Ölkəmizdə gedən iqtisadi inkişaf dərindən
təhlil olunmalıdır
Oqtay Məmmədli: “İqtisadçıların diqqəti
bazar iqtisadiyyatı şəraitində ölkəmizin malik
olduğu təbii-iqtisadi potensialdan səmərəli istifadə
edilməsinə, ölkə iqtisadiyyatında
tarazlığı, onun hərtərəfli inkişaf etdirilməsini
təmin edə bilən mövzuların
araşdırılmasına yönəldilməlidir”
Layihə çərçivəsində
budəfəki qonağımız Gəncə Dövlət
Universiteti İqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri
namizədi Oqtay Məmmədlidir.
Oqtay Qulam oğlu Məmmədli Gəncə
şəhərində anadan olub. Azərbaycan Dövlət
Universitetinin İqtisad fakültəsini bitirib. Əmək fəaliyyətinə
Səmədağa Ağamalıoğlu adına Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Kənd
Təsərrüfatı Akademiyası) statistika fənnindən
dərs deməklə başlayıb, çox gənc
yaşlarında dissertasiya müdafiə edərək alimlik dərəcəsi
alıb və bundan sonra taleyini H.Zərdabi adına Gəncə
Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət
Universiteti) bağlayıb. 1977-1981-ci illərdə institut Həmkarlar
İttifaqı Komitəsinin sədri, 1981-1990-cı illərdə
Siyasi iqtisad kafedrasının müdiri, 1988-1989 və
1989-1990-cı illərdə instituta tələbə qəbulu
komissiyasının məsul katibi olub. O.Məmmədli uzun
müddətdir ki, iqtisad elminin sirlərinə yiyələnir,
həm də onun tədrisi ilə məşğul olur. O,
çoxsaylı elmi əsərlərin müəllifıdir.
«Kənd təsərrüfatında elmi-texniki tərəqqi»
(Bakı, 1978-ci il), «Əmək məhsuldarlığının
yüksəldilməsi yolları» (Bakı, 1987-ci il) adlı
kitabçalar, «Ümummilli məhsul və milli gəlir» (Gəncə,
1997-ci il), «Orta kəmiyyətlər və variasiya göstəriciləri»
(Gəncə, 2001-ci il), «Statistikanın predmeti və metodu» (Gəncə,
2002-ci il), «Statistik müşahidə» (Gəncə, 2002-ci il),
«Statistik məlumatların yekunlaşdırılması və
qruplaşdırılması» (Gəncə, 2002-ci il), «Statistika
cədvəlləri» (Gəncə, 2002-ci il) adlı tədris
vəsaitləri, «İqtisadi nəzəriyyənin predmeti və
metodu», «İqtisadi nəzəriyyənin əsasları»,
«İqtisadi təlimlər tarixi», «Marketinqin əsasları»,
«İqtisadi nəzəriyyə» adlı irihəcmli dərs vəsaitləri,
60-a yaxın jurnal, 150-dən çox qəzet məqaləsi
ona məxsusdur. O.Məmmədli ali təhsil sahəsində
qazandığı nailiyyətlərə görə 1982-ci
ildə keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili
Nazirliyinin «Ali məktəb əlaçısı»
nişanına, dəfələrlə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təşəkkürünə,
«Bilik» cəmiyyətinin fəxri fərmanlarına layiq
görülüb. Hazırda Gəncə Dövlət
Universitetində çalışır.
- İqtisad elminin müasir vəziyyətini
necə qiymətləndirirsiniz?
- Ölkəmizdə
ümumiyyətlə elmin, o cümlədən də iqtisad
elminin inkişaf səviyyəsinə dünyanın
qabaqcıl ölkələrində elmin mövcud inkişaf
prizmasından yanaşdıqda əlbəttə, onun müasir
tələblərə tam cavab verdiyini demək sadəlövhlük
olardı. Demək istəyirəm ki, digər elm sahələrində
olduğu kimi, iqtisad elminin inkişafında da müəyyən
nöqsanlar və çatışmazlıqlar var və
çox güman ki, gələcəkdə də olacaq.
Çünki vaxt keçdikcə dünya dəyişir,
yeni-yeni problemlər meydana çıxır. Və hər
şey rəvan getsə idi, onda elmi tədqiqatlara, elmi
araşdırmalara, elmin öyrənilməsinə də
ehtiyac olmazdı. Amma fikrimcə, vəziyyət bir o qədər
də faciəvi deyil və elmimizin, o cümlədən də
iqtisad elminin mövcud durumunu ümumən qənaətbəxş
qiymətləndirmək olar. Bunu deməyə əsas verən
səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycanın
iqtisad elmini yaxın və uzaq xarici ölkələrdə
layiqincə təmsil edə bilən, sözümüzü
deyən yüksək səviyyəli, tanınmış
iqtisadçı alimlərimiz var, onlar sanballı
araşdırmalar aparır, iqtisadiyyatımızın
inkişaf etdirilməsi üçün dəyərli təkliflər
irəli sürür, tövsiyələr verirlər. Lakin bir
daha qeyd edirəm ki, həyat bir yerdə donub qalmır, daim
inkişaf edir və təbiidir ki, bunlarla əlaqədar olaraq
yeni-yeni problemlər meydana çıxır. Bunlar isə istər-istəməz
iqtisadiyyatda tarazlığın pozulmasına gətirib
çıxarır. Mütəxəssislərin fikrincə,
müasir dövrdə iqtisadi təfəkkürə malik olmaq
ziyalılığı müəyyən edən amillərdən
biri olmalıdır. Lakin təəssüflə qeyd etmək
lazımdır ki, bəzi ali təhsil müəssisələrində
qeyri-iqtisadiyyat ixtisaslarında iqtisadiyyatla bağlı fənnin
tədrisinə dırnaqarası baxılır, bu fənn
seçmə fənlər sırasına daxil edilməklə
bir çox hallarda heç tədris olunmur. Halbuki dünyada
bütün təhsil pillələrində insanlarda iqtisadi təfəkkürün
formalaşdırılmasına xüsusi diqqət yetirilir.
Çünki cəmiyyətdə gedən sosial-iqtisadi proseslər
insanları daha çox maraqlandırır, ona görə ki,
bu, onların həyat tərzinə təsir edən əsas məsələlərdir.
Bu problemlər insanların gündəlik həyat normasına
çevrilib. İnsanların həyatda
rastlaşdıqları problemlərin demək olar ki
hamısı iqtisadi məzmuna malikdir. Hər bir kəşf, hər
bir ixtira iqtisadi cəhətdən səmərəli olduqda, cəmiyyətə
fayda verdikdə istehsalatda tətbiq olunur. Bütün bunlara əsasən
demək olar ki, mühəndis də, bioloq da,
inşaatçı da, filoloq da, bir sözlə, bütün
peşə sahibləri iqtisadi biliklərə yiyələnməlidir.
Mənə elə gəlir ki, iqtisad elminin nüvəsini təşkil
edən iqtisadi nəzəriyyə fənni bütün
qeyri-iqtisadiyyat ixtisaslarında seçmə fənn kimi deyil,
öyrənilməsi məcburi olan fənlər
sırasına daxil edilməlidir. Çünki iqtisadi nəzəriyyə
insanlara sərvət və iqtisadi nemətləri necə
toplamağı, necə varlanmağı deyil, necə normal
yaşamağı, cəmiyyət üçün nə etmək
lazım olduğunu öyrədir.
Müasir dövrdə iqtisadiyyat elminin müxtəlif sahələri
üzrə nəşr olunan dərslik, dərs vəsaiti və
digər ədəbiyyat da keyfiyyətcə bazar
iqtisadiyyatının tələblərinə
uyğunlaşdırılmalı, alternativlik prinsipindən
istifadə olunmalıdır. İqtisad elminin insanların həyatına
möhkəm daxil olmasını təmin etmək
üçün çap olunan dərslik və dərs vəsaitlərinin
müntəzəm olaraq yeniləşdirilməsi, bu işin həm
də müəllifin vəsaiti hesabına deyil, dövlət
vəsaiti, yaxud da ödənişli təhsildən daxil olan vəsait
hesabına həyata keçirilməsi, hətta imkan daxilində
müəlliflərə qələm haqqı verilməsi də
müsbət nəticələr verə bilər. Ümumiyyətlə,
iqtisad elmlərinin vəziyyətinin
yaxşılaşdırılması üçün konkret tədbirlərin
həyata keçirilməsinə ehtiyac var.
- İqtisadi sahədə
aparılan elmi araşdırmalar nə vəziyyətdədir,
bu barədə nə deyə bilərsiniz?
-
Mənə elə gəlir ki, elmi-tədqiqat işlərinin
səmərəli təşkilinin və iqtisadiyyat sahəsində
yüksək ixtisaslı kadr hazırlığının
çox vacib məsələlərindən biri elmi-tədqiqat
işlərinin respublika miqyasında əlaqələndirilməsindən,
dissertasiya işləri mövzularının seçilməsində
onun aktuallığının nəzərə
alınmasından, təkrarçılığa, aktual olmayan
mövzuların işlənməsinə yol verilməməsindən
ibarət olmalıdır. Məlum olduğu kimi, hazırda
iqtisad elminin tədrisi ilə məşğul olmayan,
iqtisadiyyatın tamamilə başqa bir sahəsində, deyək
ki, kommersiya strukturlarında çalışan adamlar dissertasiya
müdafiə etməyə cəhd göstərir və buna əksəriyyət
hallarda nail olurlar. Əlbəttə, bu onların
hüquqlarıdır, bu hüquqları onların əlindən
almaq olmaz. Lakin bu işə nəzarət mexanizmi demək olar
ki yoxdur, onu axtarıb tapmaq lazımdır. Bu sahədə
ali və orta ixtisas təhsili müəssisələrində
çalışan işçilər üçün daha əlverişli
şərait yaradılmalı, dissertant olmaq üçün
heç bir məhdudiyyət olmamalıdır. Çünki tədris
müəssisələrində işləyən şəxslərin
illik yükünün əlli faizdən çoxu elmi-tədqiqat
işlərinin payına düşür. Əksəriyyət
hallarda elmi tədqiqatların nəticələrinin tətbiqinə
diqqət yetirilmir, hətta zəif elmi-tədqiqat işlərinə
rast gəlinir. Odur ki, alimlərimiz, elmi ictimaiyyət keyfiyyətsiz
işlərin işıq üzü görməsinə imkan
verməməlidir. Əgər belə işlər müxtəlif
xarici dillərə tərcümə olunsa, internetdə yerləşdirilsə,
bu, Azərbaycan elminin nüfuzuna xələl gətirə bilər.
Digər elm sahələrində olduğu kimi, iqtisad elminin
inkişafında da müasir tələblər
baxımından müəyyən nöqsanlar və problemlər
var. Bu nöqsanları minimuma endirmək lazımdır. Bəs
bundan sonra nə etməli, elmi-tədqiqat işlərini
hansı səmtə istiqamətləndirmək
lazımdır? Məlum olduğu kimi, ölkəmizdə
artıq bazar iqtisadiyyatına keçid dövrü başa
çatıb. İndi iqtisadçıların diqqəti bazar
iqtisadiyyatı şəraitində ölkəmizin malik
olduğu təbii-iqtisadi potensialdan səmərəli istifadə
edilməsinə, ölkə iqtisadiyyatında
tarazlığı, onun hərtərəfli inkişaf etdirilməsini
təmin edə bilən mövzuların
araşdırılmasına yönəldilməlidir. Azərbaycanın
inkişaf etmiş ölkələr səviyyəsinə
çatmasına imkan verən elmi-tədqiqat işləri
iqtisadçı-alimlərimizin əsas tədqiqat obyekti
olmalıdır. Bir cəhəti də qeyd etməyi lazım
bilirəm, dünyanın qabaqcıl elm və ali təhsil
ocaqlarında statistika, mühasibat uçotu və audit sahəsində
aparılan elmi-tədqiqatlar daim genişlənməkdədir.
Bunlar beynəlxalq miqyasda ən aktual problemlər hesab olunur.
Ölkəmizin də bu sahədə kadrlara ciddi ehtiyacı
var. Odur ki, ölkəmizdə də elmin bu sahəsində
yüksək ixtisaslı kadrların hazırlanması aktual
problemlərdəndir. Bir sözlə, iqtisad elmi
qarşısında duran vəzifələr ölkəmizdə
gedən quruculuq işlərinin dərindən təhlil
olunmasına yönəldilməlidir.
Miriyev Anar
Palitra. -2010. – 21 aprel. – S.8.