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Hidayət Cəfərovdur. 

- Arxeologiyanın mövcud problemləri ilə bağlı nə deyə bilərsiniz?

- Ümumiyyətlə, arxeologiya çox çətin elmdir. Hər kəs bu sahədə çalışa bilmir və bunun bir sıra məşəqqətləri var. Bəzən telekanallarda filmlərdə bu sahənin romantik cəhətini nümayiş etdirirlər. Məsələn, "İndiana Cons" adlı Amerika filmi kimi macəralarla dolu filmlər çəkiblər. Ancaq bu macəraların arxasında çox böyük çətinliklər, zəhmət durur. Arxeoloqun çöldə heç bir laboratoriyası, arxeoloji kabineti yoxdur və o, qazdığı abidə ilə üzbəüz qalır. Arxeoloq o qədər hazırlıqlı olmalıdır ki, çöldə əldə etdiyi materialların ilkin təhlilini verə bilsin. Elə material var ki, tez xarab olur və Günəş şüası toxunan kimi parçalanır. Onun imkanı yoxdur və şəhərə gəlib kitablardan həmin materialın analogiyasını tapana qədər xeyli vaxt gedir. Arxeoloq çox savadlı olmalıdır və tarixin müxtəlif dövrlərini çox yaxşı bilməlidir. Eləcə də bu sahənin incəlikləri, metodikası ilə yanaşı bir çox köməkçi fənlərdən də məlumatlı olmalıdır. Yəni kimya, metalişləmə, sümükişləmə və sənətkarlığın müxtəlif sahələrindən anlayışı olmalıdır. Arxeoloq ibtidai memarlığın ünsürlərinə də bəsit halda bələd olmalıdır və həmçinin fotoqrafiyanı bilməlidir. Arxeologiya bir çox sahələri özündə birləşdirən elm sahəsidir. Bəzən gənclərin bu sahəni seçməməsi ilə bağlı fikirlər səslənir. Doğrudur, bir vaxtlar gəlmirdilər, amma indi gəlməyə başlayıblar. Yeni nəsil gəlir və buna sevinirəm. İndi gənclərin yeni texnologiyalardan istifadə etməsi müsbət haldır. Lakin mən bununla yanaşı istərdim ki, nəzəri məsələlərə də diqqət yetirsinlər, öz üzərlərində işləsinlər. Covet dövründə biz gedib Moskva, Leninqrad, Kiyev, Minskin kitabxanalarında çalışardıq və arxiv materiallar toplayardıq. İndi bu məsələlər müəyyən qədər səngiyib. Hazırda internet vasitəsilə bu materialları əldə etməyin mümkün olması irad kimi göstərilə bilər. Ancaq bu bir faktdır ki, heç də bütün kitablar internetə yerləşdirilməyib. Eyni zamanda kitab oxumaqla internet fərqlidir. Bəzən mən gənclərdən hər hansı bir kitabın üzünü görüblərmi deyə soruşuram və təəssüf ki, bu, sual olaraq qalır. Bizim vaxtımızda həmin kitabı görmədən, onun haqqında məlumat vermədən məqbul saymırdılar. Bu, çox mühüm məsələdir.

Arxeologiyada XXI əsrin əvvəllərində bir durğunluq yarandı ki, bu da maliyyə problemləri ilə bağlı idi. İşləməyə gedərkən arxeoloq məişət, nəqliyyat və digər problemlərlə üzləşirdi. Nəhayət, 2008-ci ildə ölkə başçısının fərmanı ilə arxeologiyanın inkişafı ilə bağlı vəsait ayrıldı və bu dəstək bizim tədqiqatların reanimasiya olunmasına, intibah dövrü keçməsinə şərait yaratdı. Önəmli amillərdən biri də tədqiqatların məqsədyönlü aparılmasıdır. Hesab edirəm ki, hər istəyənə arxeoloji ekspedisiya verib qazıntı aparmağa göndərmək olmaz. Onlar gərək təcrübəli arxeoloqların yanında müəyyən təcrübə keçsinlər və sonra tədqiqat işi aparsınlar. Arxeoloq "sapyor" kimidir və bir dəfə etdiyi səhvi sonra düzəltmək mümkün deyil. O, qazıntı apararkən buraxdığı səhv "domino" effekti kimi bir-birini təkrarlayacaq. Eləcə də istərdik ki, tədqiqatların aparılmasında arxeoloqla yanaşı yeni mütəxəssislər olsun. Bu gün savadlı antropoloqlara, paleontoloqlara böyük ehtiyac var. Bir vaxtlar yaxşı kimyəvi analiz laboratoriyası vardı, lakin indi mövcud olsa da, avadanlıq yoxdur. Həm yeni texnologiya, həm də reaktivlər lazımdır. Hazırda dünyada yeni texnologiyanın tətbiqi ilə bu və ya digər abidənin dövrü qalıqlar əsasında müəyyənləşdirilir. Təəssüf ki, arxeoloqlarımız onları İngiltərə, Fransa, Yaponiyaya göndərir və bu da çox böyük vaxt tələb edir. Yaxşı olardı ki, bizdə bu məsələ qaydaya salınsın və müvafiq orqanlar bununla məşğul olsunlar. Bundan başqa bizdə nə hettoloq, nə Urartu dövrü ilə məşğul olan yoxdur. Eləcə də qədim Akkad, Babilistan dili öyrənilməlidir. Bizim vaxtilə Y.Yusifov adlı mütəxəssisimiz vardı və o, elam dilini gözəl bilirdi. Qədim dilləri bilən mütəxəssis demək olar ki, yoxdur. BDU, ADU, N.Tusi adına APU-da fakültələrin nəzdində müxtəlif qruplar yaradılmalıdır. Əgər bunu reallaşdırmasaq, başqa ölkələrdən geri qala bilərik.    

Arxeoloji tədqiqatlara gəldikdə bizim institutun direktoru Maisə Rəhimova bizə çox yaxşı kömək edir və gənclərin də bizlə birgə işləməsinə şərait yaradır. Ancaq yaxşı olardı ki, yerli orqanlar ekspedisiyalara müəyyən qayğı göstərsinlər, onların mənzil, nəqliyyat, mühafizə və s. ilə təmin olunmasına yardım etsinlər. Arxeoloji abidələrin də mühafizəsi çox mühüm məsələdir. Bir vaxtlar ictimai mülkiyyət üstünlük təşkil edirdi və bütün torpaq sahələri də bu və ya digər rayonda kolxoz, sovxozun nəzdində idi və bu qorunurdu. İndi torpaqlar özəlləşdirilib. Bir çox halda da bizim kurqanlar, yaşayış yerləri şəxsi həyətlərə düşüb ki, həmin həyətə daxil olmağa da icazə verilməyə bilər və həqiqətən də bəzən icazə vermirlər. Rayonlarda mədəniyyət şöbələrinin müəyyən strukturları var ki, bununla məşğul olurlar, amma buna daha diqqətlə yanaşılmalıdır. Biz vaxtilə tarixi abidələrin siyahısını tərtib etmişdik və kitabça halında nəşr edilib. Yaxşı olardı ki, bu yenidən nəşr edilsin və rayonlara göndərilsin.

 

 

Nigar

 

Palitra. -2010. – 21 aprel. – S.7.